Fransa XİN-in son bəyanatı – Makronun anti-Azərbaycan siyasətində növbəti çürük həlqə

post-img

Fransa Azərbaycana qarşı yenə də öz ampluasından qalmadı. Bu dəfə Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı növbəti qərəz və iftira dolu bəyanatını yaydı. Əlbəttə, Fransaya gün kimi aydındır ki, bu gün Azərbaycan nəinki Cənubi Qafqazın, bütün Yaxın və Orta Şərqin ən təhlükəsiz dövlətidir. Xüsusilə xarici vətndaşlara qarşı burada olduqca həssas və tolerant mühit mövcuddur. 

Elə isə Makron diktaturasının bu növbəti təxribatçı addımı atmasında və Fransanın Azərbaycana qarşı çirkin ayrı-seçkilik kampaniyasını davam etdirməsində məqsədi nədir?

Bəyanatda Fransa vətəndaşlarının və ikili vətəndaşlığı olan şəxslərin, guya Azərbaycanda səfərdə olarkən, yaxud ölkə ərazisindən tranzit keçidi zamanı əsassız həbs və ədalətsiz mühakimə ilə üzləşə biləcəyi qeyd olunub. Xəbərdarlığın Azərbaycana istər turist kimi, istərsə də işgüzar səfər edən bütün Fransa vətəndaşlarına şamil olunduğu vurğulanıb. Bu da azmış kimi, Fransa XİN bəyanatında Azərbaycanda insan hüquqlarının pozulması və məhkəmə sisteminin ədalətsizliyi barədə də qondarma ittihamlar səsləndirib. 

Mətnin bu hissəsində Fransanın simvolu olan xoruzun quyruğu aydın görünür. Fransanın dərdi, əlbəttə ki, təhlükəsizlik deyil, onların dərdi demokratiya, insan haqları tezisləri ilə gündəmi məşğul etmək və Azərbaycana qarşı təzyiq rıçaklarını işə salmaqdır. Xüsusilə 1 sentyabr parlament seçkilərinə nəsə "qulp" qoymaqdan ötrü Paris dəridən-qabıqdan çıxır və nəticə nə olursa olsun, ona maraqlı deyil. Əsas demokratiya balladalarıdır. Amma bəllidir ki, Fransanın əsas dərdi bu da deyil.

Onlar heç vaxt demokratiyanı dəyər kimi qəbul etməyiblər. Makron hakimiyyəti sadəcə regionun ən güclü dövlətinə çevrilən Azərbaycanın yüksəlişindən narahatdır və Ermənistanı müdafiə etməkdən, qondarma “artsax” utopiyasını diriltməkdən başqa heç nə istəmir. Son bəyanat onu sübut etdi ki, birmənalı olaraq Fransa Azərbaycanın parlaq Qarabağ zəfərindən sonra bizə qarşı diplomatik təxribatlar və qondarma ittihamlar aparmaqda davam edir. Makronun Fransa neoimperializmini diriltmə cəhdləri bütün Avropa siyasətçilərinə bəllidir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın ABŞ-dan asılılığının daha da artması, əlbəttə ki, nüvə dövləti kimi Fransanın hansısa addımlar atması, özünü Ermənistan kimi min kilometrlərlə uzaq ölkələrdə dominantlıq etmə təşəbbüslərində göstərir. Eybi yox o Ermənistan, o da Fransa. Amma Fransanın Azərbaycanın daxili işlərinə “burun soxması”, Ermənistan- Azərbaycan münaqişəsində Ermənistana qahmar çıxması hec cür qəbul edilən deyil. Bu siyasət həm də Fransanın əzəli türkofobiya elementlərindən qaynaqlanır desək, yanılmarıq. Hər il Fransa siyasətçilərinin qondarma erməni soyqırımı ittihamlarını qardaş Türkiyəyə qarşı tuşlaması da hər kəsə aydındır. 

Halbuki bu ittihamları XXI əsrdə hələ də utancverici neokolonial imperiya kimi tanınan, dənizlərdə və okeanlarda müstəmləkə saxlayan, yerli xalqların azadlıq mübarizəsini repressiya və güc tətbiqi yolu ilə boğan, vətəndaşları arasında dininə, milliyyətinə, irqinə və sosial durumuna görə diskriminasiya edən bir dövlətin səsləndirməsi, yumşaq desək, gülüş doğurur.  

Bu gün rəsmi Paris Avropa sərhədlərindən minlərlə kilometr uzaqda, Cənubi və Mərkəzi Amerika, Afrika, Asiya və Okeaniyada 13 ərazini hələ də nəzarətdə saxlayır. Həmin ərazilərdə prezident Emmanuel Makron və komandasının apardığı siyasət iflic vəziyyətdədir. Demokratiyadan dəm vuran Makronun Fransanın nəzarətdə saxladığı Yeni Kaledoniyanın aborigen sakinləri olan kanakların sayını azaltmaq və onların ada dövlətində mütləq çoxluq olmasını önləmək üçün Konstitusiya dəyişikliyinə getməsi və 1998-ci ildə aborigen əhali ilə əldə etdiyi razılaşmanı pozmasının nələrə gətirib çıxarmasını dünya ictimaiyyəti açıq-aydın müşahidə etdi. Makron diktaturası kanakların haqlı tələbinə zor tətbiq etməklə cavab verdi və adaya minlərlə polis, jandarm və qoşun göndərdi. 10-a qədər insanın ölümü, minlərlə insanın yaralanması və həbs edilməsi ilə nəticələnən hadisələr Fransanın neokolonial statusunu saxlamaq üçün hər şeyə getməyə hazır olduğunu göstərdi. 

Müstəmləkəçi dövlət bu gün Azərbaycanı vətəndaşları üçün təhlükəli ölkə elan edir, Azərbaycan torpaqlarını BMT-nin haqlı qətnamələrinə baxmayaraq 30 ilə yaxın işğalda saxlayan Ermənistanı hər cür himayə edir, silahlandırır. Amma özü Yeni Kaledoniyada, fransız Qvianasında, fransız Polineziyasında insan haqları deyilən bir dəyər tanımadığını hər addımında sübut edir.  

Bu gün Fransaya qarşı beynəlxalq arenada ən dəyanətli və cəsarətli mövqelərdən birini isə məhz Azərbaycan tutur. Fransa neokolonializminin ifşasında, yerli xalqların haqq səsinin dünyaya çatdırılmasında və dənizaşırı xalqlar arasında koordinasiyanın qurulmasında rəsmi Bakının rolu danılmazdır. COP29 kimi ümumbəşəri tədbir məhz Bakıda keçiriləcək. Elə Bakının təkcə bu nəhəng dünya tədbirinə ev sahibliyi etməsi faktı Fransanın təhlükəsizliklə bağlı bəyanatının nə qədər saxta və mənasız bir sənəd olmasını gözlər önünə sərir. Bu da Makronu qıcıqlandıran faktorlardan biridir. 

Azərbaycan qalib ölkədir, Azərbaycan ümumbəşəri problemlərin müzakirə olunduğu ən nəhəng tədbirə ev sahibliyi edir və s. Amma bizdə belə bir məsəl var ki, “qatar artıq gedib”. Azərbaycan inkişaf yolunda və neoimperialimz siyasətinizi ifşa etmək istiqamətində inamla irəliləyir. 

Hec bir imperial siyasət köklü, tarixi minillərə dayanan qədim və mədəni Azərbaycanı “qara siyahı”lara sala bilməz. 

Anar TURAN,
XQ

Siyasət