1918-ci ilin 15 sentyabrı Bakının erməni-bolşevik işğalından azad edildiyi gündür
...Paytaxtın bir vaxtlar “Dağüstü park” adlanan yerində – Şəhidlər xiyabanının qonşuluğunda Nuru Paşanın komandanlığı ilə 1918-ci ildə Bakını işğaldan qurtarmağa gələn Türk–Qafqaz ordusunun şərəfinə ucaldılmış “Türk Şəhidliyi” abidəsinin qarşısındayam. Bakı uğrunda döyüşlərdə canlarından keçmiş və Çənbərəkənd qəbiristanlığında dəfn edilmiş türk əsgərlərinin ruhu qarşısında baş əyirəm. Həmin abidə düz 25 il əvvəl yaradılıb. Xalq şairi Nəriman Həsənzadənin məşhur misralarını pıçıldayıram:
Nuru Paşa at belində
Türkiyədən, Qarsdan gəlir.
Azərbaycan deyə-deyə,
Yaralanmış aslan gəlir.
Yadıma o da düşür ki, həmin hadisələrin canlı şahidi olmuş Həzrətqulu adlı bir lənkəranlı ağsaqqal Xəzərin sahilindəki çayxanada həzin səslə oxuyurdu:
Üzün güldü, gözün güldü, onda ki,
Nuru Paşa sənə tutdu yön, Bakı!
Həmin gündən hürriyyətə qovuşdun,
Azad Bakı, təmiz Bakı, can Bakı!
Onda sovet dönəmi idi və təbii ki, biz yeniyetmələr nə Nuru Paşanı tanıyırdıq, nə də Azərbaycanın istiqlal savaşının təfərrüatlarından xəbərimiz vardı. Sonralar bilərək unutdurulan tarixin qatlarına nüfuz edildi və öyrənib bildik ki, 1918-ci ilin sentyabrında Bakıda nələr baş verib.
Artıq o vaxtdan düz 106 il ötür. Hər il qürurla Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini – Bakının erməni-bolşevik işğalından azad edilməsi gününü qeyd edirik. Həmin gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakıdakı, ətraf rayonlardakı ağalığına son qoyulub.
Möhtəşəm və tarixi qələbədən sonra Bakıda parad təşkil olunub, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən buraya köçürülüb və Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib. Qeyd edək ki, o zaman Bakının azad olunması iki qardaş xalqın dostluğu zəminində mühüm önəm daşıyan təməl hadisələrdəndir. Osmanlı qoşunları Bakının xilası üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də Bakıda, Şamaxı, Göyçay və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş türk əsgərlərinin məzarları ziyarət edilir. Paytaxtdakı “Türk Şəhidliyi” abidəsinin önündə anım mərasimi keçirilir.
...Bakını azad etmək istəyən türk ordusu şəhərə lap yaxınlaşmış və onu mühasirəyə almışdı. İqtidarda olan kommunist bolşeviklərin Şaumyanın liderliyindəki hökuməti – 26 Bakı komissarı çox əndişəli günlərini yaşayırdı. Şaumyan, Çiçerinə göndərdiyi teleqramda cəbhədəki vəziyyətin get-gedə pisləşdiyini, Bakı Sovetinin sağçı qanadından bəzi qrupların ingilisləri dəvət etmək qərarına gəldiyini və şəhərin üzərinə hücum edən qüvvələrin nizami Türk Ordusu olduğunu bildirərək, Rusiyadan təcili kömək göndərilməsini istəyirdi. O, Bakıdakı rus və ermənilər vasitəsilə türk olmayan xalqlara ünvanlanan vərəqələr yayaraq, onların milli hisslərini oyatmağa çalışır, əli silah tutanı cəbhəyə çağırırdı. Həyasızlıq o həddə çatmışdı ki, şaumyanlar Bakıya gələn türklərə düşmən deyirdilər. Amma dost və qardaş türklər Bakıya girib düşmən erməni və bolşevikləri oradan kürüyüb atdılar.
Buna qədər Moskvadakı bolşeviklərin lideri Lenin Qafqaz İslam Ordusunun Bakıya doğru irəlilədiyini bilincə, hər cür yola əl atırdı. Türklərə qarşı, Osmanlı Dövlətinin müttəfiqi olan Almaniyadan yardım istəyirdi. “Brest-Litovsk Müqaviləsinə əlavə” adlanan razılaşmaya görə, Almaniya Kür çayına qədər olan Azərbaycan torpaqlarının Sovetlərin tərkibində qalmasına kömək edəcək, bunun müqabilində Bakı neftinin yarısına sahiblənəcəkdi. Eləcə də Almaniya bu xəttə üçüncü ölkənin müdaxiləsinin qarşısını alacaqdı. Amma bədnam müqavilə imzalanmazdan bir gün əvvəl Bakıda Şaumyan hakimiyyəti devrildi. Məhəmməd Əmin Rəsulzadə dövlətlərarası konfransa getdiyi İstanbulda Almaniya ilə Rusiyanın həmin razılaşmasını rədd etdi, protest notasını Almaniya və digər ölkələrin təmsilçilərinə verdi. Notada Qafqaz xalqlarının uzun illər rus əsarətində çəkdiyi acılar açıq mətnlə göstərilir, Bakının Azərbaycanın ayrılmaz bir parçası olduğu tarixi, coğrafi və iqtisadi dəlillərlə izah edilirdi.
