1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına imkan verməyən, təhlükəsizliyin təmin edilməsinə hər vəchlə mane olan Ermənistan köhnə vərdişlərindən əl çəkmir. Rəsmi İrəvan vaxtaşırı olaraq şərti sərhəddə atəşkəsin pozulması hallarına yol verir. Görünən odur ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğraması və 2023-cü ildəki lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın dağlıq hissəsindəki Ermənistan ordusunun qalıqlarının darmadağın edilməsi də qarşı tərəfə dərs olmayıb.
Heç kəsə sirr deyil ki, Ermənistan bu təxribatçı əməlləri xarici havadarlarının təhriki və hərbi-siyasi dəstəyi ilə həyata keçirir. Onların arasında Fransa başda olmaqla bir sıra Qərb ölkələrini göstərmək olar. Bu dövlətlər Ermənistanı silahlandırır, ölkənin rəhbərliyində isə bunun əsasında revanşist fikirlər baş qaldırır. Ancaq onlar unudurlar ki, Azərbaycanda da ordu quruculuğuna böyük diqqət ayrılır. Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam təmin olunması bizdə arxayınlıq hissi yaratmayıb. Bundan əlavə, rəsmi Bakı siyasi-diplomatik müstəvidə də aktiv fəaliyyətini davam etdirir.
Diqqət çəkən həm də Ermənistanın atəşkəsin pozulması hallarına yol verməklə yanaşı, sülh danışıqları aparmasıdır. Bu isə İrəvanın sülh istəyində səmimi olmadığının, riyakar mövqeyinin daha bir təsdiqidir. Sülh danışıqları aparmaqla atəşkəsin pozulması bir-biri ilə tərs mütənasibdir.
Demək olar ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti vaxtaşırı olaraq, qarşı tərəfin atəşkəsi pozmasına dair məlumat yayır. Növbəti belə məlumat avqustun 15-də axşam və ayın 16-da səhər saatlarında yayılıb. Qeyd edilib ki, avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Avqustun 16-sı saat 03:20 radələrində isə Hayastanın qoşun bölmələri ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Hər iki halda bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Baş vermiş insidenti araşdırmaq, təqsirkarları üzə çıxarmaq əvəzinə Ermənistan tərəfi xislətinə sadiq qalaraq, bu dəfə də inkar yolu tutdu. Hayastan müdafiə nazirliyinin yaydığı məlumatda deyilir: “Avqustun 16-da saat 03:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin sərhəd zonasının qərb hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyil”.
Bunun ardınca, ənənəvi tezis yenidən təkrarlanıb: “Xatırlatmaq istərdik ki, Ermənistan Respublikasının baş nazirinin ofisi diplomatik kanallar vasitəsilə Azərbaycan tərəfinə atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağı təklif edib”.
Göründüyü kimi, rəsmi İrəvan atəşkəs pozuntusundakı təqsirini etiraf etmir, təqsirkarları cəzalandırmaq istəmir. Bu isə hadisənin məqsədli şəkildə törədildiyini və oxşar halların qarşıdakı dövrdə də təkrarlanacağı anlamına gəlir.
Məsələ ilə əlaqədar “XQ”yə açıqlama verən Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, Ermənistan–Azərbaycan şərti sərhədində atəşkəsin pozulması və təxribatların baş verməsi artıq adi hala çevrilib: “Mən və digər hərbi ekspertlər atəşkəsin pozulacağı və təxribatların olacağı ilə bağlı öz fikirlərimizi ifadə etmişdik. Bunun üçün əsaslar var. Çünki rəsmi İrəvanın son vaxtlar tutduğu siyasi kurs regiona yeni oyunçuların cəlb olunmasına xidmət edir. Ermənistan Qərb ölkələrinin regionda maraqlarının təmin olunması üçün, necə deyərlər, əldən-ayaqdan gedir. Halbuki, regionda bütün məsələlər “3+3” formatında həllini tapa bilər. Fransa və ABŞ-nin bölgədə aktivləşməsi isə Ermənistanın yeni havadarlar axtarışına çıxmasının nəticəsidir. Belə davam edərsə, Cənubi Qafqazda çox təhlükəli proseslərin baş verəcəyini proqnozlaşdırmaq olar. Bu gün Suriya və Ukraynada cərəyan edən hadisələrin sabah Ermənistanda yaşanması istisna deyil. Regionun təhlükəsizliyinə xəyanət edən İrəvanın mövqeyi bölgədə təhlükəli proseslərin baş verməsinə şərait yaradır”.
