Üç ada, “Zəngəzur dəhlizi” və Naxçıvan yolunda özəl şirkət

post-img

Yaxud Şoyqu–Əhmədian təmasında müəmma

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu BRIKS və BRIKS+ ölkələrinin təhlükəsizlik məsələlə­rinə cavabdeh yüksək nümayəndələrinin iclası çərçi­vəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə ikitərəfli görüş keçirib. Bu barədə məlu­matı İslam Respublikasının “Mehr” Agentliyi yayıb. Belə gö­rünür ki, görüşün başlıca mövzusu “Zəngəzur dəhlizi” olub. 

Əslində, yayılmış məlumat­da dolğunluq yox, müəmma var. Fikrimizi əsaslandıracağıq. Ancaq əvvəlcə onu bildirək ki, “Zəngə­zur dəhlizi” məsələsində İranda aktivləşmə hiss olunmaqdadır. Ötən saylarımızda bununla bağlı məqamları diqqətə çatdırmışıq. Ümumiləşdirmə apararaq, onu da deyə bilərik ki, istər rəsmi Tehran, istərsə də İran ictimai fikri “Zən­gəzur dəhlizi” layihəsinin reallaş­masına qarşıdır və bu müstəvidə İranla Rusiya arasında ciddi fikir ayrılıqları var. 

Nəzərə alaq ki, Tehran­da anti-Rusiya bəya­natları da səslənmək­dədir. Məsələn, İran parlamentinin Milli təhlükəsizlik komissiyasının üzvü Fədəhhüseyn Maliki ultima­tiv tonda bildirmişdi ki, Moskva “Zəngəzur dəhlizi” məsələsində paradoksal addımlardan çəkinmə­lidir. Komissiya sədrinin sözlərinə görə, İran diplomatiyası Rusiya­nın addımlarına qarşı qəti cavaba hazırdır. “Rusiyanın “Zəngəzur dəhlizi”nə dəstəyi kürəyimizdən zərbədir”, – deyən deputat, həm­çinin bildirmişdi ki, Kreml İran körfəzində üç ada məsələsinə görə Tehrandan sərt cavab alıb və eyni səhvi indi Zəngəzurda təkrarlayır.

Bununla yanaşı, İranın media orqanları, o cümlədən İslam İnqi­labı Keşikçiləri Korpusuna (SE­PAH) yaxın olan “Tasnim” agent­liyi bildirib ki, Tehran Rusiyanın “Zəngəzur dəhlizi”nin yaradılma­sını fəal dəstəkləməsindən narazı­dır. Agentlik daha əvvəl layihəyə qarşı çıxan İranın “Rusiya tərəfinə müvafiq mesajı çatdırmaq üçün diplomatik addımlar atdığını” da açıqlamışdı.

F.Malikinin barəsində danış­dığı üç adadan söz düşmüşkən, mətləbə keçməzdən öncə deyək ki, S.Şoyqu Ə.Ə.Əhmədian ilə görüşü əsnasında bildirib ki, Mos­kva İran İslam Respublikasının üç körfəz adası üzərindəki suverenli­yini və ərazi bütövlüyünü dəstək­ləyir. Ancaq rusiyalı ali rəsmi bunu da deyib: “Rusiya Tehranla Zəngəzurla bağlı əvvəlki razılaş­malara sadiqdir və Moskvanın bununla əlaqədar siyasəti dəyiş­məyib”.

Əslində, üç ada məsələsi ilə “Zəngəzur dəhli­zi” məsələsinin eyni prizmada götürülməsi maraqlı məqamdır. Ən maraqlı məqam isə Zəngəzur xüsusundakı İran – Ru­siya razılaşmasının nədən ibarət olmasıdır. Haqqında söz açdığımız müəmma da elə budur. Şoyqunun tonundan belə qənaətə gəlmək mümkündür ki, Moskva adalar məsələsində Tehrana güzəştə ge­dir və İrandan “Zəngəzur dəhlizi” ilə bağlı kompromis gözləyir. 

