Azərbaycanla sülhə gəlməyə tələsməyən Ermənistan kənar asılılıqdan qurtulmalıdır
Əvvəl başa salmağa çalışdıq. Anlamadılar. Sonra tarixi sənəd-sübutları, xəritələri qarşılarına qoyduq. Cığallıq etdilər. Kənardan dedilər, sözdə razılaşdılar, özlərini dinə-imana gəlmiş kimi göstərdilər, amma yenə tərsliklərindən əl çəkmək istəmədilər.
İndi tələb edirik! Nəyi tələb edirik? Konstitusiyalarını dəyişdirmələrini. Bəli, Hayastanın baş qanununda qonşularına – Azərbaycan və Türkiyəyə ərazi iddiaları yer alır. İndi də sülh danışıqlarında “diplomatik balans” yaratmaq üçün bizim qanunlarımızla paralellik axtarırlar. Amma bir şey tapa bilmirlər. Əgər Ermənistanın qanunvericilik aktlarında ərazi iddiası yazılıbsa, bu, artıq, onların dediyi kimi, nə daxili məsələdir, nə də şəxsi. İctimai məsələdir. Həm də beynəlxalq ictimaiyyətin bildiyi və qınadığı məsələ. Əslində, müharibələrdə qalibə verilən bu hüququ biz müəyyən etməmişik və onu dəyişmək səlahiyyəti də təkcə bizə aid deyil...
* * *
İkinci tələbimiz: Azərbaycanın əsas hissəsindən Naxçıvana birbaşa əlaqə yolu açılmalıdır. Daha doğrusu, əvvəllər mövcud olmuş Zəngəzur dəhlizi işə düşməlidir. Bu, sadəcə, ölkəmizin milli maraqları və ərazi təhlükəsizliyi ilə bağlı məsələ deyil. Bu, regional sabitlik və insanların və malların maneəsiz hərəkəti deməkdir. Məgər bizim bu tələblərimizdə Ermənistanın hansısa hüquqlarının tapdanması, yaxud maraqlarına etinasızlıq var? Buna görə Azərbaycanın üstünə gələn kənar aktorlar tamamilə ədalətsizlik və tərəfkeşlik edirlər. Azərbaycanı maksimalizmdə qınayırlar. Xeyr, biz maksimalist deyilik. Əgər olsaydıq, İkinci dünya müharibəsinin qaliblərinin faşist Almaniyasının boynuna yüklədiklərini biz də Ermənistandan tələb edərdik. Bakı bunu etmir, çünki ədalətli sülhün, üzləşdiyi haqsızlıqlara baxmayaraq, əməkdaşlığın tərəfdarıdır.
İndi rəsmi İrəvan sərhədlərin açılması üçün Ankaraya minnətçi düşüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini istisna etməyib. Türkiyə lideri bu barədə iyulun 9-11-də ABŞ-da keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamasında bildirib. “Biz niyə sərhədin açılması məsələsinə baxmayaq? Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana bu barədə hər şeyi söylədik. İndi sülh üçün hər şeyi etməliyik. Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi Azərbaycan və Ermənistan arasında tezliklə davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır. Biz bu yolda pozitiv qərarların gecikmədən qəbul edilməsini istəyirik. İndi bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlərə səbəb olacaq”, – deyə Ərdoğan qeyd edib. Bundan başqa, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian ilə telefon söhbətini yada salan R.T.Ərdoğan vurğulayıb: “Sadəcə onu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdim. Zəngəzur dəhlizi hər kəsə, xüsusilə Azərbaycan, Ermənistan və İrana fayda verəcək strateji marşrutdur. İran və Azərbaycan hiss edəcəklər ki, dəhliz, dəmir yolu xətti işə düşəndə onlar üçün daha asan olacaq”.
