Yaxud Paşinyanın “dövlətçilik məntiqi”nin iflası
Bəri başdan deyək ki, bu yazıda Ermənistanın baş naziri Nikol Paşinyanın Ümumdünya erməni sammiti adlandırılan tədbirdəki çıxışından bir nüansın üzərində dayanacağıq. Əlbəttə ki, digər əlaqəli məqamları da diqqətə çatdırmaqla.
Beləliklə, Nikol yenə tarixdən və dövlətçilikdən danışıb. Əvvəla, onu deyək ki, ümumən, Paşinyanın ayrı-ayrı çıxışlarına diqqət yetirəndə qəribə təəssürat yaranır. Sanki, onun daxilində iki adam var. Biri hayların baş naziridir, digəri bütün siyasi intriqalardan uzaq şəxs. Təxminən belə: Paşinyan hökumət rəhbəri kimi kabinetə girəndə, yaxud hansısa iclasda iştirak edəndə, xüsusən də beynəlxalq toplantıya qatılanda, belə demək mümkünsə, qatı erməniyə çevrilir. Başqa sözlə, hər cür fitnə-fəsada hazırdır. Bu “ampluada”, o, özündən əvvəlki rəhbərlərdən – Serj Sarkisyandan və Robert Koçaryandan qətiyyən fərqlənmir, hələ bəzən məkrlilik baxımından onları geridə qoyur.
Əlbəttə, ikinci halda da, demək olmaz ki, Nikol Qarabağ müharibəsinə, vəhşiliklərə və faciələrə görə ermənilərin azərbaycanlılardan üzr istəməli olduğu ideyasını səsləndirmiş, xalqlar arasında dostluğu təbliğ etmiş, bu kimi fikirlərinə görə Ermənistanda təqibə məruz qalaraq məcburiyyət qarşısında Gürcüstana sığınmış və ömrünün son günlərini Tiflisdə taksi sürməklə keçirmiş Georgi Vanyana bənzəyir. Yox, baş nazir o qədər tərifəlayiq deyil. Ancaq, o, daxili auditoriyaya xitabən erməni varlığına xas reallıqları dilə gətirməyi bacarır. O reallıqları ki, böyük ölçüdə yanaşsaq, hay cəmiyyəti onların dərkindən xeyli uzaqdır.
Bəli, hazırda erməni cəmiyyəti ona görə Paşinyanın səsləndirdiyi reallıqlardan uzaqdır ki, baş nazir ardıcıl deyil, yuxarıda vurğuladığımız kimi, ikili təbiətə malikdir. Halbuki, o, hakimiyyətə gələndə durum başqa idi. Məsələn, Nikol hələ seçki kampaniyası zamanında bildirmişdi ki, Qarabağ Ermənistanın üzərindən asılmış ağır daşdır və bu daş ölkənin çiyinlərindən atılmalıdır. Sıravi ermənilərin Qarabağ klanının təmsilçiləri olan eks-prezidentlər S.Sarkisyana və R.Koçaryana nifrəti fonunda, bu fikir xeyli populyar idi. Paşinyan şans qazanmışdı ki, hakimiyyətə gəldikdən sonra sözügedən ritorikanı bir qədər də gücləndirib, erməni cəmiyyətini rasional düşüncəyə, gerçəkliklərin dərkinə çağırsın, cəmiyyətə işğalçılığın doğru yol olmadığını anlatsın. Ancaq baş nazir nə etdi? Paşinyan tipik erməni xislətinə xas tərzdə davrandı. O, sübut etmək istədi ki, Koçaryandan və Sarkisyandan da pis erməni olmağı bacarır. Ona görə bu tandemin qorxusundan heç zaman dilinə gətirmədiyi fikri səsləndirdi. Xankəndidə kütlə qarşısındakı çıxışı zamanı bağırdı ki, “Qarabağ Ermənistandır və nöqtə”.
