Vaşinqtonun istəyi və Bakının yaratdığı reallıq

post-img

Cənubi Qafqazda “supergüc”ün maraqları ilə üst-üstə düşən və düşməyən məqamlar

Azərbaycan üçün həm regional, həm də beynəlxalq layihələrə tezliklə start ve­rilməsi prioritet sayılır. Bu zaman Bakı əsas tərəfdaşı kimi, təbii olaraq, bölgə ölkələrini görür. Cənubi Qafqazı “Qafqaz evi” kimi görən və bu evin sakinlərinin qarşılıqlı səmərəli əməkdaşlığına hesablanmış perspektiv Bakının maraqlarına tam cavab verir. Azərbaycan rəhbərliyi bu zaman tərəfdaşlardan biri kimi Er­mənistanın da transmilli nəqliyyat dəhlizlərinə qoşulmasını mümkün saydığını dəfələrlə açıqlayıb. Sadəcə, bundan ötrü iki ölkə arasında otuz ildən çox uzan­mış məlum münaqişəyə sülh sazişini imzalamaqla son qoyulmalı və Azərbayca­nın qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi açılmalıdır. 

Bəs, Bakının beynəlxalq hüquqa və tarixi ədalətə söykənən şərt və təklifləri bölgədə maraqlarını güdən kənar aktor­ların maraqları ilə düz mütənasibdirmi? Söhbət konkret olaraq ABŞ-ın son vaxtlar Cənubi Qafqaza diqqətini xeyli artırma­sından, Ağ ev rəsmilərinin Azərbaycana səfərlərinin və telefon danışıqlarının in­tensivləşməsindən gedir. Bu diplomatik fəallığın altında hansı taktiki və strateji məqsədlərin gizləndiyini araşdırmağa ça­lışaq. 

*** 

44 günlük müharibə başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması təşəbbü­sü ilə çıxış etdi. Bu nəqliyyat dəhlizinin ölkəmiz üçün əhəmiyyəti göz qabağında olduğundan rəsmi Bakı şəffaf şəkildə Ermənistanla sərhədə nəqliyyat kommu­nikasiyalarını daşımağa başladı. Fəqət bir müddət sonra Yerevan, guya, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatdan irəli gələn şərtlərə əsaslanaraq, dəhliz üzə­rində özünün sərhəd və gömrük nəzarə­tini qurmaq iddiasını bəyan etdi. Həm Bakının, həm də Moskvanın rəsmi İrə­vana belə bir yanaşmanın yanlışlığını və faydasızlığını anlatmaq cəhdləri uğursuz oldu. Görünən bu idi ki, Paşinyan haki­miyyəti Zəngəzur dəhlizi ideyasının Türk dövlətləri tərəfindən dəstəklənməsini həzm edə bilmirdi. Məntiqlə yanaşdıqda qlobal logistika üçün çətin bir dövrdə bu marşrutun böyük gəlir gətirəcəyi o qədər açıq idi ki, onun həyata keçirilməsinə qarşı çıxmaq ağılsızlıq olardı. İrəvanın mövqeyinin “sarsılmaz” olduğunu görən Bakı son nəticədə Tehranla ikitərəfli ra­zılaşma əsasında İran ərazisindən keç­məklə Naxçıvan və Türkiyə ilə “qardaşlıq yolunun” inşasına start verdi. 

Son vaxtlar Vaşinqton Orta dəhlizin açılmasını bütün Cənubi Qafqaz regi­onu üçün mühüm strateji addım hesab edərək, bu problemə artan maraq göstər­məyə başlayıb. Bir faktı da nəzərə alsaq ki, ABŞ prezident seçkiləri ərəfəsindədir, onda Ağ evin bölgəyə tez-tez üz tutma­sının başlıca səbəbini görmüş olarıq. Elə ABŞ Dövlət katibinin Avropa və Av­rasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin Bakıya son səfərində verdiyi açıqlamalara da məhz bu kontekstdən yanaşmaq lazımdır. O dedi ki, Mərkəzi Asiya ölkələri ənənəvi olaraq Rusiya və Çin vasitəsilə beynəlxalq bazarlara ixrac edirlər. Amma indi Xəzərin o tayında bunu etmək imkanı var. Yəni, Ağ evin fikrincə, Türkiyə ilə həm Gürcüstan, həm də Er­mənistan ərazisindən alternativ nəqliyyat marşrutu keçə bilər. Bu isə həm daşınma xərclərini azaltmağa, həm də geosiya­si müdaxilələrdən qorunan alternativlər təqdim etməyə imkan yaradardı. ABŞ-nin mövqeyi ondan ibarətdir ki, Orta Asiyadan tutmuş Türkiyəyə qədər bütün xalqlar im­tiyazlar əldə edə bilər, amma bu, yalnız bölgədə maraqları olan bütün tərəflərin razılığı ilə mümkündür. Vaşinqton bu pro­sesin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əldə olunması ilə baş­layacağına əmindir. Kənardan hər şey hamar görünür, amma praktiki baxımdan təbii sual ortaya çıxır: Son vaxtlar Vaşinq­ton niyə bu qədər inadkarlıq göstərməyə başlayıb?

