Bir müddət əvvəl dostlara zarafatla belə bir sual vermişdim: “Adamın alacağı olsa yaxşıdı, yoxsa qanacağı?” Sağ olsunlar, hərə öz fikrini söylədi. Mənim cavabım da bu yazı oldu.
Kimi dindirirsən sənə ürək-dirək verib: “Canın sağ olsun, pul əl çirkidir”, – deyir. Ancaq əli-ayağı yer tutanların böyük əksəriyyəti gecə-gündüz "əl çirki" uğrunda mübarizədədir. Biri ağılı-biliyi, başqası alın təri hesabına çörəyini çıxarır, süfrəsinə haram tikənin girməsinə razı olmur. Kimi də hər yola, hər sifətə düşür ki, təki çox pul qazansın, sərvət toplasın. Arvad-uşağına, evinə gələn qonağına haram tikə yedizdirir və camaat arasında da kişiləşib deyir ki, pul qazanmaq hər oğulun işi deyil. Orasını doğru deyir, pul qazanmaq hər oğulun işi deyil, bu şərtlə ki, təmiz qazanasan, kiminsə çörəyinə dəyməyəsən, rüşvət almayasan, ağılına, bacarığına güvənəsən. Ola bilər kimsə gülüb deyə ki, siz qazana bilmirsiniz ona görə belə danışırsınız. Qoy desin, nə olar, dünya dağılmaz ki...
Ancaq dünya xali deyil, mən elə oğlan tanıyıram ki, bank işçisi idi, ayda əmək haqqından əlavə (bilmirəm, bu sözü niyə lüğətimizdən çıxarmaq istəyirdilər?) paketdə ona verilən 2 min manatdan imtina etdi və işdən çıxdı. Xahiş edirəm o gənci qınamayın, deyir ki, əməkhaqqı məni qane eləmədi, həm də mən ailəmə haram tikə yedirtmək istəmədim. O qardaşa heyranam: özünə – ağlına, bacarığına güvənir. Belə olmasaydı, qısa müddətdə əvvəlki ilə müqayisədə ikiqat çox əməkhaqqı verilən yeni işə düzələ bilməzdi...
Elə biz də hər səhər Allah verəndən yeyib, yollanırıq işə, qısaca desək, pul qazanmağa. Çünki bazar cəmiyyətində hər şeyi olmasa da, çox şeyi pulla almaq olur. Və bir də indi pul qazana bilməyən adama birtəhər baxırlar: əfəldi, aciz-avaradı... deyirlər. Nöşün ki, lap ağılın, biliyin başından aşsın, Marks ol, Nyuton ol, pul qazana bilməsən, evdə arvad-uşaq da sənə hörmət qoymur. Hacı Qara demişkən, “Adamı adam eyləyən paradır, parasız adamın üzü qaradır”. Görünür ki, o, bu fikri Dubaydan mal gətirib mayanı tamam batırandan sonra deyib. Çünki bu cür dəqiq və yanıqlı ifadələr ancaq pulsuzluğun yandırıb yaxdığı insanın ürəyindən qopa bilər. Yoxsa, gündə “çax-çux”u olan, yaxud “qaz vurub-qazan dolduran”ın ağlından belə fikir keçə bilməz.
Söhbətə pulla başlamağımızın səbəbkarı səhər meyvə alarkən görüşdüyüm Ağabala kişidir. Qoy əvvəlcə söyləyim ki, Ağabala kişi bizim binada yaşayır. Açığını desəm, mənim ondan xoşum gəlmir. Çünki işi düşməsə çətin ki, sənə salam verə. Amma, neyləmək olar, həm qonşudur, həm də yaşlıdır, gərək hörmətini saxlayaq. Hə, onu da deyim ki, Ağabala kişi son günlər mənə tez-tez salam verir, hətta, hal-əhval tutur. Niyəsini nə qədər fikirləşirəm, tapa bilmirəm.
