Ermənilərin satın aldıqları Lindsi Snellin davakar bəyanatları
Son günlər şahidi olduğumuz faktlar “Axsaq atın kor nalbəndi” el məsəlinin az da olsa dəyişdirilməsini zəruri edir: “Axsaq erməninin sarsaq müdafiəçisi”. İndi dünyanın bütün ölkələri nəinki öz ərazilərinə, hətta yerləşdiyi regiona kosmosdan nəzarət edə bilirlər. Yəni hansısa məsuliyyətsiz adamın meşə yanğınına səbəb olacaq hərəkətləri də göz qabağındadır, nəinki qoşunların şərti sərhəddə atəş pozulması.
Azərbaycan Müdafiə Nazirliyi bir neçə gün əvvəl xəbər yaymışdı ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 16-da saat 03:20 radələrində Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Bu məlumat yayılan kimi işğalçıların, terror və təxribat törətməkdən əl çəkə bilməyən Ermənistanın havadarları hər tərəfdən banlamağa başladılar.
Amerika Erməni Assambleyasının və ABŞ-dəki digər erməni təşkilatlarının vəsaiti hesabına dünyanı (əslində, dünyanı yox, ancaq ermənilərin məskunlaşdıqları ölkələri) gəzib dolaşan, özünü hər yerdə “Amerika hərbi jurnalisti” kimi qələmə verən Lindsi Snell dərhal düy vurdu ki, Azərbaycan öz planlı təcavüzlərinə haqq qazandırmaq üçün yenidən Ermənistanın atəşkəs rejimini pozmasını uydurur. Bəri başdan qeyd edim ki, bu adam müəmmalı qurumların agentidir və aşağıda o barədə söz açacağıq.
Onu da xatırladım ki, Lindsi Snell 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Artsaxda idi. Ondan əvvəl Suriyada, İraqda, Livanda, Türkiyədə və nəhayət, sonda Azərbaycan ərazisində olmuşdur.
Deyir ki, müharibə və münaqişə bölgələrində olmaq mənim vəzifə borcumdur. Məgər dünyanın ermənilər yaşamayan ərazilərində münaqişə yoxdur? Sən öz vəzifəni nə üçün Hindistan – Pakistan, Çin – Tayvan, şimallı-cənublu koreyalar arasındakı münaqişələrdə, Avropanın daxilindəki problemlərdə davam etdirmirsən? Çünki sənin pulunu verənlər getməli olduğun konkret ünvanları da göstərirlər. Elə olmasaydı, güllə altındakı Qarabağda nə işin var idi?
Xanım deməyə dilim gəlməyən Lindsi Snell, deyirsən ki, Suriyada, İraqda, Livanda, Türkiyədə ... münaqişələrin davam etdiyi çox ölkədə olmusan. Ancaq azərbaycanlıların ermənilərə olan nifrətini heç yerdə görməmisən.
İndi mən səndən soruşuram, ay bədnam qadın, biz İkinci Dünya müharibəsində faşistlərin törətdiyi faciələrdən də qat-qat ağır olan Xocalı soyqırımının baiskarlarını rəğbətlə qarşılamalıydıqmı? O faciəni ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 sakin qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bütün bunlardan sonra insan qanı içməkdən həzz alan erməni vəhşilərini bağrımıza basmalıydıqmı?
Sən erməni mətbuatına verdiyin müsahibədə deyirsən ki, Xankəndində yaralanmış 13 yaşlı erməni uşağın və onun həlak olmuş 16 yaşlı qardaşının heç bir günahı yox idi. Serj Sarkisyanın və onun rəhbərlik etdiyi çaqqal sürüsünün məhv etdiyi xocalılı uşaq, qadın, qocaların hansı günahkar idi?
Sən şərəfsizcəsinə yazırsan ki, 44 günlük müharibədən sonra azərbaycanlılar Qarabağdakı erməni əmlaklarını dağıdırlar. Sən dünya səyyahlarının Xirosima ilə müqayisə etdikləri Ağdamın viranəliklərini görəndən sonra hansı haqla əmlakdan danışırsan? Sənin təmənna müqabilində müdafiə etdiyin ermənilər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur adlı ərazilərindəki nəinki on minlərlə mədəniyyət, səhiyyə, elm, təhsil obyektini və mülki binaları, eləcə də bütün məscidlərimizi yer üzündən siliblərsə, tam dağıdılmamış məsciddə isə öz əcdadlarını gətirib saxlayırdılarsa, sən hansı vicdanla əmlakın müdafiə edilməli olduğundan söz açırsan?
Yuxarıda qeyd etdiyim agent məsələsinə qayıdaraq isə xatırladım ki, Lindsi Snell altı-yeddi il qabaq Suriya ərazisindən qeyri-qanuni yolla Türkiyəyə keçərkən saxlanılmışdı. O zaman Türkiyənin Hatay əyalətinin rəhbəri olan Ərcan Topaca mətbuata bəyanatında demişdi ki, Snell ölkəmizin sərhədlərini pozduğuna görə tutulmuş və həbs edilmişdir. Türkiyə mətbuatı həmin il sübut-dəlillərə əsaslanaraq yazırdı ki, Lindsi Snell casusdur.
Lindsi bu ilin martında ermənilərin “Aysor.am” saytına verdiyi müsahibədə deyirdi ki, artsaxlıların Dağlıq Qarabağa qayıtması haqqında Azərbaycan rəhbərliyinin verdiyi vədlər unudulub.
Əvvəla, Artsax da yoxdur, Dağlıq Qarabağ da. Hər ikisi gorbagor olub. İkinci Azərbaycanın verdiyi vədlərin heç birindən yayınmadığını bütün dünya bilir. Qarabağ erməniləri də həmçinin. Biz sözümüzün üstündə dururuq. Terrorçuluqla, qaniçənliklə məşğul olmayacaqlarsa, insan kimi yaşaya bilirlərsə, buyurub qayıtsınlar. Onu da bilirik ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək ölkəmizə qayıdardılar. Ancaq onları ABŞ və Fransa, eləcə də Lindsi Snell kimiləri səhv yola istiqamətləndirdilər.
Ona görə də bu “hərbçi jurnalist” şinelində olan agent Lindsi Snellə xatırladırıq ki, bundan sonra Azərbaycana heç bir təsir göstərə bilməyəcəksiniz. Törətdiyiniz bütün bəd əməllərin zərərdidəsi Ermənistan olacaq. Onlara da pislik etdiyiniz yetər. Yazıqdırlar. Əl çəkin. İmkan verin bu bədbəxt xalq öz yolunu tutub, öz həyatını qursun.
İttifaq MİRZƏBƏYLİ