Paşinyan iqtidarını “qızmar payız” gözləyir

post-img

Erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın “Vətən naminə Tavuş” adlanan qondarma hərəkatının uğursuzluğa düçar olmasına baxmayaraq, keşiş öz əməllərindən əl çəkənə oxşamır. Yayın qızmar istisinə rəğmən, onlar yenə də ölkənin müxtəlif şəhər və rayonlarını, kənd və qəsəbələrini gəzib dolaşır, əhali arasında təbliğat işləri aparır, sıralarını genişləndirməyə çalışırlar.

Baqratın keçirdiyi görüşlərdə, bir qayda olaraq, hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirilir, iqtidar qorxaqlıqda, satqınlıqda, səriştəsizlikdə və acizlikdə ittiham olunur. Qondarma hərəkatın adını “Müqəddəs mübarizə”yə dəyişən arxiyepiskop bugünlərdə hayların “Masis” adlandırdıqları tarixi Azərbaycan yaşayış məskəni – Zəngibasar rayonunun kəndlərində olub. Arxiyepiskopun ilk dayanacağı Sayat-Nova kəndi olub və burada sakinlərlə görüşüb. O, daha sonra Taperakan kəndinə gedib. Bundan sonra Zəngibasarda görüş keçirib.

Ermənistanda payız aylarında yeni etiraz aksiyalarının olacağından hakimiyyət də ehtiyatlanır. Ölkənin populyar qəzetlərindən olan “Joxovurd”un yazdıqları belə deməyə əsas verir. Qəzet məlumatlı mənbələrə istinadən bildirir ki, iqtidar özünü müxalifətin, eləcə də küçələrə çıxan insanların mübarizəsindən heç bir şəkildə “qorxmadığını” göstərməyə hər nə qədər çalışsa da, yenə də bütün bunlar hakimiyyyəti çox narahat edir: “Mənbələrimizin bildirdiyinə görə, “Vətəndaş müqavilə”sində “bu ilin sentyabrında nə gözləmək olar” sualı xeyli müddətdir müzakirə olunur. Axı bizdə olan məlumata görə, arxiyepiskop Baqrat Qalstanyan əvvəllər bəyan etmişdi ki, sentyabrın 10-dan “qızmar payız” gözlənilir. Əldə etdiyimiz məlumata görə, “Vətəndaş müqavilə”sinin nümayəndələri “qızmar payız”da onları nə gözləyə biləcəyini müzakirə ediblər. Çünki həmin vaxt parlamentin də payız sessiyası başlayacaq. İndi addımlar atılır, tədbirlər görülür ki, onların payızda işi pozulmasın”.

“Joxovurd” arxiyepiskop B.Qalstanyanın əvvəllər həm küçələri, həm də parlamentə giriş-çıxışı bağlamağa nail olduğu xatırladır. Eyni zamanda, qeyd edilir ki, bu, polisin qanunverici orqanın normal fəaliyyətini təmin etməyə çalışdığı şəraitdə baş verib: “Hakimiyyət bundan narahatdır və çətin vəziyyətə düşməmək üçün addımlar atır. İqtidar iyunun 12-də parlamentin qarşısında elə bir vəziyyətlə üzləşdi ki, hərəkat iştirakçılarını dağıtmaq üçün səs-küy qumbaralarından istifadə etmək zərurəti yarandı”.

“Hraparak” qəzeti isə yazır ki, Nikol Paşinyan ölkədə gündəmi diktə etməyi dayandırıb, əksinə, o, ictimai gündəmə tabe olub: “Mənbələrimizdən öyrəndik ki, Paşinyan ictimai reaksiyanı diqqətlə izləyib və insanların onun bir aylıq məzuniyyəti ilə bağlı xəbərlərə çox mənfi reaksiya verdiyini müşahidə edib. Sosial şəbəkələrdə az qala hər istifadəçi yazıb ki, baş nazir “qorxulu müharibədən” (?) əvvəl bir aylıq məzuniyyətə çıxıb. Və hər bir itirilmiş səs indi vacib olduğundan, o, ictimai arenada çıxış etmək qərarına gəlib: Məzuniyyətdədir, amma işləyir. Yəni, məzuniyyətini qeyri-rəsmi olaraq ləğv edib, rayonlara səfərə başlayıb, müxtəlif tədbirlərdə iştirak edir. Baxmayaraq ki, bu halda rayonlarda rəsmi qarşılanma mərasimlərinin nə üçün keçirildiyi aydın deyil”.

Qeyd edilir ki, N.Paşinyanın məzuniyyətini “pozan”lardan biri də bugünlərdə vətəndaşlarla aktiv görüşlər keçirən, vilayətlərə və İrəvana səfərlər edən, “Surb Anna” kilsəsinin həyətində görüşlərini davam etdirən arxiyepiskop B.Qalstanyan və onun hərəkatıdır. Paşinyan da müxalifətlə rəqabətə rəhbərlik edir: “Bizə bildirdilər ki, o, hətta XXXIII Yay Olimpiya Oyunlarının açılışında iştirak etmək üçün iyulun 26-da Parisə getməyi planlaşdırırdı, lakin sonda bu niyyətindən də imtina etməli olub. Qəbul edilmiş qərara uyğun olaraq, açılış mərasimində Ermənistanı hökumət üzvləri, o cümlədən baş nazir aparatının rəhbəri Arayik Arutyunyan və respublika prezidenti Vaaqn Xaçaturyan təmsil ediblər. Hayastan nümayəndə heyətini üzvləri Parisdə “Erməni evi”nin açılışında iştirak edib və Olimpiya yığma komandasının üzvləri ilə görüşüblər. Paşinyan isə həmin günlərdə Armavir bölgəsinə səfər edib və yaxın gələcəkdə Tavuşa, xüsusən də Kirantsa getməyi planlaşdırır”.

Onu da qeyd edək ki, Paşinyanla yanaşı xarici işlər naziri Ararat Mirzoyan, parlamentin sədri Alen Simonyan və digər şəxslər də məzuniyyətdədirlər. Onların məzuniyyətlərini Avropada – Mirzoyanın Şotlandiyada, Simonyanın isə İspaniyada keçirmələri diqqəti cəlb edir. Paşinyan isə məzuniyyət müddətində velosiped sürməsi ilə gündəmə gəlib. Avqustun 10-da Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə bir festivalda iştirak etmək üçün velosipedlə Göyçədən İcevana gedib. Akopyan videonu özünün “Facebook” səhifəsində yayımlayıb və şərhini də əlavə edib: “Dağların arasından, dərələrin arasından...”

Paşinyan isə bildirib ki, duman olmasına baxmayaraq, velosipedlə yollarına davam ediblər. Onlar İcevanda Paşinyanın ata evində dayanıblar.

Müxalifət isə bütün bu məqamlardan hakimiyyətə qarşı, necə deyərlər, ittiham irəli sürmək üçün istifadə edir. Məsələn, müxalifətdə olan “Hayastan” blokunun deputatı, parlamentdə elə Tavuş vilayətini təmsil edən Qarnik Danielyan bildirib ki, Tavuşda əhali kənd təsərrüfatı ilə məşğul ola bilmədiyi üçün (?) ciddi şəkildə narahatdır. Bu da əhalinin xaricə axını baxımından demoqrafik problemlər yarada bilər. Guya, investorlar Kirantsa gedən yolun Azərbaycan tərəfindən hər an bağlana biləcəyindən narahat olduqları üçün etibarsızlıq potensial investisiyalara da təsir edirmiş: “Ermənistan ciddi problemlərlə üz-üzədir. Belə bir şəraitdə hakimiyyət nümayəndələri məzuniyyətə çıxır və velosiped sürürlər. Bu davranış insanı şoka salır”.

“Qarabağ klanı”nın üzvü, Ermənistanın ikinci prezidenti Serj Sarkisyanın rəhbəri olduğu Respublika partiyasının rəhbərlərindən olan, parlamentin sabiq sədr müavini Eduard Şarmazanov isə Paşinyan iqtidarını II Dünya müharibəsi illərində nasist Almaniyasının işğal etdiyi Fransa ərazisində mövcud olmuş Vişi rejimi ilə müqayisə edib. O bildirib ki, 2018-2024-cü illərdə yürüdülən anti-dövlət siyasəti nəticəsində üçüncü Ermənistan Respublikası mövcudluğunu tədricən dayandırır: “Təəssüf ki, Ermənistanda faktiki olaraq, suveren dövlət yoxdur. Formal olaraq mövcuddur, amma reallıqda mövcud deyil. Paşinyanın “hökuməti” mənə Filipp Petenin rəhbərlik etdiyi Vişi rejimini xatırladır. Vişi rejimi ilə Paşinyan rejimi arasında yalnız bir fərq var. Vişi rejimi sırf faşist Almaniyasına tabe idi, Paşinyan rejimi isə hamıya tabedir... Səhər Qərbə, günorta Şimala, gecə Türkiyəyə (?). Qalan hər şey demək olar ki, eynidir. Həm Petenin Fransasında, həm də Paşinyanın Ermənistanında əyləncə, konsert və qayğısız velosipedçilər qıtlığı yox idi. Bir tərəfdən milli dövlətçilik tənəzzülə uğrasa da, digər tərəfdən səhnədə çatışmazlıq mövcud deyildi. Lakin Fransa Şarl de Qoll ətrafında birləşərək, dövlətin mövcudluğu yolunu seçərək, antimilli və dövlət əleyhinə olan Vişi rejiminə dözmədi. Fransız sübut etdi ki, o, məğlub statusuna layiq deyil və məğlubların özünü fəth etdi”.

Şarmazanovun yazdıqlarına cavab verən Ermənistanın tanınmış jurnalisti Tevos Arşakyan qələmə aldığı “Tarixin zibilliyindən gələn səs” sərlövhəli məqalədə yazır ki, Paşinyan hökumətini Vişi rejimi ilə ancaq ağıldankəmlər müqayisə edə bilərlər: “Təəssüflər olsun ki, ölkəmizdə ənənəvi olaraq ya qəribə, ziddiyyətli açıqlamaları ilə ictimaiyyəti əyləndirən, ya da açıq-aşkar yalan çıxışları ilə bizi çaşdıran siyasətçilər də var. Bu ənənə uzun illərdir ki, həm ikinci prezident Robert Koçaryanın ətrafı, həm də Serj Sarkisyanın düşərgəsindən olan respublikaçılar tərəfindən inamla qorunub saxlanılır. Burada xüsusi yeri parlametin keçmiş sədr müavini Eduard Şarmazanov tutur. Bu təlxək bir neçə dəfə yazılarımızın “qəhrəmanına” çevrilib, lakin hər dəfə o, daha bir cəfəngiyat danışır, buna görə də biz onu amansızcasına “qamçılamalıyıq”. Bu dəfə də belə oldu”.

Müəllif yazır ki, Ermənistan məhz Koçaryan və Sarkisyanın dövründə öz suverenliyini sürətlə itirib və Rusiyanın zəif iradəli əlavəsinə çevrilib. Qeyd edilib ki, həmin dövrdə Ermənistanın nə müstəqil daxili, nə də xarici siyasəti var idi. Koçaryan və Sarkisyan hər şeyi Rusiyanın maraqlarına tabe edib. Hətta Ermənistan vilayətlərinə qubernatorlar da yalnız Moskva ilə məsləhətləşdikdən sonra təyin olunublar. Müəllif “Paşinyan bu gün kimdən asılıdır” sualını qoyur və özü də ona cavab verir. Qeyd edir ki, Nikol təkcə məyusedici məğlubiyyətdən sonra da 2021-ci ildə taleyini yenidən ona həvalə edən xalqından asılıdır. Xalq öz taleyini nə Sarkisyana, nə də Koçaryana etibar etdi. Bu mənada “erməni Peten” hesab edilməsi mümkün olan şəxs məhz Sarkisyandır.

Səxavət HƏMİD 
XQ

 

Siyasət