Erməni separatizmi üçün “ölüm hökmü”

post-img

Yaxud “dəmir yumruq” və Zəfər sərəncamı 

"Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. 

Guya, orada “parlament” fəaliyyət göstərir, guya, orada prezident var, guya, nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə ola­raq, dözüm göstəririk. Halbuki, hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələ­rini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”. Bu fikirləri Prezident İlham Əliyevin 2023-cü il mayın 28-də Laçın sakinləri ilə görüşündə səsləndirmişdi. Dövlətimizin başçısı fikirlərini bildirdi və sözünü Silahlı Qüvvələrimizin Qarabağda sentyabrın 19-da reallaşdırdığı lokal xarakterli antiterror tədbirləri ilə tutdu. Ərazi bütöv­lüyümüz və suverenliyimiz tam bərpa olundu. 

Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” 19 sentyabr 2024-cü il tarixli Sərəncamı bir il əvvəl yaşadığımız ha­disənin əbədiləşdirilməsi baxımından son dərəcə mühüm əhəmiyyətə malikdir. Sərəncam ölkəmizin Qarabağda 2023-cü il sentybarın 19-da həyata keçirdiyi və cəmi 23 saat davam etmiş lokal xarakterli antiterror tədbirlərinin tarixiliyini vurğulayan yüksək mənəvi və siyasi dəyərə ma­lik dövlət sənədidir. “Miatsum” adlı separatçılıq kitabını bir daha açıl­mamaq şərti ilə bağlamış, ona “ölüm hökmü” kəsmiş sənəd. Bu sənəd, eyni zamanda, fəxarət və qürur leksikonumuzun zənginləşdirən təma­yülə malikdir. Çünki orada Azərbaycanın bütövlüyü və bölünməzliyi bir daha vurğulanır. 

Bəli, 19 sentyabr tarixinin əbədiləşdirilməsinə ehtiyac var idi və bu ehtiyacı Prezident İlham Əliyev ali səviyyədə dəyərləndirdi. Azərbay­canın ötən əsrin 90-cı illərindən başlayaraq erməni işğalına məruz qal­dığının, bu zaman bütün beynəlxalq hüquq normalarının pozulduğunun diqqətə çatdırıldığı sərəncamda Ermənistanın işğalçılıq planlarından söz açılır, ölkənin növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatları­na cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz böyük Zəfər yada salınır, ərazi bütövlüyümüzün bərpası ilə həm də BMT Təhlükəsizlik Şurasının tor­paqlarımızın işğalının yolverilməzliyinə dair dörd qətnaməsinin icrası­nın təmin olunduğu vurğulanır. Həmçinin “2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təx­ribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıq­larının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilər­də Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşə­karlıqla yerinə yetirmişdir. 

Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respub­likasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Qeyd edək ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa 2023-cü ilin bu günündəki tarixi müraciətində torpaqlarımızda otuz ildən artıq müddətdə mövcud olmuş erməni separatizminin kökü­nün kəsildiyini yüksək şövqlə bildirmişdi. Bir il əvvəl toplum olaraq qü­rurverici, fəxarət dolu olaya şahidlik etmişdik. Olayın müstəsnalığının ən mükəmməl ifadəçisi elə dövlətimizin başçısının özü olmuşdu. Ölkə­mizin liderinin həmin müraciətindəki hər fikir Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan hadisənin miqyasını Cənubi Qafqaz, bütövlük­də isə dünya müstəvisində vurğulamışdı. Hesab edirik ki, “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam da məhz bu baxımdan son dərəcə vacibdir. 

Yada salaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin sentyabrında Bakı–İrəvan münasibətlərinin durumu, sülh gün­dəmi ilə bağlı söz açarkən, Qarabağdakı artıq canını tapşırmış sabiq separatçı rejimi özünün seçkili hakimiyyəti olan dövlət qurumu kimi qələmə vermiş, beləliklə misilsiz həyasızlığa imza atmışdı. Niko­lun bu bəyanatı onun Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bü­tövlüyünü tanıdığına dair Qərb platformalarında səsləndirdiyi fikirlərin mənasızlığını, heç bir önəm daşımadığını, yalnız siyasi manipulyasiya­ya hesablandığını təsdiqləmişdi. Səbr kasamızı daşdıran da elə bu idi. Ancaq başqa məqamlar da var idi ki, dövlətimizin başçısı xalqa 20 sent­yabr 2023-cü il tarixli müraciətində onlardan söz açmış, diqqəti mina terroruna yönəltmişdi. 2020-ci ildə bu yana yüzlərlə can alan terrora: “Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir”.