Deyə bilmərik ki, Koçaryan və Sarkisyan Şuşada şərab içməmiş, sərxoş olub Cıdır düzündə yayxanmamışdılar. Bəlkə onlar da belə etmişdilər. Sadəcə, başlarını o qədər itirməmişdilər ki, hərəkətlərini ictimailəşdirsinlər, daha doğrusu, gözə soxsunlar. Ola bilər, Birinci Qarabağ müharibəsindəki uğurun onların olmadığını anlayırdılar. İnanmırdılar ki, işğal etdikləri torpaqların həqiqi sahibidirlər. Məsələyə mövcud prizmadan yanaşdıqda da, Paşinyanın daha pis erməni olmaq yarışındakı liderlik əzmini görmək olar. Əlbəttə ki, buna əzm demək mümkündürsə. O, nəinki “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirdi, eyni zamanda, Cıdır düzünə sərilərək özünü torpağın əsl sahibi kimi apardı. Sonra nə baş verdi, hər kəsə yaxşı məlumdur – 44 günlük müharibə və Ermənistan üçün fəlakət.
Əlqərəz, N.Paşinyan Ümumdünya erməni sammitindəki çıxışında tarixdən dərs çıxarılmalı olduğunu vurğulayıb. Bu, əslində, onun diqqətə çatdıracağımız növbəti fikrindən fərqli anlam daşıyan məsələdir. Çünki Nikol ermənilər üçün tarix dərslərini başqalarının yazdığını bildirib. İlk baxışdan, onun nə demək istədiyi anlaşılmır. Amma bir qədər diqqət yetirək: Paşinyan başqalarının ermənilər üçün yazdıqları tarixdən nəticə çıxarmalı olduğunu dilə gətirirsə, faktiki olaraq, həmin tarixə gerçək mənada sahib çıxılmasının əhəmiyyətindən danışır. Sahibliyin dövlətçilik prioriteti üzərində dayanır. Yəni, dövlətçiliyə malik olmalısan ki, tarixi özününküləşdirə biləsən, ona həqiqi mənada tarix deyəsən.
Göründüyü kimi, ortada kifayət qədər qəliz məntiq var. Bu məntiqlə yanaşsaq, Paşinyan hələ erməni dövlətinin olmadığını bildirir ki, əslində, belə yanaşma onun əvvəlki bəzi çıxışlarının da leytmotivini təşkil etmiş məqamdır. Məsələn, Nikol bir müddət əvvəl Ermənistan üçün “doğum şəhadətnaməsi” almaqdan danışırdı. Daha sonra, o, orta məktəb şagirdlərinə Azərbaycanla sərhədlərin delimitasiyası nəticəsində yerə basdırılmış ilk sərhəd dirəyinin maketini nümayiş etdirdi. Yəni, indiyədək Ermənistanın sərhədlərinin olmadığını dedi. Elementar məntiq var: Sərhəd yoxdursa, dövlət də yoxdur.
N.Paşinyan sözügedən sammitdə ermənilərin öz tarixlərini bilmədiklərini vurğulayıb. Fikrində məntiq var. Bir halda ki, başqaları ermənilər üçün tarix yazıblar, həmin tarixi bilməyə ehtiyac yoxdur. Başqalarının nəyinəsə necə sahib çıxasan? Elə götürək torpağı. Ermənistan Qarabağ da daxil olmaqla, digər rayonlarımızı işğal etmişdi. İşğal illərində ərazilərimizdə daş üstə daş qoymamışdı, talançılıq, qarət həyata keçirmişdi. Ermənilər bu əməlləri ona görə etmişdilər ki, torpaqlarımızı başqalarının ələ keçirdiyini bilirdilər. Hesab edirdilər ki, onlara işğaldan çatacaq yeganə şey qarətdir. Eyni zamanda, istehkamlar qurmağa, səngərlər qazmağa, yerə lağımlar atmağa girişmişdilər. Axı, başqalarının ermənilər üçün yazdıqları tarixdə onların, guya, döyüşkən, güclü olduqları göstərilirdi. Ancaq zavallılar nə üçün, nəyin uğrunda döyüşdüklərinin fərqində deyildilər. Döyüşməmiş, sakit şəkildə, qonşularla sülh və əmin-amanlıq şəraitində yaşamağın mümkünlüyü onlar üçün tamamilə yad idi. Bəs indi nə isə dəyişibmi? Yox!
N.Paşinyan erməni sammitindəki çıxışında onu da bildirib ki, 2018-ci ildən sonra baş nazir kimi qarşılaşdığı ən böyük problem vətənpərvərlikdir və bunda heç bir ironiya yoxdur. Əslində, Nikol daha bir həqiqəti vurğulayır. Çünki, erməni vətənpərvərliyi, faktiki olaraq, ironik təmayüllüdür. Axı vətəni olmayan necə vətənpərvərlikdən danışsın? Kimlərsə erməni qövmü üçün vətənlə bağlı təsəvvürlər aşılayıbsa, başqa cür mümkün də deyildi. Yerdə qalırdı həmin təsəvvürləri mif və əsatir şəklinə salmaq ki, erməni qövmünün məhz bu vəzifənin öhdəsindən layiqincə gəldiyini söyləmək mümkündür. Nəticədə həmin qövm yalanlara özünü inandırmağı bacardı. Bu gün də erməni cəmiyyəti cəfəngiyyatlarla yaşayır, onların təsirindən qurtula bilmir. Paşinyanın dediyi də elə budur. O bildirir ki, baş nazir olduqdan sonra hiss edib ki, Ermənistanın və ermənilərin qarşılaşdıqları ən böyük problem vətənpərvərlik modelinin Vətənə heç bir aidiyyətinın olmamasıdır. Nikolun sözlərinə görə, sözügedən model sadəcə kitablar, filmlər, mətnlər, çıxışlar, qəhrəmanlar vasitəsilə ermənilərin sosial psixologiyasına yeridilib. Sən demə, bu imperiya tipli vətənpərvərlik modeli imiş.
Paşinyanın “imperiya vətənpərvərlik modeli” ifadəsinin altında nəyin dayandığı məlumdur. Onun imperializmlə bağlı baxışları Rusiya üzərinə köklənib. Deməli, ermənilərə tarix yazan başqaları elə ruslardır. Ancaq Nikolun məntiqində böyük təhrif var. Baş nazir deyir ki, ermənilər üçün vətənpərvərlik modelində Ermənistan dövləti mövcud deyil. Reallıq isə budur ki, erməni qövmünə dövlət qazandıran məhz ruslar olub. Bəlkə ayrı-ayrı yerlərə səpələnmiş erməniləri Cənubi Qafqaza yığan onlar deyildi?
Yada salaq ki, 1830-cu ildə rus çarizminin köçürmə siyasəti nəticəsində regionda erməni vilayəti yarandı. O vilayət ki, sonradan, yəni 1918-ci ildə dövlətə çevrildi. Qədim Azərbaycan şəhəri İrəvan ona paytaxt edildi. Daha sonra məhz ruslar ermənilərə ərazi hədiyyələri verdilər. Yenə əzəli yurd yerlərimizdən kəsdilər. 1929-cu ildə Ermənistan SSR tərkibində Meğri rayonunun yaradılması nəticəsində qədim diyarımız Naxçıvan blokadaya düşdü. Bu, imperiya siyasətinin təzahürü idi. Nikol hazırkı Ermənistanın mövcudluğuna görə ruslara təşəkkür etmirsə, baş naziri nankor da adlandırmırıq. Ancaq onun Qərb imperializmindən söz açmaması, yalnız rus imperializminə köklənib subliminal ritorikaya baş vurması riyakarlıqdır. Qeyd edək ki, rus imperializmi ermənilər üçün pis-yaxşı dövlət bəxş etmişdisə, Qərb imperializmi terror təşkilatları yaratmışdı.
Yəni, ikincinin yanaşmasında dövlət amili, ümumiyyətlə, olmamışdı. Hərçənd, Qərb dünyası erməni dövlətinin mövcudluğuna qarşı da çıxmamışdı. Diqqət yetirsək görərik ki, hazırda Ermənistan ayrıdır, erməni lobbi və diaspor təşkilatları isə tamam ayrı. Bu fərq o zamandan yaranıb. Əlbəttə, ötən otuz ilə yaxın müddətdə Ermənistanla erməni lobbi və diaspor təşkilatları arasında bağ var idi. Çünki həm rus, həm də Qərb imperializmi erməni varlığına eyni prizmadan baxırdılar. Elə ki, Qərb, necə deyərlər, valı dəyişdi, “erməni kartını” özünün Cənubi Qafqaz avantürası naminə şəriksiz istifadəyə qərar verdi, balans ciddi şəkildə pozuldu.
Bəli, N.Paşinyanın hakimiyyətə gətirilməsi Qərbin “erməni kartı” xüsusundakı oyun qaydalarını kobud şəkildə pozması idi. Rusiya bunu nə Qərbə, nə də ermənilərə bağışlayır. Axı Cənubi Qafqazda erməni amili baxımından hər iki imperializmin vahid marağı var idi – türk–müsəlman varlığını parçalamaq, Türk dünyasına “xristian pazı” yeritmək. İndi Rusiya Qərbə göstərmək istəyir ki, Moskva olmadan sözügedən paz heç nədir. Belə bir durumda Paşinyan nələrisə anlayır, amma tam yox. Məsələn, o, fikirləri ilə erməni vətənpərvərliyinin mahiyyətcə saxta olduğunu vurğulayır və dərk edir ki, saxtalıqla dövlətin ayaqda qalması mümkünsüzdür. Ancaq təqdim etdiyi formul nədir? Daha doğrusu, onun formulunda hansısa varmı? Əlbəttə ki, yox!
Amma yenilik etmək üçün şansı var idi. Məsələn, Qarabağın Ermənistan üzərində asılmış ağır daş olduğunu bildirmişdisə, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verməməli idi. Yəni, belə bir sərsəmliyə imza atan şəxs dövləti düşünmədi, Qərbə arxalandı. Daha pis erməni olmaq yarışında özünü “qladiator” kimi gördü, hesab etdi ki, Qərb dünyası Ermənistan dövlətinin “yeni ərazilər uğrunda yeni müharibə” şüarını dəstəkləyəcək. Amma Ermənistanın özünün layihə mahiyyətini unutdu. Bu layihənin Qərb və Rusiyanın müştərək məhsulu olduğunu da həmçinin.
Yazımızın bu yerində bir müddət əvvəl Fransanın ayrı-ayrı siyasilərinin Ermənistana səfərləri zamanı hayların qəhrəmanlığından, müharibə məğlubiyyətini həzm etmədiyindən dəm vuran fikirlər səsləndirmələri üzərində dayanaq. Qərb imperializminin erməni varlığının əyninə biçdiyi libas budur. Bu libas qırmızı rəngdədir. Görünür, qandan seçilməməsi üçündür. Axı deyim var ki, erməni qandan qorxur. Hər cür naqisliyə hazır qorxaq toplumu isə daim motivə etmək, onun düşüncəsinə ətrafın, guya, pis olduğunu aşılamaq lazımdır ki, həmişə gözünü qırpmadan əli tətikdə dayansın, özünü səngərdə hiss etsin. Bu təbliğatın nəticəsidir ki, otuz ilə yaxın müddətdə torpaqlarımızda gördükləri iş ancaq səngər qazmaq, başqa sözlə, goreşənlik oldu.
Baxın, hazırda Ermənistan sürətlə silahlandırılır və buna rəhbərlik edən, prosesə məntiqi don geyindirməyə çalışan, guya, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsini bayrağa çevirən Nikol Paşinyan və komandasıdır. Təfəkkürünün mücərrəd guşəsində dövlətçiliklə bağlı nələrisə ara-sıra üzə çıxaran baş nazir durumun fərqində deyil. Fərqində deyil ki, həm Rusiya, həm də Qərb Ermənistanı dövlət yox, alət kimi görür. Nikol Qərbin aləti olmağı seçir. Alət olmağa razılıq verən toplumun və cəmiyyətin isə dövləti ola bilməz.
Rusiyanın nəzərində erməni varlığı qorxaqdır. Dahi Puşkin təsadüfən deməmişdi ki, “sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”. Qərbin baxışlarında isə ermənilər təxribatçı və hiyləgərdirlər. Fransız yazıçısı və səyyahı Aleksandr Dümanın bildirdiyi kimi, “ermənilər həmişə başqa dinə xidmət edən hökmdarların hakimiyyəti altında olublar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevriliblər”.
Hazırda Cənubi Qafqaz müstəvisində yaşananlara və Ermənistanın avantürist mövqeyinə nəzərən deyək ki, N.Paşinyanın Ümumdünya erməni sammiti çərçivəsində bildirdikləri mənasız ritorikadır. Tipik erməni obrazından çıxa bilməyən baş nazirin yazımızın lap əvvəlində haqqında söz açdığımız ikili xarakterində isə bir motiv var. Söhbət hiyləgərlikdən gedir. Hiyləgərlik isə bir yerə qədərdir. Onunla nə tarix yazılır, nə də dövlətçilik qazanılır.
Ə.CAHANGİROĞLU
XQ