Vaşinqtonda Azərbaycan-NATO əməkdaşlıq gündəliyi müzakirə olunub

post-img

İyulun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində təşkilatın Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan-NATO əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və digər aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Azərbaycanın NATO ilə əməkdaşlığını təsbit edən “Sülh naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 30 illik tərəfdaşlığın qarşılıqlı anlaşma şəraitində uğurla davam etdirilməsi məmnunluqla qeyd olunub.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verən Ceyhun Bayramov COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizə fəaliyyətimizin növbəti bariz nümunəsi olduğunu bildirib.

Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, bu ölkənin sürətlə silahlanması faktlarına diqqət çəkib. Bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı davam edən iddialar xatırlanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasət