Bir il əvvəlki antiterror əməliyyatı Azərbaycanın tam qələbəsini təmin etdi
Ermənistan, sanki, İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu. Üç il ərzində biz yenə də səbir göstərmişdik, yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir. Düzdür, Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirlər. Ancaq hər şey sənədləşdirilib, bu gün heç nəyi gizlətmək mümkün deyil. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmadı, hətta əlavə silah-sursat, minalar göndərir, bizə qarşı mina terroru daha geniş vüsət almışdı. Ona görə antiterror əməliyyatı qaçılmaz idi.
Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki nitqindən
* Azərbaycanın “Dağlıq Qarabağda etnik təmizləmə” apardığını iddia edən bəzi ölkələr və beynəlxalq təşkilatlar bütün dünyanı haylara köməyə səsləyirdi;
* Dünyanın 40 ölkəsi “Azərbaycanın əməlləri nəticəsində ermənilərin üzləşdiyi humanitar böhran və kütləvi köçkünlüklə bağlı” ciddi narahatlığını bildirdi;
* BMT İnsan Haqları üzrə Ali Komissarlığına (İHAK) “bölgədə vəziyyəti izləməyi və bu barədə Təhlükəsizlik Şurasını məlumatlandırmağı” tapşırdı;
* İHAK “mülki şəxslərə qarşı hərbi güc tətbiqindən narahatlığını ifadə etdi, ermənilərin hüquqlarının qorunmasının vacibliyini” vurğuladı;
* Ali komissar “insan haqlarının pozulması ilə bağlı müstəqil araşdırmaların aparılması və hesabatlılığın təmin edilməsinin zəruriliyindən” danışdı;
* Beynəlxalq Ədalət Məhkəməsi və digər təşkilatlar “Azərbaycan tərəfindən insan hüquqlarının pozulması” barədə məlumat yaydı;
* Ermənistan İHAK-ı “monitorinqi davam etdirməyə və nəticələri şura ilə bölüşməyə” çağırdı.
...Bunlar 2023-cü il sentyabrın 20-dən sonra ermənipərəst ölkə, təşkilat və qurumların qaldırdığı hay-küyün qısa xronikasıdır. Bir il bundan əvvələ qədər isə Qarabağın Azərbaycanın nəzarətində olmayan hissəsində Rusiya sülhməramlı kontingentinə güvənən erməni separatçı quldurların qalıqları Xankəndidə meydan sulamaqda idi. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, işğaldan azad olunmuş doğma yurdlarına qayıtmağa başlayan keçmiş məcburi köçkünlərin təhlükəsizliyinə təhdidlər yaratmaqda davam edən bu xunta rejimi hər cür təxribata əl atır, vətəndaşlarımıza qarşı terror aktları törədirdilər. Bu, həm də onun nəticəsi idi ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərinə əməl etməyən Ermənistan üç il ərzində öz silahlı qüvvələrinin tör-töküntüsünü, hərbi texnikasını Qarabağ iqtisadi rayonumuzdan çıxarmamışdı. Azərbaycan Dövlət Sərhəd Xidmətinin 2023-cü il aprelin 23-də Ermənistandan Qarabağdakı qeyri-qanuni rejimi saxlamaq üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də hərbi təyinatlı digər vasitələrin daşınmasının qarşısını almaq məqsədilə Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” nəzarət-buraxılış məntəqəsini qurmasından sonra da separatçılar cinayətkar əməllərini davam edirirdilər.
* * *
Daha vəziyyət bu cür davam edə bilməzdi. Bakının səbrini daşıran sonuncu damla 2023-cü il sentyabrın 19-u səhər saatlarında erməni quldurlarının törətdiyi növbəti terror aktı oldu. Əhmədbəyli–Füzuli–Şuşa yolunda basdırılımış minanın partlaması nəticəsində 2 mülki şəxs həyatını itirdi. Artıq gün kimi aydın idi ki, Azərbaycan dövləti təxirəsalınmaz tədbirlər görməsə, kənardan şirnikləndirilən Xankəndidəki separatçılar daha da azğınlaşacaqlar.
Həmin gün nəyi, nə vaxt və necə edəcəyini çox gözəl bilən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində antiterror tədbirləri keçirmək barədə əmr verdi. Sərkərdənin zərgər dəqiqliyi ilə hazırladığı lokal əməliyyatın nəticəsi hamıya məlumdur: antiterror tədbirinin başladığı 23 saatdan sonra xunta rejimi ağ bayraq qaldırdı. Bununla da təkcə Qarabağda deyil, Cənubi Qafqazda erməni separatizminin kökü kəsildi. Bu, Azərbaycanın son 100 ildə qazandığı möhtəşəm hərbi uğurlarından biri, müzəffər Ordumuzun növbəti tarixi Zəfəri, daha doğrusu, Zəfərdən sonra qoyulan nida işarəsi idi.
“Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi. Bu, tarixi hadisədir və bu hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir”.
Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki nitqindən gətirdiyimiz ikinci sitat, doğrudan da, baş vermiş hadisənin tarixi əhəmiyyətini dəqiqliklə göstərir. O tarixi günün gələcəyinə hamımız əmin idik. Üçrəngli bayrağımızın Şuşadan sonra Xankəndidə dalğalanması 30 il davam edən münaqişədə axırıncı aşırımın da keçildiyini müjdələdi. Qarabağlılar, bütün xalqımız yarımçıq qalmış savaşın tam və qəti qələbə ilə başa çatmasından sonra dərindən və rahat nəfəs aldılar.