Hərbi ekspert qarşı tərəfin son vaxtlar silahlanmasının təsadüfi olmadığını vurğuladı. Onun sözlərinə görə, Ermənistan büdcəsinin 4,2 faizi hərbi xərclər üçün ayrılır. Bu isə onu göstərir ki, İrəvan sürətlə silahlanır: “Hindistanda istehsal olunan 500 milyon dollar dəyərində silah-sursat və hərbi texnikanın alınması, Fransanın “Sezar” özüyeriyən haubitsalarının Ermənistana gətirilməsi ilə bağlı sazişlər var. Bunlar üzdə olan müqavilələrdir. Düşünürəm ki, müəyyən zamandan sonra hansısa gizli sazişlərlə bağlı məlumatlar da açıqlanacaq. Bugünkü məlumatlara əsaslanaraq deməliyik ki, hazırda Ermənistanın 1 milyard dollara yaxın silah-sursat alması ilə bağlı müqavilələr imzalanıb”.
Bəs iqtisadi durumu çətin olan, heç bir təbii sərvətlərə malik olmayan Ermənistan silahlanma üçün bu qədər vəsaiti haradan tapır? Bu sualımızı da cavablandıran Ş.Ramaldanov qeyd etdi ki, xarici havadarları Ermənistanı müəyyən fondlar, o cümlədən Avropa Sülh Fondu vasitəsilə maddi baxımdan dəstəkləyirlər. Belə olan təqdirdə İrəvanın sabah onu silahlandıran havadarlarının sifarişlərini yerinə yetirəcəyi istisna edilmir. Ermənistanı silahlandıranlar dost olmayan ölkələrdir. Məsələn, ABŞ və Fransa Rusiya və İran üçün dost ölkə sayılmır. Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi olmaqla regionda sülhün tərəfdarıdır. Azərbaycan da öz mövqeyini dəfələrlə bildirib. Gürcüstanda gedən proseslər Tbilisinin mövqeyini aydın şəkildə əks etdirir. Təkcə Ermənistan qalır ki, bu ölkə regionun təhlükəsizliyinə xəyanət edərək burada yeni münaqişələrin olmasına, böyük güc mərkəzlərinin toqquşmasına şərait yaratmaq istiqamətində siyasət yürüdür.
Ş.Ramaldanov bildirdi ki, bütün bunlar qlobal proseslərdir və ölkəmiz burada birbaşa hədəf deyil. Ancaq məsələ ondadır ki, Fransa və ABŞ bölgədə öz maraqlarını təhlükəsizlik bəhanəsi adı altında genişləndirmək yolunu tutublar: “İrəvan bu gün təhlükəsizlik zəmanəti adı altında Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına açıq-aydın etimadsızlıq göstərirsə, deməli, onların Ermənistan–Azərbaycan şərti sərhədində hansısa irimiqyaslı təxribata əl atacaqları istisna olunmur. Təbii ki, Müdafiə Nazirliyinin bununla bağlı xəbərdarlığı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi ismarıcdan irəli gəlir. Cənab Prezident bildirmişdi ki, istər revanşistlər, istər Ermənistanın rəhbərliyi, istərsə də havadarları tərəfindən atılacaq addımlar ölkəmizə təhlükə yaradarsa, biz dərhal cavab tədbirləri görəcəyik. Təbii ki, ölkəmiz üçün təhlükə Ermənistanın silahlandırılmasıdır”.
Ehtiyatda olan polkovnik, həmçinin bildirdi ki, Ermənistan hələ də ölkəmizlə müharibə vəziyyətindədir. Belə olduğu təqdirdə qarşı tərəfin silahlandırılması diqqətimizdən yayına bilməz. Bu gün Ermənistanın mövqeyi revanşist, sülhdənqaçma mövqeyidir. Bütün bunlar hansısa məqsədlər naminə edilir.
Ş.Ramaldanov təxribatların sayının artacağını da istisna etmir. Çünki bu, İrəvanın havadarları üçün əlverişli şəraitin yaranması deməkdir. Azərbaycan Ermənistanın təxribatlarına cavab addımları atacaq. Bu addımlar bəlkə də cavab yox, daha böyük təxribatların qarşısını almaq üçün hansısa tədbirlərin görülməsi olacaq. Belə olan təqdirdə, Ermənistanın təhlükəsizliyini təmin etmək adı altında regionda arzuolunmaz ölkələr burada öz maraqlarını genişləndirməyə çalışacaqlar. Onun sözlərinə görə, Ermənistanın təxribatlar törətməsi havadarlarının ona hazırladığı ssenarilər əsasında baş tutur. Bu kimi halların qarşıdakı dövrdə də baş verməsi mümkündür.
Müsahibimiz qarşı tərəfin sonuncu atəşkəs pozuntusu ilə bağlı inkarçı mövqe tutmasının onlara xas yanaşma olduğunu da vurğuladı.
Səxavət HƏMİD
XQ