Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!
Heydər ƏLİYEV,
Ümummilli lider
Vətən savaşının son akkordları
II Qarabağ savaşı müasir və müstəqil Azərbaycan dövlətçilik tarixinin qürur mənbəyi və əbədi yaddaşıdır. Azərbaycan öz lideri, xalqı, ordusu ilə dünyaya sübut etdi ki, müstəqil dövlət olmağa tam layiqdir. Avrasiyanın son 40 illik tarixində buna bənzər nümunə yoxdur.
Azərbaycan dövləti, cəmiyyəti və ordusu XXI əsr üçün “Vətən müharibəsi” anlayışının yeni nümunəsini ortaya qoydu. Hərb, siyasət və diplomatiya meydanlarında, informasiya və mənəviyyat mübarizəsində sübut etdi ki, qalib gəlməyi bacarır və buna layiqdir.
Bununla Azərbaycan Respublikası regionda və ondan uzaqlarda geosiyasətin ritmini yeniləşdirdi, məzmununa ədalətlilik və hüquqi normalara əməl etmək kimi iki mühüm faktor əlavə etdi. Bu, birbaşa Azərbaycan müstəqil dövlətinin töhfələridir.
Ancaq burada bir məqam qalmaqda idi. Kənar qüvvələrin müdaxiləsi ilə Azərbaycan rəhbərliyi işğal edilmiş ərazilərin bir qismindən təcavüzkarları qovmamışdı. Yəni Vətən savaşının “son akkordları”nı hələ dünya eşitməmişdi.
2023-cü il sentyabrın 19–20 tarixində, həqiqi mənada, çoxlarını informasiya şokuna salan tarixi hadisə baş verdi. Azərbaycan Ordusu cəmi 23 saat 41 dəqiqə ərzində Qarabağda təcavüzkar erməni silahlı qruplaşmalarının son qalıqlarını darmadağın etdi. Şübhə yoxdur ki, Ermənistana havadarlıq edənlər bu həmləni gözləmirdilər. Onlar Azərbaycan Ordusunun döyüş hazırlığını və hərbi idarəetmədəki yüksək peşəkarlığını da heyrətlə qarşıladılar.
Öncə nə baş verdiyini nə hərb meydanında, nə də siyasi-diplomatik aspektdə dərk edə bilmədilər. Ermənilərin xüsusi seçilmiş qruplarını ildırım sürəti ilə zərərsizləşdirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini həzm etmək istəmədiklərindən real vəziyyəti də düzgün qiymətləndirmək imkanlarını itirdilər. Eyni qayda ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT yüksək tribunasından Azərbaycan Ordusunun əməliyyatını dəstəkləyən bəyanatını orada iştirak edən bir çoxları heyrət və təəccüblə qarşıladılar.
Bu cür reaksiyalar, əslində, 2023-cü il antiterror tədbirlərinin dərin və geniş təsirə malik olduğunu təsdiqləyirdi. Burada əsrlərdir ki, bir sıra dairələrin qafalarında mövcud olan ehkamları Azərbaycan qısa müddətdə alt-üst etdi.
Birincisi, Azərbaycanın müstəqil dövlət kimi öz hüquqlarını qoruya bildiyini göstərdi.
İkincisi, Azərbaycan ərazi bütövlüyü ilə tam suverenliyi bir müstəqil dövlət kimi hüquqi çərçivədə vəhdətdə qəbul etdiyini sübuta yetirdi. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası müasir anlamda müstəqil dövlət olmanın başlıca fəlsəfi və siyasi-nəzəri meyarına əməl etdiyini göstərdi.
Üçüncüsü, antiterror tədbirləri Azərbaycanın dövlət kimi qətiyyətini və mübarizlik əzmini dünyaya nümayiş etdirdi.
Dördüncüsü, Azərbaycan əsgəri şəhid və qazi olmaq mədəniyyətinə yüksək səviyyədə malik olduğunu sübuta yetirib. Cəmiyyət və dövlət də buna böyük sayğı ilə yanaşdığını və əbədi olaraq qəlblərdə yaşadacağını təsdiq etməkdədir.
Deməli, antiterror tədbirləri həm hərbi peşəkarlığın, həm cəmiyyətin mənəvi zənginliyinin, həm də xalq–hakimiyyət birliyinin növbəti təsdiqi hadisəsidir. Bu məqamda antiterror tədbirlərinin hərbi tərəfinin bir məqamı üzərində dayanmağa ehtiyac görürük.
