Makronun “qatığı ayranlıq olur”
“Avropa mədəniyyətinin mərkəzi” adlandırılan (biz bunu heç zaman inkar etməmişik və indi də danmaq fikrimiz yoxdur) Fransa cəmiyyəti son illərdə, sözün həqiqi mənasında, böhranlar məngənəsində sıxılır. Dövlət xalqı idarə edə bilmir, xalq dövlətə inanmır. Xarici siyasət hər gün yeni səhvlərlə “zənginləşir”. İqtisadiyyat ildən-ilə daha sürətlə geriləyir. Bir tərəfdən də ölkədə yaranmaqda olan ikihakimiyyətlilik və ya prezidentin xalq tətəfindən qovulmasını hədəfləyən siyasi çıxışlar Emmanuel Makronun məsuliyyətsizliklər qalereyasının gözlənilən nəticələridir.
Məhz həmin nəticələrə görə Fransada “Milli Birlik” Partiyası ölkədə keçirilən parlament seçkilərinin birinci turunda səslərin 33,4 faizini toplayaraq qalib gəlib. “Le Parisien” qəzeti yazır ki, solçu “Yeni Xalq Cəbhəsi” isə 27,98 faiz səslə ikinci pillədə yer alıb. Yəni makronizmin sonunu gətirəcək ilk addımlar atılıb. Emmanuel Makronun koalisiyası isə 20,76 faiz səslə üçüncü olub. Xub!
Daha pis olanı odur ki, seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra – iyulun 7-də baş tutacaq yekun nəticələri gözləməyən yerli insanlar Parisdəki Respublika meydanında aksiya keçirib və kafe, restoran, eləcə də digər obyektlərə hücum ediblər. Polis “black block” hərəkatının üzvlərindən ibarət aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Aksiyada ümumilikdə 8 minə yaxın şəxs iştirak edib. Bu boyda problemi olan Makron isə hələ də “ermənilərin gününə ağlamaqla” məşğuldur. Görəsən, onun gününə kim ağlayacaq?
Nə istəyirlər, etsinlər. Özləri bilərlər. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Hərgah hansısa ölkə uzaq sahillərdəki köməksiz və zəif dövlətləri müstəmlkə əsarətində saxlamaq istəmirsə. Xatırladım ki, Azərbaycanın xarici siyasətinin təməl prinsiplərini hamı ilə qarşılıqlı inam və etimada əsaslanan səmimi əməkdaşlıq və səmərəli tərəfdaşlıq münasibətləri təşkil edir. Ulu öndər Heydər Əliyev hələ 2001-ci ilin yanvarında Brüsseldə demişdi ki, Avropa Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropaya bir o qədər lazımdır.
Yəni heç kəs bizə yuxarıdan aşağı baxmasın. Kimdəsə elə bir fikir yaranarsa, onda Prezident İlham Əliyevin məlum mesajını eşitsin: “Bizim Türk dünyasından başqa ailəmiz yoxdur!” Dövlət başçımız bu ifadəni hansısa məsuliyyətsiz avropalının “Azərbaycan Avropa ailəsinə qarışmağa hazır deyil”– kimi cəfəng arqumentinə cavab olaraq işlətmişdi. Guya, biz işğalçı, qaniçən, soyqırımları törətmiş Ermənistana “Gözün üstdə qaşın var!” – deməməliydik. Əgər ermənilərin bütün vəhşiliklərinə cavabsız qalsaydıq, onda Avropa ailəsinin layiqli üzvü olacaqdıq. Belə olanda bizdə deyirlər: “Ay, sən öləsən...”
Qayıdaq yazının sərlövhəsinə. Bir fransız jurnalist yazır ki, mənim ölkəm və xalqım əvvəlki iki dünya müharibəsinin heç birinin ərəfəsində bu qədər hörmətsiz və nüfuzsuz olmamışdı. Rusiya mətbuatının fikrincə, Avropanın bugünkü problemlərinin önündə bəzi dövlətlərin imperialist siyasəti və Emmanuel Makronun siyasətdənkənar cəfəngiyatları dayanır. Türkiyəli həmkarımız yazır ki, rəsmi Parisin Qafqaza əl uzatması Rusiya, Türkiyə, İran, Azərbaycan və türkdilli ölkələrdə ciddi narahatlıq yaradır və bu addımlar Makrona baha başa gələ bilər. Erməni siyasi ekspertin fikrincə, İrəvan Kiyevə, Ermənistan Ukraynaya bənzəməsə də, bizim taleyimizi Ukraynanın taleyinə oxşatmağa çalışanlar dəhşətli dərəcədə fəallaşıblar. Şəkili Ələsgərin fikrincə isə, region dövlətləri birləşərək qətiyyətli addım atmalıdırlar ki, Afrikada “xəstəlik tapıb” Qafqazda “qaşınan” Fransanın biti-sirkəsi buralara tökülməsin.
