ABŞ İrəvanı silahla “marşallaşdırır”

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Okeanın o tayından “Soros uşaqları”nı tək qoymurlar                  

Ötən əsrin 60-cı illərində tez-tez bir sualı eşidərdik: “Siz də bizim marşallaşdırdıqlarımızdansınızmı?” Sonralar öyrəndik ki, həmin sualın ortaya atılmasında əsas məqsəd ABŞ-nin İkinci dünya müharibəsindən sonra Avropa ölkələrini əlinin altında saxlamaq üçün həyata keçirdiyi “yardım” planının məkrli olduğunu sübut etməkdir. Kreml həmin planın tam əleyhinə idi. 

Söhbət müharibə illərində ABŞ Prezidentinin strategiya və taktika məsələləri üzrə müşaviri və sonra bir neçə nazir vəzifələrində çalışmış Corc  Marşallın işləyib hazırladığı ( icrasına 1948-ci il avqustun 3-də başlanılmışdı)  “Marşall planı”ndan gedir.  Həmin plana əsasən müharibədən sonrakı Avropaya ABŞ tərəfindən yardım edilməsi nəzərdə tutulurdu. Guya,  müharibə nəticəsində dağılmış tikililərin bərpası,  Avropada əhalinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması,  sənaye və bütövlükdə istehsalat müəssisələrinin yenilənməsi kimi humanitar məqsəd daşıyan həmin plan, əslində, Avropa üçün tələ idi.  Əslində 13 milyard dollarlıq (həmin məbləğ qırxıncı illər üçün çox böyük vəsait idi) həmin yardım planının əsas məqsədi Avropada kommunizmin irəliləməsini əngəlləmək və “köhnə qitə”ni Moskvanın nəzarətindən çıxarmaq idi...

Son günlər mətbuatda rast gəldiyimiz “ABŞ hərbi təyyarələri İrəvana nə daşıyır?”,  “Ermənistan öz istiqamətini müəyyənləşdirib”, “ABŞ-nin 2 hərbi təyyarəsi İrəvanda endi”,  “ABŞ hərbi təyyarəsi Zvarnots aeroportuna endi”,  “ABŞ hərbi təyyarələri Zəngəzura nə üçün gəlib?”, “ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar gətirildi...” kimi xəbər başlıqlarını görəndə yada düşən ən uyğun tarixi fakt məhz “Marşall planı” olur. Yəni Ağ ev Cənubi Qafqazda yeni “Marşall planı”nı həyata keçirməyə çalışır. 

Bunu hamı anlayır. Uşaq da başa düşür ki, Vaşinqton  bu addımlarını Ermənistanı Moskvanın nəzarətindən çıxarmaq məqsədilə atır. Ancaq İrəvan rəhbərliyi özünü elə aparır ki, guya, İrəvana gələn silah dolu təyyarələr sırf yardım xarakteri daşıyır. Təbii ki, bunun mənfi nəticələri ilə o qədər də gec olmayan bir vaxtda üzləşəcəklər.  

Fakt ondan ibarətdir ki, Cənubi Qafqaz son zamanlar olduqca çirkin oyunların həyata keçirildiyi meydana çevrilir. Son iyirmi ildə elə bir bayram və ya əlamətdar gün olmayıb ki,  ABŞ Prezidenti (yəni bu dövrdəki bütün dövlət başçıları) Azərbaycana göndərdikləri təbrik məktublarında “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirik”, “Ağ ev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu alqışlayır”, “Rəsmi Bakının sınanmış , etibarlı tərəfdaş olduğunu bildiririk”, “Gələcəkdə də Azərbaycan rəhbərliyi ilə işləməyə hazırıq” kimi ifadələrdən istifadə edilməsin. Bütün bunlardan sonra ABŞ-nin ən müasir silahlarla dolu hərbi təyyarələri Ermənistana enir. Bunun riyakarlıqdan başqa adı varmı?

Başqa bir faktı yada salaq. ABŞ  rəsmiləri dəfələrlə – həm Bakıda, həm Vaşinqtonda, həm də imkan olan ­hər yerdə deyiblər ki,  biz Azərbaycanın beynəlxalq əhəmiyyətli nəqliyyat-logistika layihələrini alqşlayırıq və həmin layihələrin səmərəlilliyinə inanırıq. Deyirlər və ardınca da Zəngəzura silah göndərirlər. Üstündə də erməni ­hərbçilərinin libasını geyinmiş ABŞ əsgərləri. Bu, çox çirkin oyundur, serlər. Unutmayın, indi artıq XX əsrin 90-cı illəri deyil ki, üzdə bir söz deyib, arxada Azərbaycanın əleyhinə olan qərarlar qəbul edəsiniz. İndi Azərbaycan aldadılacaq ölkə deyil. 

Başqa bir fakt. Okeanın o tayından səs gəlir ki, guya, Pentaqonun Ermənistana göndərdiyi silahların Azərbaycana qətiyyən  dəxli yoxdur. Guya o silahlar Rusiya və İranla olan münasibətlərdə balans yaratmaq məqsədi daşıyır. Elə olanda biz ABŞ-dəki “dost”larımıza xatırlatmalıyıq ki, silah dolu təyyarənin endiyi Zəngəzur sizin “düşməniniz olan” Sovet dövlətinin saxta yolla ( yəni əhalinin razılığını almadan, referendumsuz) Azərbaycandan ayırıb Ermənistana verdiyi torpaqlardır.  Biz indi sovet siyasətçilərinin xəyanəti nəticəsində bütöv Azərbaycandan ayrılmış Naxçıvanı quru yolları vasitəsilə öz ərazimizə birləşdirməyin bir addımlığında olanda siz həmin yola hərbi təyyarə endirirsiniz. Bu hansı dostluğa, tərəfdaşlığa, əməkdaşlığa sığan münasibətdir?

O ki qaldı, Ermənistan rəhbərliyinin düşünülməmiş addımlarına, fikrimizcə, onlar anlamalıdırlar ki, tez və ya gec, mütləq yaxın qonşuları ilə normal münasibətlər yaratmalı, əməkdaşlıq etməli və gələcək nəsillər naminə  firavan Ermənistanın təməlini qoymalıdırlar. Mifik düşüncələrə, ABŞ-dən gələn “yardımlara”, Parisin vədlərinə və bəzi Avropa qurumlarındakı korrupsiyalaşmış insanların planlarına uymaqda davam etsələr, nəinki firəvan Ermənistanı qura bilməyəcəklər, hətta, bugünkü  Ermənistan dövlətinin mövcudluğu da təhlükə altına düşəcək. 

Elə ABŞ, Fransa və digər bəzi dairələrdə də Ermənistanın həmin taleyini, qara günlərini gözləyirlər.

Siyasət