Lokal “İldırımsürətli əməliyyat”
Azərbaycan Ordusu cəmi 23 saat 41 dəqiqə ərzində XXI əsrdə nəticəverici və sürətli hərbi əməliyyatları necə aparmağın yeni nümunəsini yaratdı. Əsgərlərin fədakar və peşəkar fəaliyyəti, ordunun koordinasiyalı idarə edilməsi və düşmənin üzərinə çəkinmədən getməsi mövcud olan videokadrlardan aydın görünür. Komandolar elə sürətlə və səmərəli döyüşürdülər ki, dünyanın ən peşəkar orduları belə onlara həsəd aparmaqda idilər. Bu özəlliyin qaynağı nədir?
Hər şeydən öncə, Azərbaycanda Heydər Əliyevin başladığı ordu quruculuğu prosesinin fəlsəfəsini vurğulamaq lazımdır. Ulu öndər bu prosesi elə təşkil etdi ki, ordu daimi inkişafa nail ola bildi. Məsələ yalnız hərbi-texniki təchizatla bağlı deyildir. Dövlət rəhbərliyi əsgərlərin motivasiyası ilə hərbi hazırlığının tələb olan səviyyədə uyğunlaşmasına nail oldu.
Digər cəhət gənclərin son 20 ildə vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlıdır. Azərbaycan Prezidenti davamlı kursu ilə Vətəni üçün canından keçməyə hazır olan yeni nəsil yetişdirdi. Komandolar onların təmsilçiləridir. Onlar döyüş meydanında hərbi peşəkarlıqla vətənpərvərliyi üzvi surətdə birləşdirən qəhrəmanlarımızdır. Antiterror tədbirləri zamanı göstərilən hərbi və mənəvi yüksəklik məhz bunların nəticəsidir.
Başqa bir keyfiyyət ölkə rəhbərliyinin və ordu komandanlığının Ali Baş Komandanın başçılığı ilə hərbi əməliyyatları yüksək peşəkarlıqla təşkil etməsi ilə əlaqəlidir. Məsələ onunla bağlıdır ki, müasir mərhələdə şərti olaraq, “İldırımsürətli” adlandırdığımız hərbi əməliyyatları həyata keçirmək üçün çox sayda və fərqli təbiətə malik faktorları nəzərə almaq lazım gəlir. Azərbaycan lideri bunu yüksək səviyyədə bacardı!
Antiterror tədbirlərinin geosiyasi töhfələri
Həmin tədbirlərin regional miqyasda çox ciddi geosiyasi-hərbi nəticələri oldu. Hər şeydən öncə, uzun müddətdir ki, “güclü erməni ordusu”nu yaradanlar peşman oldular. Bunun ucuz bir təbliğat mifi olduğu sübut edildi. Xüsusilə, antiterror tədbirlərinin cəmi 23 saata say-seçmə erməni silahlı qruplarını yerlə-yeksan etməsi geosiyasi-hərbi baxımdan çox vacib hadisə idi. Bir zamanlar “yeni müharibə, yeni torpaqlar” deyən erməni rəhbərliyi indi “qalanı saxlayaq” tezisi ilə başlarını qatmağa çalışırlar.
Bu, adi dəyişiklik deyildir. Bütövlükdə Cənubi Qafqazda regional miqyasda geosiyasi dinamikanın yeni nəfəs almasıdır. Artıq bu regionda heç bir məsələnin Azərbaycansız həll edilə bilməyəcəyini qəbul etdilər. Bir vaxtlar Ulu öndərin “Hər bir dövlət Azərbaycanla hesablaşmalıdır. Biz əsarəti qəbul etmirik. Ya müstəqil yaşayacağıq, ya da yaşamaqda anlam görmürük” tarixi kəlamlarının reallaşdığının şahidi olduq! Bizə fəxarət hissi verən bu fikirləri başqaları da qəbul etmək məcburiyyətində qaldılar.
Antiterror tədbirlərinin regionlararası miqyasda geosiyasi nəticələri də danılmazdır. Müxtəlif beynəlxalq reytinq cədvəllərində Azərbaycan Ordusu layiqli yerini tutmaqdadır. Yəni dünya dövlətləri indi Azərbaycan Ordusunu hazırlıqlı və qarşısına qoyduğu məqsədə çatmaq qüdrətində olan hərbi sistem kimi qəbul edirlər.
Bunun fonunda, məsələn, Ermənistan ordusu haqqında heç br fikir yoxdur. Əslində, buna ordu da demək doğru deyildir. İndi ermənilərin havadarları Ermənistan silahlı qüvvələrini yeni silahlarla təchiz etməklə nəyəsə nail olmaq istəyirlər. Müşahidələr göstərir ki, təcavüzkarı silahlandıranların sayı getdikcə artır. Yəni hansısa dövlətlər regionda geosiyasi vəziyyəti yenidən xaotik duruma salmaqda maraqlıdırlar. Özü də bunu təcavüzkarı dirçəltmək yolu ilə etməyə çalışırlar. Onun fonunda antiterror tədbirlərinin strateji əhəmiyyəti aydın olur.
