Azərbaycanda ilk dəfə Göygöl rayonunda “Moruq festivalı” keçirilib. Şənliyi giriş nitqi ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər və yardımlar aqrar sahənin dinamik inkişafını təmin edir. Rayonda moruqçuluq təsərrüfatının inkişaf etdiyini vurğulayan icra başçısı hər il təşkil olunacaq Moruq Festivalının aqrar və turizm sahələrinin inkişafına yardım edəcəyini qeyd edib.
Türkiyənin Gəncə şəhərindəki baş konsulu Rəcəb Öztop aqroturizm potensialından düzgün istifadə, məhsulların brendləşməsi, satış marketinq işinin təşkili məsələlərinə toxunub. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə aqrar sahədə keçirilən festival və sərgilərin əhəmiyyətini vurğulayıb. Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov aqrar sahədə festivalların daxili turizmin inkişafında və regionlarda məşğulluq səviyyəsinin artmasında rolundan bəhs edib. Festivala böyük marağın olduğunu deyən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və digər natiqlər belə tədbirlərin milli- mənəvi dəyərlərin yaşadılması, fermerlərin yeni bilik və bacarıq əldə etməsində faydalı olduğunu vurğulayıb.
Göygöl rayonunun Keşkü kəndində 3 hektar ərazidə təşkil olunan festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilib.
Xatırladaq ki, moruq xalq təbabətində ən geniş istifadə olunan giləmeyvələrdən sayılır. Çay kimi dəmlənmiş meyvələr soyuqdəymədə hərarət salan vasitə kimi istifadə edilir. Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. Qlükoza və fruktoza ilə zəngin olduğuna görə ürək-damar və beyin patologiyası zamanı faydalı hesab olunur.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Göygöl