Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir

post-img

“Hazırda biz Konstitusiya Məhkəməsinin simasında milli dövlətçiliyimizi, Konstitusiyaya əsaslanan hüquq qaydasını, ən əsası isə insan və vətəndaş hüquq və azadlıqlarını həqiqətən müdafiə edən mötəbər təsisata malikik. Öz səmərəli fəaliyyəti nəticəsində Konstitusiya Məhkəməsi həm ölkəmizdə, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır”.
 
                 Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev
 
“Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir.

Əminəm ki, Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə hüquqi dövlət və konstitusionalizm ideya və prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməyəcəkdir”.

                                                                                                                                Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı, 13 iyul, AZƏRTAC

14 iyul - ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının növbəti ildönümü tamam olur.

2024-cü il bir sıra əlamətdar tarix və hadisələrlə zəngindir. Bu ildə ölkənin siyasi həyatının ən mühüm hadisələrindən biri növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi oldu. Belə ki, 2023-cü ilin sentyabr ayında ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranmış və ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Növbədənkənar Prezident seçkiləri ərazi bütövlüyünün və suverenliyin daha bir təsbiti olmaqla, müstəqil Azərbaycan dövlətinin tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilmişdir. Olduqca böyük ruh yüksəkliyi ilə keçirilən bu seçkilər harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını olduqca qürurlandırdı.

2024-cü il fevralın 7-də keçirilən və tariximizə Zəfər seçkiləri kimi daxil olan seçkilərdə dövlətimizin başçısı İlham Əliyevin seçicilərin 92 faizindən çoxunun səsini qazanması Azərbaycan xalqının Prezidentinə olan inamının və eyni zamanda, etimadının, onun ətrafında sıx birləşərək bundan sonra da etibarlı gələcəyə doğru inamla irəliləmək istəyinin bariz nümunəsi oldu.

Məlum olduğu kimi, cari il iyunun 21-də Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin parlamenti tərəfindən qəbul olunan bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilərin təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğunluğuna dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsini zəruri hesab etmişdir.

Azərbaycan Respublikası Prezidentinin sorğusu əsasında qəbul edilən “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2024-cü il 27 iyun tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, 2024-cü ilin noyabr ayında öz kütləviliyi və əhəmiyyəti ilə seçilən mötəbər beynəlxalq tədbirlərdən olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası Azərbaycan Respublikasında keçiriləcəkdir.

Qərarda, həmçinin qeyd olunub ki, seçkilər vətəndaşların iradəsini ifadə etməsinin əvəzsiz hüquqi vasitəsi kimi çıxış etməklə, seçkidə iştirakın əlçatanlığının təmin edilməsi, namizədlərin seçicilərlə təmasının, öz siyasi platformalarını təqdim etmələri məqsədilə zəruri və əlverişli şəraitin yaradılması baxımından dövlət üçün müvafiq öhdəlik yaradır.

Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Qeyd edilməlidir ki, ötən əsrin 90-cı illərində dövlətimiz olduqca mürəkkəb və çətin dövrdən keçərək müstəqilliyini bərpa etməsinə baxmayaraq, ölkədə baş verən hərc-mərcliyə məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində son qoyulmuş, nəticədə ictimai-siyasi sabitlik tam bərqərar edilmişdir. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi sabitliyin təmin olunması ölkə həyatının bütün sahələrində çoxşaxəli islahatların həyata keçirilməsinə əlverişli şərait yaratdı. Məhz Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu mümkün olmuşdur. İnkişafın başlıca istiqaməti olaraq vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunu seçən dövlətimiz qısa müddət ərzində irimiqyaslı qanunvericilik islahatlarını reallaşdırmağa nail oldu.

Həyata keçirilən əsaslı hüquq islahatları çərçivəsində ən əhəmiyyətli hadisələrdən biri 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi oldu. Bununla da Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan bu mühüm tarixi sənəd dövlətçiliyimizin inkişafında tamamilə yeni səhifə açdı.

Əsas Qanun ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini təşkil edərək, insan hüquq və azadlıqlarının həyata keçirilməsi, həmçinin ictimai həyatın bütün sahələrinin inkişafına təkan verdi. Məhz Konstitusiyanın qəbulu ölkəmizdə müasir və demokratik tələblərə cavab verən dövlətçiliyin formalaşmasında mühüm addım oldu.

1995-ci ildə Konstitusiyanın qəbulu ölkədə genişmiqyaslı qanunvericilik islahatlarının həyata keçirilməsinə təkan verərək, digər bir çox sahələrdə olduğu kimi, məhkəmə-hüquq islahatlarının da əsasını qoydu.

Xüsusilə qeyd olunmalıdır ki, ölkəmizdə yeni məhkəmə-hüquq sisteminin təşəkkül tapması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsas Qanunun qəbulundan sonra müstəqil məhkəmə hakimiyyətinin fəaliyyətinin təmin edilməsinə yönələn qanunvericilik bazasının yaradılması, hər kəsin hüquq və azadlıqlarının daha səmərəli müdafiə edilməsi üçün çoxpilləli məhkəmə sisteminin formalaşdırılması o dövrün ən vacib tələblərindən irəli gəlirdi. Konstitusiyada təsbit edilmiş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə hakimiyyəti orqanları həm də keyfiyyət baxımından yeni funksiyalar əldə etmiş oldu.

Məlum olduğu kimi, hüquqi dövlətin əsasını qanunların aliliyinin təmin edilməsi, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi təşkil edir. Bu baxımdan, istənilən dövlətin demokratik inkişafı üçün Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, eyni zamanda, onun aliliyinin təmin olunması üçün konstitusiya nəzarəti institutunun yaradılması da olduqca vacibdir. Bununla da, dövlətimizin Əsas Qanununun qəbulundan sonra, 1998-ci ildə ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə Konstitusiya Məhkəməsi simasında ali konstitusiya ədalət mühakiməsi orqanının fəaliyyətə başlaması, o cümlədən bu orqanın müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsi və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Müasir dövrdə konstitusiya ədalət mühakiməsi hüququn aliliyinin təmin olunmasının mühüm və səmərəli mexanizmlərindən biri olmaqla, eyni zamanda, demokratik dəyərlərin hakim olduğu hüquqi dövlətin ayrılmaz atributlarından biri kimi qəbul edilir.

Əsas təyinatı Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin ölkəmizin Əsas Qanununda təsbit edilmiş hüquq və azadlıqlarını müdafiə etməkdən ibarət olan Konstitusiya Məhkəməsi sorğu, müraciət və şikayətlər əsasında qəbul etdiyi məhkəmə aktları ilə hüquq sisteminin inkişafına, vahid məhkəmə təcrübəsinin formalaşmasına və bütövlükdə hüquqi dövlətin gücləndirilməsinə töhfə verməyi hər zaman olduqca vacib hesab edir.

Fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikasının Konstitusiyası və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Konstitusiya Məhkəməsinin fəaliyyəti üçün əsas normativ fundament yaradaraq, konstitusiya ədalət mühakiməsinin effektiv şəkildə həyata keçirilməsi üçün etibarlı təməl olmuşlar.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri Əsas Qanunda öz əksini tapmışdır. Belə ki, qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə özündən daha üstün olan aktlara uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biridir. Bu səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Burada bir məqama diqqət yetirilməlidir ki, yoxlanılan norma məhz Konstitusiyanın hərfinə və ruhuna, eyni zamanda, orada əksini tapan təməl prinsiplərə uyğunluq baxımından qiymətləndirilir. Yoxlanılan norma və ya onun hər hansı bir hissəsinin Əsas Qanuna və ya özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığı müəyyən edildikdə, bu norma qüvvədən düşmüş elan edilir.

İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı qanunvericilik müddəalarının bəzən birmənalı dərk edilməməsi mübahisəli hüquq məsələlərinin məhkəmələr tərəfindən həlli zamanı müxtəlif hüquq kolliziyalarının ortaya çıxmasına səbəb olur. Bununla da, bu hüquq normalarının rəsmi təfsir edilməsinə ehtiyac yaranır. Belə ki, Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri Konstitusiya və qanunların şərh edilməsidir. Nəzərə alınmalıdır ki, Məhkəmə tərəfindən verilən şərhin əsas məqsədi bu və ya digər normanın məzmununu aydınlaşdırmaq və bununla da, onun vahid tətbiqi qaydasını müəyyən etməkdir.

Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar sırasında məhkəmələrin müraciətləri əsasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar önəmli çəkiyə malikdir. Ümumiyyətlə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi hər zaman digər məhkəmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətin göstərilməsinə xüsusi əhəmiyyət verir. Məhkəmələrin müraciətləri əsasında qəbul edilmiş qərarlar qanunvericilikdə mövcud olan qeyri-müəyyənliklərin aradan qaldırılmasına şərait yaratmaqla, hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından ümumi məhkəmə təcrübəsinin formalaşmasına mühüm töhfə verir.

Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının, bu qərarlarda ifadə olunan hüquqi mövqelərin məhkəmələr tərəfindən birmənalı tətbiqi məhkəmə təcrübəsinin stabilliyinə, eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının məcburiliyi barədə qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə xidmət edir.

Qeyd edilməlidir ki, konstitusiya nəzarəti orqanının fəaliyyətində də zaman keçdikcə müəyyən dəyişikliklər, transformasiyalar baş vermişdir. Belə ki, məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 2002-ci il 24 avqust tarixində keçirilmiş referendumla Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərini ehtiva edən 130-cu maddəyə V, VI və VII hissələr əlavə edilmiş və nəticədə konstitusiya ədalət mühakiməsi orqanına müraciət etmək hüquq və səlahiyyətinə malik subyektlərin dairəsi xeyli genişləndirilmişdir. Edilmiş əlavələrə əsasən, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və hər kəs Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etmişdir.

Konstitusiya Məhkəməsinin fəaliyyətindən bəhs edərkən qeyd edilməlidir ki, Məhkəmənin digər səlahiyyəti fərdi şikayətlərə baxılmasıdır. Məlum olduğu kimi, 2023-cü ilin iyul ayında “Konstitusiya Məhkəməsi haqqında” Qanuna bəzi, o cümlədən fərdi şikayətlərə baxılması hissəsində müəyyən dəyişikliklər edilmişdir. Qüvvədə olan “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində şikayət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ-hüquqi akta əsaslandığı hallarda yol verilir.

Mühüm məqam ondan ibarətdir ki, hüquq normasının mənasının təhrif olunması müvafiq Konstitusiya müddəalarının pozulmasına səbəb ola bilər. Odur ki, normanın elmi-analitik araşdırılması, onun zəruri olduğu halda təfsir edilməsi həmin normanın konstitusiya hüquqi mahiyyətinin Konstitusiya müddəaları prizmasından açıqlanmasına geniş imkanlar yaradır.

Fəaliyyət göstərdiyi ötən 26 il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 577 qərar və 167 qərardad qəbul edilib. Bu qərar və qərardadlarda formalaşdırılmış hüquqi mövqelər Konstitusiyanın aliliyinin təmin olunmasına, burada əksini tapan insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir. Qeyd edilməlidir ki, 2024-cü ildə də Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən daxil olmuş sorğu, müraciət və şikayətlərə dair ölkənin Əsas Qanununda təsbit edilmiş normalar və prinsiplər rəhbər tutularaq bir sıra mühüm əhəmiyyət kəsb edən qərar və qərardadlar qəbul edilib. Əhəmiyyəti nəzərə alınaraq qəbul edilmiş qərarlardan və orada formalaşmış hüquqi mövqelərdən bəziləri xüsusi olaraq vurğulanmalıdır.

Belə ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu və Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2024-cü il 31 yanvar tarixli Qərarda formalaşdırılan hüquqi mövqedə Konstitusiya Məhkəməsinin Plenumu ilk öncə Konstitusiyanın preambulasına, 25-ci maddəsinin I hissəsinə, 35-ci maddəsinin I-IV və VIII hissələrinə istinad edib.

Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə istinad edərək qeyd edib ki, əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

Qeyd edilib ki, belə tənzimetmə ilə qanunverici dövlətin Konstitusiyanın 35-ci maddəsinin VIII hissəsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədini güdür. Belə ki, əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir.

İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edib ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğun hesab edilməlidir.

Məhkəmələr Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.

Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2024-cü il 28 mart tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 71-ci maddəsinin VIII və X hissələrinə, həmçinin 80-ci maddəsinə istinad edib.

Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edib ki, İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta o halda törədilmiş hesab olunur ki, mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasının və ya bu əraziyə qaytarılmasının gecikdirilməsi ilə bağlı həmin Məcəllənin 499.1-ci maddəsində göstərilən müddətlərin bitməsinədək mallar və ya nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamış və ya bu əraziyə qaytarılmamış olsun.

Əks yanaşma, yəni malların və ya nəqliyyat vasitələrinin gətirilməsi və ya aparılması üçün gömrük orqanları tərəfindən müəyyənləşdirilmiş müddətin bitdiyi an, onların Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmadığı və ya bu əraziyə gətirilmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində təsbit olunmuş tərkibin yarandığının qəbul edilməsi, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkiblərinin öz əhəmiyyətini itirməsi ilə nəticələnməklə, onların tətbiqini qeyri-mümkün edərdi. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsindəki inzibati xəta tərkibinin yaranması, eyni hüquqi faktla bağlı şəxsin həmin Məcəllənin 499.1-ci maddəsi ilə məsuliyyət daşımasını istisna edir.

Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlib ki, Konstitusiyanın 71-ci maddəsinin VIII və X hissələrinin, 80-ci maddəsinin konstitusion hüquqi mahiyyətindən və təyinatından irəli gələrək, İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətalar əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıldığı və ya bu əraziyə qaytarıldığı gün törədilmiş hesab edilir və İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlbetmə müddətinin axımı həmin tarixdən başlanır.

Həmçinin qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəasının hansı müddəti əhatə etməsi baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Məsələ qanunvericilik qaydasında həll edilənədək İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəası Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasının və ya bu əraziyə qaytarılmasının bir ildən artıq və növbəti bir ilin sonunadək olan müddətə gecikdirilməsini nəzərdə tutur.

Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində müəyyən edilən bir ildən artıq və bu Qərara müvafiq olaraq növbəti bir il bitənədək Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmadıqda və ya bu əraziyə qaytarılmadıqda, növbəti gün həmin Məcəllənin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.

Digər bir qərar, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 2024-cü il 26 aprel tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edib ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.

Qərarda Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda hesab edib ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir.

Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlib ki, Konstitusiyanın 17-ci maddəsinin I hissəsinin tələbləri baxımından Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir.

Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.

Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Mülki Məcəllənin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir.

Qeyd edilməlidir ki, Məhkəməmiz konstitusiya ədalət mühakiməsinin inkişaf meyillərinin, o cümlədən xarici ölkələrin konstitusiya məhkəmələrinin təcrübəsinin öyrənilməsinə və bu təcrübənin tətbiq edilməsinə xüsusi diqqət yetirir. Konstitusiya Məhkəməsinin Plenumu qəbul edilən bir çox qərarlarında beynəlxalq hüquqi aktların, xüsusilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin Respublikamızın tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə istinadların edilməsinə xüsusi önəm verir.

Həmçinin Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələrin həyata keçirilməsinə xüsusi önəm verərək, bir sıra beynəlxalq təşkilatlar və xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə sıx əməkdaşlıq həyata keçirir. Eyni zamanda qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı çərçivəsində müxtəlif dövlətlərin konstitusiya nəzarəti orqanları, həmçinin beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə iştirak edir. Bu cür tədbirlərdən biri cari il mayın 22-23-də Kişineu şəhərində keçirilmiş Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının XIX Konqresi oldu. Bu mötəbər beynəlxalq konqres çərçivəsində bir sıra aktual hüquqi məsələlər üzrə ətraflı fikir mübadiləsi və müzakirələr aparılmış, məruzələr dinlənilmişdir.

Şübhəsiz ki, belə beynəlxalq tədbirlərin təşkil edilməsi konstitusiya ədalət mühakiməsi sahəsində qabaqcıl təcrübə və tendensiyaların öyrənilməsi baxımından geniş imkanlar yaradır, eyni zamanda, yeni əməkdaşlıq münasibətlərinin qurulması üçün əlverişli və universal platforma qismində çıxış edir.

Bir daha vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və ötən il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 il ərzində xalqımızın qarşısında duran ən taleyüklü məsələ - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi məsələsi həll edilmişdir.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, sərkərdəlik məharəti və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti bu tarixi Qələbəni təmin etdi. Cari ilin may ayında isə daha bir olduqca mühüm əhəmiyyət kəsb edən, əlamətdar və tarixi hadisə baş verdi. Belə ki, məlum olduğu kimi, 2024-cü il aprelin 19-da Qazax rayonunun dörd kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edildi. Mayın 24-də isə bu proses uğurla başa çatdırıldı. Bununla da Azərbaycan xalqı daha bir möhtəşəm zəfər yaşadı.

Şübhəsiz ki, dörd kəndin dinc yolla geri qaytarılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsi və Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində əldə etdiyi Zəfərin davamı olmaqla, istisnasız olaraq dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi nəticəsidir.

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı addım-addım geri qaytaran Qalib Lider, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zəfər müjdələri hər bir azərbaycanlını qürurlandırır, xalqımızın yenilməzliyini bir daha bütün dünyaya nümayiş etdirir.

Qeyd edilməlidir ki, Ermənistan-Azərbaycan prosesi ilə bağlı bir neçə açıq məsələ hələ də qalmaqdadır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən bildirib. Belə ki, Ermənistanın Konstitusiyası ilə bağlı mühüm məqama toxunaraq dövlətimizin başçısı tam haqlı olaraq vurğulayıb ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması mümkün deyil.

Bu gün Azərbaycan dövləti və xalqı formalaşmış yeni reallıqlar şəraitində qürurla və inamla öz inkişafının növbəti, tamamilə yeni mərhələsinə qədəm qoyub. 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki nitqində dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, indi yeni dövr başlayır. Möhtərəm cənab Prezidentin qeyd etdiyi kimi, “biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq”.

Qürurverici haldır ki, ölkəmiz bu yeni dövrə, mərhələyə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, güclü, sözün həqiqi mənasında müstəqil siyasət yürüdən, beynəlxalq münasibətlər sistemində mühüm və etibarlı tərəfdaş kimi qəbul olunan dövlət kimi qədəm qoyur. Yeni dövrdə qarşıda duran ən mühüm vəzifələr əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanın dayanıqlı və davamlı inkişafını davam etdirməkdir.

Bu gün işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi ən mühüm və prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi qarşıda duran ən önəmli vəzifələrdəndir. Şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri, eyni zamanda, bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirir.

Bu gün Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri tam sürətlə sistemli və planlı şəkildə davam etdirilir, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Burada dağıdılan hər bir kənd, qəsəbə və şəhər tamamilə yenidən qurulur.

Vətən müharibəsindən ötən müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm, misli görünməmiş layihələrin təməli qoyulur, bir çox irimiqyaslı layihələr isə artıq başa çatdırılıb. Nəhəng quruculuq meydanına çevrilmiş Qarabağ və Şərqi Zəngəzurda elektrik stansiyalarının, geniş yol şəbəkəsinin, körpü və tunellərin, hava limanlarının, otellərin, istehsalat müəssisələrinin, sosial infrastruktur obyektlərinin tikintisi onu göstərir ki, işğaldan azad edilmiş bütün ərazilərin bərpası kompleks xarakter daşıyır.

Xüsusilə vurğulanmalıdır ki, fəaliyyətə başlamasının bu il 20 ili tamam olan Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə işğaldan azad edilmiş torpaqlarımızda dağıdılan dini, mədəniyyət və tarixi abidələrin bərpasına və inşasına xüsusi diqqət yetirilir. Belə ki, Heydər Əliyev Fondu tərəfindən artıq bir sıra mədəniyyət abidələrinin bərpası başa çatdırılıb. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, Şuşa Rəsm Qalereyası, Milli Xalça Muzeyinin Şuşa filialı, Yuxarı Gövhər Ağa məscidi, Xan qızı bulağı, Zəngilan məscidi və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib. Eyni zamanda, bir sıra digər məscid və mədəniyyət abidələrinin bərpası istiqamətində işlər davam etdirilir.

Həmçinin məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu bölgədəki mədəni tədbirlərin keçirilməsi ənənələri də bərpa edilir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları istiqamətində də bütün imkanlar səfərbər edilib. Artıq bir neçə kənd və şəhərə - Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın şəhərinə, Laçın rayonunun Zabux kəndinə, Füzuli şəhərinə köçürülən ailələr doğma torpaqlarına qayıdıblar. Cari ilin may ayında isə Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə ilk köç karvanı yola salındı. Otuz iki ildən sonra Şuşa şəhərinə ilk qayıdış tarixi hadisə olmaqla, bu qayıdışın Ulu Öndər Heydər Əliyevin doğum günündə baş tutması olduqca əlamətdar və anlamlıdır.

