Simulyasiyalar Ermənistana növbəti bədbəxtlik gətirəcək

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

“Simulyasiya” latın sözüdür. Görüntü ya­ratmaq mənası verir. Məqsədli şəkildə yalan fəaliyyətlərin tərkib hissəsi olan bu addım ki­minsə özünü zərərdidə kimi göstərmək cəh­didir. Bu ənənə çoxdan mövcuddur və bütün ölkələrdə qeydə alınıb. Ancaq həmin mənfi tendensiya indi cəmiyyət həyatının, demək olar ki, bütün sahələrində özünü göstərir. Məsələn, Kolumbiyada həbsxanadan qaçış planı hazırlayan məhbuslar “kütləvi şəkil­də zəhərlənirlər”. Avropada “Ukraynaya dəstək” adlı təşəbbüslər irəli sürülür və Kiyev meydanda tək qalır. Futbolda rəqib qapıya penalti təyin etdirilməsi məqsədilə hücumçu özünü yerə çırpır və sair. 

Siyasətdə isə bu fəaliyyətin ən “parlaq nü­munələrini” Ermənistan yaradır. İki – üç ildir ki, Rusiya hərbçilərinin Ermənistandan getməsini tələb edən İrəvan rəhbərliyi Ukraynanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarılan “Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansi­yasının ərazisindən çıxarılsın” adlı qərarın əleyhinə səs verdi. Bu, nə düşüncədir? “Rus hərbçiləri bizim ölkədən çıxarılsın, Ukrayna ərazisindən isə çıxarıl­masınlar”. Anlamaq olmur ki, Ermənistan rəhbərli­yinin bu simulyasiyası siyasətdə piyadalıqdır, yoxsa, hansısa məqsədləri var.

Öz işləridir. Biz qarışmırıq. Ancaq bu gün Ermə­nistanın elə simulyasiyaları var ki, biz mütləq reak­siya verməliyik. Məsələn, bir neçə gün bundan əvvəl baş nazir Nikol Paşinyan Ermənistanın konstitusiya günü ilə bağlı müraciətində deyib ki, ölkəsinin “xalq tərəfindən hazırlanacaq” yeni konstitusiyaya ehtiya­cı var. Lap yaxşı. Amma əlavə edib ki, əsas qanuna ediləcək dəyişikliklər 2026-cı ilin sonunadək başa çatdırılmalıdır. Yəni, o, Azərbaycanla imzalanacaq sülh sazişinin ərsəyə gəlməsini daha iki il sonraya saxlamağa çalışır. Həm də bu addım Bakının, Anka­ranın, Moskvanın, Vaşinqtonun və Brüsselin “Sülh müqaviləsi daha tez imzalanmalıdır!” – çağırışları fonunda atılır. Üstəlik, özləri də “həftə səkkiz, mən doqquz” bəyan edirlər ki, Ermənistan sülh müqavilə­si ətrafında danışıqlara tam hazırdır. “Siz kimi alda­dırsınız, Allahın bədbəxtləri?” – deməkdən başqa söz tapmıram.

İrəvanda və bu işğalçı ölkəyə himayədarlıq edən siyasi dairələrdə hamı yaxşı bilir ki, Ermənistan konstiyusiyasındakı məlum maddələr qüvvədə ol­duğu müddətdə Azərbaycan rəhbərliyi heç bir saziş imzalamayacaq. Yəni bizə qarşı ərazi iddiaları olan dövlətlə necə sülh müqaviləsi imzalaya bilərik? İrə­van rəhbərlərinin bu cəfəng düşüncələrinin bircə adı var: simulyasiya.

Bu məqamda xatırladaq ki, İngiltərə Futbol Assosiasiyası simulyasiya edən futbolçulara qarşı ciddi mübarizə aparılması məqsədilə xüsusi qərar qəbul etmişdir. Yəni hakimi aldatmağa cəhd edən futbolçular 2 oyunluq diskvalifikasiya ilə cəzalan­dırılacaq. Üstəlik, simulyasiya predmeti kimi rəqib futbolçunun qırmızı vərəqə almasına və penalti təyin edilməsinə səbəb olan hərəkətlər götürüləcək. Epi­zodları xüsusi komissiya 48 saat ərzində nəzərdən keçirəcək. Komissiyanın tərkibinə sabiq futbolçu, məşqçi və hakimlər də daxil olacaqlar. Bildirilir ki, Şotlandiyada oxşar qayda artıq tətbiq olunur.

Bəs hər yeni ayda yeni simulyasiya fəndi uy­duran Ermənistanı kim cəzalandıracaq? Əlbəttə, heç kim. Biz bu qətiyyətimizi bilavasitə işğalçı Er­mənistanın cəzalandırılması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun 28 illik “hakimlik missi­yasını” rəzilcəsinə “yerinə yetirməsi” zamanı şahidi olduğumuz faktlarla əsaslandırırıq. Həmin hakim­lər qrupu Ermənistanı işğal etdiyi Azərbaycan əra­zilərindən çıxmağa məcbur etmək əvəzinə, Bakını mövcud vəziyyətlə barışmağa çağırırdılar. Nəticədə Azərbaycan Ordusu işğalçıları ölkəmizdən qovdu, siyasət və diplomatiyamız isə Minsk qrupunun riya­kar həmsədrlərini. 

Odur ki, Nikol Paşinyanın növbəti simulyasıya­sı da Ermənistana baha başa gələ bilər. Ekspertlərin fikrincə, onun məlum bəyanatından sonra sülh sazişi ilə bağlı hər hansı bir sənəd, niyyət protokolu, çər­çivə sazişinin imzalanması iki il müddətinə uzana bilər. Azərbaycanın tələbləri tələb yerinə yetirilmə­yincə hər hansı sənədə imza atılmayacaq. “Amma yaxın dövr üçün sülh sazişi ilə bağlı hər hansı bir sənədin imzalanması mümkün olarsa, oraya “Er­mənistan konstitusiyasında və normativ hüquqi akt­larında ərazi iddialarının sıradan çıxarılması təmin edilsin” kimi bir müddəa əlava edilə bilər. Bu halda hansısa sənədi imzalamaq mümkündür. Sözsüz ki, bu ehtimal variant da sual altındadır”.

Fakt isə ondan ibarətdir ki, düşünülməyən ad­dımlar Ermənistana növbəti bədbəxtliklər gətirə bilər. Maraqlıdır ki, bu məntiqi Ermənistan ziyalı­ları da tez-tez dilə gətirirlər. Akop Nersesyan adlı müxalifətçinin bu məzmunlu fikirləri daha aydın­dır: “Azərbaycan Prezidenti nəyi edəcəm deyirsə, onu edir. Üstəlik, Bakı öz dostlarının, tərəfdaşlarının sayını artırmaqdadır. Biz isə burada söz oynatmaqla məşğuluq!”.

Siyasət