I məqalə
Ən təhlükəlisi odur ki, müasir dünyada doğrunu yalandan ayırmaq getdikcə çox çətinləşir. İnformasiya müharibəsi budur.
Tamara Sinelni
“İnformasiya müharibəsi” bir termin kimi XX əsrin son onilliklərində media məkanında yer almışdır. Mütəxəssislər bu terminin, adətən, insanların şüuru ilə kütləvi olaraq manipulyasiya edlməsini ifadə etdiyini vurğulayırlar. Yəni informasiya müharibəsi hər hansı cəmiyyətdə və cəmiyyətlər çoxluğunda kütləvi surətdə şüurlarda bu və ya digər faktorlara qarşı süni münasibət formalaşdırmağı hədəfləyir. Məsələnin təhlükəli tərəfləri də məhz bununla bağlıdır. İnformasiya müharibəsinin “iç cəbhəsi” də anlayış kimi məcazidir və bir cəmiyyətin öz daxilində olan müəyyən kəsimin, bütövlükdə, hökm sürən təsəvvürlərə qarşı təxribatçı fəaliyyətini nəzərdə tutur. Deməli, informasiya müharibəsinin “iç cəbhəsi” kənar qüvvələrin toplum daxilində özünə tərəfdaş tapması və ondan cəmiyyətin müxtəlif sferalarına qarşı təxribatçı, pozucu fəaliyyətdə yararlanmağa çalışması ilə əlaqəlidir.
Azərbaycanın müstəqil siyasətindən çəkinənlər
Azərbaycan Respublikası dövləti yeni-yeni uğurlar əldə etdikcə, ona dost olmaq istəmyən dairələrin də pozucu fəaliyyəti artır. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət yeritməsinin “çox layları tərpətdiyi”ni təsadüfən dilə gətirməmişdir. Azərbaycan lideri buna görə ölkəmizin üstünə hələ çox gələcəklərini vurğulamışdır.
Bu fikirlərdə çox məqamlar ifadə olunmuşdur. O cümlədən, ölkəmizə qarşı informasiya müharibəsinin yeni əlamətlərinin meydana gələ biləcəyi istisna edilmir. Hətta, artıq bu istiqamətdə müəyyən proseslər özünü göstərməkdədir. Onlarla dövlətimizin aidiyyatı orqanları kifayət qədər uğurla mübarizə aparırlar. Bununla yanaşı, vətəndaş cəmiyyətinin özünün də üzərinə düşən məsuliyyət və vəzifə mövcuddur. Bu prizmada indi müstəqil Azərbaycana qarşı müəyyən dairələrin apardıqları informasiya müharibəsinin bır sıra yeni çalarlarını vurğulamaq gərəkdir.
İndi Azərbaycana qarşı informasiya savaşını bir neçə səviyyədə aparmağa çalışırlar. Burada da hansı aspektdə və hansı faktorlar üzrə müharibə aparıldığını fərqləndirmək lazımdır. Onların sırasında Azərbaycan cəmiyyətinin daxilinə ixtilafa yönəlmiş cəhdlər xüsusi seçilir. Müxtəlif istiqamətlərdən və fərqli üsullarla buna çalışırlar. Təəssüf ki, bu prosesdə xaricdə yaşayan azərbaycanlılardan da istifadə halları özünü göstərir. Xüsusilə, Avropaya getmiş bir sıra soydaşımızın informasiya müharibəsinə cəlb edilməsi özünü göstərir. Onlar, adətən, demokratiya və liberalizm adı altında əsası olmayan ittihamlar irəli sürürlər.
Digər təxribat qanadını müəyyən regional və beynəlxalq təşkilatların qərəzli informasiyalar yayması təşkil edir. Onlar, adətən, Azərbaycanın xarici siyasətinin uğurlarını təhrif etməyə yönəldilir. Bu zaman “insan haqları” anlayışından spekulyativ istifadə edirlər. Bir başqa nümunədə sosial sferadakı vəziyyəti təhrif olunmuş formada təqdim etməyə çalışırlar. Həmin kontekstdə cəmiyyət daxilində kənar təxriabtçıların dəstəklərinə rast gəlmək ağrılıdır. Lakin, təssüf ki, belə hallar vardır. Bu bağlılıqda informasiya savaşının bir sıra məqamları üzərində dayanaq.
İdeoloji təxribatlara Bakının cavabı
İnformasiya savaşında son zamanlar cəmiyyətimizin birliyinə xələl gətirə biləcək ideoloji təxribatlara da rast gəlirik. Məsələn, süni və qondarma bəhanələrlə cəmiyyətdə türk-qeyri–türk ayrı-seçkiliyi salmağa çalışanlar peyda olurlar. Bu bağlılıqda “Bozqurd” işarəsi ilə əlaqədar bir sıra KİV-də açılan lazımsız “müzakirələr”i müşahidə edirik. Çünki hər bir millətin qədimdən xüsusi kodları mövcuddur. Məsələn, bu, fransızlarda xoruzdursa, Amerika demokratlarında eşşəkdirsə, ruslarda ayıdırsa, türklərdə də xilaskar və mərd anlamlarını verən, düşmənə heç zaman arxa çevirməyən Bozqurddur!
Azərbaycan əhalisinin də mütləq əksəriyyətini türklər təşkil edirlər. Azərbaycan cəmiyyətində bunu inkar etməyə cəhd göstərənlərin olması təəssüf doğurur. Ancaq bu məsələnin heç bir halda emosional və radikal duyğusal tərəfinə baş vurmalı deyilik! Çünki Azərbaycan xalqı böyükdür, çoxdan xırda etnik və məhdud duyğuları aşmış toplumdur! Azərbaycan cəmiyyətini hər hansı qədim totem kod ayrılıqda yönləndirmir – bu xalq canı, qanı, mənəviyyatı, zəkası ilə daim öz tarixinə müasir tələblər prizmasında baxmağı bacarmışdır və indi daha yaxşı bacarır! Bunu bizə qədimdən gələn dünyaduyumumuz, yurda, elə, obaya, Vətənə baxışımız aşılamışdır! Azərbaycanın böyük fikir adamlarının intellketi, biliyi, duyğuları, mənəviyyatları, əxlaqları, mədəniyyətləri aşılamışdır! Ulu öndər Heydər Əliyev azərbaycançılıq kimi möhtəşəm ideologiya ilə aşılamışdır!
Biz azərbaycanlı olmağımızla fəxr edirik! Azərbaycanlı türkdür, ləzgidir, burada yaşayan rusdur, yəhudidir, gürcüdür, avardır, talışdır və digər qardaşlarımızdır. Azərbaycanlılar bu anlamda bütövdürlər, bir-birindən ayrılmazdırlar! Biz vahid və güclü Azərbaycan mədəniyyətinin formalaşdırdığı insanlarıq. Birliyimiz tarixin qədim qatlarından, ənənə olan multikultural münasibətlərdən qaynaqlanır.
İndi kimsə və ya kimlərsə, hüquqşünas adından danışaraq, azərbaycanlıları türk deyil, yevropoid irqinə mənsub olanlar kimi təqdim edirsə, böyük yanlışlığa yol verir. Bəlkə də özü də bilmədən cəmiyyətimizdə qarışıqlıq yaratmasında marağı olan dairələrin dəyirmanına su tökür! Bozqurd mənim totemimdir! Bir futbolçunun da onu işarə verməsi faciə deyildir. Onu bunda qətiyyən ittiham etmək olmaz!
Lakin bunu etməmək də olardı. Və, məncə, lazım idi ki, etməsin. Edibsə, bu dərəcədə günahlandırmaq, futbolçunun “səhvi”ndən də böyük səhv etmək deməkdir! Ən yaxşı cavabı italyan məşqçi Montello vermişdir. O demişdir ki, “bu, bizim tariximizdir”... Diqqət edin, etnik olaraq Montello italyandır, lakin Bozqurd işarəsini “öz tarixi” kimi təqdim edir. O, çalışdığı ölkənin tarixinə, ənənəsinə hörmətlə yanaşır! Bax, əsl türklük budur, bu anlayış etnik mənsubluqla müəyyən olunmur.
Bundan başqa, məlumdur ki, Bozqurd işarəsi Türkiyəyə Azərbaycandan keçmişdir. 1992-ci ildə Alparslan Türkeş Bakıda mitinqdə iştirak edəndə azərbaycanlılar meydandan bu işarəni vermişlər və bundan türkiyəli siyasətçi vəcdə gəlmişdi!
Azərbaycan Prezidentinin xüsusi paylaşımında türk futbolçuya dəstək verməsi və sonda “Yaşasın Türk dünyası!” yazması hər şeyi azərbaycanlılar üçün aydınlaşdırır. İlham Əliyev Merih Dəmirala qarşı UEFA-nın cəzasını pisləmiş və futbolçunu vurduğu qollara görə təbrik etmişdir. Bununla, dövlət başçısı heç bir informasiya təxribatına uymamağa, müstəqilliyimizə, dövlətçiliyimizə və birliyimizə faydalı olan mövqedə olmağa səsləmişdir!
Cəmiyyətin birliyi
Əlbəttə, informasiya müharibəsi həmişə olacaqdır. İndiki mərhələdə də onun müxtəlif formalarının özünü göstərməsi gözləniləndir. Bu məsələ həm də ancaq deyək ki, idmanla məhdudlaşmır. Məsələnin mahiyyəti, bütövlükdə, Azərbaycan cəmiyyətinə olan təsirlərin xüsusiyyətləri ilə bağlıdır. Belə görünür ki, bu müharibəni aparanların əsas məqsədi Azərbaycan cəmiyyətinin birliyini zəiflətməkdən ibarətdir. Burada insanların hakimiyyətə və bir-birinə olan etmadlarını aşağı salmaqdır. Cəmiyyətin birliyinin daxildən zəiflədilməsi adətən, iki, məqsədə xidmət edir.
Birincisi, cəmiyyətin kənar zərərli təsirlərə müqavimət gücünü azaltmağa, ikincisi, mövcud hakimiyyətin legitimliyinə şübhə yaratmağa. Hər iki aspekt ümumilikdə ölkənin milli təhlükəsizliyinə təhdiddir. Bunun əsasında isə dövlətin müstəqil mövqeyini laxlatmağa çalışırlar və onun digər dövlətlər qarşısında etibarlı tərəfdaş olmadığı təəssüratını yaradırlar.
Toplumsal müqavimət gücü
Bu faktor müasir mərhələdə cəmiyyətin azad və dövlətin güclü olması baxımından çox əhəmiyyətli məsələdir. Çünki dövlətə və mədəniyyətə qarşı olan təxribatları yalnız kollektiv şəkildə neytrallaşdırmaq mümkündür. Digər tərəfdən, indi təxribatçı informasiya texnologiyaları elə incə üsullarla aparılır ki, onları adi gözlə müəyyən etmək çox çətindir. Buna görə də əksər hallarda insan hadisə baş verəndən sonra nə etdiyinin real mahiyyətini dərk edir. Faktlar kifayət qədərdir. Məsələn, müasirləşmək adı altında hansısa yad mədəniyyət elementini gənclərə aşılayırlar. Bunu telekanallar və ya digər KİV orqanları vasitəsilə incəliklə həyata keçirirlər. Son zamanlar bu kontekstdə Azərbaycan mütəfəkkirləri haqqında yanlış və qərəzli informasiyalar yaymağa çalışılır. Bunu müasir dövrün ədəbi-bədii tələbi kimi qələmə vermək istəyirlər.
