İran Rusiyaya qarşı, yoxsa “Sobhaniçilik”?

post-img

Əlbəttə, səfirlərin təmsil etdikləri ölkələrin auditoriyasına hesablanmış fikirlər səsləndirmələrini başa düşürük İndiki halda, İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin, eyni zamanda, öz ölkəsinin maraqları çərçivəsində dillənməsini də həmçinin. Ancaq ali diplomatik təmsilçilərin, belə demək mümkünsə, Roma papasından daha artıq katolik olmaa hesablanmış ritorikasını anlamırıq.

Yəni M.Sobhaninin erməni ağzına güc verən dilini qəbul etmirik. Görəsən, İranın Ermənistana səfir göndərdiyi şəxslər hamısı belədir, yoxsa Sobhani unikal nüsxədir? Erməni xislətindəki “parametrlər” iranlı diplomatlara beləmi çox təsir göstərir ki, elementar etikanı bir kənara qoyur, körpüləri yandırırmış kimi davranırlar. Nə deyək, bəlkə məsələ heç etikada da deyil. Görək nədədir.

Ancaq artıq neçənci dəfədir M. Sobhani etikasızlığını görürük, hardasa buna öyrəncəliyik. ...Başa düşdük ki, İranın “qırmızı xətti” var. Qəbul edirik ki, Ermənistan İran üçün çox vacibdir və ona görə də otuz ilə yaxın müddətdə birincinin ərazilərimizi işğalda saxlamasına göz yumdu. Nə isə, bu barədə çox danışmışıq, yenidən əvvəl dediklərimizin üzərinə gəlmək istəməzdik. Həm də İran cənub qonşumuzdur, hər bir halda, bu coğrafiyada onunla birgə yaşamağa məhkumuq. Üstəlik, ölkənin böyük türk kəsimi var ki, İran, eyni zamanda, onların, yəni, soydaşlarımızın vətənidir.

Bəli, Azərbaycan-İran münasibətlərinin kəskinləşdiyi, dünyanın ölkənin üzərinə “şığıdığı” vaxtlarda rəsmi Bakı İranda soydaşlarımızın mövcudluğu amilini nəzərə alıb, ayrı-ayrı beynəlxalq dairələrin anti-Tehran ritorikasına plasdarm olmayıb. Azərbaycan bundan sonra da bilavasitə özünün milli maraqları kontekstindən kənar addımlar atmayacaq. Ancaq Naxçıvana maneəsiz yol ölkəmizin mənafeyi baxımından mühüm yer tutur. Ona görə də Azərbaycan 44 günlük müharibə qalibi kimi Ermənistana yaşam şansını ikincinin məhz bu yola təminat verməsinə görə tanıdı. Savaşı bitirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata imza atanlardan biri isə erməni baş nazir Nikol Paşinyandır. Bəyanatda hansısa İran rəsmisinin imzası yer almır. Deməli, prinsip etibarilə, hazırda Naxçıvana yol xüsusunda rəsmi İrəvana yönəlmiş tələbimizin Tehrana heç bir aidiyyatı yoxdur.

Məsələyə mövcud xüsusda yanaşsaq, M.Sobhaninin “qondarma dəhliz” reallaşmayacaq” ritorikasının hardan qidalandığı bilinməyən əminlik tam  anlaşılmazdır. ox qəribədir, vaxt var idi kollektiv Qərbin bəzi dairələri Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı klişesini qabardıb, Azərbaycanın Naxçıvana yolla bağlı mövqeyini, bir növ, süngü ilə qarşılayırdılar. Sobhaninin deyim formasından belə çıxır ki, hazırda bu “ampluada” olan İrandır. Sanki Qərb Ermənistanı qorumaq “missiyasını” Tehrana təhvil verib.

Bir məqama da diqqət yetirək. Son günlər İran rəsmilərinin Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığının vacibliyi, regionda sərhədlərin dəyişilməsinin yolverilməzliyi ilə bağlı açıqlamaları artmaqdadır. Xarici işlər naziri Abbas Əraqçı, onun köməkçisi Mürtəca Dəmirçulu məsələ barədə fikirlərini bildiriblər. Qeyd edək ki, onların heç biri birbaşa Ermənistan üzərinə köklənməyib. M.Sobhani isə açıq şəkildə bildirir ki, Tehranın bütün addımları İrəvanı qorumaq üçündür. Belə bir durumda necə inanaq ki, İran Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır Ancaq Tehranın qeyri-müəyyənliyin saxlanılmasına, nəticə etibarilə nə sülh, nə müharibə dövrünün uzanmasına çalışdığını vurğulamaq mümkündür. Çalışır, ta o vaxtadək ki, Ermənistan güclənsin?

Bu gün İrəvan kütləvi silahlanma xətti götürübsə, İran təminat verə bilərmi ki, həmin xətt regionda sərhədlərin dəyişdirilməsi məramına xidmət etmir. Axı otuz ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayan Ermənistanın məqsədi elə bu idi. O zaman keçmiş sobhanilər, araqçilər və digərləri ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığından kəlmə belə kəsmirdilər, yalnız ümumi ifadələrlə kifayətlənir, işğalçını adı ilə çağırmır, nəticə etibarilə təcavüzün leqal görkəm almasına “töhfələrini” verirdilər. 