Strateji əhəmiyyəti
Bir il öncə keçirilmiş antiterror tədbirləri faktiki olaraq həm də gələcəyə mesajdır. Məlumdur ki, hazırda dünyanın hər bir regionunda geosiyasi mənzərə və dinamika sürətlə dəyişir. Bir il öncə dominant olan şərtləri başqaları əvəz edir. Məsələn, İsrail – Fələstin və Rusiya – Ukrayna münaqişələri, İranda islahatçıların hakimiyyətə qayıdışı prosesi, Azərbaycanın TDT-ni gücləndirmək istiqamətində atdığı addımlar, Ermənistana Qərbin lazımsız dəstəkləri, Gürcüstanda faktiki olaraq siyasi böhranın dərinləşməsi və s. kimi proseslər Cənubi Qafqazda da ümumi geosiyasi dinamikanı yeniləşdirməkdədir. Bu yeni şərtlər daxilində Azərbaycan müstəqil dövlət kimi yenə də uğurlu olmalıdır. Bunun bir sadə səbəbi vardır: Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və əməkdaşlığın qarantı Azərbaycan Respublikasıdır!
Bu baxımdan antiterror təbdirləri Azərbaycanın lider kimi özünütəsdiqi hadisəsi olaraq da qəbul edilməlidir. Eyni zamanda, həmin əməliyyatlar strategiyada analoji situasiyalarda səmərəli fəaliyyətin fəlsəfəsini də özündə daşıyır. O, statik nəticəsi olan hadisə deyildir. Elə bir nümunədir ki, gələcəyə hesablanmış addımların bazası rolunu oynaya bilər. Çox güman ki, biz bunları zaman-zaman meydana gələn müxtəlif xarakterli durumlarda daha aydın anlayacağıq.
Qürur və ilham qaynağımız
Azərbaycan xalqı həmişə öz ordusu və əsgəri ilə fəxr etmişdir. Tarixin müxtəlif dönəmlərində azərbaycanlılar hərbi şücaətlər göstərmişlər. Azərbaycan xalqı görkəmli sərkərdələr yetişdirmişdir. Onlar ən çətin hərbi şəraitdə belə qalib olmuşlar. Bununla belə, 300 il öncə Azərbaycanın qanlı imperialist müharibə nəticəsində parçalanması ordu və əsgər haqqında təsəvvürlərə də ciddi zərbələr vurmuşdur. Öncə Rusiya imperiyası, sonra isə sovetlər demək olar ki, azərbaycanlıları döyüşə bilməyən, alverdən başqa bir iş bacarmayan insanlar kimi təqdim etməkdən yorulmadılar. Qısa edək: müstəqilliyə qədər (Azərbaycan Demokratk Respublikasının çox az təcrübəsini çıxmaqla) Azərbaycanın real ordusu olmamışdır. XX əsrin son onilliyində əldə edilən müstəqilliyin ilk illərində də bir sıra dairələr “bizə ordu lazım deyil” kimi çox zərərli fikirlə oturub-dururdular.
İndiki Azərbaycan Ordusu II Qarabağ savaşında və antiterror tədbirlərində məhz bu kimi zərərli və aşağılayıcı sindromları sındırdı. Tarixi-hərbi baxımdan çox qısa müddətdə, birincisi, ordu özünü toparladı, ikincisi, ruslardan qalma neqativ mənəvi, psixoloji, hərbi və ideoloji simptomlardan xilas oldu, üçüncüsü, dünyanın aparıcıları ilə müqayisə edilə biləcək idarəetmə sisteminə malik modern ordu səviyyəsinə yüksəldi.
Əlbəttə, bütün bunlara nail olmaq üçün hakimiyyət – cəmiyyət – ordu vəhdəti olmalı idi. Oldu! Azərbaycan dövləti və xalqı ordusundan heç nəyi əsirgəmədi. Qüsurlar ardıcıl olaraq aradan qaldırıldı və təkmilləşmə indi də davam edir. Bütün bunlarla bərabər, əldə edilən hərbi və geosiyasi uğurların baş memarı vardır: Prezident İlham Əliyev!
Azərbaycanın dövlət başçısı siyasi varislik prinsipinə tam əməl edərək böyük zəhmət və yüksək siyasi-diplomatik məharət sayəsində davamlı olaraq dövləti, xalqı və ordunu Böyük Qələbəyə və şanlı antiterror tədbirlərinə doğru apardı!
Müstəqil dövlətimiz, liderimiz və antiterror tədbirlərini həyata keçirən ordumuz qürur və ilham qaynağımızdır!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru