“Armenizm”in “andranikizm”, “tsexakronizm”, “erməni fədaizmi”, “erməni faşizmi” kimi “izmlər”i bəşəri təhlükə saçır
(əvvəli https://xalqqazeti.az/az/siyaset/189238-ermeni-irqcilik-dusuncesi-gerizekaliqdan-qaynaqlanir)
2010-cu ildə nəşr olunmuş, müəllifi Zarevand olan “Türklərlə bacara biləcəyikmi? “Ermənistan Respublikası 1918-20-ci illərdə “ adlı kitabında türk düşmənçiliyi ən yüksək həddədir. Müəllif Bakıda Şərq Xalqları Qurultayında bir türkün iştirakını belə təsvir edir: “ Zinovyevin rəhbərliyi ilə qurultayda iştirak edən həmin “yoldaş türk” (Ənvər paşa nəzərdə tutulur–Q.Ç.) ermənilərin başını kəsmişdir, erməni kəndlilərinin torpaqlarını əlindən almışdır, Aleksandropol qırğınını törətmişdir, sonra da bir utanmaz erməni qadınının başçılığı ilə Aleksandropol əhalisi bayraqlarla o türkün hüzuruna çıxmışdır. Xatırladım ki, Türk Ordusu Gümrüyə daxil olarkən erməni qadınları sevgisini ifadə edərək onların qarşısına çıxmışlar. “Xilaskar Türk Ordusuna eşq olsun!” şüarı qaldırılmışdır.
Müəllif bu kitabında türkləri erməniləri qırmaqda ittiham etmiş və bildirmişdir ki, “türk türkdür, istər qafqazlı olsun, istər istanbullu”. Onların hamısı erməni xalqının düşmənidir. Kitabın əvvəlində “Sasunlu David” dastanından bir bənd verilmişdir.
Kim yatmışsa dərhal oyansın,
Kim oyaqsa ayağa dursun,
Kim ayaqdasa silahlansın.
Gedirik düşmən üstünə...
“Sasunlu David” dastanında düşmənin konkret hansı millət olduğu bilinməsə də, əslində, hədəf türkdür.
Amerikada yaşayan bir erməninin – Ruben Anqaladyanın “168 hours.am” saytında yayılan bir məqaləsi istər-istəməz diqqəti çəkir. Məqalənin adı belədir: “Bakı nefti bizimdir”. Çox böyük iddiadır!
Ardına diqqət verin: “...1918-ci ildə qurulmağa başlayan və təhlükəsizlik strategiyasına ehtiyacı olmayan bir dövlətin yaradılması zamanı yol verilən kobud səhvləri göstərmək lazımdır. Rusiya və Avropa 1980-ci illərdən bəri Bakının geosiyasi rolundan xəbərdardır. Rusiya və Osmanlı imperiyalarının dağılması Zaqafqaziyada vəziyyəti daha da ağırlaşdırdı. Mühüm bir sual meydana çıxdı: Bakı nefti kimə aid olmalıdır? Burada –Zaqafqaziyada həm almanlar, həm ingilislər, həm də fransızlar peyda oldular. Hər kəsin bu strateji məhsulu ələ keçirmək planları var idi.
İnqilabdan əvvəl Rusiyada XX əsrin əvvəllərinə qədər Bakıda əsas neft oyunçuları Rusiya imperiyasının erməni neft istehsalçıları idi. “Türk Ermənistanı”ndan gələn vasitəçilər də var idi, xüsusən də, Galust Gülbenkyanın atası, dünya neft biznesinin memarı Sargis Gülbenkyan...
... Əsas oyunçular bizimkilər idi. Rəqabət Lianozovun, (Lianosyan) Mantaşovun (Mantaşyan) neft şirkətləri ilə Rotşildlər evi və Nobel qardaşları arasında gedirdi. Türklərin rəqabət qabiliyyətli neft maqnatları yox idi.
Erməniləri nəhəng maliyyə və insan resurslarını yatırdıqları Bakıdan kim uzaqlaşdırdı? Erməni burjuaziyası nəhəng potensialını qiymətləndirmədən niyə yanlış yola getdi?
Həqiqətən, Bakı, tarixi Ermənistanın bir hissəsi deyildi. Bəli, deyildi, amma ola bilərdi. Axı tarixən rus və ya azərbaycanlı (Qafqaz tatarları) bu sərvətin sahibi deyildi, dövləti olmadığı üçün belə bir millətin ona haqqı çatmırdı. Qafqaz tatarlarının elitası 15 sentyabr 1918-ci ildə Bakıya qüvvələr göndərdi və ermənilərin qırğını təşkil edildi. Tezliklə bolşeviklər Bakını ələ keçirdilər. Bir Moskva fabrikində çıxış edən Lenin, bütün Sovet tarixi dərsliklərində yazılanları hayqırdı: "Yaşasın Sovet Azərbaycanı!" və "Bakı nefti bizimdir."–dedi. O, əslində, nefti bizim, ermənilərin əlindən aldı”.
Bunları oxuyarkən istər- istəməz düşünürsən: bir millət xəstə isə, onun sağalması prosesi uzun sürər. Həm də bir millət dövlətinin olmadığı bir başqa millət olaraq dünyagörüşündəki mühafizəkar və şovinist təfəkkürlə hərəkət edərsə… Bu yanaşmadan belə çıxır ki, Azərbaycan türkləri bu neftin sahibi deyildilər, Lenin də nefti ermənilərin əlindən almışdır. Bu tendensiya Ermənistanda həmin dövrdən bəhs edən bütün kitablarda keçir. Gülbenkyan, Mantaşov və digərləri Bakı neftinin sahibi imişlər, bizim xəbərimiz yoxmuş. Gülməli deyilmi?
Son zamanlar ermənilərin Bakı şəhərinə iddialarına da rast gəlinir. “Türk heç bir erməni üçün qəbuledilən xalq deyil, onlar sion-masonluq və bolşevik –türk yatağanına cavabımız bu olacaq: Biz erməni Bakaranlara aid olan Bakıya qədər gələcəyik”. İrqçi ideoloq Balayan da deyir ki, biz İrəvana ona görə yiyələndik ki, buradan Bakıya daha yaxın olaq və nəhayət, Bakını ələ keçirək. Onun əsərlərində Bakı, bir qayda olaraq, “Bakurakert”adlandırılır.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri