Ulu öndərin xalqa bəxş olunmuş ömrünün liderlik zirvəsi
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişindən 55 il keçir. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda respublika rəhbərliyində kifayət qədər məsul vəzifədə çalışan, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olan Heydər Əliyev MK-nın birinci katibi seçilərək respublikanın ali rəhbəri səviyyəsinə yüksəlmişdi.
Ötən 55 ilin tarixi dönə-dönə sübut etmişdir ki, Azərbaycanın sürətli yüksəlişinin, sovet imperiyası tərkibində qısa müddətdə böyük mədəni intibaha nail olaraq milli varlığını dirçəltməsinin və dünyaya tanıtmasının, 22 il sonra qazanılmış dövlət müstəqilliyinə hərtərəfli hazırlıqla qədəm qoymasının təməlləri bu tarixi başlanğıcdan qaynaqlanmışdır. Azərbaycan xalqı əsrlərdən gələn arzu-istəklərinin möhtəşəmliyi ilə Heydər Əliyev kimi milli bir fenomen – dünya siyasətinə boy verən nəhəng bir rəhbər yetişdirmişdi. Bu lider isə xalqının bəlalı taleyinə sahib çıxaraq onu milli haqlarına qovuşdurmaq üçün ilk gündən müqəddəs bir savaşa başlamışdı.
Ulu öndər Heydər Əliyev bir qərinəlik liderlik fəaliyyəti ilə dünya miqyasında tanınan, etiraf edilən görkəmli siyasət və dövlət xadimi olduğunu tarixə məharətlə həkk etmişdir. XX əsrin 90-ci illərində – Azərbaycan beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ölkəmizi ulu öndər Heydər Əliyevə görə tanıyırdılar. Ümummilli liderin parlaq zəkası, fitri istedadı, böyük enerjisi, uzaqgörənliyi sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı. Bir çox xalqlar, millətlər bizə qibtə edirdi ki, Heydər Əliyev kimi lideriniz var.
Heç şübhəsiz, Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlmiş, dünya inteqrasiya sisteminə qoşula bilmişdir. Xalqımızın Ümummilli liderinin Sovet İttifaqı kimi nəhəng bir dövlətdə yüksək vəzifə – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutması isə Azərbaycana beynəlxalq nüfuz və hörmət qazandırmışdır.
Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev dünyanın bütün dahi şəxsiyyətlərindən fərqli olaraq iki müxtəlif ictimai-siyasi sistemdə yaşamış və fəaliyyət göstərmişdir. Ulu öndər hər iki sistemdə siyasət nərdivanının ən yüksək pilləsinə ucala bilmişdir, xalqına, vətəninə sədaqətlə xidmət etmişdir. Müasir tariximizin yarım əsrlik bir mərhələsi, o cümlədən müstəqil Azərbaycan dövlətinin formalaşması, dinamik inkişafı və dünya inteqrasiya sisteminə qovuşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Dünyanın ən güclü dövlət və siyasi xadimləri, ekspertləri bu qüdrətli Azərbaycan oğlunu, çoxəsrlik tariximizin yetirdiyi ən mükəmməl şəxsiyyəti, beynəlxalq miqyaslı siyasət və dövlət xadimini fenomen lider kimi qiymətləndirmişlər. Ulu öndər haqqında müasiri olan dünya liderləri, tanınmış dövlət xadimləri, siyasi xadimlər, məşhur elm adamları, yazıçılar çox dəyərli, qiymətli sözlər söyləmişlər.
S.Dəmirəl, C.Buş, R.T.Ərdoğan, V.Putin, Bill Klinton, Jak Şirak, Toni Bleyer, Ç.Aytmatov, E.Şevardnadze, Xu Szintao, G.Şröder, II İohan Pavel, çox sayda digər dövlət və siyasət xadimlərinin verdiyi yüksək dəyərdə qeyd olunmuşdur ki, Heydər Əliyev qeyri-adi şəxsiyyət, xalqının xilaskarı, bütün dünyada böyük nüfuz sahibi, Cənubi Qafqazın ən əsas şəxsiyyətidir. O da vurğulanmışdır ki, Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, dünya dövlətləri ilə beynəlxalq əlaqələrin, dostluq, əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışmış, onun müstəqil dövlətə çevrilməsində, suverenliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, Qafqazın lider dövlətinə çevrilməsində müstəsna rol oynamış, ölkəsini çiçəklənmə yoluna gətirib çıxarmışdır.
Həqiqətən, Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi, firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur. Ümummilli liderin şəxsiyyəti və onun həyatı elə mənalı, elə fəlsəfi, elə müqəddəs məktəbdir ki, bu məktəbin dirilik, əbədiyyət, saflıq, paklıq, humanizm və halallıq kimi insani keyfiyyətlərdən gələcək nəsillər bəhrələnəcək və milli təntənəyə dərin inam bağlanacaqdır.
Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, çox böyük çətinliklərdən, manelərdən keçərək SSRİ DTK-nin siravi leytenantından general-mayor rütbəsinədək, kommunistlər ordusunun siravi üzvündən Kreml liderlərindən biri səviyyəsinə ucalan Heydər Əliyevin adı tarixə Azərbaycan xalqının Qurtuluş mübarizəsinin qalibi, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycanın qurucusu kimi daxil olmuşdur. Ümummilli lider Heydər Əliyev XX əsrin ikinci yarısı üçün Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük ərməğan idi.
Xalqımızın böyük oğlu Heydər Əliyev doğma Azərbaycanına iki dəfə rəhbərlik etmişdir: bir totalitar kommunist rejiminin, inzibati amirliyin hökmranlığı dövründə – 1969–1982-ci illərdə, bir də müstəqil Azərbaycanın xilaskar Prezidenti olaraq 1993–2003-cü illərdə. Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərliyinin birinci dövrü xalqımızın tarixində milli oyanışın, özünəqayıdışın başlanması, cəmiyyətin keyfiyyətcə irəliyə və müstəqilliyə doğru dönüş illəridir.
XX əsrin 70-ci illəri və 80-ci illərinin əvvəlləri Azərbaycanın inkişafında özünəməxsusluğu ilə səciyyələnən bir dövrdür. Bir sıra obyektiv və subyektiv səbəblər üzündən XX əsrin 60-cı illərində respublikanın sosial-iqtisadi həyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyillər özünü göstərməyə başlamışdı. Respublikada uzunmüddətli gerilik hökm sürürdü. İnkişaf getdikcə ləngiyir və bu, əhalinin sosial-maddi vəziyyətinə mənfi təsir göstərirdi.
İstehsalın, o cümlədən sənaye və kənd təsərrüfatı məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan İttifaq səviyyəsindən geri qalırdı və bu gerilik getdikcə artırdı. Respublikanın kənd təsərrüfatında vəziyyət daha ağır idi. Elmi-texniki tərəqqinin nailiyyətləri də istehsalata tətbiq olunmurdu. Əmək intizamı aşağı səviyyədə idi. Korrupsiya, rüşvətxorluq getdikcə artırdı.
Ümummilli lider Heydər Əliyev Azərbaycanda XX əsrin 60-cı illərində yaranmış vəziyyəti sonralar belə xatırlayırdı: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi.”
Prezident İlham Əliyev isə Ulu öndərin o dövr siyasi liderliyini belə qiymətləndirmişdir: “Müstəqil Azərbaycan dövlətinin qurulmasında, onun müstəqilliyinin qorunub saxlanmasında Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi.”
1969-cu il iyulun 14-də, respublikada problemlərin, çətinliklərin, sosial-iqtisadi geriliyin hökm sürdüyü, artıq böhran vəziyyətinin yarandığı ağır şəraitdə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldi. Doğma xalqının, Vətəninin böyük təəssübkeşi olan Ulu öndər totalitar rejimin hökm sürdüyü mürəkkəb tarixi şəraitdə Azərbaycanı SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevirmək üçün bütün sahələrdə geniş islahatlar proqramı hazırladı və həyata keçirməyə başladı. Beləliklə, XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqına, Vətəninə həsr olunmuş fəaliyyətində yeni dövr başlandı. Sovetlər ölkəsində bu dövrdə durğunluq halları gücləndiyi halda, Azərbaycan tərəqqi yoluna qədəm qoydu.
Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti tədbirlər görməyə başladı. 1969-cu il avqustun 5-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu oldu. Respublikanın yeni rəhbəri Azərbaycanın sosial-iqtisadi böhran vaziyyətinin, uzunmüddətli geriliyinin təhlilini verdi, səbəblərini açıqladı, çıxış yollarını müəyyənləşdirdi. O, uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramlarını hazırlatdı və dərhal onların icrasına başlanıldı. Beləliklə, 1969-1982-ci illərdə Azərbaycanın ictimai-siyasi, o cümlədən iqtisadi həyatında intibah dövrü başladı.
Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər respublikanın digər sahələri kimi, iqtisadiyyatının da dirçəlişi, ölkənin təbii ehtiyatlarından, iqtisadi, təhsil, elm və digər potensiallarından xalqın maddı rifah halının yüksəldilməsi üçün şəraitin yaradılması ilə səciyyələnir. Ötən əsrin 70-80-ci illərində Ulu öndərin Azərbaycana rəhbərliyi ilə xalqımız öz iqtisadiyyatını yenidən yaratmışdır. Əgər o zamankı nailiyyətlər olmasaydı, Azərbaycan sonralar müstəqil dövlət kimi yaşaya bilməzdi.
1969-1982-ci illərdə müdrik, zəngin təcrübəyə malik Heydər Əliyevin rəhbərliyi altında respublika iqtisadiyyatında istehsalın sürəti xeyli genişlənmiş, məhsuldarlıq yüksəlmiş, böyük uğurlar qazanılmış, elmi-texniki tərəqqidə ciddi irəliləyişlər baş vermiş, əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Totalitar rejimin bütün xüsusiyyətlərinə yaxşı bələd olan, zəngin idarəçilik təcrübəsi olan Ulu öndər SSRİ-nin çöküşə doğru getdiyini görürdü. Bu baxımdan da onu Azərbaycan xalqının və dövlətçiliyinin taleyi, müstəqil yaşamasının mümkünlüyü məsələsi daim düşündürürdü. XX əsrin 70–80-ci illərinin Azərbaycan iqtisadiyyatının 60-cı illəri ilə müqayisədə yüksəliş dövrü olması da məhz bu tarixi perspektivə hesablanmışdı.
Azərbaycanda 70-ci illərdən iqtisadi tərəqqi başladı. Sərmayə qoyuluşunun həcmi 1971–1985-ci illərdə 32 milyard manat təşkil edirdi ki, bu da sovet dövrünün əvvəlki 50 ilində cəmi istifadə edilən vəsaitdən 2,1 dəfə çox idi. Respublikada 70-ci illərdən başlayaraq məhsuldar qüvvələrin inkişafı, onun imkanlarından daha səmərəli istifadə edilməsi və müasir inkişaf meyillərinin vəzifələrinə uyğun möhtəşəm quruculuq proqramı iqtisadiyyatın strukturunda zəruri təkmilləşmənin əsasını qoydu.
Azərbaycanın tarixi inkişafının sonrakı gedişi sübut etdi ki, bu gün müstəqil dövlətimizin sosial-iqtisadi və idarəçilik əsasları hələ 1969–1982-ci illərdə Heydər Əliyevin fədakar əməyi, uzaqgörən, müdrik siyasəti, düşüncəsi sayəsində qurulmağa başlamışdır.
Heydər Əliyev sovet rəhbərliyindəki nüfuzundan istifadə edərək Azərbaycanın xalq təsərrüfatının inkişaf etdirilməsini təmin etmək üçün sovet hökumətinin respublika iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən aşağıdakı tarixi qərarlarının qəbul edilməsinə nail olmuşdu: 1970-ci il iyulun 23-də “Azərbaycan SSR xalq təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında”; 1970-ci il 25 iyulda “Azərbaycan SSR kənd təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında”; 1975-ci il iyulun 9-da “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında”; 1976-cı il iyulun 27-də “1976-1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi nəticələri barəsində”; 1979-cu il fevralın 22-də “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında”.
Onu da qeyd edək ki, bu qərarların yerinə yetirilməsini təmin etmək üçün İttifaq büdcəsindən Azərbaycana xeyli vəsait ayrılmışdı. Azərbaycan iqtisadiyyatı barədə qəbul edilmiş bu qərarların həyata keçirilməsi ölkədə kənd təsərrüfatı istehsalının daha da inkişafına, intensivləşdirilməsinə, ixtisaslaşdırılmasına, üzümçülük və şərabçılığın inkişaf etdirilməsinə, sənaye potensialının və xəritəsinin genişləndirilməsinə imkan verdi. Nəticədə, respublika iqtisadiyyatında tənəzzüldən tərəqqiyə dönüş baş verdi.
Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi, iqtisadi müstəqilliyi, xarici iqtisadi əlaqələri və dünya iqtisadiyyatına getdikcə daha dərindən inteqrasiya olunması hələ 1969–1982-ci illərdə təməli qoyulmuş sosial-iqtisadi potensiala əsaslanır. Ulu öndər 1969-1982-ci illərdə bütün bacarığını Azərbaycanın ümumi tərəqqisi və inkişafı üçün səfərbər edə bildi. O illər Azərbaycan SSR-in tarixinə dinamik inkişaf, intibah dövrünün başlanması kimi daxil oldu. İqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının, sənayenin bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında ciddi struktur dəyişiklikləri həyata keçirildi. Müasir və mütərəqqi sənaye sahələri yaradıldı.
1969–1982-ci illərdə respublikada əmək məhsuldarlığının yüksəldilməsinə, bütün ictimai istehsalın səmərəliliyinin durmadan artırılmasına diqqət yetirilmiş, istehsalın intensivləşdirilməsi, səmərəlilik iqtisadi inkişafın həlledici amili hesab edilmişdi. Respublika iqtisadiyyatının uzun sürən geriliyinə son qoyulmuşdu. Azərbaycan İttifaq respublikaları arasında qabaqcıl respublikalardan birinə çevrilmiş, ölkə əhalisinin yaşayış səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edən nailiyyətlər əldə edilmişdi. Sosial-mədəni quruculuğun bütün sahələrində – elm, təhsil, səhiyyə, incəsənətdə, əhaliyə mədəni-məişət və kommunal xidmətlərdə böyük irəliləyişlər baş vermişdi.
Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi altında respublika iqtisadiyyatının başlıca sahəsi olan sənaye sahələrində mövcud olan qüsurlar, geriləmələr qısa müddətdə aradan qaldırıldı, istehsalın surəti xeyli genişləndi, məhsuldarlıq yüksəlməyə başladı, yeni-yeni sənaye sahələrinin təməli qoyuldu, bu sahədə böyük uğurlar qazanıldı, yeni müasir istehsal sahələri yaradılmağa başlandı. Azərbaycan 1969–1982-ci illərdə müttəfiq respublikalar arasında ən qabaqcıl sənaye və kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük, tərəvəzçilik diyarına çevrildi.
1969–1982-ci illərdə neft və neftayırma, qaz sənayesi əsaslı şəkildə yenidən qurulmuşdu. “Azərneft” və “Xəzər Dəniz Neft” Birliyinin işində 60-cı illərdə yaranmış nöqsanların aradan qaldırılması ilə bağlı Ulu öndərin rəhbərliyi və köməyi ilə bir sıra mühüm tədbirlər görülmüş, əhəmiyyətli qərarlar qəbul edilmişdi. Neftçıxarma texnologiyası xeyli yaxşılaşmışdı. Dənizdə 2800-6500 metr dərinlikdə neft quyularının qazılmasına başlanmışdı. Burada müasir “Xəzər”, “Bakı”, “Self-1”, “Self-3” qazma qurğularından istifadə olunurdu. Bunun nəticəsi idi ki, XX əsrin 70-ci illərində bu sahəyə Heydər Əliyevin böyük diqqəti və qayğısı sayəsində neft hasilatında, bütövlükdə, neft sənayesində ciddi dönüş yaranmış, uzun illərdən bəri mövcud olan bəzi problemlər aradan qaldırılmışdu.
Araşdırmalar göstərir ki, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan keçmiş SSRİ-də elektrotexnika sənayesinin ən böyük və əhəmiyyətli mərkəzlərindən birinə çevrilmişdi. XX əsrin 70-ci illərinin ikinci yarısında (1976-1980-ci illərdə) Elektrotexnika Sənayesi Nazirliyi müəssisələrində istehsalın həcmi 2,4 dəfə artmışdı. Yeni sahələrin inkişafına xüsusi əhəmiyyət verməklə, məsələn radioelektronikanı inkişaf etdirməklə yanaşı, Heydər Əliyev yüngül sanayeni də, ənənəvi sahələri də – ipəkçilik, xalçaçılıq, çini qablar istehsalını da unutmurdu.
Azərbaycanın paytaxt əhalisinin su ilə təchizatındakı problemləri daim aktual olduğuna görə 1970-ci ilin əvvəllərində Heydər Əliyev bu məsələnin həllini diqqət mərkəzinə çəkdi. Belə ki, Bakı şəhəri və Abşeron yarımadası əhalisinin içməli su ilə təchizatının yaxşılaşdırılması barədə Azərbaycan KP MK-nın 1971-ci il 2 fevral tarixli Büro iclasında tikintinin ən qısa müddətdə – 1971-ci il avqustun 1-nə kimi tam başa çatdırılması haqqında qərar qəbul edildi.
1969–1982-ci illərdə Heydər Əliyevin uzaqgörənliyi sayəsində respublikanın enerji müstəqilliyi təmin olundu. Belə ki, Araz, Tərtər, Şəmkir su elektrik stansiyaları, “Azərbaycan” DRES-i işə salındı. Heydər Əliyev ilə respublikada elmin inkişafına və təhsil səviyyəsinin yüksəldilməsinə böyük diqqət yetirilirdi. Azərbaycanda onlarla yeni elmi-tədqiqat müəssisəsi yarandı. Respublikanın güclü elmi-texniki və istehsal potensialına söykənən iqtisadiyyatının mühüm istiqamətlərinin, o cümlədən kənd təsərrüfatının inkişafı ardıcıl mərhələlər üzrə həyata keçirildi.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969–1982-ci illərdə ən mühüm iqtisadi nəticələrdən birini kənd təsərrüfatının dinamik inkişaf etməsi, ölkənin və respublikanın bütün iqtisadiyyatında onun rolunun artması təşkil edirdi. Bu dövrdə istehsalın elmi əsaslarla intensivləşdirilməsi kənd təsərrüfatının dinamik inkişafında mühüm rol oynamışdı. Respublikada kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981–1985-ci illərdə orta hesabla 1966–1970-ci illərin orta səviyyəsinə nisbətən 2,6 dəfə çoxalmışdı.
Yekun olaraq deyə bilərik ki, 1969-cu il 14 iyulda Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətə gəlməsi ilə 1970-1980-ci illər Azərbaycan tarixinin intibah, dönüş, dirçəliş, milli özünəqayıdış dövrü kimi qiymətləndirilir. SSRİ-də durğunluğun gücləndiyi dövr olduğu halda, Azərbaycanda yüksəliş dövrü olmuşdu. Respublika həyatının bütün sahələrində olduğu kimi, iqtisadiyyatda da dirçəliş, sürətli inkişaf, kənd təsərrüfatının ixtisaslaşdırılması, sənayenin yeni sahələrinin yaradılması, neft, neft-kimya, neft-maşınqayırma sənayelərinin yenidən qurulması dövrü kimi xarakterizə olunur. Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, zəngin idarəçilik və təşkilatçılığı ilə iqtisadi inkişaf dinamikası Azərbaycanda keçmiş İttifaq respublikalarından xeyli yüksək olmuşdu.
Respublikada elmin inkişafına və təhsilin səviyyəsinin qaldırılmasına, Azərbaycan xalqının milli dəyərlərinə böyük diqqət yetirildi. Görkəmli elm, təhsil, incəsənət, ədəbiyyat xadimlərinin yubileyləri keçirilir, onlara fəxri adlar verilirdi. Azərbaycanın xarici əlaqələri bu illərdə xeyli genişlənmiş, Avropa, Yaxın və Orta Şərq ölkələri, Ön Asiya və digər region ölkələri ilə münasibətlər qurulmuşdu.
Beləliklə, XX əsrin 70-ci illəri – 80-ci illərin əvvəlləri dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə yüksəliş dövrü kimi səciyyələnir. Məhz bugünkü müstəqilliyimizin siyasi, sosial-iqtisadi əsasları da həmin illərdə yaradılmışdı.
İbrahim ZEYNALOV,
BDU-nun tarix fakültəsinin dekanı, professor