Məlumat üçün onu da deyim ki, Ağabala kişi sovetlər dövründə uzun illər ticarətçi olub, tərəzi dalında dayanıb. Onun keyfini nə vaxt soruşsaydın, elə sözlər dilə gətirirdi ki, az qalırdın dəsmal götürüb halına ağlayasan. Deyirdi ki, borcun içindəyəm, bu yandan da milis rəisi, “narodnı kontrol”, “revizor”, “it-qurd” imkan vermir gözümüzü açmağa. Elə gəlirlər, ver, ver!... Çoxları bilirdilər ki, Ağabala kişinin bu sözləri yalandı.
Deyirdilər ki, onun elə ağlamağına baxma, hər oğluna bir mülk alıb, maşın alıb, hər yay da kurortlardadı... Ağabala kişi dükana gətirdiyi xarici malların çoxunu altdan satırdı, özü də baha qiymətə. Bir də o, dolana bilmirdisə, niyə ordan qovulandan sonra həmin yerə qayıtmaq üçün dəridən-qabıqdan çıxırdı, ona-buna minnətçi düşürdü? O, çox insafsız satıcı idi və tərəziyə də gəlir mənbəyi kimi baxırdı. Bir balaca həmsöhbət olan kimi, söhbət etdiyi adamdan soruşardı: “Babat qazana bilirsən?”
...Bir şəkili qardaşım hərdən yarızarafat-yarıgerçək deyir ki, indiki zəmanədə qanacaqdan alacaq yaxşıdı. Mən bilirəm, o, özü yaxşı bilir ki, qanacaqlı insan olmaq nadan, mərifətsiz pulludan qat-qat yaxşıdır. Lakin o da var ki, indi təsadüfü halda deyirlər: “failankəs qanacaqlı adamdır”. Amma həmin şəxs hansı yollasa varlanmış olsa belə onu barmaqla göstərib deyirlər: “Onu görürsən, pul onda saman kimidi, pulu saymır, kilonan çəkir...”. Daha heç kim soruşmur ki, o şəxsin qanacağı neçə kilodu, neçə faizdi? Halbuki, insanın imanlı, başqa sözlə desək, adam kimi adamlığının başlıca şərti əxlaqlı, mərifətli olmasıdır.
Bu sözləri, uzun da olsa, sizə açacağım bir mətləbə görə yazdım. Çünki danışacağım söhbət hər yadıma düşəndə məni yaman dilxor eləyir.. Məsələ belədi ki, qonşum Yaqub kişinin nəvəsi Murad, digər qonşum Ağabalanın kiçik qızını sevir. Uşaqlar orta məktəbdə də bir yerdə oxuyublar. Hazırda Murad konservatoriyanın axırıncı kursunda oxuyur, qız isə tibb bacısıdı. Murad çox qanacaqlı oğlandı. Həyətdə qonşulardan kimi görsə görüşür, hal-əhval tutur, deyir ki, bir köməyə ehtiyacın olsa, həmişə hazıram. Həm də konservatoriyada əla oxuyur. Hətta bəstələdiyi bəzi musiqi nümunələri beynəlxalq müsabiqələrdə mükafat qazanıb. Onun yaxşı bəstəkar olacağına şübhəmiz yoxdur.
O qədər savadlı olmayan Yaqub kişi nəvəsi ilə fəxr edir, onun istedadını qiymətləndirir. Ağabala kişi isə Muradın mərifətini və istedadını qiymətləndirmir. Elə buna görə də qızını Murada vermək istəmir. Yaqub kişi deyir ki, özü ilə ikilikdə söhbət eləmişəm, bir dəfə elçi də getmişəm, hər dəfə də Ağabalanın son sözü bu olub: “Sənin nəvən çörək qazanana, pulu pul üstünə qoyana, ailə dolandırana oxşamır. Onun tayları Bakıda neçə toçka sahibidi, beş-on gündən bir xaricdən mal gətirir, yaxşı pul qazanır. O, yapışıb skiripkanın quyruğundan, səhər-axşam cüyüldədir. İndi pul zəmanəsidi. Qoy gedib “tolkuçka”da iki-üç yer kirayələsin, alış-verişlə məşğul olsun. Nə vaxt əli pullansa, onda baxarıq...”
