Ermənilər tarixdən niyə dərs almırlar?

post-img

Ermənistan adlı dövlətin indiki durumu Ermənistan - Türkiyə münasibətlərinin haradasa yüz il bundan əvvəlki vəziyyətinə bənzəyir. İndi bu ölkəyə sanki Qərblə Şimal arasında seçim etmək məcburiyyəti qarşısında qalmış kimi görüntü verilir. Əslində, bu, belə deyildir. Hazırda Ermənistanda onun “xilasının” qonşularla normal münasibət qurmaqdan keçməsini söyləyənlər var, tarixdən dərs çıxarılmasını təklif edənlərin sayı getdikcə artmaqdadır. 

Zaman keçdikcə Ermənistanın Tür­kiyə və Azərbaycanla normal münasi­bət qurmağın alternativinin olmadığı qə­naəti yaranır. Revanşizm ritorikasının, düşmənçilik siyasətinin bu ölkəyə heç bir dividend gətirməyəcəyi reallıqdır. Bu gün Paşinyan hakimiyyəti, ona qar­şı olan qüvvələr bunları dərk edirmi? Bizcə, yüz il əvvəl baş verənlər bu ölkə rəhbərliyi və siyasi toplumu üçün dərs olmalıdır. 

Tarixə baxsaq, 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra da Er­mənistanda 1921-ci ilin fevral və mart aylarında rus bolşeviklərinə qarşı ermə­ni-türk əməkdaşlığına təşəbbüs təcrü­bəsi olmuşdur. Çıxış yolu kimi erməni siyasi elitası Türkiyə Böyük Millət Məc­lisi hökumətindən dəstək ummuş, teleq­ramlar göndərərək yardım istəmişdir. 

Xatırladaq ki, 1920-ci ilin dekabrında hakimiyyət erməni bolşeviklərinin əlinə keçmişdi. 1920-ci ildə eyni vaxtda okt­yabr-noyabr aylarında TBMM hökuməti orduları Oltu, Sarıqamış, Qars, Ərdə­han, Sürməlini, sonra Axuryanı keçərək Gümrü, Aleksandropol və Şirak düzünü nəzarətə almışdılar. Aleksandr Xatis­yanın başçılıq etdiyi Ermənistan hö­kuməti dekabrın 2-3-də Aleksandropol­da TBMM hökuməti Şərq Cəbhəsinin komandanı Kazım Qarabəkir paşa ilə sülh müqaviləsi imzalamışdı. Ermənis­tanın sonuncu baş naziri və Ermənis­tan bolşeviklərin əlinə keçəndən sonra yaradılmış “Vətənin Qurtuluşu Komitə­si”nin sədri Simon Vratsyanın Ankaraya, Kamalçılara göndərdiyi və onun “Ömür yolları” (Beyrut, 1967-ci il. s. 38-71) kita­bında yer alan üç teleqramında ölkənin xilasının əsas çıxış yolu kimi Türkiyə ilə əlaqələrin qurulması ideyası əks olun­muşdu. 

Bu, tarixdir və ermənilər həmin sənədlərdən bəhs etməsələr də, bu­günkü reallıqlar ona istinad etməyi tələb edir. Eynilə o zaman da Ermənistanın Türkiyə ilə əməkdaşlıq etmək məcbu­riyyəti yaranmışdı, bu qonşu ölkə ilə əlaqələrin yeganə yol olduğu məsələsi meydana çıxmışdı. Amma bu gecikmiş addımlar Ermənistanı xilas edəcəkdimi? O dövrü Ermənistanın indiki durumu ilə müqayisə etsək, belə bir paralellik alınır ki, o zaman da Ermənistan Türkiyəyə münasibətdə vaxtında qərarlı addım at­mamışdı, indi də müxtəlif xarici güclərin təsiri ilə doğru siyasət sərgiləyə bilmir. Nəticədə, gecikir və tarixi fürsəti əldən verir.

Məlum olduğu kimi, 1921-ci il fev­ralın 18-də Ermənistanda bolşevik ha­kimiyyətinə qarşı üsyan baş vermişdi. “Vətənin Qurtuluşu Komitəsi” adlandı­rılan Vratsyan hökuməti 1921-ci il ap­relin 2-dək İrəvanda və Ararat vadisi bölgəsində ölkəni cəmi 42 gün idarə etdi və bolşevik qüvvələrinin təzyiqi ilə Zəngəzura çəkilməyə məcbur oldu. İndi də eyni adlı qurum - “Vətənin Qurtuluşu Komitəsi” yaradılmışdır, bu dəfə bolşe­viklərə qarşı deyil, Paşinyan hökumə­tinə qarşı daxili qüvvələri birləşdirmək məqsədi güdülür. Amma onlar bu dəfə də Türkiyə ilə münasibətlərin normallaş­masını əsas hədəf kimi qoymurlar, kə­nar müdaxilələr nəticəsində vaxt itirilir. 

