“Qarabağ Azərbaycandır!” demək xoşbəxtliyi

post-img

Yaxud Azərbaycan–Pakistan münasibətlərindəki dərin dəstək amili 

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri bir çox məqamları ilə yadda qaldı. Həmin məqamlara diqqət yetirmək göz­lərimiz önündə qürur və fəxarət səhnələri canlandırır. Bu canlanma isə həm günü­müzün misilsiz örnəyidir, həm gələcək üçün dəyərli mirasdır, həm də dünyada ədalətin bərpası naminə nümayiş etdiril­miş son dərəcə ciddi müqavimətdir. 

Bəli, beynəlxalq müstəvidə ədalətsizliklər baş alıb gedir. Onlar sanki normaya çevrilib­lər. Bu mənfi tendensiyadan zərər görmək baxımından Azərbaycanı və Pakistanı birləş­dirən ortaq məqamlar var. Tanrıya şükürlər olsun ki, ölkəmiz otuz ilə yaxın müddətdə uğ­radığı ən böyük ədalətsizliyi aradan qaldır­mağa müvəffəq oldu. Növbə Pakistanındır. Dost və qardaş ölkə bu mənada Azərbayca­nın dəstəyinə hər zaman arxayın ola bilər və arxayındır.

Bakı və İslamabad beynəlxalq miqyasda birlik və həmrəyliyin uğurlu nümunələridir. Elə bir nümunə ki, mən­bəyini yalnız müasir dövrün reallıqla­rından yox, eyni zamanda, tarixə baxış prizmasından götürür. Axı xalqlarımızı birləşdirən ortaq tarixdə şanlı keçmi­şin qürur dolu əzmkarlıq yaşantıları var. Hesab edirik ki, bizə qarşı çıxanlar bundan yaxşı xəbərdardırlar, Onlar bir­liyimizə həsəd də aparırlar. 

Ancaq birliyimizin təkrar-təkrar yada salınması, vurğulanması müt­ləqdir. Beynəlxalq aləm mesajımızın konkretliyinə, sözümüzün bütövlü­yünə hər zaman əmin olmalıdır. Heç şübhəsiz, belə bir əminlik ölkələrimizə qarşı əks mövqe tutanların müqa­vimətini sarsıdan kifayət qədər önəmli faktordur. Elə buna görə də Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə mətbuata birgə bəyanatında bildirib: “Biz qarda­şıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər bey­nəlxalq məsələdə bir-birimizi dəstəklə­yirik. Məsələn, irəli sürdüyümüz təşəb­büsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimiz­dir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozul­muşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olun­masını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexa­nizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşla­rımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərə­fində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”. 

Bəli, Azərbaycanın və Pakistanın qardaşlığındakı nümunəvilikdə bu qardaşlığın beynəlxalq hüquqa sadiq­lik prinsipini rəhbər tutma potensialı və gücü var. Bakının və İslamabadın dünya üçün ədalət carçısı statusunu şərtləndirən cəhət də elə budur. Dövlə­timizin başçısının bildirdiyi kimi, ədalət zəfər çalacaq. Sadəcə, bunun geci-tezi var. 

Azərbaycan və Pakistan qardaşlı­ğındakı möhkəmlik amplitudası özün­də gecləri tezləşdirən xarakterə malik­dir. Bu, hadisə və proseslərə prinsipial baxışdan, qətiyyətdən qaynaqlanır ki, sadaladığımız xüsusiyyətlər Bakı ilə İslamabad arasındakı yüksək etimad mühitindəki başlıca indiqatorlardır. Deməli, ədaləti doğuran həm də yük­sək etimad amilidir. 

Pakistanın da Azərbaycana etima­dından doğan dəstəyin nəticəsidir ki, ölkəmiz Qarabağ problemini aradan qaldırıb. Pakistan ölkəmizə daha bir ortaq ədalətin təcəllisində – Cəmmu və Kəşmir probleminin həllində etimad göstərə bilər və göstərir də. 

Necə deyərlər, dost dar gündə tanı­nar. Qətiyyətlə deyə bilərik ki, Pakistan dar, çətin günlərimizin dostudur. Dövlət müstəqilliyini qazandığı mürəkkəb şə­raitdə ölkəmizə beynəlxalq dəstəyini ifadə edən rəsmi İslamabad torpaq­larımızın işğalına sərt münasibətini göstərmiş, təcavüzkar Ermənistanla diplomatik münasibətlər qurmamışdı. Belə yanaşma xarici aləmə verilmiş ciddi mesaj idi. Özündə ədalətin bər­pasının vacibliyini daşıyan mesaj. 

Dövlətimizin başçısının da bildirdiyi kimi, Azərbaycan xalqı işğal dövründə Pakistanın hər zaman yanımızda oldu­ğunu yaxşı bilir. Onu da nəzərə alaq ki, rəsmi İslamabad, eləcə də bütövlük­də Pakistan cəmiyyəti İkinci Qarabağ müharibəsi zamanı da bizə birmənalı dəstəyini göstərdi. Türkiyə ilə yanaşı, bu qardaş ölkənin yüksək rütbəli təm­silçiləri ən yüksək səviyyədə bəya­natlar səsləndirərək, haqq davamızın müdafiəsinə qalxdılar. Prezident İlham Əliyev bunun xalqımıza əlavə güc-qüv­vət verdiyini açıqladı ki, bu da özlüyün­də yüksək qədirbilənlikdir. 

Yada salaq ki, 2020-ci il sentyabrın 27-də, yəni Vətən müharibəsi başla­yan gün Pakistanın Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azər­baycanın Qarabağ bölgəsində növ­bəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Həmin bəyanatda deyilirdi: “Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları­nın kəndlərinin mülki əhalisini intensiv atəşə tutulmasını qınayırıq və bu, növ­bəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təh­lükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”.

Onu da xatırlayaq ki, 2020-ci il sentyabrın 29-da Prezident İlham Əliyev Pakistanın ölkəmizdə yeni təyin olun­muş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul etmişdi. Səfir o vaxt qardaş Azərbay­can xalqının Pakistan xalqı üçün xü­susi yerinin olduğunu vurğulamışdı. O, ölkəsinin Qarabağ məsələsində həmişə Azərbaycana dəstəyindən söz açaraq bəyan etmişdi: “Bizim qəlbimiz Azərbaycan xalqı ilədir. Biz bildirmək istəyirik ki, sizin mövqeyiniz ədalətli, qanunidir və bu məsələnin həlli qey­ri-müəyyən müddətə təxirə salına bil­məz, çünki bu, ədalətli mövqedir. Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik”.

Dövlətimizin başçısı səfir Bilal Haye ilə görüş zamanı Qarabağ münaqişəsi­nin həlli ilə bağlı Pakistanın ölkəmizə davamlı dəstəyinə görə minnətdarlığını ifadə etmiş və bildirmişdi: “Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaş­lıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zama­nı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pa­kistana qətiyyətli mövqeyinə görə min­nətdarıq. Pakistan Ermənistanı Azər­baycan torpaqlarını işğal etdiyinə görə tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram”.

Bəli, Azərbaycanın və Pakista­nın bir-birinə dəstəyi ilə bağlı bir çox məqamların üzərində dayanmaq müm­kündür. Ümumi mənzərə isə budur ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlığa imza atdıqları kimi, bey­nəlxalq platformalarda eyni maraqlara söykənərək, öz fəaliyyətlərini koordina­siya edir, bir-birini qeyd-şərtsiz dəstək­ləyirlər. Hesab edirik ki, Prezident İlham Əliyevin Pakistana dövlət səfəri və bu zaman əldə olunmuş razılaşmalar, elə­cə də dostluq və qardaşlıq jestlərinin ifadə səhnələri dəstək nümunələrini, strateji tərəfdaşlıq motivlərini daha da zənginləşdirəcək və fundamentallaşdı­racaqdır. Yaşasın Azərbaycan və Pa­kistan dostluğu və qardaşlığı!

Ə.CAHANGİROĞLU
XQ

Siyasət