Rusiya XİN rəhbəri müavininin xəbərdarlıq tonu
Ermənistanın NATO-nun Vaşinqtonda keçirilmiş 75 illik yubiley sammitində iştirakı Rusiyada etiraz doğurub. Rusiyanın Xarici işlər nazirinin müavini Mixail Qaluzinin “Ria Novosti”yə açıqlaması bunu deməyə əsas verir.
Məlum olduğu kimi, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov da həmin toplantıda iştirak etmişdi. Bəs görəsən nəyə görə Rusiya erməni XİN rəhbəri Ararat Mirzoyanın tədbirə qatılması üzərində dayanır? Səbəb çox sadədir – İrəvan Kremlin hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. O təşkilatın ki, hərbi təyinatlıdır və NATO ilə rəqabətdədir. Bu rəqabət isə bütövlükdə, ABŞ–Rusiya siyasi qarşıdurması xarakterinə malikdir.
Əlbəttə, Qaluzinin söylədiklərini haqlı saymaq mümkündür. İlk növbədə ona görə ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunun timsalında Rusiya ilə rəqabət platformasını genişləndirməyə çalışır və mövcud xüsusda ölkənin söykənəcək yeri Ermənistandır. Tam aydındır ki, Vaşinqton İrəvanın Bakı ilə sülh gündəmini Moskvanın regiondan tamamilə sıxışdırılması motivlərinə kökləyib. Qaluzinin reaksiyasını doğuran ilk məqam məhz budur. Rusiya yaxşı bilir ki, Mirzoyanın NATO sammitində iştirakı Bayramovun iştirakı ilə eyni müstəvidə dəyərləndirilə bilməz. Birinci toplantıya ölkəsini Qərbə şirin satmaq naminə qatılıb, Azərbaycan isə özünün balanslı siyasət xəttinə sadiqdir və bunu beynəlxalq müstəvidə hər kəs tam aydın dərk edir.
M.Qaluzinin reaksiyasını doğuran ikinci məqam. Məlum olduğu kimi, Ermənistan üzvü olduğu KTMT ilə münasibətlərini gərginləşdirmək xətti götürüb. Bu xəttin icrasına 2022-ci ilin noyabrından başlanılıb. Həmin vaxt quruma rotasiya qaydasında sədrlik Ermənistanda idi. Ölkənin baş naziri Nikol Paşinyan bu imkandan KTMT-ni Azərbaycana qarşı qaldırmaq naminə bəhrələnmək istəmişdi. O, təşkilatın ölkəmizlə bağlı siyasi qərar çıxarmasına cəhd göstərmişdi. Çalışmışdı ki, KTMT Bakını işğalçı qiyafəsində tanısın. Lakin buna müvəffəq ola bilməmişdi.
Qeyd edək ki, 2024-cü il başlayandan Ermənistan – KTMT münasibətlərində gərginlik artıb. Daha doğrusu, tamamilə yeni, dinamik məcraya qədəm qoyub. Əgər əvvəllər rəsmi İrəvan qurumdan narazılığını ümumi şəkildə ifadə edirdisə, daha çox onun lazımsızlığı görüntüsünü formalaşdırırdısa, bu ildən konkret məsələlər üzərində dayanır. Məsələn, N.Paşinyan bildirir ki, Ermənistan KTMT-dəki fəaliyyətini dondurub. O, eyni zamanda, ölkəsinin təşkilatdan tamamilə ayrılacağına dair mesajlar səsləndirir. Üstəlik, erməni rəsmiləri qurumun toplantılarına qatılmırlar. Nikol durumun KTMT-nin Ermənistandakı məsuliyyət zonasını dəqiqləşdirməyənədək davam edəcəyini bildirir. Şübhəsiz, Qaluzin həm də bunu nəzərə alaraq İrəvanın NATO sammitində təmsilçiliyinə münasibət açıqlayır və deyir ki, Rusiya Ermənistanın qurumun ali səviyyəli toplantısında iştirakına görə təəssüflənir.
