№ 406 Bakı şəhəri, 6 sentyabr 2024-cü il
“Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 2 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
2.1. Dəniz əməliyyatları bazası reyestrinin altı ay müddətində formalaşdırılmasını təmin etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Dəniz əməliyyatları bazası reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin;
2.3. Dəniz əməliyyatları bazası reyestrinin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsini təmin etsin;
2.4. Dəniz əməliyyatları bazası reyestrinin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstəril-məsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanına uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təşkil etsin.
3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:
3.1. Dəniz əməliyyatları bazası reyestrini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirsin;
3.2. Dəniz əməliyyatları bazası reyestrinin informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin reyestrin sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görsün.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri