Xilas yolu revanşizmdən əl çəkməkdir
Dörd il öncə İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğramasına və ötən il lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın separatçı rejimin nəzarətində olan hissəsindəki ordusunun qalıqlarının darmadağın edilməsinə baxmayaraq, Ermənistanda hələ də revanşist əhval-ruhiyyə qalıb. Bu düşüncələrlə yaşayanlar, əsasən Qarabağ klanının “xaç atası” Robert Koçaryanın sağ əli Seyran Ohanyanın rəhbərlik etdiyi parlamentdəki “Hayastan” fraksiyasının deputatları, ayrı-ayrı siyasətçilər, bəzi elm adamları, jurnalistlər, habelə, Baqrat Qalstanyan kimi “din xadimləri”dir. Son vaxtlar hakimiyyət düşərgəsinə mənsub şəxslər də revanşist fikirlər səsləndirməyə başlayıblar. Zəngəzur (haylar Sünik adlandırır–S.H.) vilayətinin inzibati mərkəzi olan Qafan şəhərinin meri Gevork Parsyanın dünən jurnalistlərə verdiyi açıqlama da bu qəbildəndir.
O, hələ də Qarabağın erməni işğalından qurtulmasının xiffətini çəkənlərdəndir. Parsyan açıqlamasının davamında bildirib: “Düşünürəm ki, biz Qarabağın böyük faciəsinin şahidi olmamaq üçün hər şeyi edə bilərdik. Zənnimcə, hər bir şüurlu erməni baş vermiş faciəyə görə təəssüflənir, çünki bu gün faktiki olaraq, bizim Qarabağımız yoxdur”.
Genişləndirilmiş icmanın rəhbəri Qafanın hazırda hansı problemlərlə üzləşdiyinə dair suala cavab olaraq deyib: “O ki qaldı, Qarabağla Sünik arasında əməkdaşlıq və münasibətlərə, bunun əsrlərə gedib çıxdığı tarixi faktdır. Sünik Qarabağın arxa cəbhəsi olduğu kimi, Qarabağ da, məncə, Sünikin arxa cəbhəsi idi. Bu gün Qarabağın itirilməsinin Sünik bölgəsi üçün daha böyük çağırışlar olduğunu düşünürəm. Biz 2020-ci il dekabrın 18-də baş vermiş məlum hadisədən – Qafanın özünümüdafiəsi əsnasında tutduğumuz strateji yüksəklikləri təhvil verdikdən sonra Azərbaycan bayraqlarının peyda olmasının şahidi olduq. Bundan sonra Azərbaycan qoşunları yaşayış məntəqələrimizin bilavasitə yaxınlığında oldular”.
Göründüyü kimi, Ermənistanın böyük şəhərlərindən birinin meri Qarabağın itirilməsinə, daha doğrusu işğaldan azad edilməsinə görə, təəssüf hissi keçirir, bunu “böyük faciə” adlandırır. Həmçinin, zamanında bütün tədbirlərin görülmədiyini bildirir. Onun Qarabağla Zəngəzur arasanda əməkdaşlıq və münasibətlərin əsrlər öncəyə gedib çıxmasına dair fikirlərini isə bölüşməmək mümkün deyil. Hər ikisi qədim Azərbaycan yurdu olan Qarabağ və Zəngəzur, həqiqətən də, tarixən bir-birinə qaynayıb qarışmış, arxa-dayaq olub ki, bu da təbii qəbul olunmalıdır. Yeri gəlmişkən, qeyd edək ki, Zəngəzur mahalının böyük hissəsi 1920-ci və sonrakı illərdə sovet rəhbərliyi tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistana verilib. Ermənistan SSR Xalq Komissarları Sovetinin 1921-ci il iyulun 20-də qəbul etdiyi qərarla Ermənistan SSR-in tərkibində Zəngəzur qəzası yaradılıb. Nəticədə 44-45 kilometr eni olan torpaq zolağı cənuba, Araz çayına doğru uzanaraq Naxçıvan bölgəsini, indiki Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının əsas ərazisindən ayrı salıb, mərkəzin bu bölgə ilə əlaqəsi çətinləşib. Zəngəzurun bir hissəsinin ermənilərin əlinə keçməsi ilə Azərbaycan parçalanıb, onunla Türkiyə arasında əlaqə pozulub, torpaqlarımızın sonrakı işğalı üçün yeni zəmin və şərait yaradılıb. Zəngəzurun bir hissəsinin ermənilərə verilməsi ilə Naxçıvan bölgəsinin blokada şəraitində yaşamasının da əsası qoyulub.
Hələ 2014-cü il aprelin 8-də Naxçıvan MR-in yaradılmasının 90 illiyi münasibətilə Naxçıvan şəhərində keçirilən təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev Zəngəzurun ermənilərə verilməsi məsələsini belə qiymətləndirmişdir: “O vaxt xalqımıza qarşı ədalətsizlik edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məskənlərinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu, sağalmayan yaradır”.
Onu da bildirək ki, Vətən müharibəsində tarixi qələbə təkcə torpaqlarımızın azadlığı ilə yekunlaşmadı. Həm də bir sıra tarixi ədalətsizliklər aradan qaldırıldı. Onlardan biri də 2021-ci il iyulun 7-də, yəni keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının 98-ci ildönümü günündə cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanın imzalanması oldu. Fərmana əsasən, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonlarını əhatə eddən Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı. Bununla da uzun zamandan sonra ölkəmizdə Zəngəzur toponimi rəsmən həyata vəsiqə qazandı. Bu mənada Qarabağ və Şərqi Zəngəzurun çoxəsrlik bağlılığından danışanlar tarixi reallığa olduğu kimi baxmalıdırlar.