Əlbəttə, mövzu ətrafında konkret nə isə bildirmək çətindir. Ancaq bu birmənalıdır ki, Azər­baycan Naxçıvana yol məsələsin­də prinsiplərinə sadiqdir. Yəni, yolun maneəsizliyində – hansısa gömrük və sərhəd nəzarəti olma­dan reallaşması məntiqində israr­lıdır. Ermənistan isə Naxçıvana yolun Azərbaycan təsəvvürünə qarşı özünün ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı­nı irəli sürür. Mövcud dolaşıq la­birintdə bir məsələ də var. Söhbət sözügedən istiqamətdə təhlükəsiz­liyi özəl beynəlxalq şirkətin həya­ta keçirməsindən gedir ki, mövzu erməni siyasi dairələrində isterik durum formalaşdırıb. 

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Sünik (Zəngəzur – red.) vasitəsilə Azərbaycanı Naxçıvan­la birləşdirən yola nəzarətin özəl mühafizə şirkətinə verilə biləcə­yini vurğulayıb. İsterik durum formalaşdıran erməni siyasilər bu gedişatı ölkənin ərazi bütövlü­yünə və suverenliyinə zidd təma­yül sayırlar. Məsələn, politoloq Sergey Melkonyan “alpha news”a müsahibəsində deyib: “Dəhliz üzərində nəzarətin müəyyən özəl beynəlxalq təşkilata verilməsinin mümkünlüyü müzakirə olunur. 

Bu, o deməkdir ki, bizim üçün ən vacib olan təhlükəsizlik sekto­ru Ermənistanın nəzarətindən kə­narda qalacaq və ona görə də bu komponentin köməyi ilə rabitəni dəhliz adlandıra bilərik. Dövlət­lərarası sərhədin təhlükəsizliyini hansısa beynəlxalq özəl təşkilatın öz üzərinə götürməsi hallarına hələ rast gəlməmişəm. Belə hallar ola bilər, amma düşdüyümüz çətin vəziyyətdə, Azərbaycanın təkcə Sünikin cənubunu deyil, həm də bütün Ermənistanın ərazisini his­sə-hissə işğal etmək qərarına gəl­diyi vaxtda məsələ yolverilməzdir. Bu mənada bilmədiyin başqa bir qüvvəyə təhlükəsizliyini həvalə etmək və onun üzərinə düşən və­zifəni yerinə yetirməməsi nə ilə nəticələnə bilər?”

Başqa bir erməni politoloq Stepan Danielyan isə bildirib ki, Ermənistan hakimiyyətinin ölkə ərazisindən keçən yolların təhlükəsizliyinə nəzarətin özəl quruma verilməsinin mümkünlü­yünü qəbul etməsi suverenliyin azalması deməkdir. “Ermənistan belə bir sənədi imzalamaqla, öz ərazisində təhlükəsizliyi təmin edə bilməməsi faktını rəsmən ta­nıyır və bu məsuliyyəti ölkənin təhlükəsizlik orqanlarından daha etibarlı olan özəl təşkilata verir. Bu, səhmləri birjalarda mənşəyi naməlum şəxslər tərəfindən alına bilən Ermənistan ərazisi üzərində nəzarətin yaradılması üçün digər özəl şirkətlərin müraciət etməsinə əsas yaradacaq. Bu, yalnız başlan­ğıcdır, “xarici oyunçular”, müxtə­lif geosiyasi mərkəzlər arasında düşmənçiliyə səbəb ola biləcək ciddi mübarizə gözlənilir”.

Sonda onu da bildirək ki, hazırda Ermənistanın İran və Türkiyə ilə sər­hədlərini rus hərbçiləri qoruyurlar. Daha doğrusu, mövcud status-kvo 30 ilə yaxındır davam edir. Demə­li, hər bir halda ölkənin suverenlik səviyyəsi yüksək həddə deyil və bu, vəlvələdən, yaxud zəlzələdən yaranmış müasir erməni dövlət­çiliyinin alın yazısıdır. Əslində, onun üçün bu tale də böyük şeydir. Naxçıvana maneəsiz yola gəldik­də isə məsələ mütləq reallaşacaq. Rusiyada olduğu kimi, İranda da ideyanı qəbul edən sağlam qüv­vələrin mövcud istiqamətdə ra­zılığa gəlmələri mümkündür. Bir halda ki, Şoyqu “Zəngəzur dəh­lizi” məsələsini iranlı həmkarı ilə müzakirə edir, deməli, Ermənista­nın rəyini soruşan yoxdur və belə də olmalıdır. 

XQ-nin analitik qrupu



Siyasət