“26-lar” adlı bədii filmdən də göründüyü kimi, Ənzəlidən köməyə gələn ingilis ordusu elə də böyük dəstə deyildi. Bakıda hakimiyyəti ələ almış Sentrokaspi Diktaturası, ən azı, 20 min nəfərlik ingilis ordusunu gözləyirdi. Britaniyalıların Bakıya girməsi ermənilərin ürəyində ümid çırağı yandırmışdı. Gizli şəkildə dinlənilən telefon danışıqlarında onlar şəhəri, nəyin bahasına olursa-olsun, müdafiə edəcəklərini deyirdilər. Amma haqq işi uğrunda canından keçməyə hazır olan türklər buna bilmərrə yol vermədilər.
Hünərvər Mürsəl Paşa yerli ermənilərin danışıq üçün təmsilçi göndərmələri və şəhərin təslim olacağı təqdirdə heç kimin malına və canına xətər toxunmayacağı barədə təminat vermişdi (Xatırlayırıq ki, eynilə ötən il Qarabağda qalan etnik ermənilərə də Prezident İlham Əliyev belə bir mesaj vermişdi ki, Azərbaycan qanunlarına tabe olduqları təqdirdə burada qalıb yaşaya bilərlər). Həmin məktubun məzmunu Nuru Paşa vasitəsilə Baş Komandan Vəkili Ənvər Paşaya da bildirilmişdi. Ənvər Paşa isə ermənilərin Bakını qeyd-şərtsiz təslim edəcəkləri təqdirdə İrəvan bölgəsinə köçürüləcəklərinə söz vermişdi.
Bakı ətrafında halqanı daraldan Türk Qafqaz İslam Ordusu Sumqayıt, Xırdalan, Qobu, Ələt, Heybət dəmir yolu, Maştağa istiqamətlərində mühasirəni yararaq şəhərə daxil olurdu. “Sentrokaspi və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyətinin Diktaturası” tərəfindən şəhərdən gəmi ilə qaçmağa çalışan 26-lar həbs edildilər və sonra Türkmənistanın Ağcaqum çölündə güllələndilər. Güclü həmlə ilə Bakının qərbindəki Qurd qapısı təpəsini ələ keçirən 13-cü Qafqaz alayı saat 14.30-da artıq Bakını görə bilirdi. Düşmən birlikləri Qurd qapısını əldən verməmək üçün bir neçə cəhd etdi, ancaq hər dəfə də ağır itki verərək, geri çəkildi. Şimal qrupu birlikləri 10-cu Qafqaz alayının 29-cu batalyonu Qurd qapısı təpəsi ilə Hacıhəsən kəndi arasındakı ərazidən hücuma keçmişdi. Dik yoxuşları çıxan türklər Salxana və Qışla yüksəkliklərini də qısa bir vaxt ərzində düşməndən təmizlədilər (Aydın məqsəd, saf amal naminə nə edilməz ki! Ondan düz 102 il sonra qəhrəman Azərbaycan əsgərləri yalçın qayalıqlarla Şuşa şəhərinə qalxmadılarmı?).
Nuru Paşanın əmri ilə Azərbaycan Ordusunun özək korpusu yaradıldı və Qafqaz İslam Ordusunun 15-ci piyada diviziyası ilə qüvvətləndirildi. Şərq Orduları Qrupu Komandanı Xəlil Paşanın da Bakıya gələrək hücumda şəxsən iştirak etməsi qərarlaşdırıldı və bu səbəbdən hücum zamanı erməni-bolşevik birləşmələri və Ənzəlidən gəlmiş ingilis silahlı qüvvələri heç nə edə bilmədilər.
Beləliklə, əvvəlcə Bakının ətrafı düşməndən təmizləndi. Şəhərə əsaslı hücumun sentyabrın 13-dən 14-nə keçən gecə, Qərb istiqamətindən başlanması qərara alındı. Düşməni çaşdırmaq üçün də bəzi tədbirlər görüldü. Bakıya hücumun şimaldan ediləcəyi görüntüsünü yaratmaq üçün cəbhədəki ordunun böyük bir bölüyü 3 sentyabrdan etibarən Yanardağ və Binəqədi ətrafına yığılmışdı. Bakı hökumətinin əlində olan təyyarələr hücum başlanana qədər hər gün kəşfiyyat uçuşları keçirir və türk əsgərinin şimal bölgəsinə cəlb olunduğunu müşahidə edirdi.
Qərargahdan "İrəli" əmri verilincə, birliklər, gecənin qaranlığında Heybət–Biləcəri dəmir yolu xəttinə doğru irəliləməyə başladılar. Hədəfdə düşmənin 1-ci müdafiə xətti idi. 56-cı piyada alayı saat 01-də Şabanı–Bakı yolunun şimalından, 9-cu Qafqaz alayı isə bu yolun cənubundan hücuma başladı. Tapşırıq uğurla yerinə yetirilərək, erməni, rus və ingilislərin 1-ci müdafiə xətti yarıldı. Bakı hücumunda qeyri-adi şövqlə döyüşən 56-cı alayın əsgərləri, komandirləri başda olmaqla Qurd qapısı cəbhəsindən qaçan düşmənə Bayıl həndəvərində daha bir ağır zərbə vurdu. 5-ci Qafqaz piyada diviziyasının uğurunun davamı kimi, Bakının Şimal cəbhəsindən hücuma keçən 15-ci piyada diviziyası da tapşırığı dürüst yerinə yetirdi. Nə bolşeviklər ciddi müqavimət göstərə bildilər, nə də Çanaqqalada türk əsgərinin hünərini görərək ağır məğlubiyyətə uğramış ingilislər. Ermənilərə verilən vaxt tamam olduqdan sonra onlar silahları ilə birlikdə təslim olmağa başladılar. İngilislər sübh tezdən gəmilərə minərək Bakıdan qaçdılar. Erməni və rus komandirləri ilə şəhər rəhbərləri də dəniz yolunu nicat yolu bildilər.
Nəhayət, türklərin Bakıya girməsi xəbəri, Hərbiyyə Naziri və Baş Komandan vəkili Ənvər Paşaya 16 sentyabrda bildirildi. Nuru Paşanın bununla bağlı şifrə teleqramı belə idi: “Allahın yardımı ilə Bakı şəhəri 30 saat davam edən şiddətli müharibədən sonra saat 9 radələrində zəbt edilmişdir. Bütün ordunun, xüsusilə, minbaşı Fəhmi bəyin komandası altındakı 56-cı alayın qəhrəmanlığı təqdirəlayiqdir”. Həmin gün Nuru Paşa Güzdəkdəki müvəqqəti Ordu Qərargahından hərəkət edərək Bakıya daxil oldu. Komandirlər əvvəlcə Qırmızı kazarmanın yaxınlığında təşkil olunmuş rəsmi keçiddə iştirak etdilər. Podpolkovnik Süleyman İzzət bəyin rəhbərlik etdiyi paradda şəhərdəki asayişi təmin edən 56-cı alaydan başqa, cəbhədə döyüşən hərbi qüvvələrin hamısı iştirak etdi. Nuru Paşa Bakının qurtuluşu münasibəti ilə xalqa müraciət etdi (Burada 2020-ci il dekabrın 10-da Bakıda təşkil olunan Zəfər paradı və ondan öncə paytaxt küçələrində türk mehmetciklərinin qələbə marşları oxuyaraq məşq etmələrinin hər kəsə unudulmaz təsir bağışlaması yada düşür).
Özü də Bakının işğaldan qurtarıldığı gün Qurban bayramına təsadüf edib – xalq iki bayramı bir yerdə keçirib. Günortadan sonra 19–36 yaş arasında olan azərbaycanlı qazi milislər bayram şərəfinə 4 günlük məzuniyyətə buraxılıblar. Bakının xilası böyük bayrama səbəb olub. Məşhur mesenat Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə indiki Filarmoniya binasında möhtəşəm ziyafət təşkil edib, komandan Nuru Paşaya və digər qəhrəman sərkərdələrə hədiyyələr təqdim edib...
Tarix təkrar olunur. 2020-ci ildə Bakıda keçirilən Zəfər paradında Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandanımız İlham Əliyev deyib: “Erməni faşizmi yenidən ayağa qalxarsa, nəticə eyni olacaq”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Əhməd Cavadın, Nuru Paşanın və Mübariz İbrahimovun ruhlarının şad olduğunu söyləyərək, mübarizənin davam edəcəyini vurğulayıb.
Bəli, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad ediblər. Yenə də Türkiyə yanımızdadır, mənəvi yardımı ilə Qarabağdakı zəfərimizə dayaq olub, bugünkü uğurlarımızda da daim bizi dəstəkləyir. Dostlarımızın sevindiyi, düşmənlərimizin isə xar olduğu belə zəfər təntənələrimiz tariximizi şərəfləndirir.
Əli NƏCƏFXANLI
XQ