Bəs ötən bir il ərzində nələr baş verdi? Bölgədə yaranan yeni hərbi-siyasi reallığı həzm edə bilməyən qüvvələrin son bir ildə Azərbaycana qarşı dezinformasiya hücumları daha da artdı. Məhz Xankəndidə separatçılığın kökü kəsiləndən sonra Qərbdən Ermənistana hərbi və maliyyə yardımlarının çoxaldığının şahidi olduq. Üzdə sülh danışıqlarında vasitəşilik missiyasını yerinə yetirən ermənipərəst Qərb arxada hayları silahlandırmaqla məşğuldur. İkiqat kapitulyant ölkənin tərəfdarları hələ də Ermənistanı Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqla barışmağa qoymur, Qərbin müəyyən dairələri erməniləri Qarabağa qaytarmaqla bağlı çağırışlar edir, Bakıya diplomatik və ideoloji təzyiq göstərirlər. Ermənistan baş naziri Nikol Paşinyan və ermənilərin mütləq əksəriyyəti üçün Qarabağ mövzusu bağlansa da, həmin dairələr bölgədə özəl maraqlarını təmin etmək üçün anti-Azrbaycan kampaniyasına son qoymağa tələsmirlər.
* * *
El məsəlimizdə “it əl çəkdi, motal əl çəkmədi” deyimində olduğu kimi, ABŞ Konqresində erməni lobbisinin puluna satılmış bir qrup “Artsax” ermənisinin Qarabağa qayıdışını müzakirəyə çıxarır, Azərbaycana qarşı müxtəlif ittihamlar irəli sürürlər. Həmin konqresmenlərin anti-Azərbaycan müzakirələrinin heç bir əhəmiyyəti olmayacaq. Hara çəksələr də, nə qədər uzatsalar da, qarşıdakı mərhələdə iki ölkə arasında sülh sazişinin imzalanması gəlir. Azərbaycanla Ermənistan arasında əldə olunacaq sülh dinc və sabit “Qafqaz evi”nin yaranmasına şərait yaradacaq. Bunun alternativi yoxdur və ola da bilməz.
Bəli, Azərbaycan aparıcı dövlətə çevrildiyi bölgədə yeni reallıq yaradıb və bunu dəyişmək “böyük güclər”in belə imkanı xaricindədir. İntəhası, bəzi çevrələr bu gün də Ermənistanda deyil, Cənubi Qafqazda yerlərini möhkəmlətmək naminə çirkin ssenarilərindən, oyunbazlıqlarından əl çəkmirlər. “Kollektiv Qərb”in dirijoru funksiyasını yerinə yetirən Fransa Ermənistanı həm hərbi cəhətdən gücləndirməyə çalışır, həm də siyasi müstəvidə ona himayədarlıq edir. “Qoca qitə”nin Avropa İttifaqına üzv bəzi ölkələri də Yelisey sarayından çalınan musiqiyə “züy tutmaqla” məşğuldurlar. Bu məşğuliyyətin faydasız və son nəticəsiz olduğunu anlayanlar da var. Çünki onlar Azərbaycanın gücünü və iradəsini əməldə gördülər. Qatar çoxdan yola düşüb, tarixin təkərini geri döndərmək mümkün deyil.
“Hələ Bayraq meydanının açılışında demişdim ki, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq, bizim siyasətimiz bundan ibarət idi. Biz bütün gücümüzü səfərbər edib bu hədəfə doğru gedirdik, biz hər gün, hər saat bu müqəddəs günü yaxınlaşdırırdıq. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik,Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək!”.
Cənab Prezidentdən gətirdiyimiz üçüncü sitat həmin müqəddəs günün dəyərini bilən xalqımızın uğurlu gələcəyə inamı ilə düz mütənasibdir. Qarşıda bizi gözləyən uğurların davamlı olması üçün Azərbaycanın siyasi iradəsi kimi, imkanı da yetərincədir. Təki, hələlik qonşu deməyə dilimiz dönməyən haylar sülhə gəlsinlər.
Yazımızın əvvəlində verdiyimiz ermənipərəstlərin hay-küy xronikasının fonunda mütləq Qələbəmizin birilliyi ilə bağlı qeydlərimizi pozitiv çalarlar üzərində yekunlaşdırmaq istərdik. Amma acı həqiqət budur ki, Qarabağdan barıt qoxusu hələ tam çəkilməyib. Azərbaycanın bir il bundan əvvəl söndürdüyü münaqişə ocağını yenidən körükləməyə çalışanlar var. Ötən bir ildə başı daşdan-daşa dəymiş Ermənistan baş naziri Nikol Paşinyan bu gün erməni xalqından üzr istəyir. Ən azı, bir il əvvəl olduğu kimi, xalq–ordu–hakimiyyət birliyini özündə təcəssüm etdirən “dəmir yumruğ”un təminatı ilə Azərbaycanın daha böyük uğurlara imza atacağına artıq Ermənistan baş nazirinin də şübhəsi yoxdur. Buna əminliyimizi bildiririk!
İmran BƏDİRXANLI
XQ