Modi Kiyevdən necə qayıtdı?

post-img

Hindistanın baş naziri Narendra Modi Ukraynaya baş çəkdi. Modinin Kiyevə səfərinin qısamüdətli olma­sını təhlükəsizliklə əlaqələndirirlər. Bu, müstəqillik döv­ründə Hindistan hökumət başçısının Ukraynaya ilk rəs­mi səfəridir. Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra hindli nazir Kiyevi tərk etdi. Gözlənil­diyi kimi, iki lider arasında danışıqlar ümidverici nəticə ilə yekunlaşmadı. 

İyul ayında Hindistanın baş naziri Narendra Modi Mos­kvaya səfər etmiş və Rusiya Prezidenti Vladimir Putin ilə görüşmüşdü. Həmin gün Ru­siya Ukraynaya aviazərbələr endirmişdi. Modinin Mosk­vaya səfəri Kiyevdə məyus­luqla qarşılanmışdı. Ukrayna Prezidenti Volodimir Zelenski Hindistanın baş nazirinin iyu­lun 8-9-da Moskvaya səfərini və Putinlə görüşünü “böyük məyusluq” və “sülh səylərinə sarsıdıcı zərbə” adlandırmışdı. Qərb ölkələri də hindistanlı baş nazirin Moskva səfərini tənqid etmişdi.

Xatırladaq ki, Modi Rusiya lideri ilə görüşdə bildirmişdi ki, müharibə problemlərin həl­li ola bilməyəcək. O, həmçinin Moskvada aparılan danışıqlar zamanı Ukrayna mövzusu ilə bağlı “açıq şəkildə” fikir mü­badiləsi aparıldığını və danı­şıqlar nəticəsində “çox maraqlı ideyalar yarandığını” qeyd etmişdi. Modi həmin ideya­ların nədən ibarət olduğunu açıqlamasa da, Rusiya lideri­ni dinləyərkən özünü “nikbin hiss etdiyini” vurğulamış, iki tərəfin “tezliklə sülhün bərqə­rar olması” zərurəti ilə razılaş­dığını demişdi. Səfərdən sonra belə bir məlumat yayılmışdı ki, Hindistan Rusiya ilə Ukrayna arasında birbaşa vasitəçi olma­yacaq, lakin bu ölkələr arasın­da məlumatlar ötürə bilər. İndi həmin mesajları Zelenskiyə çatdırmaq üçün Modi Kiyevə gəldi.

Bəs Modinin səfərinin Ru­siya-Ukrayna müharibəsinə təsiri olacaqmı və Hindistan Rusiyaya təzyiq edəcəkmi? Mütəxəssislər buna inanmır­lar. “Foreign Policy” dərgisi yazır ki, Modinin Zelenski ilə görüşünün hər hansı mühüm nailiyyətlərə gətirib çıxaracağı ehtimalı azdır. Ən yaxşı halda Hindistan Ukraynaya hansısa humanitar yardım təklif edə bilər. İkitərəfli danışıqlar iki saata yaxın bağlı qapılar arxa­sında keçdi və danışıqlardan sonra mətbuat konfransı keçi­rilmədi. Bununla yanaşı, Modi Kiyevdən əliboş qayıtmadı. Ukrayna və Hindistan lider­lərinin iştirakı ilə dörd sənəd imzalandı. 

“Associated Press” isə ya­zır ki, səfər Hindistanın “Rusi­yaya meyilli” kimi göründük­dən sonra daha neytral mövqe tutmaq cəhdindən xəbər verir. Mütəxəssislərin fikrincə, səfər Modinin iyulda Putinlə gö­rüşünü tənqid edən ABŞ və digər Qərb ölkələrində yaxşı qarşılanacaq. Siyasi analitiklə­rin sözlərinə görə, Modi üçün səfər “Zelenskini cəlb etmək və Hindistanın maraqlarını tə­min etmək, Rusiyanın böyük təsirinə qarşı çıxmaq və Qərbi sakitləşdirmək” üçün bir für­sətdir. Lakin səfər Qərb üçün müsbət siqnal olsa da, onun Hindistanın Moskva ilə daha yaxın münasibətlər saxlaması barədə fikrini dəyişməyəcək.

S.ELAY
XQ

Siyasət