Onu da bildirək ki, zaman-zaman erməni rəsmiləri KTMT-nin Ermənistanın təhlükəsizlik tələbatlarını ödəyə bilmədiyinə dair təbliğat aparırdılar. Bu məsələdə Azərbaycanı ittiham obyektinə çevirirdilər. Belə nəticə hasil olurdu ki, KTMT ölkəmizin, guya, Ermənistana qarşı işğalçılıq niyyətinə susqun yanaşır. Bu isə ikincinin maraq və mənafelərini heçə saymaqdır. Ona görə də təhlükəsizlik məsələlərindən söz açan Qaluzin bildirir ki, İrəvan KTMT-nin üzvü olaraq qalır və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısıdır. Lakin Ermənistan hakimiyyəti bunu nəzərə almaq, konstruktiv yanaşma ortaya qoymaq yerinə, Rusiya XİN rəhbərinin müavininin təbirincə desək, başqa yolu seçir. Başqa yol nədir? Əlbəttə ki, NATO-ya inteqrasiya. Buna hətta NATO-ya qoşulmaq cəhdi də demək mümkündür. “Ermənistan NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə xüsusən NATO standartlarının tətbiqi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından qarşılıqlı əlaqəni artırmağa üstünlük verir. Bütün bunlar həddindən artıq təəssüfdən başqa heç nəyə səbəb ola bilməz”, – deyən Qaluzinin İrəvanın Qərbyönümlü hərbi bloka yaxınlaşmaq istəklərini kinayəli qarşıladığı aşkar görünür.
Əlbəttə, M.Qaluzin ciddi mətləblərdən söz açır. O deyir ki, Ermənistanın məqsədi Rusiyanın strateji cəhətdən məğlubiyyətini arzulayan qüvvələrlə əməkdaşlığı dərinləşdirməkdir. Bu isə ölkənin “öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozmaq, öz təhlükəsizliyinə zərər vurmaq riskini daşıyır”. Qaluzin, həmçinin, Ermənistandakı mütəxəssislərin və siyasətçilərin belə ehtiyatsız addımların hansı mümkün nəticələr doğuracağını, nələrə başa gələcəyini anladıqlarını dilə gətirib. Göründüyü kimi, Rusiya XİN rəhbərinin müavini, kifayət qədər, açıq mətnlə xəbərdarlıq edir.
Yeri gəlmişkən, M.Qaluzin əvvəllər də Rusiya və xüsusən KTMT ilə münasibətlərdəki destruktiv mövqe səbəbi ilə Ermənistana xəbərdarlıq tonuna üstünlük verirdi. İndi, o, xəbərdarlıq ritorikasının konkret tərəfləri üzərində dayanıb. Söhbət iqtisadi məsələlərin gündəmə gətirilməsindən gedir ki, 2024-cü il başlayandan mövcud məqamı digər Rusiya rəsmiləri də qabardıblar. Halbuki 2022-ci və 2023-cü illərdə bu tendensiya nəzərə çarpmırdı. Yəni, bir qayda olaraq, Ermənistan ittiham edir, Rusiya isə onun cavabını ümumi şəkildə verirdi. Görünür, rəsmi Moskva ümumi ifadələrlə kifayətlənməyin heç bir nəticə vermədiyi qənaətinə gəlib. Məhz buna görə də Qaluzin və başqaları durumu konkretləşdirirlər. Hərçənd, onların son sözlərini əvvəldə demək istəmədikləri göz önündədir.
Bəli, Rusiya – Ermənistan münasibətləri baxımından iqtisadi məsələləri gündəmə gətirməyin özü də Moskvanın son sözü deməsi deyil. Kreml, hələlik, xəbərdarlığı xatırlatmalar tonunda edir. Bu mənada Qaluzinin də bəzi fikirləri var. Məsələn, o, Ermənistanın Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqı müstəvisindəki öhdəliklərindən söz açır. Bu, adi məsələ sayıla bilməz. Çünki Hayastanın son illərdəki iqtisadi inkişafında sözügedən platforma mühüm mövqeyə malikdir. Üstəlik, İrəvan Aİİ-yə ən az xeyir verən üzvdür. Yəni, az xeyir verir, amma çox mənfəət əldə edir.
Digər yandan, nəzərə alaq ki, Ermənistanın NATO-ya can ataraq KTMT ilə münasibətlərini gərginləşdirmək xətti, istər-istəməz, onun Aİİ ilə də əlaqələrinə mənfi yöndə təsir göstərəcək. Axı ola bilməz ki, İrəvan Rusiyanın hakim rol oynadığı bir təşkilatla münasibətlərini pozsun, digəri ilə sabit saxlasın. Belə bir şey yoxdur və olmayacaq da. Ona görə Qaluzin eyni anda iki stulda oturmağın yolverilməzliyini vurğulayır.
XQ-nin analitik qrupu