Ədəbiyyatşünasın ömür hesabatı

post-img

Şəfəq Əlibəyli – 75

Dünən Nizami Gəncəvi adına Milli Azər­baycan Ədəbiyyatı Muzeyində komparati­vastika və bədii tərcümə şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin 75 illik yubileyi keçirilib.

Mərasimdə muzeyin direktoru, akademik Ra­fael Hüseynov Şəfəq Əlibəylinin elmi və pedaqoji fəaliyyətindən danışıb. Akademik bildirib ki, şair Ənvər Əlibəylinin ailəsində dünyaya göz açan Şəfəq Əlibəyli Azərbaycan Dövlət Universiteti­nin Şərqşünaslıq fakültəsini bitirib. 1985-ci ildə filologiya elmləri namizədi, 2010-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Şəfəq Əlibəyli dilçilik üslubiyyatı, leksikologiya və leksikoqrafiya sahəsində farsdilli mənbələr əsasında tədqiqatlar aparıb. Onun elmi məqalələri ölkəmizdə və xa­ricdə elmi ictimaiyyət tərəfindən maraqla qarşıla­nıb. Alim iki monoqrafiya və bir lüğətin müəllifidir: “Fars dilində antonimlər” (rus dilində), “Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər”, “Farsca-rus­ca-azərbaycanca müxtəsər lüğət”. Bundan əlavə, Şəfəq Əlibəylinin “Foruğ Fərruxzad. Şeirlər”, “Əmir Xosrov Dəhləvi. Qəzəllər və tapmacalar”, “Həbibul­la Sənayi Puya. Rübailər” və digər tərcümələri var.

Şəfəq Əlibəyli 2021-ci ildə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə III dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Toplantı Şəfəq Əlibəylinin qələm dostlarının, həmkarlarının yubilyar haqqında çıxışları ilə da­vam edib. Akademik Möhsün Nağısoylu, filologiya elmləri doktoru, professor Mehdi Kazımov, dosent Tofiq Cahangirov, professor Raqub Kərimov, Bakı Dövlət Universitetinin dosentləri Əsmətxanım Məmmədova, Nüşabə Əlizadə, filologiya üzrə fəl­səfə doktoru Laura Orucova və başqaları yubilyarı təbrik etdilər, ona yeni uğurlar arzuladılar.

Qabil YUSİFOĞLU
XQ



Mədəniyyət