ABŞ-nin cidd-cəhdləri və Cənubi Qafqazdakı qeyri-müəyyənlik
Son gününü yaşadığımız həftənin mühüm hadisələrindən biri də Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın növbəti görüşüdür. Nazirlər ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə bir araya gəldilər. Əlamətdar haldır ki, iki Cənubi Qafqaz ölkəsinin baş diplomatları NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə toplantısı çərçivəsində görüşdülər. Hər halda, ortaya çıxan mənzərə Birləşmiş Ştatların sülh vasitəçiliyidir. Yazımız bu barədədir. Ancaq digər məqamları da diqqətə çatdıracağıq.
Birinci məqam. Birləşmiş Ştatlar istər bu görüşlə, istərsə də dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın ötən ayın əvvəlində Ermənistana, sonunda isə Azərbaycana səfərləri ilə sülh vasitəçiliyi missiyasını, bir növ, “dirildib”. Hər halda, Vaşinqtondan gələn təqdimatlar belə deməyə əsas verir. Halbuki, son aylaradək sözügedən vasitəçiliyin tarixin arxivinə göndərildiyinə dair təsəvvür var idi. Təsəvvür Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya üzrə birbaşa danışıqların aparılması ilə möhkəmlənmişdi də. Bu o demək idi ki, tərəflər bütün real nəticələrə yalnız ikili təmaslar müstəvisində gəlirlər. Məsələyə mövcud prizmadan yanaşsaq, Blinkenin təşəbbüsü ilə keçirilmiş görüşün konkret nəticəsi yoxdur. Ortada olan ABŞ-nin canfəşanlığıdır ki, onun da məqsədlərini C.O'Brayn İrəvanda və Bakıda olarkən açıqlamışdı. O, Azərbaycan-Ermənistan sülhünün vacibliyini qlobal nəqliyyat dəhlizinin işləkliliyi nöqteyi-nəzərdən əsaslandırmışdı. O dəhlizin ki, Ağ ev rəsmilərinin fikrincə, Rusiyanın Cənubi Qafqazdakı təsirini minimallaşdıracaq, geniş perspektivdə isə Kremlin bölgədən tamamilə sıxışdırılmasını təmin edəcək.
İkinci məqam. Bəli, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri iki ölkə arasındakı sülh gündəminin, kifayət qədər, irəlilədiyi vaxtda bir araya gəldilər. Hesab edirik ki, mövcud anlamda dəqiqləşdirilməli və yenidən baxılmalı olan məsələlər var. Nəzərə alaq ki, tərəflərin sülhə gəlməsinə lap az zaman məsafəsinin qaldığı bəyan edilsə də, sülh gündəminin bəzi vacib komponentlərindən söz açılmır. Yəqin elə buna görədir ki, görüşdə sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyiş vurğulanmaqla yanaşı, başlanılmış işi davam etdirmək razılaşdırılıb.
Üçüncü məqam. İşdən söz düşmüşkən, A.Blinkenin özünün də Bayramov-Mirzoyan təması ilə bağlı açıqlaması oldu. O bildirdi ki, son 1 il 6 ay ərzində Azərbaycanla Ermənistan uzunmüddətli sülhün əldə olunması üzrə danışıqlar prosesində mühüm işlər görüb. Heç şübhəsiz, dövlət katibinin dilə gətirdiyi 1 il 6 aylıq müddət Birləşmiş Ştatların təşəbbüsü kontekstindədir. Yəni, Blinken ölkəsinin vasitəçiliyinə fokuslanır. Prinsip etibarilə, həmin vasitəçiliyin qırılmaz və davamlı trayektoriyasının mövcudluğunu vurğulayır. Ümumən isə o, sülh prosesindəki bütün nailiyyətlərin ABŞ-nin köməyi ilə əldə olunduğu üzərində dayanır. Beləliklə, ölkəsinin sülhü dəstəkləyən obrazını canlandırır. Təqdimat nə dərəcədə yerinə düşür, bunu zaman göstərəcək.
Dördüncü məqam. A.Blinkenin Cənubi Qafqazda sülh mövzusu üzrə ölkəsinin həlledici rolunu qabartması baxımından üzərində dayandığı iki nüans var. Birincisi, sülhün region üçün faydalılığının, habelə Azərbaycanın və Ermənistanın ABŞ ilə əlaqələrində misilsiz imkanlar açdığının önə çəkilməsi. İkinci nüans Bakı – İrəvan sülh sazişinin tez bir zamanda imzalanmasının mümkünlüyü kontekstində kollektiv Qərbin deyil, sırf Birləşmiş Ştatların təşəbbüslərinin üstün tutulması. Diqqət yetirək, cənab Blinken bildirdi ki, nizamlanma prosesinin davam etdiyi müddətdə ABŞ həm Avropa İttifaqı, həm də Avropadan olan tərəfdaşları ilə bu prosesə dəstək göstərməyə çalışırdı. “Bu gün isə əldə olunan nəticələrin təhlili üçün imkan yaranıb. Bütün öhdəliklərimizə əsaslanaraq deyə bilərəm ki, xüsusilə son həftələrdə hər iki tərəf yekun sülh razılaşmasını imzalamağa yaxındır. Bu müqaviləni ABŞ da qeyd-şərtsiz dəstəkləyəcək. Ona görə də mən bir daha bu məsələdə hansı mərhələdə olduğumuzu qiymətləndirmək üçün bu görüşdə iştirak etdiyinizə görə sizə təşəkkür edirəm. Bu görüş ABŞ-nin sülh razılaşmasının imzalanması istiqamətində hansı tədbirləri görməli olduğunu müəyyən etmək fürsətidir", – deyə Blinken vurğulayıb.
Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin açıqlaması da Blinkenin dediklərinin təkrarıdır. Millerin sözlərinə görə, A.Blinken davamlı və ləyaqətli sülh sazişi istiqamətində əldə edilən irəliləyişin müzakirəsini aparıb və sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki tərəfi gələcək addımlara təşviq edib.
Beşinci məqam. İndi isə keçək sülh prosesinə zidd təmayüllərə. O təmayüllərə ki, vasitəçiliyə can atan ABŞ bunları nəzərə almalıdır. Beləliklə,
Bakı və İrəvan arasında sülh gündəliyinin aktiv fazada olduğu hazırkı dövrdə baş nazir Nikol Paşinyan administrasiyası və ona yaxın dairələr tərəfindən dövriyyəyə Azərbaycanın Ermənistana hücumu xüsusunda fikirlər buraxılmaqdadır. Hücum üçün vaxt da müəyyənləşdirilib - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonra. Yəni təxminən belə: Azərbaycan COP29-a evsahibliyini reallaşdırıb bitirəcək, dərhal da Ermənistan üzərinə yeriyəcək.
Ümumən, Ermənistanda Azərbaycanın hücumu iddialı fikirlər gündəmdən düşmür. Bu, o deməkdir ki, ölkə özündə xəyali təcavüz canlandırır və ona qarşı müqavimət formalaşdırırmış kimi davranır. Əslində isə məqsəd başqadır. Mahiyyətcə, nə Ermənistan hakimiyyəti, nə də cəmiyyəti sülh istəyir. Buna görə birinci Fransanın köməyi ilə silahlanmağa, ikinci isə alov püskürməyə üstünlük verir. Belə bir durumda sual yaranır: ABŞ-ın vasitəçilik cəhdləri faydalı olacaqmı? Suala birmənalı cavab yoxdur. Həm də ona görə yoxdur ki, bu vasitəçilikdə əvvəldə də bildirdiyimiz kimi, ümumi ifadələr var, konkretlik istisnadır.
Ə.RÜSTƏMOV
XQ