Azərbaycan bu gün çoxəsrlik tarixinin ən yüksək inkişaf mərhələsindədir, desək yanılmarıq. Dövlətin həyata keçirdiyi müstəqil siyasət, xalqın nümayiş etdirdiyi müstəqil təfəkkür göstərir ki, yalnız siyasi və iqtisadi deyil, dövlət-vətəndaş birliyi, mənəvi dəyərlərimiz də özünün ən yüksək zirvəsindədir.
Bu mənada bütün fəaliyyəti boyu, bir ömür dövlətinə və xalqına xidmət etməkdən usanmayan, həyatını Azərbaycanın qorunmasına və çiçəklənməsinə həsr edən xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan, böyük şəxsiyyətin bünövrəsini qoyduğu müqəddəs yolun zirvə məqamında addımlayır. Öz hökmü və dəyəri olan bu yolun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ilk dəfədir ki, dövlət və xalq öz parlaq, zəfər tarixini, sərhədlərini müəyyən etmək üçün tarixi şans əldə edib. Bir cümlə ilə, bu günün insanı bütövləşmiş ərazilərə malik müzəffər bir dövlətin vətəndaşıdır. Bu qüdrətli ölkə, qalib xalq üçün dövrün əsas tələbləri - milli şüurun formalaşması, müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması, dünya xəritəsində öz yerini, mövqeyini qorumasıdır. Bu məkan, bu coğrafiyanın insanı dünyanı xilas edə biləcək savada, biliyə, ruhaniyyata, qüdrətə malikdir... Amalı böyükdür...
Azərbaycan torpağı ruhani-mənəvi duyğuların, fəlsəfənin, dərin mənəvi dəyərlərin, təfəkkürün, saf düşüncənin yetişdiyi coğrafiya deyil təkcə... Bu torpaq əfsanələrində, dastanlarında - Burlaxatunlar, Banu Çiçəklər , Nigarlar yaşayan, tarixində - Tomrislər, Sara Xatunlar, şeiriyyətində Məhsətilər, Natəvanlar yaşayan ODLAR YURDUDUR. Təsadüfi deyildir ki, Mehriban Əliyeva çoxsahəli və çoxşaxəli fəaliyyətinin ən yüksək ülvi mənasını məhz böyük ideallara xidmətdə tapmışdır: dövlətinə, xalqına bağlılıq, ali dəyərləri yaşatmaq, insanlara, dünyaya xidmət etmək, Vətənini, Vətən olan insanları sevmək!
Yenə də təsadüfi deyildir ki, insanların arasında belə bir deyim formalaşıb. Biri digərinə dərdini, müşkülünü söyləyəndə verilən ilk suallar bunlar olur: “Mehriban xanıma müraciət etmisənmi? Bəlkə ona məktub yazasan? Mütləq cavab alacaqsan, xanım bilsə, köməyini əsirgəməyəcəkdir.”
Xanım olmaq, xanım kimi yaşamaq – alicənablıq, ağayanalıq, nəciblik, dəyanətlilik, ləyaqətlilik, humanistlik, qürur kimi xüsusiyyətlərin daşıyıcısı olmaq deməkdir. Xanımlıq həm də insanlıq məsələsidir – böyük mənada insanlıq!
Birinci xanım statusu - Mehriban xanım üçün belə bir iqtidar yalnız insanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin ümumi rifah-halını yüksəltmək üçün gərəkli oldu. Bunu bütün fəaliyyəti boyu əməli işləri ilə təsdiq edən Mehriban xanım müsahibələrinin birində Birinci xanım statusunun məsuliyyətini belə izah edir: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür. Fikrimcə, vəziyyətindən və statusundan asılı olmayaraq bu və ya digər rolu oynamalı deyilsən və kimliyini saxlamağı bacarmalısan. Mən birinci xanım olmağımı, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm”.
Cəmiyyət həyatına Birinci xanım ənənəsini gətirən Mehriban Əliyevanın qayğı və vəzifələri təkcə elmə, mədəniyyətə, təhsilə diqqət yetirməklə məhdudlaşmır. Mehriban xanım bütün bilik və bacarığını, gücünü böyük əzmlə müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir.
Həkim olmaq insanı cismən şəfalandırmaqla yanaşı onun ruhuna da şəfaət verməkdir. İxtisasca həkim olan Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində ölkə səhiyyəsinin inkişafı və təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi də xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkənin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. Azərbaycan torpağının iftixarlı qızının bütün fəaliyyətində onun varlığı ifadə olunmuşdur. Vətəninə, torpağına, elinə bağlılığı Mehriban xanımın təkcə seçimi, zövqü, istəyi deyil. Bu həm də onun alın yazısıdır, ilahidən iznidir, missiyasıdır. Belə olmasaydı, bu missiya illər boyu çoxsahəli və çoxşaxəli fəaliyyətində bu qədər bariz şəkildə özünü göstərməzdi.
Mehriban xanım Əliyeva Azərbaycanın iki görkəmli qadın şəxsiyyətlərinin övladı, yetirməsi və davamçısıdır. Müasir dövr Azərbaycan elmində önəmli iz qoymuş alim Aida xanım İmanquliyevanın övladı və XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən, görkəmli şəxsiyyət Zərifə xanım Əliyevanın gəlinidir. Mütərəqqi ideyalarla yaşayıb-yaradan Şərq qadınına xas olan ən gözəl məziyyətləri özlərində ehtiva edən, ANA VƏTƏNƏ, ANA DİLİNƏ, DÖĞMA TORPAĞINA, XALQINA ürək yandıran, övlad-vətəndaş məhəbbətinin tükənməz ifadəçisi olan iki qadın – şəxsiyyətin yetirməsidir. Bu qürur və iftixar olmaqla yanaşı, həm də təbiətin ona bəxş etdiyi mənəvi, irsi zənginlik, XXI əsrin ən görkəmli dövlət xadimi üçün böyük enerji mənbəyidir.
“Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən" - Bu sözlərin müəllifi Mehriban Əliyevanın fəaliyyətində yüksək amal dayanır – ümid dolu gözlərə mərhəmət, insanlara əl tutmaq, kömək etmək, kimsəni naümid qoymamaq!
Mehriban xanımın “Şəfqət, basqasının halına yanmaq, xeyirxah işlər görməyə çalışmaq, qonaqpərvərlik və səvaxət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm dəyərləri olmuşdur və indi də belədir” fikirləri nə qədər mütərəqqidir. Valideyn himayəsindən məhrum olmuş və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara, qaçqın və məcburi köçkünlərə, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanlara, xəstələrə və qocalara, şəhid ailələrinə yönələn diqqət və qayğısı Birinci xanımın ali vətəndaş kimi xalq qarşısında yüksək mənəvi məsuliyyətinin təzahürüdür.
Azərbaycanda və dünyada SÜLH VƏ DİPLOMATİYA ELÇİSİ olaraq tanınan Mehriban Əliyeva bu sahədəki fəaliyyətinə görə də seçilir. Birinci xanım QARABAĞ MÜHARİBƏSİ və onun törətdiyi faciələri yaşamış bir dövlətin vətəndaşı, ictimai simasıdır. Mehriban xanım həm də "terroru pisləyən, sülhə səsləyən" bir qadın və ana kimi canıyla, qanıyla, bütün varlığıyla Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlərin müəllifidir.
Qloballaşan dünyaya inteqrasiya edən Azərbaycanımızın inkişafında əvəzsiz xidmətləri olan, Azərbaycan tarixində işıqlı izlər salan, mədəniyyətimizə, elmimizə, cəmiyyətimizin inkişafına töhfə verən tarixi qadın şəxsiyyətlərimizin sırasında ən görkəmli yer tutan Mehriban Əliyeva haqqında fikirləri bir yazıya sığdırmaq mümkün deyil. Bu doğum günündə xalqın sevgi və ehtiramını ifadə edən gözəl dualara, arzu-diləklərə mən də qoşuluram. Möhtərəm, çox dəyərli bizim Mehriban xanım! Sizə möhkəm səhhət, uzun ömür, övlad fərəhi, mütərəqqi ideyalar uğrundakı fəaliyyətinizdə bitib-tükənməyən nailiyyətlər arzulayıram.
Tanrı Sizi qorusun!
Afət Həsənova,
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru, dosent, "Tərəqqi" medallı, YAP-ın üzvü