Ötən il baş tutan lokal xarakterli antiterror tədbirlərinin ildönümü yaxınlaşdıqca, Ermənistanda bu hadisələr barədə müzakirələr də qızışır. Sabiq prezident Serj Sarkisyann “Respublika” və milli təhlükəsizlik xidmətinin sabiq direktoru Artur Vanetsyanın “Vətən” partiyalarının 2021-ci ilin növbədənkənar parlament seçkiləri ərəfəsində yaratdıqları və hazırda qanunverici orqanda 7 deputat yerinə malik “Şərəfim var” adlı müxalifət fraksiyasının katibi Tiqran Abramyan da, necə deyərlər, xatirələr dəryasına baş vurub. Deyib ki, bir il əvvəl bu günlərdə Qarabağda “humanitar böhran” sərhədi (?) keçib: “Vəziyyət təkcə insanların məişəti baxımından ağır deyildi. Tədarükün fasilələrlə olduğu, ayrı-ayrı komandirlərin yaxınlıqdakı kəndlərdən əsgərləri üçün gündəlik yemək aldığı “müdafiə ordusu”nda da vəziyyət son dərəcə ağır idi. Orduda döyüş hazırlığından tutmuş gündəlik həyatı təmin etməyə qədər planlaşdırılan tədbirlərin 5-10 faizi yerinə yetirildi. Bütün bunlardan düz bir ay sonra, bütün “Artsax” və xüsusən də onun təhlükəsizliyinə cavabdeh olan strukturlar və bölmələr tamamilə tükəndikdə, Azərbaycan tədbirlərə başladı”.
Abramyan Qarabağdakı xunta rejiminin çöküşünə gedən yolu tamamilə təhrif edərək, hələ də “humanitar böhran” şousundan yararlanmağa çalışıb. Halbuki, həmin günlərdə Azərbaycanın cəmi bir tələbi var idi: Qarabağdakı Ermənistan ordusunun bölmələri tərk-silah edilməli, Ağdam–Əsgəran yolu açılmalı və erməni əsilli vətəndaşlara humanitar yardımın bu yolla çatdırılması təmin edilməlidir. Abramyan isə bir siyasətçi, prosesləri yaxından izləyən şəxs kimi bütün bunları yaxşı bildiyi halda faktları təhrif etmək yolunu tutub.
Fraksiya katibi daha sonra Nikol Paşinyan iqtidarının fəaliyyətsizliyini tənqid edib: “Baxmayaraq ki, Ermənistan Respublikasının hökumət başçısı həmin günlərdə fiziki cəhətdən velosiped sürməklə məşğul deyildi, amma dövlətin situasiyaya reaksiyası bu gün nümayiş etdirilən davranışdan çox da fərqlənmirdi. Ermənistanın siyasi elitası ümumən “Artsax”ı nə gözlədiyini bilirdi, lakin nəinki yerindən tərpənmədi, əksinə, Azərbaycana “Artsax”la bağlı hərəkətlərə heç bir şəkildə reaksiya vermək niyyətində olmadığına dair siqnallar ötürdü”.
Ümumiyyətlə, lokal xarakterli antiterror tədbirlərinin ildönümü yaxınlaşdıqca, Ermənistanda bu barədə danışanların da sayı artır. Onlar baş verən olayları öz düşüncə tərzlərinə uyğun şərh edirlər. Məsələn, “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan yazıb: “Bizim bütün fəlakətlərimizin kökündə strateji primitivliyimiz dayanır. Biz yaxınlıqda yerləşən Yaxın Şərq regionunda yeni gərginlik və partlayış təhlükəsinə, bütün qonşuların və düşmənlərin aktiv təmaslarına, onların açıq və kölgədə davam edən danışıqlarına, Putinin Bakıya səfərinə necə reaksiya veririk? Velosiped sürməklə, xaşlama bişirməklə, poeziya festivalı keçirməklə, məzuniyyətdən yavaş-yavaş qayıdan müxalifətin nə edəcəyini bilməməsi ilə?! Biz artıq Cənubi Qafqazın mənasız və ümidsiz əlavəsi kimi öz rolumuza öyrəşmişik. Bütövlükdə, bugünkü kollektiv vəziyyətimizi “xaşlama-xalq” adlandırmaq olar”.
V.Ovannisyan qeyd edib ki, Azərbaycan BRICS-ə qoşulmaq istəyir, biz isə şeirlər oxuyuruq və ya oxucunu ələ salırıq. O əlavə edib ki, düz dörd il əvvəl, 2020-ci il müharibəsi öncəsi, sözün əsl mənasında, erməni cəmiyyətində bu cür qeyri-ciddi vəziyyət hökm sürürdü.
Göründüyü kimi, revanşist iddialar, “bəlkə də qaytardılar” xülyası Ermənistan cəmiyyətini ümisizlik girdabına, çaşqınlığa və dərin böhrana salıb. Bu vəziyyətdən yeganə çıxış yolu isə revanşist düşüncələrdən imtina etmək, Azərbaycanla səmimi şəkildə sülh istəmək və sülhün bütövlükdə, regiona gətirəcəyi faydalardan, o cümlədən iqtisadi imkanlardan yararlanmaqdır. Erməni cəmiyyəti bunu etmədikcə, indiki böhranlı vəziyyətdə hələ uzun illər qalmaqda davam edəcək.
Səxavət HƏMİD
XQ