Əlbəttə, Ermənistan nəinki qorxunc kabusa çevrilmiş mina terroruna, ümumən, 44 günlük müharibədən sonra reallaşdırdığı çoxsaylı təxribat əməllərinə, atəşkəsin po­zulması hallarına və digər neqativ məqamla­ra görə cavab verməli idi və verdi də. Sübut olundu ki, işğalçının istənilən oyunbazlığı­na layiqli cavabımız var. Ancaq humanizm və ədalət prinsiplərini gözlədik. Hazırda Ermənistanda Qarabağın ermənisizləşdi­rilməsindən, etnik təmizləmə və sair bu sayaq əməllərdən danışılır, ölkəmizə qarşı ittihamlar irəli sürülür. Ancaq fakt budur ki, dövlət suverenliyimizi bərpa etmiş antiter­ror tədbirləri zamanı Qarabağda yaşayan er­məni sakinlər zərbə altına düşmədi, onların həyatları üçün təhlükə yaradan amillər ciddi şəkildə nəzərə alındı. Əsl peşəkarlıq da elə bu idi. Ona görə cənab Ali Baş Komandan antiterror tədbirlərini həyata keçirən hərb­çilərimizin əməyinə böyük dəyər vermişdi. Bu dəyərin özü də müstəsna qədirbilənlik nümunəsidir: “Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimi­zin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait ya­ratmışdır və bir daha Azərbaycan əsgəri, za­biti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.

Bəli, bir ildir ki, Xankəndili, Ağdərəli, Əsgəranlı, Xocalılı, Xocavəndli Azərbay­canda olmaq xoşbəxtliyini yaşayırıq. Ancaq 44 günlük müharibə dönəmindəki kimi, 23 saat 43 dəqiqə ərzində də Ermənistanın və xaricdəki havadarlarının ölkəmiz əley­hinə yağdırdıqları hədyan dolu fikirlərini gördük. Gördük ki, ermənipərəstlər dünya güclərini Azərbaycana qarşı qaldırmaq yolu tuturlar, hərəkətləri ilə onların baxışlarına təsir göstərməyə çalışırlar. Prezident İlham Əliyevin şəxsindəki prinsipiallığımızla belə mənfi təmayüllərin önünə çıxdıq. Bu za­man müxtəlif ölkələrin liderlərinin telefon zənglərini də, saxta sülh çağırışlarını da gö­rüb-eşitdik. Dünən dövlətimizin başçısının imzaladığı sərəncam həmin qüvvələrə qarşı qətiyyətimizin növbəti ifadəsidir. 

Bu sənəd ərazi bütövlüyümüzün və su­verenliyimizin bərpasının müstəsna təsdiq təntənəsi kimi ideoloji əhəmiyyətə də ma­likdir. Nəzərə alaq ki, bütün xarici təzyiqlə­rin qarşısında duruş gətirmək adi məsələ deyildi. Cənab İlham Əliyev xalqımız üçün həm də bədxahlarımıza qarşı duruşun və dirənişin rəmzidir. Bu rəmzlə nə qədər öyünsək, yenə azdır. Prezidentin xalqa 20 sentyabr 2023-cü il tarixli müraciətindəki bu fikirlərə diqqət yetirək: “Bizim şərtləri­mizi isə mən dünən mənə zəng etmiş Ame­rika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiter­ror tədbirlərini dayandırmaq üçün nə lazım­dır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-si­lah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün si­lahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror təd­birlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümü­zü də, qətiyyətimizi də yaxşı bilir”.

Bəli, bir il əvvəl sona qədər getmək ira­dəmizi göstərdik, separatçıları Ermənistanın bayrağına bənzər əski parçalarını ağ bayra­ğa dəyişmək məcburiyyətində qoyduq. La­kin Ermənistanda yenə revanşist çağırışlar səsləndirənlər var. Hesab edirik ki, dövlə­timizin başçısının dünən imzaladığı sərən­cam belələrinə düşmənçilik, ədavət səhifə­sini bağlamaq, qeyri-insani təsəvvürlərdən, xam xəyallardan uzaq durmaq çağırışıdır. Əlbəttə, çağırışın sərt şapalaq məntiqi də var. Revanşist tör-töküntülər anlamalıdırlar ki, azərbaycanlılardan, türklərdən düşmən obrazı uydurmaları və həmin obraza qarşı mübarizə zəminində böyümək istəmələri avantürizmdən başqa bir şey deyil. 

Prezident İlham Əliyev xalqa ötən ilin bu günündə ünvanladığı müraciətində bö­yüklük göstərərək bir daha Ermənistana, Qarabağ ermənilərinə əlini uzatdı, onları “Qafqaz evi” ideyası ətrafında sıx birləş­məyə çağırdı. Bu, müstəsna nəciblik, yaşa­dığımız coğrafiyanı inkişafa aparmaq əzmi­nin göstəricisi idi. Azərbaycanın lideri təklif etdi ki, Cənubi Qafqaz müharibələrsiz, mü­naqişələrsiz məkan olsun. 

Ancaq hazırda regionumuz müstəvi­sində yaşananlar göstərir ki, Ermənistan özünün mənfur mahiyyətindən daşınmaq niyyətində deyil. Əslində, Qarabağ ermə­nilərinin antiterror tədbirlərindən sonra bölgədə qalmamaları, ərazini tərk etmələri də bunun təsdiqi idi. Belə bir durum dünən imzalanmış sərəncamı ekstremizmə, millət­çiliyə, şovinizmə qarşı immunitet, müqa­vimət hissi formalaşdıran sənəd kimi də xarakterizə etməyə imkan verir. Deməli, “dəmir yumruq” hər zaman yerində olma­lıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Ancaq bununla bərabər, onu da bil­dirməliyəm ki, bizə xor baxanlar, torpağı­mıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasın­lar ki, “dəmir yumruq” yerindədir və hər za­man yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

XQ-nin analitik qrupu



Siyasət