Əlqərəz, M.Sobhani, obrazlı desək, əlinə qalxan alaraq bildirir ki, ölkəsi Ermənistanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir. Görəsən, niyə İranda da Ermənistandakı kimi hesab edirlər ki, ikincini təhlükə gözləyir? Məgər bunu kimsə bəyan edibmi Azərbaycan haqqı olan istəyir? Həm də ona görə ki, İrəvanın barəsində söz açdığımız bəyanatla üzərinə götürdüyü öhdəlik var. Üstəlik, üçtərəfli bəyanatlar və onlar əsasında indiyədək Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri arasında aparılmış danışıqlarda müxtəlif formullar nəzərdən keçirilib. Həmin formullar Ermənistan üçün toxunulmazlıq təminatı idi. Yəni ölkənin ərazi bütövlüyünün və suverenliyinin sabit saxlanılması əsas götürülmüşdü. Ancaq Paşinyan və komandası bununla razılaşmadı. Görəsən, İranda bu məqamı bilmirlər Yaxşı tutaq ki, səfir Sobhaninin erməni sevdası başına vurub, bəs başqa İran siyasiləri? Sadə reallığı dərk etmək bu qədərmi çətindir Sadə reallıq isə budur ki, Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir və ona görə Ermənistanın regional kommunikasiyalarda açar rolunu oynamasına can atır. Bu, bütövlükdə regionun düzəninə zidd və zərərli təmayüldür. Məsələ heç də onda deyil ki, Moskvanın bölgədə mövcudluğu kimi bir məcburiyyət var. Əsas məqam Ermənistana avantürist niyyətlərinin gerçəkləşməsi üçün meydan vermək, beləliklə, onu Azərbaycana qarşı alət kimi istifadə etməkdir. Təxminən belə: bölgədə Rusiya olmasın və Azərbaycana qarşı erməni millətçiliyi diri saxlanılsın. Məgər İran növbənin ona çatacağından xəbərdar deyil Tehranın gələcəkdə erməni amili ilə hədəfə götürülməyəcəyinə dair hansısa zəmanəti varmı? Xeyr! Ola da bilməz. Amma İranı “iştaha gətirən” məqamlar mövcuddur və bu barədə yazımızın son bölümündə söz açacağıq. Hələlik isə...

M.Sobhani bildirir ki, İran Sünik (Zəngəzur) vasitəsi ilə Azərbaycanı Naxçıvanla birləşdirən yola başqa ölkələrin nümayəndələri tərəfindən nəzarət edilməsinə qarşıdır. Onun “Biz başqa ölkələrdən bura gəlib hansısa təhlükəsizlik və nəzarət yaratmağa çalışan insanları dəstəkləmirik” deməsi də maraqlıdır. Səfirin “başqa ölkələr” məntiqi qeyri-müəyyəndir. Hazırda Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində Avropa İttifaqının mülki müşahidə missiyası keşik çəkir. Həmin missiyanın tərkibi Sobhaninin təbirincə desək, başqa-başqa ölkələrdəndir. İran bunamı etiraz edir Yoxsa “başqa ölkələrdən gələnlər” dedikdə Rusiyanı nəzərdə tutulur Hər halda, üçtərəfli bəyanatın 9-cu bəndində açıq şəkildə yazılıb ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yola nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidməti, daha doğrusu, rus sərhədçiləri həyata keçirəcəklər. Deməli, İran Rusiyaya qarşıdır Birinci ikincinin bölgədəki varlığını istəmir Bəs nə düşünür Yoxsa 1812–1813, 1826–1828-ci illər məğlubiyyətinin heyfini almaq eşqinə düşüb?

Sonda gələk, İranın “iştahasına”. M.Sobhani İranın nə düşündüyünü diqqətə çatdırır. O bildirir ki, Ermənistan, İran və Hindistanın iştirakı ilə nəqliyyat marşrutu üç ölkənin xalqlarının maraqlarına cavab verir. Onun sözlərinə görə, Hindistan tərəfi Bəndər Abbas və abahar limanları vasitəsilə Ermənistan istiqamətində yük daşımaları həyata keçirir və ölkə bu marşrutla çox maraqlanır. Deməli, Tehran ənənəvi yolun saxlanılmasının tərəfdarıdır. O yolun ki, onun müəyyən hissəsinin birmənalı, tarixi baxımdan yanaşsaq isə bütün hissəsinin Azərbaycan torpağı olduğu şübhəsizdir. Tehran həmin ənənəvi yolu özünün türk dünyasının birləşməsinə qarşı çıxmaq avantürasına qurban verməyə hazırdırmı Axı bölgə xüsusunda siyasi ambisiyalardan uzaq, daha konstruktiv yanaşmalar var. Konstruktivlikdən söz düşmüşkən, M.Sobhani ölkəsinin “3 3” formatında Türkiyədə xarici işlər nazirləri səviyyəsində keçiriləcək növbəti görüşə hazırlığından da söz açır. Səfir bunu bilməz, amma ümid edirik ki, İranda o vaxtadək yaxşı düşünməyin vacibliyini dərk edənlər tapılacaq.

Ə.RÜSTƏMOV

XQ

 

 

Siyasət