Tehranın İrəvandakı ali diplomatik təmsilçisinə bəzi xatırlatmalar
İranın Ermənistandakı səfiri Mehdi Sobhani “Azadlıq” radiostansiyasına müsahibəsində bildirib ki, Qarabağın erməni əhalisi bölgəni könüllü şəkildə tərk etməyib və ona görə də onların evlərinə qayıtmaları üçün şərait yaratmaq lazımdır.
Əlbəttə, cənab Sobhaninin belə bir məsələyə münasibət bildirməsi maraqlıdır. O anlamdakı ki, hazırda istər Ermənistan hakimiyyəti, istərsə də xaricdəki ermənipərəst dairələr Qarabağ ermənilərinin qayıdışı məsələsi üzərinə fokuslanıblar. Belə təəssürat var ki, onlar Azərbaycanla Ermənistan arasındakı sülh gündəminə yeni element əlavə etməyi düşünürlər. İran səfiri isə bundan xəbərsiz olmaya bilməz. Daha dəqiq desək, xəbərsiz olmamalıdır. O zaman, necə başa düşək? Bir halda ki, ali diplomatik təmsilçilər öz ölkələrinin mövqelərini çatdırırlar, deməli, rəsmi Tehran da haqqında söz açdığımız dairələrin düşərgəsindədir? Suala birmənalı cavab vermək doğru sayılmaz. Hadisələrin axarını gözləmək lazımdır. Amma hələlik cənab Sobhaninin başqa nələri dilə gətirdiyinə diqqət yetirməklə, səfirin siyasi menyusu üçün də bəzi xatırlatmalar etməyi düşünürük.
Bəli, İranın Ermənistandakı səfirini, müəyyən mənada, haqlı saymaq mümkündür. Çünki Qarabağ erməniləri bölgədən könüllü surətdə çıxmayıblar. Elementar məntiq var. Heç kəs öz yaşadığı evi qoyub getmək istəməz. Otuz il əvvəl azərbaycanlılar da doğma yurd-yuvalarını tərk etmək istəməmişdilər. Ancaq... Deməli, əsas məsələ, əsl həqiqət ayrı-ayrı nüanslarda gizlənir, yaxud gizlədilir. Ortaya isə tamam başqa - haqsız və ədalətsiz mənzərə çıxarılır. Görəsən, Sobhani bu mənzərənin harasındadır?
Birincisi, Qarabağın erməni sakinləri ərazidən Ermənistan hakimiyyətinin və hazırda canını tapşırmış Qarabağdakı sabiq separatçı rejim rəhbərliyinin təhriki ilə uzaqlaşıblar. O zaman hər şey aydın idi. Rəsmi İrəvan və onun havadarları Qarabağ məsələsini, belə demək mümkünsə, erməni avantürizminin niskilinə çevirib, etnik təmizləmə şousu yaradıb Azərbaycana qarşı anti-təbliğat aparmağı düşünürdülər və planlarını reallaşdırdılar da. Onlar hesab edirdilər ki, əgər Qarabağ ermənisizləşdirilsə bu, rəsmi Bakıya qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə əsas verəcək. Beynəlxalq təzyiq isə ona görə lazım idi ki, Qarabağın erməni əhalisinə xüsusi status verilsin. Elə bir status ki, ölkəmizin konstitusyon quruluşunu heçə saymaq, şübhələndimək mümkünləşsin. Lakin həmin vaxt bu istək yerinə yetmədi. Yəni, avantüra beynəlxalq dəstək qazanmadı.
İkincisi, konstitusyon quruluşundan söz düşmüşkən, Azərbaycan 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Buna ən sonda gedildi. Rəsmi Bakının Qarabağ ermənilərinin ölkəmizə inteqrasiyası ilə bağlı təkliflərinə, çağırışlarına məhəl qoyulmayanda, başqa çıxış yolu qalmadı.
İkincisi, konstitusyon quruluşundan söz düşmüşkən, Azərbaycan 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Buna ən sonda gedildi. Rəsmi Bakının Qarabağ ermənilərinin ölkəmizə inteqrasiyası ilə bağlı təkliflərinə, çağırışlarına məhəl qoyulmayanda, başqa çıxış yolu qalmadı.
