Dağıdılan Azərbaycan, yardımlar alan isə dağıdan ölkədir
Fransa, Avropa İttifaqı, ABŞ Konqresi və Senatı, bir də onların yedəyində gedən USAID. Bir mərkəzdən koordinasiya olunan bu ermənipərəst düşərgə son vaxtlar özünün anti-Azərbaycan fəaliyyətinin aktiv fazasına keçib.
ABŞ Dövlət Departamentindən Bakıya intensivləşən telefon zəngləri, Konqresdə “Qarabağ ermənilərinin hüquqları” ilə bağlı dinləmələr və USAID-in qərəzli və diplomatik etiketə sığmayan açıqlamaları Azərbaycanı sülh danışıqlarında güzəştə məcbur etməyi, eləcə də digər məqsədləri daşıyır.
ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) inzibatçının İzobel Koulman adında bir xanım müavini var. O, sentyabrın 16-da Ermənistanın ABŞ-dəki səfirliyində təşkil olunan tədbirdəki çıxışında reallığı kobud şəkildə təhrif edərək, Azərbaycanın ünvanına yalan və böhtan dolu ifadələr işlədib. İ.Koulman Azərbaycanı “Qarabağa hücum edərək orada nəzarəti ələ keçirməkdə”, “100 mindən çox etnik ermənini öz evlərini tərk etməyə məcbur etməkdə” suçlayıb. Əlbəttə ki, həqiqətlə daban-dabana zidd məlumatları tirajlamaqla, aşkar dezinformasiya yaymaqla ictimai rəyi çaşdırmağa hesablanmış bu çıxış, sadəcə, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ölkənin ərazi bütövlüyünü bərpa etməyə yönəlmiş antiterror tədbirlərinin mahiyyətini təhrif etmək, İrəvanın “dəyirmanına su tökmək” cəhdidir.
Koulmanın iftiraları
USAID rəsmisinin qərəzli fikirlərinin ABŞ–Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcəyi birmənalıdır. Bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ilə görüşündə onun nəzərinə çatdırıb. İzobel Koulmanın məlum çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik etdiyini, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etdiyini yüksək qonağa xatırladan C.Bayramov belə açıqlamaların ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə xələl gətirdiyini diqqətə çatdırıb. İ.Koulmanın bəyanatları faktların təhrif olunması ilə yanaşı, İrəvanın destruktiv siyasətini müdafiə xarakteri daşıyır, beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. USAID rəsmisinin çıxışında Azərbaycanın Qarabağa hücum etməsi, ermənilərin kütləvi şəkildə bölgəni tərk etməsinə səbəb olması ilə bağlı dedikləri ağ yalan və iftiradır. Başı ABŞ-dəki erməni lobbisinin sifarişlərini yerinə yetirməyə qarışan Koulman, ola bilsin ki, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatında Xankəndidəki separatçı rejimin silahlı erməni quldurları ilə birgə bölgəni tərk etməsi barədə bənddən xəbərsizdir. Ermənistanın 3 il ərzində bu öhdəliyi yerinə yetirməməsi rəsmi Bakını məlum addımı atmağa məcbur etdi. Azərbaycanın lokal antiterror tədbiri həmin separatçılara, onun sərəncamındakı qeyri-qanuni silahlı qruplaşmalara qarşı həyata keçirilib və yalnız hərbi obyektlər hədəfə alınıb. Yəni, bu tədbir heç bir halda dinc əhaliyə qarşı yönəlməmişdi. Axı, rəsmi Bakı dəfələrlə Qarabağda yaşayan erməni etnik qrupun təhlükəsizliyini və hüquqlarını təmin etməyə hazır olduğunu bəyan etmişdi.
Paradoks…
Guya, İ.Koulman bunları bilmir? Çox yaxşı bilir. Amma, o, Ermənistanın ABŞ-dəki səfirliyində çıxışında USAID-in Qarabağdan köçən ermənilərə yardım məqsədilə 18 milyon dollar vəsait ayırdığını şəstlə vurğulayıb. Biz də bilirik ki, adı bu cür, istifadə istiqaməti fərqli olan bu maliyyə yardımı Qarabağ ermənilərinin ehtiyaclarını ödəməyə deyil, 30 il Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın bölgədə mövqeyini gücləndirməyə hesablanıb.
Bu məqamda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iki gün əvvəl jurnalistlərə açıqlamasında dediyi sözləri oxucuların diqqətinə çatdırırıq: “Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır. Dağıntılar törədən Ermənistan, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur”.
H.Hacıyevin sözlərinə görə, Azərbaycana və Ermənistana yanaşma eyni miqyasda deyil: “İşğal dövründə də heç kim Ermənistanı işğala son qoymağa çağırmırdı. Regionla bağlı belə ikili münasibətlər davam etməkdədir”. Azərbaycan 30 il ərzində münaqişənin dinc yolla həllinə çalışıb, Ermənistan isə bütün beynəlxalq qaydaları və normaları ayaqlar altına atıb. İndi yardımın işğaldan əziyyət çəkən və onun fəsadlarının aradan qaldırılması ilə məşğul olan Azərbaycana deyil, işğalçı Ermənistana ayrılması, həqiqətən də, paradoksdur. Bununla işğalçı dövlətin “dəyirman”ına pul tökən USAID-in bəyan etdiyi kimi, bu vəsaitlərin erməni köçkünlərinə yardım məqsədilə verilməsi də şübhə doğurur. Sayını 100 min göstərdiyi erməni köçkünlərə səxavət kisəsinin ağzını açan USAID nədən 4 il əvvələ qədər sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərə eyni “xeyirxahlığı” nümayiş etdirmədi? Sual ritorikdir.
Separatizmə dəstək
Birmənalı şəkildə deyə bilərik ki, USAID-in fəaliyyəti Ermənistanda separatizm və revanşizm meyillərini dəstəkləməyə yönəlib. Ermənipərəst Koulman kimilərin bəyanatları bölgədə sülhün və sabitliyin bərpasına töhfə vermir, əksinə, gərginliyin daha da artmasına səbəb olur. Ermənistanın separatizmi və hərbi təxribatları onilliklər boyu bölgədə sülhün və sabitliyin bərqərar olmasının qarşısını alıb.
Hazırda USAID-in Ermənistana göstərdiyi əlavə yardım paketləri həm maliyyə həcminin, həm də müxtəlif sahələri əhatə edən layihələrin genişlənməsi baxımından maraq doğurur. Son iki ildə ABŞ hökumətin və müxtəlif təşəbbüslərin dəstəklənməsi üçün Ermənistana 50 milyon dollar həcmində maliyyə dəstəyi göstərib. Həmin vəsaitin xeyli hissəsi, guya, “Qarabağ münaqişəsi ilə bağlı humanitar və sosial proqramlara” ayrılıb. Bu faktın özü USAID-in tərəflərə ikili yanaşmasını açıq şəkildə ortaya qoyur. Bütün bunlara baxmayaraq, rəsmi İrəvan bu gün də sülh danışıqlarında sabotajı davam etdirir, cəmiyyətdə revanşist meyilləri gücləndirir.
USAID-in “yardım kampaniyası”nın digər bir qolu köçkünlərin dəstəklənməsi proqramı olub. Bu proqram çərçivəsində 18 milyon dollar vəsait ayrılıb ki, onun 5 milyon dolları təcili humanitar yardıma, 12 milyon dolları isə erməni köçkünlərin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün uzunmüddətli layihələrə yönəldilib. Amma bəlli olur ki, bu tədbirlər heç də münaqişənin həllinə kömək etmir, əksinə, rəsmi İrəvanı Bakıya qarşı siyasi təzyiqləri davam etdirməyə şirnikləndirir.
Sülhə qarşı himayə
Başqa bir prioritet istiqamət Ermənistanın hökumət institutlarının gücləndirilməsi olub. USAID Ermənistanda demokratik islahatlar və korrupsiya ilə mübarizə tədbirlərinə 20 milyon dollardan çox vəsait ayırıb. Kənar müşahidəçi bu addımı müsbət dəyərləndirə bilər. Amma yaxından nəzər yetirəndə məlum olur ki, bu proqramlar, əslində, Ermənistan hakimiyyətinin vəziyyətə nəzarəti gücləndirmək, eləcə də Azərbaycanın əleyhinə revanşist ritorikanı artırmaq üçün istifadə olunur.
Bu qurumun Ermənistanda müxtəlif sahələrə göstərdiyi yardımların siyahısı, bir növ, “Marşal planını” xatırladır. Çox əhəmiyyətli maliyyə vəsaiti Ermənistan iqtisadiyyatının “bərpasına” yönəldilib. 2023-2024-cü illərdə kiçik və orta biznesin inkişafını nəzərdə tutan proqrama təxminən 10 milyon dollar vəsait xərclənib. Guya, bu vəsait Ermənistan müəssisələrinə Qarabağ münaqişəsinin iqtisadi nəticələri ilə mübarizədə kömək məqsədilə ayrılıb. Bəs, nəticəsi nə oldu? İrəvanın bölgə ölkələri ilə əməkdaşlığının inkişafına xərclənməli olan vəsait, faktiki olaraq, Ermənistanın qonşu ölkələrə münasibətdə qarşıdurma mövqeyini bir az da gücləndirib.
Görünən odur ki, ABŞ-nin humanitar və demokratik proqramların maliyyələşdirilməsi Ermənistan hökumətinin tutduğu antisülh mövqeyinin doğruluğuna əminliyini daha da möhkəmləndirir. Bu zaman vəsait ayıran tərəf təcavüzkarın siyasətini həm dəstəkləyir, həm də onu haqlı çıxarır. Son nəticədə USAID-in belə şühbəli və qərəzli xeyriyyəçilik fəaliyyəti Cənubi Qafqazda sülhə nail olmaq üçün göstərilən bütün cəhdləri təhlükə altına alır, sülhün özünü sarsıdır.
İmran BƏDİRXANLI
XQ