Məsələn, XX əsr hər hansı Azərbaycan yazıçısı və ya şairi (deyək ki, Səməd Vurğun və ya Sabir) barədə həqiqətə uyğun olmayan fikir formalaşdırmaq cəhdləri olur. Bu, azərbaycanlı gənclərdə öz mədəniyyəti, yaradıcıları və böyük şəxsiyyətləri haqqında yanlış mövqe formalaşdırmağa xidmət edir. Eyni zamanda, toplumda öz mədəniyyəti haqqında mövcud olan doğru təsəvvürləri laxlatmağa hədəflənir. Bu kimi hallar müxtəlif variantlarda və məqsədlərdə verilirsə, nəticəsi cəmiyyətdə gənc nəslin əvvəlki nəsillərlə mədəni bağlantısına və yekunda toplumun müqavimət gücünə ziyan vurur.
Onu deyək ki, bu kimi təxribatçı təsirlər yalnız ədəbi-bədii şüuru hədəf almır. Bura fəlsəfə, elm, incəsənət və digər sferalar daxildir. Həmin kontekstdə Azərbaycan tarixinin bir mərhələsi ilə digəri arasında qeyri-obyektiv əlaqə yaratmaq cəhdləri məlumdur. Hətta dövlət buna reaksiya verərək, tarixə çox həssas yanaşmağımızı tələb etməkdədir. Çox qəribədir ki, bəzən dərsliklərdəki yanlış təqdimatlardan müəllimlər və alimlər narahatlıqlarını bildirirlər.
Və yaxud davranış mədəniyyətində hansısa milli elementi yanlış mənalandıraraq köhnəlik əlaməti kimi təqdim etmək halları olur. Bunu bir sıra hallarda geyimdə müşahidə etmək mümkündür. Gənclərin geyimində sağlamlığa zərər verən və milli ənənəyə uyğun olmayan elementlərə indi tez-tez rast gəlinir. Onların çeşidləri o qədər genişdir ki, insanlar dərhal onu görürlər.
Məsələnin başqa tərəfi siyasi xarakterli məqamlarla əlaqəlidir.
Siyasi legitimlik
Bu istiqamət xüsusilə Azərbaycanın Türk dünyası ilə əlaqələrə daha çox üstünlük verməsi ilə bağlı genişləndirilməyə çalışılır. Çox müxtəlif üsullarla iqtidar – xalq birliyinə zərbələr vurmaq istəyirlər. Düşündürücüdür ki, bu prosesdə bir sıra hallarda sosial institutlar, bir sıra KİV orqanları da iştirak edirlər. Məsələn, “Azərbaycan türk ailəsinə məxsusdur” tezisinə qarşı üstüörtülü informasiya hücumları müşahidə olunur. Bununla dövlətin rəsmi xətti ilə toplum arasında fikir ayrılığı olması təəssüratı yaratmağa cəhdlər göstərilir. Biz məsələnin bu aspekti üzərində iki səbəbdən geniş dayanmırıq. Birincisi, toplum özü bu kimi təxribatlara lazımi reaksiyasını verir. İkincisi, Azərbaycan cəmiyyəti öz hakimiyyəti ilə birliyini hər zaman lazım olan səviyyədə nümayiş etdirir.
İndiki mərhələdə də həmin mənzərə yaranmışdır. Türk ailəsinə məxsusluq məsə-
ləsinə cəmiyyətin əksər kəsimləri böyük dəstək verir, çünki bu toplum türklüyün qaynağıdır. Eyni zamanda, vətəndaşlar aydın görürlər ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal üzvü kimi böyük uğurlara imza atır və nüfuzu getdikcə daha da çoxalır.
Digər tərəfdən, azərbaycançılıq Azərbaycan vətəndaşlarını elə sıx birləşdirmişdir ki, onların bir-birinə qarşı qoyulması mümkün deyildir. Azərbaycanlılar öz liderinə tam inanır, ona dəstək verir və yeridilən siyasətin hər uğuruna coşqunluqla reaksiya verirlər. Azərbaycan bir dövlət və cəmiyyət olaraq zəfərlərə alışmışdır. Qələbə əzmi daha yüksək səviyyəyə qalxmışdır.
(ardı var)
Füzuli Qurbanov,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru