“Qarabağ kartı”

post-img

“Qarabağ kartı” – başqa sözlə desək, Qarabağ erməniləri amili. Son günlər Ermənistanda bundan istifadəyə çalışan qüvvələrin siyasi aktivliyi müşahidə edilməkdədir. Əslində, ölkə xaricində də mövcud istiqamətdə müəyyən meyillər özünü göstərməkdədir.

Qeyd edək ki, daxildəkilər məsələni daha çox baş nazir Nikol Paşinyan hakimiyyətini devirmək, xaricdəkilər isə Azərbaycana təzyiq vasitəsi kimi qabardırlar. Bakı – İrəvan sülh gündəminin aktuallaşdığı bir zamanda bu tendensiyanın güclənməsi suallar yaradır. Ən mühüm sual isə budur: Ermənistan hakimiyyəti təzyiqlər qarşısında zəif düşüb Cənubi Qafqazda barış mühitinin formalaşması üçün göstərilən səyləri heçə endirməyəcək ki?

Bəli, “Qarabağ kartı” sülh gündəminə alternativ müqəddimə qismində ortaya atılmaqdadır. Hiss olunur ki, Ermənistanın siyasi qüvvələrinin həm indi, həm də gələcək üçün “satışa çıxardığı” ən mühüm “siyasi məhsul” Qarabağı qaytarmaq, “Qarabağ xalqı” kimi qələmə verilən ermənilərin bölgəyə dönmələrini təmin etmək vədi olacaq. Yeri gəlmişkən, N.Paşinyan da 2021-ci ildə parlament seçkiləri öncəsi Şuşanı geri qaytarmağı özünün seçki platformasına daxil etmişdi. Nəticə necə oldu, hamı gördü...

İndiki vəd verənlər təkcə Şuşa ilə kifayətlənmir, “Qarabağın müstəqilliyinin” tanınması və Ermənistana birləşdirilməsi ideyalarını da gündəmə gətirirlər. Nəzərə alaq ki, ümumən Qarabağ məsələsi otuz ilə yaxın müddətdə erməni siyasi diskursunun başlıca mövzusu olub. Görünür, məsələ dəbdən düşməyib. Çünki Ermənistanda və xaricdə  psevdovətənpərvərlik şüarları “satan” böyük bir qruplaşma var.

Məsələ ondadır ki, hazırda “Qərbi Ermənistan” kimi qələmə verilən ərazini, Naxçıvanı, Qarabağı, hətta ona yaxın yeddi rayonu qaytarmaq kimi iddialar səsləndirənlərdən bunun necə başa gələcəyini soruşanlara Türkiyənin və Azərbaycanın agenti, satqın və sair damğası vurulur. Səbəb çox sadədir – nağıl danışmaq onu danışanlar üçün həyati əhəmiyyət kəsb edir, belə demək mümkünsə, nağılpərəstləri siyasi arenada saxlayır. Buna görə də əksini düşünənlər nəinki xain qiyafəsində göstərilir, eyni zamanda, fiziki repressiya ilə də hədələnirlər.

Ermənistanda hərbi vətənpərvər seqmentin etimadını qazanmaq uğrunda yarışan qüvvələrin bir hissəsi Qarabağı Rusiya ilə münasibətləri bərpa etməklə geri qaytarmağa söz verirlər. Digərləri isə bunun Qərblə yaxınlıqla reallaşma üsullarını ortaya atırlar. İkincilər hansısa beynəlxalq təşkilatın və ya məhkəmənin qərarına, qətnamələrə söykənir, presedentlər axtarışına çıxıb müxtəlif interpretasiyalara baş vururlar. Məsələn, Kosovo variantını ortaya atanlar, yüksək muxtariyyət əldə etmə xüsusunu qabardanlar tapılır. Guya ki, Azərbaycan nəyəsə məcbur qalacaq.

“Qarabağ kartı” məsələsində Ermənistanın sırf intiqama köklənmiş siyasi kəsimi də var. Belələri “qisas alarkən” hazırda onları alqışlayanların da cəhənnəmə gedəcəklərini hamıdan gizlədir, ucuz populizmə güc verirlər. cuz populizmə güc verirlər ki, yeni müharibənin, bütövlükdə, Ermənistan dövlətçiliyinin itirilməsi riskini doğuracağını xalqdan gizlətsinlər. Elementar insan resursunu da nəzərə almırlar. Düşünmürlər ki, 2,7 milyonluq Ermənistan 10 milyonluq Azərbaycanla necə mübarizə aparacaq? Birinci Qarabağ müharibəsini yada salırlar. Həmin müharibədəki uğurun ermənilərin özləri tərəfindən qazanılmadığını tamamilə yaddan çıxarırlar. Bəlkə də sadəlövh deyillər. Axı yalnız bir istəkləri var ki, o da baş nazir N.Paşinyana qarşı keçiriləcək mitinqlər daha izdihamlı alınsın, aksiyalar iqtidarı devirmək gücünə sahib olsun.

Daha bir məqama diqqət yetirək. Söhbət dünyanın Cənubi Qafqaz bölgəsində marağı  olan Fransa kimi qüvvələrinin Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrikindən gedir. Şübhəsiz, müharibədən məqsəd də Qarabağdır.  Sözügedən qüvvələr Qarabağ məsələsində erməni milli identikliyindən dəm vuraraq, ümumi mənzərəyə daha tünd çalarlar gətirmək yolunu tuturlar. “Qarabağı qaytarmaq” ritorikasını diri tutmağa çalışanların növbəti tezisi bundan ibarətdir ki, Azərbaycan və Türkiyə üçün perspektivdə hansısa çətin zamanların yaranacağı dövrü gözləmək lazımdır. Belələri sərsəmləyirlər ki, guya, hər iki ölkə daxilindəki milli azlıqlar üsyana qalxacaq, beləliklə parçalanma gedəcək və mövcud şəraitdə Ermənistan öz torpaq payını götürmək üçün əlverişli şans qazanacaq. Görəsən, hazırda Ermənistandan qat-qat güclü olan Türkiyəni və ya Azərbaycanı məhv edəcək hansı fəlakət baş verə bilər ki, erməni siyasilər buna ümid bəsləsinlər? Yaxud necə ola bilər ki, güclü siyasi fəlakət Azərbaycanı və Türkiyəni cənginə alsın, Ermənistandan yan ötsün? Hazırda beynəlxalq aləm, faktiki olaraq, Üçüncü dünya müharibəsi dövrünü xatırlatmaqdadır. Qərblə Rusiya arasında ziddiyyətlər özünün ən pik nöqtəsinə çatıb. Mövcud durumda nəyə görə Ermənistan Qarabağı əlində saxlaya bilmədi? Nə üçün beynəlxalq vəziyyət ölkənin xeyrinə işləmədi? Ermənistandakı müxalif revanşist-şovinist kəsim də, onun xaricdəki havadarları da bu sualların üstündən sükutla keçirlər. Çünki Azərbaycanın gücünü, qüdrətini, təmkinini etiraf etməyəcək qədər zavallı, miskin və rəzildirlər. Eyni keyfiyyətləri ilə ölkələrinə də oxşar aqibət formalaşdırırlar.  

Qeyd edək ki, bütün vurğuladığımız meyillərlə yanaşı, Ermənistanda Qarabağ ermənilərinin qayıdışı məsələsində nisbətən real düşünənlərə də rast gəlinməkdədir. Bu kəsimin təmsilçiləri bildirirlər ki, hazırda sözügedən məsələni Bakının Qərbi Azərbaycan mövzusunu aktual tutmasının qarşısını almaq üçün gündəmdə saxlamaq lazımdır. Nəzərə alaq ki, Ermənistan ərazisi olan Qərbi Azərbaycandan köçkün düşmüş soydaşlarımızın sayı Qarabağı tərk etmiş ermənilərin sayından ən azı iki dəfə çoxdur. Praqmatik ermənilər bu sayın nə demək olduğunun fərqinə varırlar. Üstəlik, onu da bildirirlər ki, hazırda ermənilərlə azərbaycanlılar arasında düşmənçilik dərinləşdiyindən, bu iki xalqın genetik cəhətdən uyğunsuz olduğuna dair yetkin təsəvvür var. Yəni istənilən halda Azərbaycanda erməninin, Ermənistanda isə azərbaycanlının yaşaması mümkün deyil. Ən azından indi və gələcək illərdə.

Realist erməni siyasi kəsiminin təmsilçiləri bir qədər də həyəcan təbili çalaraq, eyni zamanda ənənəvi şivən ritorikalarını işə salaraq bildirirlər ki, Qarabağ ermənilərinin qayıdışı məsələsindən istifadə yalnız bir baxımdan faydalıdır – guya Azərbaycanın Ermənistanı işğalının qarşısını almaq üçün. Bu təxminən qabaqdangəlmişliyə oxşayır. Amma erməni siyasi düşüncə tərzi üçün təəccüblü məqam sayılmamalıdır.

Əlbəttə, işğal məntiqinin qabardılması tam mənasızdır. Müsbət hal isə odur ki, bu məntiqi qabardanlar ölkəmizin gücünü düzgün dəyərləndirirlər. Necə deyərlər, ilan ulduz görməsə, ölməz.

Qarabağ ermənilərinin bölgəyə qayıtmaları məsələsini irəli sürənlər sırasında ABŞ-nin, İranın, Fransanın, elə Rusiyanın özünün də bəzi rəsmi şəxsləri var. Haqqında söz açdığımız nisbətən mütərəqqi erməni kəsimin təmsilçilərinin sözlərinə görə, sözügedən ölkələr bu məqsədlə hansı əməli addımlar atmağa hazır olduqlarını bildirmirlər, boş-boş danışıqdan o tərəfə keçmirlər. Halbuki mövcud istiqamətdə aydın platformaları olmalıdır. Amma yoxdur.  

Bəli, əvvəldə də diqqətə çatdırdığımız kimi, bəzi qüvvələr sırf Qarabağ erməniləri məsələsində Azərbaycana təzyiq göstərməyə çalışırlar. Ancaq belələri yaxşı bilməli və dərk etməlidirlər ki, ölkəmizə qarşı əks gedişlərin heç biri keçməyəcək. Azərbaycan – Ermənistan sülh gündəminə sərsəm elementlər daxil etmək istəkləri uğur qazanmayacaq. Ona görə ki, rəsmi Bakı mövqeyində qətidir, əmindir. Sülh sazişinin imzalanmasına gəlincə, bu, yalnız İrəvanın üzərinə götürdüyü öhdəlikləri, şərtləri yerinə yetirəcəyi təqdirdə mümkündür.

Ə.CAHANGİROĞLU

XQ

Siyasət