Məlum olduğu kimi, 2023-cü il sentyabrın 25-də İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Şübhəsiz ki, Şuşa şəhəri hər zaman Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edərək rəmzi xarakter daşıyıb. Dövlətimizin başçısı İlham Əliyevin Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşündə qeyd etdiyi kimi: “Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”.

Mayın 28-də - Müstəqillik Günündə isə Xocalıya qayıdış reallaşdırıldı. Belə ki, xocalılıların doğma yurdlarına qayıdışının məhz Müstəqillik Günündə başlanması, əlbəttə ki, tarixi hadisədir. Qürurverici haldır ki, qısa müddət ərzində Xocalıda olduqca böyükhəcmli işlər görülüb, bir sıra layihələr uğurla tamamlanıb.

Tam əminliklə demək olar ki, Böyük Qayıdış, o cümlədən bu qayıdışın Xocalı səhifəsi Azərbaycan dövlətinin gücünün və şəxsən Prezident İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızın bərpasına göstərdiyi qətiyyətinin, siyasi iradəsinin bariz nümayişidir.

Bu gün xalqımız və dövlətimiz misilsiz nailiyyətlərə imza atır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl siyasi kurs, uzaq perspektivə hesablanan daxili və xarici siyasət nəticəsində sürətli və dayanıqlı inkişaf, güclü iqtisadi potensialın formalaşması, vətəndaşların rifahı, təhlükəsizlik və müasir ordu quruculuğu kimi mühüm məsələlərin effektiv həlli təmin edilmiş, eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzu və strateji əhəmiyyəti olduqca artmışdır.

Həyata keçirilən islahatların nəticəsi olaraq müasir Azərbaycanın özünəməxsus iqtisadi inkişaf modeli yaradılmış və öz növbəsində, bu model ümumi dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, iqtisadi tərəqqiyə, dünya birliyində mövqeyin əsaslı şəkildə möhkəmlənməsinə əlverişli zəmin yaradıb. Bununla bağlı dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir: “Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır”.

Bu gün dövlətimizin liderliyi ilə nəhəng enerji, nəqliyyat layihələri reallaşdırılır, regional və həmçinin dünya miqyasda yeni əməkdaşlıq platformaları yaradılır, ölkəmiz mötəbər beynəlxalq təşkilatlara sədrlik edir, eyni zamanda, qlobal xarakterli tədbirlərə uğurla ev sahibliyi edir. Məlum olduğu kimi, bu il ölkəmiz dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bununla bağlı, dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Şübhəsiz ki, bu cür mötəbər beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük ehtiram və etimadının əyani göstəricisidir. Həmçinin belə qlobal əhəmiyyətli tədbirə ev sahibliyinin edilməsi dövlətimizin etibarlı tərəfdaş kimi nüfuzunun daha bir təsdiqidir. Eyni zamanda, bu tədbir ölkəmiz üçün dünya dövlətləri və beynəlxalq təşkilatlarla daha sıx tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün əlverişli imkanlar yaradır.

COP29-un ölkəmizdə keçirilməsi sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diplomatiyasının növbəti qələbəsi, daxili və xarici siyasətinin uğurudur.

Sabitlik və tərəqqi yolu ilə inamla irəliləyən Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası sayəsində tarixi dönüş mərhələsindədir. Həyata keçirilən qətiyyətli və hərtərəfli düşünülmüş bu inkişaf strategiyasının əsasında dövlətçilik ənənələrinə əsaslanan idarəçilik, tərəqqi, sosialyönümlü inkişaf, stabillik və insan faktoru dayanır. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində yüksək sosial, iqtisadi inkişaf və dayanıqlı ictimai-siyasi sabitliyə nail olunub. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri zamanı qazanılan və tariximizə qızıl hərflərlə yazılan şanlı Qələbə isə ölkəmizi dünyada olduqca güclü dövlət kimi tanıdaraq, xalqımızın əzmini və həmrəyliyini bütün dünyaya bir daha nümayiş etdirdi.

Əminliklə bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin siyasi, iqtisadi və hüquqi əsaslarının gücləndirilməsi konsepsiyası çərçivəsində həyata keçirdiyi çoxşaxəli islahatlar ölkəmizin davamlı tərəqqisini təmin edir və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də, öz növbəsində, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu fəaliyyətinə dəstək olaraq Əsas Qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində üzərinə düşən məsuliyyətli vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə daim çalışacaq.

Fərhad Abdullayev

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri

Siyasət