2020-ci il sentyabrın 27-sində başlayan və noyabr ayının 8-də bitən 44 günlük Vətən müharibəsi nəticəsində Cənubi Qafqazın siyasi və coğrafi xəritəsi nəinki dəyişdi, eyni zamanda tariximizə son 200 ilin ən böyük zəfər salnaməsi əlavə edildi. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı.
Doğrudur, müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsədə Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. Erməni silahlı birləşmələri qondarma Artsax hesab etdikləri hərbi xuntaya hər cür silah-sursat yardımı davam edirdi. Belə ki, 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdi. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş verdi. Bundan əlavə, həmin zaman Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb oldu. Separatçıların Qarabağda qeyri - qanuni fəaliyyətlərinə qarşı Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirildi.
Nəhayət hadisələrin gedişatı və erməni təxribatları 2023-cü ilin 20 sentyabr tarixinə qədər davam etdi. Belə ki, 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Həmin zaman Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Son bir neçə ayda Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin fəallaşması müşahidə olunurdu. Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu.
Beləliklə, antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Vəziyyətin ən humanist və çox nadir görünən tərəflərindən biri də bu idi ki, əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdi ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdı.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalıdır.
Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır.
Sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.
Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu təm şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Burada ölkə başçısının status-kvonun mövzusunun birdəfəlik bitməsi ilə bağlı dediyi qəti fikirlərin necə gerçəyə çevrildiyini hər bi azərbaycanlı müşahidə etdi.
23 saatlı anti-terror tədbirləri nəticəsində Azərbaycan tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəltdi və ərazi bütövlüyünü tam olaraq bərpa etdi.
Hətta 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi bir daha Qələbəmizə öz möhürünü vurmuş oldu. Bütün bu qələbə heç şübhəsiz ki, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, müdrik və uzaqgörən siyasəti və şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına əldə olundu. Zaman keçəcək amma 19-20 sentyabr anti-terror tədbirləri Azərbaycanın hərbi və siyasi tarixinin silinməz bir səhifəsi kimi hər zaman xatırlanacaq, xalqımızın, Milli Ordumuzun qürurunu ucaldan hadisələr kimi dərsliklərdə tədris olunacaq.
Adil Əliyev,
Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı