2023-cü ilin dağıdıcı zəlzələlərindən zərər çəkmiş Türkiyənin Kahramanmaraş şəhərində sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin açılış mərasimi olub.
Tikintisi davam edən “Azərbaycan” məhəlləsində yerləşən bu təhsil müəssisənin açılışında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin milli təhsil naziri Yusuf Tekin iştirak ediblər.
Məktəb binasında iki qardaş ölkənin Dövlət bayraqları, həmçinin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın, ümummilli lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün rəsmləri olan plakatlar asılıb.
Mərasim iştirakçılarına müraciət edən Emin Əmrullayev qeyd edib ki, Azərbaycan ilə Türkiyənin qardaşlığı öz əksini konkret layihələr və proqramlarda tapır. O əlavə edib: “Qardaşlığımızın təzahürlərindən biri Kahramanmaraşda Heydər Əliyev adına ibtidai məktəb oldu. Ümidvaram ki, bu məktəb tezliklə Azərbaycanın məktəblərindən biri ilə qardaşlaşacaq, türkiyəli və azərbaycanlı şagirdlər və pedaqoqlar isə qarşılıqlı səfərlər edəcəklər”.
Emin Əmrullayev iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlıq tarixində daha bir mühüm hadisəyə – Bakıda Azərbaycan-Türkiyə Universitetinin açılışına diqqət çəkib. O, həmçinin Xankəndidə Qarabağ Universitetinin açılışını da xatırladıb. “Əminəm ki, Qarabağ Universiteti bütün Türk dünyasının daha bir təhsil mərkəzinə çevriləcək”, – deyə E.Əmrullayev qeyd edib.
Qardaş ölkənin milli təhsil naziri Yusuf Tekin, öz növbəsində, Türkiyədə təbii fəlakət zonasının bərpasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və təhsil naziri Emin Əmrullayevə təşəkkür edib.
Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və Kahramanmaraş vilayətinin rəhbər şəxsləri mərasim iştirakçıları qarşısında çıxış ediblər.
Daha sonra E.Əmrullayev və Y.Tekin təhsil ocağının binasına baxış keçirib, xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, təhsil ocağının üçmərtəbəli binası iyirmidən çox sinif otağından ibarətdir. Məktəbdə ibtidai siniflərdə dərslərlə yanaşı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin də adını daşıyan hazırlıq şöbəsində məşğələlər üçün otaqlar ayrılıb.
Məktəb ən müasir tələblərə uyğun, tədris prosesi üçün lazım olan bütün avadanlıqla təchiz olunub.