Yaxud qazi Şəhriyarın Xocalıda başa çatan döyüş yolu
2023-cü ilin 19–20 sentyabrı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun Zəfər yürüşünün parlaq təcəssümü, qızıl hərflərlə yazılan yeni qəhrəmanlıq dastanımızın növbəti səhifəsi kimi tarixə düşdü. Məhz həmin gün erməni separatçılarının Qarabağda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələri birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Hərbi əməliyyatlar, həmçinin Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi, işğaldan azad olunmuş ərazilərdəki öz ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin, habelə bərpa-quruculuq işlərində çalışan mülki insanların və hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı. İyirmi üç saat davam edən lokal əməliyyat zamanı xarici havadarlarının dəstəyi ilə “təpədən-dırnağa” silahlanmış ermənilər müqavimət göstərə bilməyəcəklərini, məğlubiyyətin labüd olduğunu anlayaraq ağ bayraq qaldırdılar.
44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, 19–20 sentyabr lokal antiterror tədbirləri də beynəlxalq hərbi ekspertlərin diqqətini cəlb etdi. Bu əməliyyatın yüksək peşəkarlıqla hazırlandığını və dəqiqliklə icra edildiyini bütün dünya izlədi. 3 il əvvəl “dəmir yumruğ”un zərbini görmüş yağı bu dəfə də şirürəkli Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmədi.
Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda gedən döyüşlərin iştirakçılarından biri də Xocalı sakini Şəhriyar Zamanovdur. O, həm Vətən müharibəsinin, həm də 19–20 sentyabr antiterror əməliyyatlarının iştirakçısıdır. İki dəfə yaralansa da yenidən döyüş meydanına qayıtmış Şəhriyar XQ-nin Qarabağ bürosuna bu barədə xatirələrini danışdı:
– Ailəmiz Xocalı rayonundan məcburi köçkün kimi müvəqqəti olaraq Yevlax rayonunun Xaldan qəsəbəsində məskunlaşıb. Mən də 1990-cı ildə burada anadan olmuşam. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılmışam. Xidmətimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçdikdən sonra 2014-cü ilə qədər müddətdən artıq xidmət edən (MAXE – M.R.) hərbi qulluqçu kimi orada qalmışam. Daha sonra tərxis olundum. Ancaq 2020-ci ildə Tovuz hadisələri zamanı mərhum generalımız Polad Həşimovun şəhid olması xəbərini eşitdikdə bir an belə fikirləşmədən yenidən hərbi xidmətə qayıtmaq qərarına gəldim və ordu sıralarına daxil oldum.
Elə həmin il Vətən müharibəsinin başlanması şəxsən mənim üçün ən böyük arzumun reallaşması demək idi. Çünki atam, yaxın qohumlarımızın çoxu Birinci Qarabağ müharibəsinin iştirakçıları olmuşdular. Atamın əmisi Namazov Novruz Qulu oğlu Xocalıda şəhid olmuşdu. Mən də bu söhbətləri dinləyə-dinləyə böyümüşəm və hər zaman arzulayırdım ki, müharibə başlayaydı, şəhidlərimizin qisasını alaydım. Allaha şükür edirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi altında bu arzumuz reallaşdı...
Vətən müharibəsi zamanı ilkin olaraq Murovdağ istiqamətində döyüşlərə atılan Şəhriyar daha sonra Ağdərə rayonunun Talış kəndinin və Suqovuşan qəsəbəsinin düşməndən təmizlənməsində iştirak edib. Suqovuşanda yaralanıb. Ayağından və belindən qəlpə yaraları alıb. Ancaq Vətən sevgisi kimi, hərbi sahəyə həvəsi də azalmayıb. Müharibədən sonra da hərbi xidmətini davam etdirən cəsur xocalılı döyüşçü 2021-ci ildə qardaş Türkiyədə dağ-komando kurslarını müvəffəqiyyətlə bitirərək peşəkarlığını daha da artırıb, komando kimi Azərbaycana qayıdıb. Əslən Xocalıdan olan Şəhriyar Zamanov Zəfərlə bitən şərəfli döyüş yolunu belə xatırlayır:
– Vətən müharibəsində qazandığımız şanlı Qələbə nəticəsində uzun illər boyu torpağımıza göz dikmiş mənfur düşmən layiqli cəzasını aldı. Ancaq Qarabağda, o cümlədən, ata-babalarımın doğma yurdu Xocalıda separatçıların mövcudluğunun davam etməsi, necə deyərlər, mənə rahatlıq vermirdi. Ona görə də separatçılara qarşı antiterror tədbirlərinin keçirilməsi hər bir azərbaycanlının ürəyincə idi. Həmin döyüşlərin də iştirakçısı olmuşam və sentyabrın 19-da sol əlimdən yaralanmış, həmçinin qapalı kəllə-beyin travması almışam. Ancaq antiterror əməliyyatlarının, ümumilikdə, doğma Vətənimin azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olduğum üçün özümü xoşbəxt sayıram. Heç bir yara, heç bir xəsarət bu xoşbəxtlik duyğusuna təsir edə bilməz. Əksinə...
Onu da qeyd edək ki, Şəhriyar Zamanovun xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Sücaətə görə” medalları ilə təltif edilmişdir.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri