ABŞ siyasi “olimpi”nə atılan güllə

post-img

Sui-qəsd Donald Trampın qələbə şansını artırır

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsd cəhdi Amerikanı şoka salıb. Bu hadisənin siyasi nəticələri hələ də qiymətləndirilməyib. Hələlik onu demək olar ki, son hadisə cənab Trampın populyarlığını artıracaq. Demokratlar isə seçki kampaniyasını yenidən qurmağa məcbur olacaqlar. Çünki Donald Tramp əvvəllər reytinqdə Cozef Baydeni ötüb və indi isə onun üçün tamamilə əlçatmaz ola bilər.

Sabiq prezident Donald Tramp iyulun 13-ü axşam saatlarında Pensilvaniya ştatının Batler şəhərində növbəti təşviqat aksiyası keçirib. Bu zaman siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən uzaqlaşdırılıb. Səhnəni tərk edərkən də cənab Tramp özünü itirməyib, üç dəfə yüksək səslə “döyüşün” sözünü qışqırıb və yumruğunu havaya qaldırıb. ABŞ-da əmindirlər ki, bu jest indi onun seçki kampaniyasının simvoluna çevriləcək. Prezident Co Bayden sələfi ilə danışıb və seçkilərdəki rəqibinin yaxşı olduğunu açıqlayıb. Bundan başqa, Co Bayden Donald Trampın təhlükəsizliyinin gücləndirilməsi barədə Məxfi Xidmət rəhbərinə göstəriş verdiyini bildirib.

Sonradan məlum oldu ki, atəş açan şəxs 20 yaşlı ağdərili amerikalı Tomas Metyu Kruksdur. Maraqlıdır ki, cinayəti törədən şəxs Respublikaçılar Partiyasının seçicisi kimi qeydiyyatda olsa da, eyni zamanda, bir dəfə demokratlara ianə göndərib və bir gün əvvəl sosial şəbəkələrdə cənab Trampa nifrət etdiyini bildirib. Cinayətkar səhnədən təxminən 140 metr aralıda yerləşən binalardan birinin damında gizlənib və bir neçə KİV-in məlumatına görə, hüquq-mühafizə orqanları onu əvvəlcə “öz həmkarlarından biri” kimi qəbul ediblər. Məhv edilən 20 yaşlı amerikalının siyasi motivləri hələ məlum deyil, amma onun hüquq-mühafizə orqanlarında çalışmadığı dəqiqdir. Kruksun qocalar evində işlədiyi də qeyd edilir.

Gözlənildiyi kimi, cinayət artıq bir çox sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb olub. Onların da hamısı hadisənin baş verdiyi şəraitə (tüfənglə silahlanmış cinayətkar hansısa yolla Trampın atəş məsafəsinə yaxınlaşa bilib) və atıcının şəxsiyyətinə əsaslanır. Nə hüquq-mühafizə orqanları, nə də mətbuat hələ ki, Kruksun motivləri haqqında anlaşılan heç nə deyə bilmir. Hələlik məlum olan budur ki, 20 yaşlı cinayətkar əvvəllər heç bir cinayət hadisəsi törətməyib və hər hansı bir radikal qrupa daxil olmayıb. Psixoloji problemlərinin olub-olmadığı da dəqiq bilinmir. 

Cinayətkarın baxışları haqqında da məlumatlar ziddiyyətlidir. O, bir tərəfdən Respublikaçılar Partiyasının qeydiyyatda olan seçicisi olub və cinayətə respublikaçılara yaxın bir YouTube kanalının simvolları olan köynək geyinərək gedib. Digər tərəfdən, dörd il əvvəl Kruksun ActBlue təşkilatına 15 dollar bağışladığı da məlumdur. O, Demokratlar Partiyasının sol (proqressiv deyilən) qanadının, yəni Trampın və “trampizm”in qatı əleyhdarlarının təşəbbüslərini dəstəkləyib. Əgər məlum olsa ki, Kruks dörd il əvvəlki siyasi üstünlüklərinə sadiq qalıb, bu, respublikaçılara böyük hədiyyə olacaq. Onların bəziləri artıq bu cinayətdə demokratları günahlandırırlar. Republikaçılar iddia edirlər ki, demokratlar Donald Tramp barədə cəmiyyətdə mənfi rəy yaradıblar. 

İstənilən halda, respublikaçı senator Derrik Van Ordenin də dediyi kimi, cənab Tramp hücumdan sağ çıxdı və “yenicə seçkiləri qazandı”. Bu mühakimə ilə yalnız sabiq prezidentin tərəfdarları deyil, həm də ekspert icmasının nümayəndələrinin böyük əksəriyyəti də razılaşırlar. Kampaniyanın demək olar ki, bütün aktiv hissəsində səsvermələrdə Co Baydeni qabaqlayan və 27 iyunda demokrat üçün fəlakətli debatdan sonra üstünlüyünü artıran respublikaçı iyulun 13-də də “əzabkeş, qurban” statusu qazandı.

İndi demokratlar seçki kampaniyasını bundan sonra necə aparacaqlarını düşünürlər. NBC telekanalı öz mənbələrinə istinadən iddia edir ki, sui-qəsd cəhdindən sonra Demokratlar Partiyası prezidentliyə namizədin mümkün dəyişdirilməsi ilə bağlı danışıqları təxirə salmaq qərarına gəlib. Ola bilsin ki, bu, Baydenin mövqeyini gücləndirmək üçün nəzərdə tutulmuş qəsdən sızmadır. İstənilən halda “əzabkeş, sistemə qarşı mübarizə aparan” Donald Trampı məğlub etmək çox çətin olacaq.

Əlbəttə, hadisə Amerikanı təşvişə saldı. ABŞ-ın siyasi elitasının sui-qəsd cəhdinə birmənalı şəkildə reaksiya verməsi də bu fikri təsdiqləyir. Digər tanınmış demokratlar, o cümlədən sabiq prezident Barak Obama, Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi, Aşağı Palatada azlıqların lideri Hakim Ceffris və Senat çoxluğunun lideri Çak Şumer də Donald Trampa sui-qəsd cəhdini pisləyiblər. Eks-prezidentin Respublika Partiyası daxilindəki siyasi rəqibləri də kənarda qalmayıb. Belə ki, Donald Trampı Ağ Evin sabiq rəhbərinin sonuncu praymerizdə əsas rəqibi Nikki Heyli dəstəkləyib. Hətta cənab Trampın prezidentliyi dövründə vitse-prezident vəzifəsini icra edən və münsibətləri korlanan Mayk Pens də respublikaçı namizəd üçün dua etdiyini və hər bir amerikalını duaya qoşulmağa çağırdığını bəyan etməyə tələsib. 

Sui-qəsd cəhdi beynəlxalq arenada da ciddi reaksiyaya səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında paylaşımında hadisəni pisləyib: “Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”. Digər dövlət başçıları və liderləri də Batlerdəki hadisəyə mənfi münasibətlərini sərgiləyiblər. Hətta Rusiya da siyasi mübarizədə silahlı zorakılığa yer olmadığını açıqlayıb. 

S.ELAY

XQ

Dünya