Nağıla dönən qəhrəman

post-img

Vətən müharibəsində Böyük Qələ­bəmizi həzm edə bilməyən mənfur düşmən Qarabağdakı tör-töküntülə­rini silahlandıraraq tez-tez təxribatlar törədirdi. Ağdərə, Xocavənd, Xocalı rayonları və kəndlərində və Xankəndi şəhərində “dirəniş” göstərirdi. Pozu­culuq əməllərindən cana doyan Silahlı Qüvvələrimiz, nəhayət, “terror” özba­şınalığının qarşısını birdəfəlik almağa qərar verdi. 

2023-cü il sentyabr ayının 19–20-də 23 saat davam edən uğurlu lokal antiter­ror əməliyyatının həyata keçirilməsində müzəffər ordumuz möhtəşəm uğura imza atdı. Amma bu, qurbansız da ötüşmədi. Dövlət suverenliyimizin tam bərpası uğ­runda döyüşlərdə şəhidlər də verdik. On­lardan biri “Komando” kəşfiyyat bölüyü­nün cəsur əsgəri Məhəmməd Xəlilli oldu. 

Məhəmməd 2004-cü ilin sentyabr ayının 17-də İsmayıllı rayonunun Basqal qəsəbəsində dünyaya göz açıb. Onun 6 yaşı olanda ailəsi Binəqədi rayonunun Biləcəri qəsəbəsinə köçüb. Yeniyetmə çağlarından cüdo ilə məşğul olub. İdman onun güclü, dözümlü, iradəli olmasında böyük rol oy­naydb. 2022-ci ilin oktyabr ayında Binəqə­di rayon hərbi komissarlığından əsgəri xid­mətə çağrılıb və “komando” təlimlərinə qatılıb. Zirəkliyi sayəsində kəşfiyyat bölü­yünə qəbul edilib. 

Ailə üzvləri deyir ki, Məhəmmədin “komando”bölüyündə xidmət etməsindən xəbərləri olmayıb, bunu yalnız o, şəhid olduqdan sonra biliblər. Özü sirr saxlayır­mış ki, narahat olmasınlar. Yalnız 2023-cü ilin avqust ayında 10 günlük məzuniyyətə gələndə deyibmiş ki, Qarabağ dünyanın cənnət məkanıdır, Hadrut çox gözəldir. Razı olmarıq ki, buralarda nankor düşmən­lər gəzib kef eləsinlər. 

Antiterror tədbirləri olduqca yüksək peşəkar səviyyədə təşkil edilib, əməliyyat­lar mülki əhaliyə heç bir xətər dəymədən uğurla başa çatdırılıb. Düşmənin dərinli­yinə sızan qüvvələrimiz Xocavəndi, Ağ­dərəni, Xocalını və Xankəndini düşmən­dən azad ediblər. Xocavənd rayonunun Qarakənd kəndi istiqamətində hücuma keçən bölmələrimizin tərkibində Məhəm­məd Xəlilli də böyük fədakarlıq göstərərək düşmənin bir çox canlı qüvvəsini məhv edib. Sentyabrın 19-u saat 17–18 radələ­rində isə namərd düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. 

İşə baxın ki, atası İlqar müəllim dəfələrlə oğlunun şəhid olmasını röyalar­da görübmüş. Hər dəfə yuxudan hövlnak oyanıb deyirmiş ki, İlahi, sən özün xeyirə cala! Bu, nə yuxulardır, görürəm? Məhəm­məd əsgərliyə getməmişdən əvvəl ağır bel əməliyyatı keçirsə də, mütləq əsgər gedəcəyəm, – deyirdi. Vətən qarşısında müqəddəs şəhidlik andı içibmiş. 

Bacısı Zeynəb xanımın sentyabrın 19-u ad günü olacaqdı. Amma ailə həmin günü göz yaşları içində keçirib. Zeynəb deyib ki, daha heç vaxt ad günü keçirməyəcəm, o gün artıq Məhəmmədin şəhadət günüdür. 

Onu da deyək ki, Xəlilovlar ailəsi Məhəmmədin toyuna hazırlaşırdı. Onun bir könüldən-min könülə vurulduğu istək­lisi də varmış. İgidi 23 yaşında evləndirə­cəkmişlər. Amma o, 23 saat düşmənlə sa­vaşda qəhrəmancasına şəhid oldu. 

İndi hər gün atası, anası və bacısı Məhəmmədin şəkilləri ilə pıçıldaşır və istər-istəməz kövrəlirlər. Ancaq təsəlliləri budur ki, o, Azərbaycanın tam suverenli­yinin bərpası uğrunda mübarəzədə canını qurban verib. Rəşadətli Silahlı Qüvvələri­mizin hərbi qulluqçusu Məhəmməd Xəlilli 2023-cü il sentyabrın 20-də 2-ci Fəxri Xi­yabanda torpağa tapşırılıb. 

Azərbaycan Respublikasının ərazi bü­tövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Res­publikası Silahlı Qüvvələrinin hərbi qulluq­çusu Məhəmməd Xəlilli Prezident İlham Əliyevin sərəncamına əsasən, 3-cü dərəcə­li “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Sentyabrın 20-də qəhrəmanımızın hə­lak olmasının 1-ci ildönümüdür. Cənnətdə­ki mövludun mübarək, qəhrəman!

Rüfət HÜSEYNLİ

Sosial həyat