Yaqub kişi bu söhbəti mənə danışanda yaman təsirlənmişdi. Deyir, vaxtında əlimdən gələn köməyi eləmişəm ona. Mən pensiyaya çıxandan sonra öz maşınımla taksovatdıq elədim. İndi Ağabala mənnən pulnan danışır... Dünyanın işinə bax, ha, əyri, oğru düzə dərs deyir, pul qazanmağın yolunu öyrədir.
Kişini sakitləşdirdim. Dedim ki, Yaqub kişi, darıxma, Ağabala tez-gec səhvini anlayacaq. Bir də ki, uşaqlar bir-birini istəyirsə, qızını güclə başqasına verməz. Minnəti olsun, Murad kimi mərifətli, savadlı kürəkəni hardan tapacaq? Lazım gəlsə, qonşularla yığışıb onu yola gətirərik... Bu sözlərdən sonra Yaqub kişi dedi ki, bircə nəvəm var, onun toyunu da görsəydim, bu fani dünyadan rahat gedərdim...
Son günlər həmin söhbət yadıma düşəndə şəkili qardaşın yarızarafat-yarıgerçak dediyi sözləri xatırlayıram.
...Ağabala kişi yenə tərəzi dalında dayanır. O, binamızın yanındakı qarajlardan birini icarəyə götürüb və oranı meyvə-tərəvəz dükanına çevirib. Oğlu Balağa səhər tezdən “Meyvəli”yə gedib lazım olan məhsulları alıb gətirir, Ağabala kişi də nəvəsi ilə həmin meyvə-tərəvəzi satır.
Bu gün meyvə-tərəvəz alarkən onunla salamlaşdım. Kefimi-halımı soruşdu, sonra dedi ki, “Meyvəli”də yenə qiymətləri qaldırıblar, daha alış-veriş sərf eləmir. Mən ona cavab vermədim. Dükandan çıxanda soruşdu ki, müəllim, sən bilərsən, Pikasso haralıdı? Onun bu sualı mənə qəribə gəldi. Fikirləşdim ki, Ağabala kişi hara, Pikasso hara? Axı bu dünyada, belə demək olarsa, onun gözü puldan başqa heç nəyi yaxşı görmür, heç kimi tanımır. Sualına cavabı özü vermiş kimi oldu. Dedi ki, dünyada sarsaq adamlar çoxmuş. Sən götür 104 milyon dolları ver balaca bir şəkilə ki, iş bilmişəm. Özü də şəkil, nə şəkil. Atamın goru haqqı, o şəkli mənim nəvəm çəksəydi, ona heç yüz dollar da verməzdilər. Nə olsun Pikasso çəkib...
Ağabala kişiyə Pikassonun sənəti haqda məlumat vermək istədim, ancaq fikrimdən vaz keçdim. Çünki tələsirdim. Yolda yadıma Ağabala kişinin Pikasso barədə sualı düşdü. Xatırladım ki, bir müddət əvvəl Nyu-York auksionlarının birində Pablo Pikassonun "Qəlyan çəkən oğlan" əsərinin satışı keçirilmişdi. Ay səni, Ağabala kişi! Öz-özümə dedim ki, kaş adamın uşaqlarından, yaxud qardaşlarından biri Piksasso kimi rəssam ola. 103 milyon dollarla işim yoxdu, qalan milyon dollardan lazım olanda verə bala-bala xərcləyəsən. Onsuz da pul “əl çirki”di.
Səməd MƏLİKZADƏ