Mövzu ilə bağlı “XQ”-yə münasibə­tini açıqlayan politoloq Fərhad Məm­mədovun fikrincə, Ağ evin hazırkı ad­ministrasiyası üçün seçkiyə qədər xarici siyasətdə əldə etdiyi uğurları nümayiş etdirmək çox vacibdir: “Rəsmi Vaşinq­tonun qazanmağa ümid etdiyi uğurlar Ukraynaya dəstək, Çinə qarşı sərt rito­rika, İsrailə edilən yardımlar və nəhayət, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır. Bunlar seçki­də ABŞ-dakı mövcud iqtidarın xeyrinə işləyə biləcək amillərdir. İndi hamı an­layır ki, sülh müqaviləsinin imzalanması avtomatik olaraq, Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasına və iki ölkə arasında sərhədlərin açılmasına gətirib çıxaracaq. Bu da öz növbəsində Türkiyənin regionda daha da fəallaşma­sı və Rusiyanın bölgədən sıxışdırılması demək olacaq. Ağ ev üçün geosiyasi baxımdan Moskvanın Cənubi Qafqazda mövqeyinin zəifləməsi xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, Bakı və İrəva­nın sülh sazişini imzalaması Ermənista­nın Kollektiv Təhlükəsizlik Müqaviləsin­dən çıxmasını sürətləndirə bilər. Aydın məsələdir ki, bu məsələ də Vaşinqtonun marağındadır. Çünki, Rusiya NATO-nu zəiflətməyə çalışır, amma ABŞ Ermə­nistan vasitəsilə ona zərbə endirə bilər. Yəni, Moskvanın rəhbərlik etdiyi hərbi-si­yasi blokdan hansısa üzv dövlətin çıx­ması arzuolunmaz haldlr”.

C.O'Brayenin Mərkəzi Asiya ölkələ­ri üçün Qafqazdan nəqliyyat dəhlizinin yaradılması barədə Bakıda səsləndirdiyi fikirlərə toxunan politoloq diqqəti Avropa İttifaqının Mərkəzi Asiyaya girişinin məhz Cənubi Qafqazdan keçməsinə yönəldir: “Burada çox ciddi geosiyasi rəqabət möv­cuddur. Bütün bu daxili və xarici amilləri nəzərə alan Ağ ev hazırda Ermənistan­la Azərbaycan arasında sülh sazişinin mümkün qədər tez imzalanmasına tərəf­ləri vadar edir”. 

*** 

Yəqin diqqətli oxucular xatırlayır­lar ki, İlham Əliyevin təşəbbüsü ilə Bakı–Tbilisi–Qars dəmir yolunun in­şasına başlananda Qərb bu marşrutu maliyyələşdirməkdən qəti şəkildə imtina edirdi. Baxmayaraq ki, bu marşrutun nəinki strateji məqsədəuyğunluğu, hət­ta zəruriliyi o zaman da göz qabağında idi. Üstəlik, kollektiv Qərb layihəni ma­liyyələşdirmədən imtinasının səbəbini heç gizlətmirdi. ABŞ və Avropa İttifaqı bu marşrutun Ermənistan ərazisindən çəkilməsini istəyirdi. Təbii ki, rəsmi Bakı buna heç bir halda razı ola bilməzdi. Eyni vəziyyət ötən əsrin sonlarında Bakı–Tbi­lisi–Ceyhan neft kəmərinin tikintisi zama­nı da yaranmışdı. O vaxt Qərbin aparıcı dövlətləri, həqiqətən də, neft kəmərinin klapanının İrəvanın nəzarətində olmasını açıq şəkildə bəyan edirdilər. Bu mənada Vaşinqtonun gözlənilmədən Orta dəhlizə marağının artması təsadüfi sayılmasa da müəyyən şübhələrə yol açır. ABŞ Dövlət Departamentinin sədr müavini O'Brayen Bakını bu problemi həll etməyə tələsdi­rir və bunu Azərbaycan və Ermənistan arasında sülhün sürətləndirilməsinin mümkünlüyü ilə əlaqələndirir. Səbəb? Maraqlıdır ki, Ermənistanın otuz illik iş­ğalçılıq siyasəti ərzində dünyanın heç bir ölkəsi, o cümlədən ABŞ rəsmi Bakıya belə məqbul formada tammiqyaslı sülh təklif etməyib. Deməli, Vaşinqtonun Cə­nubi Qafqaza baxışlarında bəzi dəyərlər və yanaşmalar dəyişib. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, ABŞ-nin Cənubi Qafqazda sülh və əmək­daşlığa nail olmaq üçün tələsməsinin iki əsas səbəbi var: “Birinci səbəb Rusiya–Ukrayna müharibəsi ilə bağlıdır. Ağ evin diplomatları və hərbçiləri belə düşünürlər ki, nə qədər Rusiyanın başı Ukrayna ilə hərbi əməliyyatlara qarşıb, onun digər bölgələrdə fəal hərəkət etməsini göz­ləmək lazım deyil. Həqiqətən də Ukrayna əməliyyatı Moskvanın bütün potensialını bu cəbhəyə yönəldib, ona görə də Cə­nubi Qafqaza çox da diqqət yetirə bilmir. Bu səbəbdən rəsmi Vaşinqtonda hesab edirlər ki, Ermənistan və Azərbaycan ən qısa müddətdə sülh əldə etməlidirlər ki, Rusiyanın bölgəyə təsir imkanı minimu­ma ensin. Əgər Rusiya–Ukrayna müha­ribəsi birincinin qələbəsi ilə bitsə, ondan sonrakı mərhələdə Moskva Mərkəzi Asi­yada və Cənubi Qafqazda fəallaşacaq ki, bu da ABŞ-nin maraqlarına ziddir. Ona görə Vaşinqton çalışır ki, Rusiyanın başı qarışmış ikən İrəvan və Bakı arasında sülh əldə olunsun. İkinci səbəb isə odur ki, Ağ ev qorxur ki, Zəngəzur dəhlizi re­allaşmasa, bu halda Orta dəhliz buradan deyil, İrandan keçər. Ermənistan məsələ­ni uzatdığından Azərbaycanın bu barədə İranla razılaşması var. Araz dəhlizi adla­nan marşrutun inşası ABŞ-nin bölgədəki maraqlarına ziddir. Çünki, Vaşinqton yax­şı anlayır ki, bu, adi dəhliz deyil, Çindən başlayan böyük bir layihənin tərkib hissə­sinə çevriləcək”.

Çinin öz mallarını İran, yaxud Rusiya üzərindən Avropaya daşınmasına qarşı olan Vaşinqton üçün ən münasib variantın Mərkəzi Asiya–Cənubi Qafqaz–Türkiyə – Avropa marşrutunun olduğunu bildirən E. Şahinoğlu ABŞ -nin məhz buna görə tələsdiyini vurğulayır: “Əgər Ermənistanla Azərbaycan arasında sülh olmasa Zən­gəzur dəhlizinin reallaşması da ləngiyə­cək və rəsmi Tehran öz ərazisindən keçə­cək dəmir yolunu sürətlə inşa edəcək və beləliklə, Orta dəhliz İrandan keçəcək. Ağ ev diplomatlarının bölgəyə artan səfərləri­nin məqsədi məhz bu variantın qarşısını almaqdan ötrü sülh sazişinin imzalanma­sını tezləşdirməkdir”. 

Yeri gəlmişkən, bir qədər əvvəl ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində dinləmələrdə çıxış edən O`Brayen ölkəsinin Mərkəzi Asiyadan malların ixracının Rusiya və Çindən de­yil, alternativ yollarla getməsini təmin et­məyə çalışdığını bildirmişdi: “Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək. Bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə eh­tiyacımız var”.

***

ABŞ-nin son vaxtlar bölgəyə yönə­lik yürütdüyü siyasəti prinsipcə aydındır. Deməli, Ağ evin işinə yarayanda “Azadlı­ğa dəstək Aktı”-na 907-ci düzəlişi unudur, Azərbaycana istənilən köməyi göstər­məyə, hətta, hərbi dəstəyi verməyə hazır olduğunu bəyan edir. Amma bir müddət əvvəl Bakı Vaşinqtonla bir qədər müstəqil siyasi xətt yürüdəndə, siyasi iradə nümayiş etdirəndə ABŞ bunu yenidən yada saldı. 

Mövzu ilə bağlı oxucularımıza maraqlı bir detalı da xatırlatmaq yerinə düşər. Ha­zırda Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri, o cümlədən Ermənistanın özü mallarını bu ölkələrin ərazisi ilə deyil, əsasən, birbaşa Çinə və Rusiyaya ixrac edir. Orta dəhliz isə Çin və Avropa arasın­da ticarət əlaqələri üçün nəzərdə tutulub. Yaranmış vəziyyətdə Vaşinqton Azərbay­can da daxil olmaqla region ölkələrinin həm Rusiya, həm də Çinlə ticarətdən tamamilə imtina etməsini istəyir? Əgər doğrudan da belədirsə, onda ABŞ yeni bazarları harada axtarır? Bu suallar Bakı­nın O’Brayenin gətirdiyi təkliflərə o qədər də maraq göstərməməsini şərtləndirir.

Aşkar görünən odur ki, Ermənistanla sülh, eləcə də Orta dəhliz layihəsi Azər­baycan üçün son dərəcə vacibdir. Yəni, bölgədə yalnız geosiyasi maraqlarını gü­dən ABŞ və digər aktorlarla müqayisədə daha çox əhəmiyyətlidir. Sadəcə, Ağ evin sülh yolunda göstərdiyi səylərini yalnız alqışlamaq olar.

İntəhası, bu zaman Azərbaycanın ma­raqlarını qətiyyən unutmaq olmaz. Bu ma­raqlar artıq Cənubi Qafqazda, o cümlədən ölkəmizdə öz mənfəətlərini güdən bir sıra böyük dövlətlər tərəfindən nəzərə alınır.

İmran BƏDİRXANLI
XQ





Siyasət