* * *
Göründüyü kimi, qardaş Türkiyənin sülhə, barışıqdan sonra atılacaq addımlara müasibətdə mövqeyi dəyişməyib. İndi bütün gözləntilər İrəvana yönəlib. Sülhə aparan yolun üstündə həllini gözləyən problemlərdən biri də anklavlarla bağlıdıfr. Söbhət bir güllə atılmadan Azərbaycanın yurisdiksiyasına qaytarılan Qazaxın 4 kəndindən getmir. Onlardan savayı, daha 4 anklav kəndimiz hələ də işğaldan azad olunacağı günü gözləyir. Azərbaycan bu məsələdə də ədalət prinsipinə söykənir. İrəvanın bu anklavların geri qaytarılması ilə Ermənistanın Gürcüstanla yolunun bağlanacağı, eləcə də İranla kommunikasiyalara nəzarət etməyə imkan verməyəcəyi barədə dedikləri heç bir əsasi olmayan iddialardır. Yaxud, Ermənistan hakimiyyətinin “Azərbaycan bizim oksigenimizi hər an kəsə biləcək” qorxusu da sağlam məntiqdən uzaq siyasi avantüradır. Azərbaycan oksigeni yalnız Ermənistanın təcavüzü və ya onun silahlı birləşmələrinin ərazi bütövlüyümüzə təhlükə yaradan zirehli və digər texnikasının sərhədə toplanması halında kəsə bilər.
Bu məqamda Ermənistan parlamentində iqtidardakı “Mülki müqavilə” fraksiyasının üzvü Lusina Badalyanın çıxışına diqqət yetirməyimiz yerinə düşər. Badalyanın çıxışının oxucularımız üçün maraqlı olacağını düşünərək, onun dediklərini olduğu kimi təqdim edirik: “Mən Kirantsda tək gəzdim. Orada həm erməni, həm də Azərbaycan sərhədçilərini gördüm və heç bir təhlükə hiss etmədim”. “Yüz dəfə eşitməkdənsə bir dəfə görmək məsləhətdir” kəlamına riayət edən erməni deputatın bu açıqlaması, ilk növbədə, daşnak-revanşist əhval-ruhiyəli haylara görk olmalıdır. Əgər Azərbaycan əsgərinin yanından keçən erməni qadın heç bir təhlükə hiss etmirsə, bəs kişiləri nədən qorxurlar?
* * *
Sülh danışıqlarının indiki həlledici mərhələsində Ermənistanın iradəsizliyi və inadkarlığı tamamilə başa düşüləndir. İntəhası, bu inadkarlıq ona heç cür haqq qazandırmır. İrəvan düşünür ki, sülh danışıqlarında bu cür davranışı ilə Bakının ədalətli tələblərinin “yumşaq zolağa” salınmasına nail olacaq. Bu zaman fərqinə də varmır ki, vaxtın uzanması onun itirdiklərinin sayını artırır. Daha konkret desək, hayların inadkarlığı uzandıqca, bizim də tələb və iddialarımız kəskinləşəcək. Adətən, müharibədən sonra məğlub tərəfin qalibin şərtləri ilə sülh müqaviləsi bağlamaq istəməməsi, belə məntiqi qənaəti formalaşdırır ki, müxtəlif bəhanələrlə sülhdən qaçan revanş görürəcəyinə, qisas alacağına ümid bəsləyir. Paşinyan iqtidarının son davranışları Bakıya bu versiyadan şübhələnmək üçün hər cür əsaslar verir. Bax onda qalib Azərbaycan məğlub Ermənistanın qarşısında əlavə tələb qoya və onu indikindən daha ağır şərtlərlə danışıqlar masasına oturtmağın alternativ yolları barədə düşünə bilər.
Tofiq ABBASOV,
siyasi şərhçi
– Sülh sazişini imzalaması üçün Ermənistan hakimiyyətinin siyasi qətiyyəti olmalıdır. Açıq deməliyik ki, indi İrəvan iqtidarı başını itirib. Bilmir kimi eşitsin: Vaşinqtonu, Brüsseli, Moskvanı, yoxsa Parisi? Yəni, ona hər tərəfdən təzyiq edilir. Azərbaycanın ondan üstünlüyü ondadır ki, sağa-sola baxmırıq, qərarlarımızı özümüz veririk. Bu baxımdan, təəssüflə qeyd etməliyik ki, Ermənistan satellit bir məmləkətdir. Doğrudur, Nikol Paşinyan bəzi hallarda, bir növ, qeyrətə gəlir, amma atacağı addıma Şimaldan, Cənubdan, Qərbdən hansı reaksiyanın olacağını nəzərə almağa məcburdur. Gördüyümüz budur ki, Paşinyan “misqal-misqal” prinsipi ilə irəliləməyə çalışır. Sərhədin həmin on yeddi kilometrlik hissəsinin delimitasiyası ilə bağlı ona nə dərəcədə təzyiqlərin edildiyini bilirik. Məhz bu səbəbdən birdən və böyük qərarı qəbul etməkdə çətinlik çəkir. Onun özündən bədgümanlığı da var, hakimiyyətini itirmək qorxusu da. Bizə elə gəlir ki, əgər Paşinyan, həqiqətən də, cəmiyyətə konstitusiyada dəyişikliyin edilməsi ilə bağlı müraciət etsə, desə ki, ərazi iddialarından əl çəkirik, Azərbaycan və Türkiyə ilə barışıq, eləcə də Zəngəzur dəhlizinin açılması qaçılmazdır, bu zaman onun üzləşdiyi bütün problemlərin müqəddəratı bəlli olacaq. Bu prosesdə qalib gələcəyimizə əminik. Bakının gündəmə gətirdiyi məsələlər mütləq öz həllini tapmalıdır.
Birinci dəhlizin açılması, yoxsa sazişin imzalanması variantı o qədər də prinsipial məsələ deyil. Əsas odur ki, bunların baş verməsi üçün İrəvanın mövqeyi şəffaf, məramı sağlam olsun. İrəvan, nəhayət, anlamalıdır ki, qarşıdurma, nifrət siyasətinin resursları tükənib və çıxış yolu yalnız Azərbaycan və Türkiyə ilə barışıqdan keçir. Yəqin NATO-nun Vaşinqton Sammiti çərçivəsindəki görüşdə də bu barədə söhbətlər olub.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
– Azərbaycan torpaqları işğal altında olanda Türkiyənin mövqeyi birmənalı olaraq belə idi ki, işğal davam etdiyi təqdirdə Ankara Ermənistanla sərhədi açmayacaq və onunla diplomatik münasibətlər qurmayacaq. Bu mövqeyi neçə illər bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışında bəyan edib. Amma torpaqlarımız işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev Azərbaycanın problemi həll etdiyini və Ermənistanla müünasibətləri məsələsində Ankaranın qərarını verməkdə sərbəst olduğunu söylədi. Fəqət, buna baxmayaraq, Ərdoğan Türkiyənin Azərbaycanla Strateji Müttəfiqliyə sadiqliyini nümayiş etdirdi. Bu, o deməkdir ki, həm Rəcəb Tayyib Ərdoğan, həm də Xarici işlər naziri Hakan Fidan ən yüksək tribunalardan bildiriblər ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması, diplomatik əlaqələrin bərpası üçün İrəvan Bakı ilə sülh sazişini imzalamalıdır. Yəni, Ermənistana mesaj verilib ki, sülh əldə olunmayınca bu məsələlər öz həllini tapmayacaq.
Doğrudur, Türkiyə və Ermənistan arasında, xüsusi nümayəndələrin vasitəsilə, müəyyən danışıqlar aparılır. Faktiki olaraq, indi “top” Ermənistanın siyasi meydanındadır. İrəvan iqtidarının da dediyi kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmağın yeganə yolu Bakı ilə sülhə gəlməkdir. Bunsuz Ermənistan qonşuları ilə münasibətləri normallaşdıra bilməyəcək.
Əgər Ermənistan Orta dəhliz kimi böyük layihələrdən kənarda qalmaq istəmirsə, sülh prosesini sürətləndirməlidir. Azərbaycan bu dəhliz olmadan da yüklərini Avropaya daşıyır. Çin də, ABŞ da Orta dəhliz ideyasını dəstəkləyirlər. Yəni, bu məsələlərdə Ermənistan yenə gecikir. Azərbaycanın Araz dəhlizi barədə İranla da razılaşması var. Zəngəzur dəhlizi açılmasa belə, biz Araz variantını işə salacağıq. Bu isə Ermənistanın ziyanına olacaq. Ona görə Paşinyan tələsməldir.
İmran BƏDİRXANLI
XQ