Ölkəmizin işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işləri sürətlə davam edir. Ötən müddətdə regionda yaradılmış əlverişli biznes mühiti dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələrin reallaşdırılması üçün geniş imkanlar yaradıb. Bunun da nəticəsində biznes subyektlərinin bölgəyə marağı getdikcə artır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il iyulun 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 4978, fərdi sahibkarların sayı isə 91 min 881 təşkil edib. Ötən müddətdə Qarabağ iqtisadi rayonu üzrə 3791 mikro, 186 kiçik, 84 orta və 7 iri sahibkarlıq subyekti qeydə alınıb. Şərqi Zəngəzur iqtisadi rayonunda isə 835 mikro, 50 kiçik, 20 kiçik və 5 iri sahibkarlıq subyekti mövcud olub. Bu ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 86 min 373, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5508 təşkil edib.
Yeri gəlmişkən, azad edilmiş ərazilərdə həyata keçirilən reinteqrasiya tədbirləri, yaşayış məskənlərində infrastrukturun yenilənməsi əhalinin öz yurdlarına geri dönməsinə imkan yaradıb. Artıq keçmiş məcburi köçkün ailələr mərhələli şəkildə qədim Azərbaycan yurdu Xankəndi şəhərinə və ətraf rayonlara qayıdırlar. Bununla yanaşı, bölgədə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün yaradılmış əlverişli imkanlar iş adamlarını bu fürsətdən lazımınca yararlanmağa sövq edir.
Ötən şənbə günü Xankəndi şəhərində keçirilmiş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən iqtisadi məsələlər üzrə işçi qrupun növbəti iclasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülən bərpa-quruculuq işləri, burada reallaşdırılan layihələr barədə ətraflı məlumat verilib.
İclasda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini, işçi qrupun rəhbəri Elnur Əliyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində kompleks proqramların, genişmiqyaslı bərpa və quruculuq tədbirlərinin, o cümlədən infrastruktur layihələrinin icra olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə görülən işlər, o cümlədən vergi və gömrük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər güzəştlər özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunu artıracaq.
Nazir müavini deyib ki, bir sıra stimullaşdırıcı alətlər və güzəştlər Qarabağla yanaşı, regionda təhlükəsiz və layiqli həyat səviyyəsinin formalaşdırılmasına, sosial-iqtisadi potensialın xalqın rifahı naminə səmərəli istifadəsinə, xüsusilə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə, elmin və biliktutumlu sahələrin inkişafına, əmək məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsinə, məşğulluğun artırılmasına təkan verəcək.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov işçi qrupun iclasında yaşayış məskənlərində infrastrukturun bərpası və yenidən qurulması, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi prosesi barədə məlumat verib. Onun sözlərinə görə, bölgədə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar var və iş adamları biznes fürsətlərindən lazımınca yararlana bilərlər. Xankəndi şəhərində və ətraf rayonlarda sahibkarlar tərəfindən müxtəlif istiqamətlər üzrə layihələrin icra olunduğu və bu layihələrdə əsasən qayıdışı həyata keçirilən əhalinin çalışdığı vurğulanıb.
Tədbirdə, həmçinin işçi qrupun digər üzvləri tərəfindən təmsil etdikləri qurumların işğaldan azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyasi məqsədilə gördüyü işlər barədə məlumatlar təqdim olunub.
İclasda işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun təmin olunması istiqamətində müzakirələr aparılıb, zəruri tədbirlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, bir qədər əvvəl Şuşada 100-dən çox sahibkarın, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda keçirilən tədbirdə özəl sektor nümayəndələrinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanları və biznes perspektivləri təqdim edilib, dövlət-özəl sektor əməkdaşlığı modeli üzrə müzakirələr aparılıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin biznes imkanlarına həsr olunmuş tədbirin iştirakçıları Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar. Tanışlıq zamanı Xankəndinin tarixi, burada görülən bərpa işləri və şəhərin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlər haqqında sahibkarlara və müvafiq dövlət qurumlarının nümayəndələrinə məlumat verilib. Bildirilib ki, işğal vaxtı separatçılar tərəfindən xarici görünüşü dəyişdirilmiş tikililərin əvvəlki siması qaytarılır, binalarda bərpa işləri aparılır, eləcə də biznes fəaliyyətinin genişləndirilməsi tədbirləri görülür.
Bununla yanaşı, Xankəndi şəhəri ilə tanışlıq çərçivəsində istehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib.
XQ