Yada salaq ki, antiterror tədbirlərindən sonra da Azərbaycan dövləti Qarabağ ermənilərini bölgədən uzaqlaşmamağa, ölkəmizin vətəndaşlığını daşımağa səslədi. Bu təklifə də məhəl qoyulmadı və bölgədən kütləvi köç başlandı. Yəni ki, Qarabağ erməniləri ölkəmizin çağırışını deyil, Ermənistan iqtidarının tələbini yerinə yetirdilər. Dolayısı ilə rəsmi İrəvanın alətinə çevrilməyə razılıq vermiş oldular. Əsl mahiyyət budur və cənab Sobhani də fikir bildirərkən məsələni nəzərə almalıdır. Bəli, səfir nəzərə almalıdır ki, mövzuya dair hansısa açıqlama, daha doğrusu, Qarabağ ermənilərinin evlərinə qayıtmaları xüsusundakı fikir ənənəvi surətdə gündəmə gətirilən “Qarabağda etnik təmizləmə” kimi saxta klişeyə xidmətdir. Axı ortaya adi sual çıxır: Qarabağ erməniləri getmişdilərsə, niyə qayıtmaq istəyirlər? Elə əvvəldən qalıb evlərində yaşaya bilərdilər və yaşayanlar da var.
Doğrudur, İranın Ermənistandakı səfiri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edir. Ancaq: “Bizim Qarabağ sakinlərinin hüquqları ilə bağlı mövqeyimiz aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və bunu vurğulayırıq. Lakin eyni zamanda hesab edirik ki, Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir. Bu sual yara kimidir və yaranın sağalması lazımdır. Əgər yara sağalmasa, bəlkə yenidən açılacaq. Ümid edirik ki, Qarabağ sakinləri evlərini tərk etmək məcburiyyətində qaldıqları kimi, onların könüllü olaraq öz evlərinə qayıtmaları üçün də şərait yaradılacaq”.
M.Sobhaninin yara məntiqini anlamaq çətindir. Hesab edirik ki, cənab səfirin diqqətinə yalnız bir müqayisəni çatdırmaqla onun da baxış bucağını yeniləmək mümkündür. Götürək, İranda yaşayan qeyri millətləri. Onların sayı kifayət qədər çoxdur. Həmin millətlərin hər biri İran konstitusiyasına hörmətlə yanaşır və yanaşmağa borcludur. Çünki ölkənin vətəndaşlarıdırlar. O zaman sual yaranır: Qarabağın erməni sakinləri İranın ərazi bütövlüyünü tanıdığı Azərbaycanın vətəndaşı olmağa hazırdırlarmı? Nə zamansa hazır olublarmı? Ölkəmiz nə vaxt onların hüquqularını pozdu ki, ərazini tərk etmək qərarına gəldilər? Əgər rəsmi Bakı insan hüquq və azadlıqlarına hörmətsizlik kontekstində Qarabağın erməni sakinlərinə qarşı hansısa xoşagəlməz hərəkət reallaşdırsaydı, o zaman cənab Sobhaninin fikirlərini haradasa haqlı saymaq olardı. Hələ hər bir dövlətin özündə baş qaldıran asiliyə münasibətdə tədbir görmək hüququnu qabardıb, İranda kütləvi iğtişaş törətdiyi iddia edilənlərə qarşı nə üçün sərt tədbirlərin reallaşdırıldığını mübahisələndirmirik. Biz mübahisələndirmədiyimiz kimi, Tehran rəsmisi də eyni cür davranmalıdır.
Digər tərəfdən, M.Sobhani Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təminatının zəruriliyini qeyd edərək belə deyib: “Təbii ki, onların ərazidən çıxmalarının əsas səbəbi özlərini təhlükəsiz hiss etməmələri olub. Qaçqınlar gələndə mən şəxsən Qarabağ camaatı ilə əlaqə sax ladım. Qafana getdim, onlarla söhbətləşdim, dedilər ki, “öz istəyimizlə evimizi tərk etməmişik”. Heç kim evini könüllü tərk etmir. Onlar özlərini təhlükəsiz hiss etmədiklərini və bu səbəbdən evlərindən çıxdıqlarını bildiriblər. Onlar könüllü gəlməyiblər, amma ümid bəsləyirik ki, evlərinə könüllü qayıtmaları üçün şərait yaradılacaq”.
İndi nə edək? Cənab Sobhaninin diqqətinə Qarabağ ermənilərinin ərazidən çıxarkən Azərbaycanın media orqanlarına açıqlamalarınımı çatdıraq? Axı bu adamlar bölgəni öz xoşları ilə tərk etdiklərini bildirirdilər. Azərbaycanın hakimiyyət orqanları bir yana, onlar heç Ermənistan hakimiyyətinin də bu məsələdə hansısa məcburedici rol oynadığını dilə gətirmirdilər. Əgər həqiqətən də dözülməz durum var idisə, danışardılar, fikirlərini bölüşərdilər. Bunu etməyib, sonra Qafanda Sobhaniyə nə isə deyiblərsə, məsələ ilə bağlı fikir bildirmək qəlizləşir. Başqa bir sual yaranır: Qarabağın erməni əhalisinin təhlükəsizliyini hansı tərəf təmin etməlidir? Hər halda Sobhani bildirmir ki, missiyanı gerçəkləşdirməli olan Azərbaycan hakimiyyətidir. Məsələn, o açıq-aşkar deyə bilər ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna görə hesab edir ki, Qarabağ erməniləri rəsmi Bakının təhlükəsizlik təminatlarına etibar etməlidirlər. Məgər İran əhalisinin təhlükəsizliyinin təminatçısı rəsmi Tehran deyil? Əlbəttə ki, Tehrandır, ümumən İranın hakimiyyət orqanlarıdır. Elə isə olmazdımı ki, cənab Sobhani diplomatik mücərrədçilikdən uzaq dayanaydı? Görünür olmazmış.
Olmazmış və mövcud durumda İranın Ermənistandakı səfiri erməni avantürizminin ənənəvi anti-Azərbaycan ritorikasının elementlərinə siyasi sərmayə yatırmış ampluasında görünür. Belə bir sərmayə Tehrana lazımdırmı və ya nə dərəcədə lazımdır? Yaxud nə üçün lazımdır? Əslində, suallar çoxdur. Cənab Sobhaniyə ünvanlanmış suallar da həmçinin. Onlarda birini diqqətə çatdıraq. Məsələn, səfirdən soruşulur ki, Qarabağ ermənilərinin təhlükəsiz şəraitdə yaşamaları üçün onlara müəyyən dərəcədə muxtariyyət verilməsinə necə yanaşır? Təsəvvür edin ki, suala bir qədər fərqli qoyuluşda Azərbaycanın Tehrandakı səfiri cavab verir. Yəni, İranda milli azlıqlara muxtariyyət verilməsi məsələsinə münasibət bildirir. Belə şeyə münasibət bildirmək absurd deyilmi? Ancaq cənab Sobhani sualı absurd saymır və guya diplomatiliyini qoruyaraq deyir ki, məsələ ilə bağlı danışıqlar və dialoq aparılmalıdır. “Orada şərait necə olursa-olsun, bununla bağlı dialoq və danışıqlar aparılmalıdır. Onlar qərar versin, siz yox. Düşünürəm ki, onlar danışıqlar aparmalıdırlar”, - deyən səfirin danışıqların kimlər arasında və kimlər tərəfindən aparılmalı olduğu barədə dəqiqləşdirici suala cavabı da mücərrəddir: “Bunun necə başlaması iki tərəf arasında razılaşma məsələsidir. Məqsəd sizin qeyd etdiyiniz təhlükəsizlik və onların (Qarabağ ermənilərinin – red.) hüquqlarını qorumaq olmalıdır”.
Bəli, məlum deyil ki, Sobhaninin tərəf paradiqmasında dayanan kimlərdir? Ancaq bir şey aydındır ki, İranın Ermənistandakı səfiri ortaya konkret mövqe qoymamaqla, ümumən həm erməni avantürası üçün illüziya verir, həm də ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət kateqoriyasına mənasız, beynəlxalq hüquqa zidd alt kateqoriyalar gətirir ki, bu isə qətiyyən yolverilməzdir. İnanaq və arzulayaq ki, cənab Sobhani növbəti dəfə “Azadlıq “ radiosunun mikrafonu qarşısına çıxanda siyasi manipulyasiyalar üçün alət ola biləcək, ölkəsinin mövqeyini şübhə altına alacaq fikirlərin işlədilməsindən uzaq dayanacaq.
Ə.RÜSTƏMOV
XQ