Yeri gəlmişkən, Fransanın indiki siyasətçiləri kimi, bu ölkənin əvvəlki prezidentləri də Emmanuel Makronun siyasətindən çox narazıdırlar. Bu məzmunlu materiallarla tanış olanda inanırsan ki, söhbət kiminsə Makrona müxalifətçiliyindən yox, fransız xalqının taleyinə acımasından, Fransa dövlətinin təəssübünü çəkməsindən gedir. Məsələn, 2012-2017-ci illərdə bu ölkənin prezidenti olmuş Fransua Olland “Frans Press” agentliyinə müsahibəsində deyib: “Fikrimcə, keçmiş baş nazir Eduard Filipp vəziyyəti ən yaxşı şəkildə dəyərləndirib. Yəni makronizmin sonu çatıb, əgər həqiqətən o mövcud olubsa. Amma artıq, o bitdi”.
Fransua Ollandın fikrincə, onun ölkəsi yenidənqurma mərhələsinə başlamalıdır. Eks-prezidentin sözlərinə görə, makronizm Fransaya siyasi baxımdan baha başa gəlib, partiyalara və ictimai rəyə ziyan vurub. Qeyd edək ki, Makron partiyasının AP seçkilərini uduzduqdan sonra Milli Assambleyanı buraxıb. Ölkədə növbədənkənar parlament seçkilərinin birinci turu keçirilib, ikinci turu isə yuxarıda qeyd etdiyimiz kimi, iyulun 7-də keçiriləcək.
Elə Makronun əsas rəqiblərindən olan “Milli Birlik” Partiyasının parlament fraksiyasının sədri Marin Le Pen də yaranmış siyasi böhranı aradan qaldırmaq üçün bütün bunlara bais olmuş indiki prezidentin istefa verməli olacağını söyləmişdi: “Mən Makronu istefaya çağırmıram – güc institutlarımıza hörmət edirəm. Amma siyasi blokada və ya böhran baş verəndə üç variant var: kadr dəyişikliyi, ləğv və ya istefa. Belə bir şəraitdə kadr dəyişiklikləri mənim üçün faydalı görünmür. Ona görə də prezidentin qarşısında qalan yeganə seçim siyasi böhrandan çıxmaq imkanı əldə etmək üçün istefa verməkdir”.
Sonda xatırladaq ki, Rusiya Federasiyasında fəaliyyət göstərən “Regnum.ru” xəbər portalının “Politico” bölməsinin siyasi icmalçısı Aleksandr Buşevin iyulun birində yazdığı “Parlament seçkilərinin nəticəsi Makron üçün şəxsi alçaldılma məqamı oldu” adlı məqaləsində göstərilir ki, bu nəticələr Fransa Prezidenti üçün dəhşətli dərəcədə ağrılı nəticələrlə yadda qaldı.
Nəşr yazır ki, ötən bazar gününün böyük səs-küylü siyasi hadisəsi olan məlum seçkilər 46 yaşlı prezidentin yeddi il qabaqkı nüfuzunun sürətlə itib getməsinin göstəricisidir: “Makron artıq bitdi”. Buşevin fikrincə, Avropanın ən böyük ikinci iqtisadiyyatına və nüvə silahına sahib olan Fransa sağçıların hökumət formalaşdırmasına heç zaman olmadığı qədər yaxındır. Marin Le Penin seçkilərin birinci turunda qazandığı möhtəşəm qələbə Makron iqtidarı üçün sarsıdıcı zərbə oldu.
Yəni elin gözü tərəzidir. Biz Emmanel Makronun dövlət başçısına yaraşmayan hərəkətlərini və addımlarını tənqid edəndə bəziləri deyirdilər ki, fransız xalqı böyük və mədəni xalqdır, Makronun fəaliyyətinə o xalq münasibət bildirməlidir.
Buyurun, bu da sizə böyük və mədəni xalqın münasibəti. Az qala, ölkə əhalisinin yarıdan çoxu deyir ki, Makron erası bitdi: “Davay, do svidaniya!”
İttifaq MİRZƏBƏYLİ