Çağdaş Ermənistandakı Türkiyə ilə münasibətlərin qurulması və sərhədlərin açılması məsələsini dilə gətirən siyasi qüvvələr var. Bir-iki il bundan öncə isə fərqli mənzərənin şahidi idik. Türkiyəyə düşmən, işğalçı və Ermənistanı məhv etməyə hazır olan bir dövlət kimi baxı­lırdı. Reallıq isə başqadır. Reallıq onu tələb edir ki, əgər Ermənistan özünü bölgədən təcrid etmək siyasətini davam etdirsə, onun gələcəyi yüz il bundan əv­vəlkindən fərqlənməyəcək. 

1920-ci ilin sonlarında Ermənis­tanda yaradılmış “Vətənin Qurtuluşu Komitəsi”nin ilk iclasında Ermənistan­da baş verənlərlə bağlı Ankaraya teleq­ramların göndərilməsi qərara alınmışdı. Komitənin sədri Simon Vratsyanın An­karaya üç teleqram göndərməsi faktı da­nılmaz gerçəkdir və bunlar Ermənistan arxivlərində qalır. Ankarada Böyük Millət Məclisinə ünvanlanan ilk teleqramda deyilirdi ki, “Ermənistan türklərlə sülh və dostluq münasibətlərinə can atır”.

Komitənin Ermənistanın diploma­tik nümayəndəliklərinə ünvanladığı və altında Vratsyanın imzasının yer aldığı məktubunda Ermənistan-Türkiyə müna­sibətlərinin əhəmiyyəti belə vurğulanırdı: “Keçən il noyabrın sonunda (1920) Tür­kiyə ilə müharibəmiz məğlubiyyətimizlə başa çatdı. Qars və Aleksandropol çök­dü, Ararat vadisi, yəni Ermənistanın var­lığı təhlükə altına düşdü. Hökumətimizin başqa yolu yox idi, şərtlər nə qədər sərt olsa da, barışıq danışıqlarına başlamalı, Türkiyə ilə müttəfiqlik münasibətləri qur­malı idik. Danışıqlar sülh müqaviləsinin imzalandığı Aleksandropolda baş tut­du. Türklərin tələbləri çox ağır idi, lakin məğlub olduğumuzdan və müharibəni davam etdirmək şansımız olmadığından qalibin iradəsinə boyun əydik. Aleksand­ropol paktı bizim üçün nə qədər çətin olsa da, buna baxmayaraq, Cümhuriy­yətin mövcudluğunu təmin etdi, sonra isə xalqa bir az nəfəs almaq, gücünü toplamaq və ölkəni çox dar çərçivədə də olsa, yenidən qurmaq, dövləti bərpa etmək imkanı verdi. Hökumətin qərarı barışığı tam dəqiqliklə həyata keçirmək, yeni müharibələrə səbəb olmamaq, Tür­kiyə ilə dostluq, hətta qardaşlıq əlaqələri qurmaq, ticarət əlaqələrini bərpa etmək və yenidən hər cür fəsadların qarşısını almaq idi.” 

Vratsyan öz kitabında sonra ya­zırdı: “Səlahiyyətli nümayəndələrimiz Aleksandropolda sülh müqaviləsini im­zalayarkən, eyni anda, Sovet Rusiya­sının İrəvandakı nümayəndəsi Leqran hökumətimizə bildirdi ki, Rusiyanın Qızıl Ordusu erməni bolşeviklərindən ibarət erməni gücləri ilə birlikdə Azərbaycan sərhədlərinin Qazax, Dilican istiqamə­tindən Ermənistana daxil olub. Ardınca isə cənab Leqran... Ermənistanı sovet­ləşdirməyi tələb etdi, əks təqdirdə Sovet Rusiyası ilə yeni müharibə ilə hədələndi. Bizim iqtidarın belə bir müharibə apar­mağa, güc nümayiş etdirməyə imkan­ları yox idi, ona görə də cavab verildi ki, mənasız qan tökməkdən çəkinərək Er­mənistan hakimiyyəti yerini yeni gələn­lərə təhvil verir...” Ermənistanda bolşe­vik hakimiyyəti quruldu, lakin bu siyasi sistemi qəbul etməyən millliyətçi kəsim yeni bir qurum yaradıb müqavimət hərə­katı təşkil etməyə başladı.

Vratsyan qeyd edir ki, bolşeviklərə qarşı mübarizə aparmaq, ümumiyyətlə, ölkədə dinc həyatı bərpa etmək üçün qonşu Türkiyənin dostluğuna, hətta dəstəyinə çox borcluyuq. Orada, xaric­də, bizim Türkiyə ilə dostluq münasibət­lərinin qurulmasına zidd olan hər addım bizim üçün ölümcül ola bilərdi. Bu gün bizim bölgəmizdə iki real güc var, biri Sovet Rusiyası, digəri Türkiyədir. Digər qüvvələr bizdən çox-çox kənardadır. Acı təcrübənin göstərdiyi kimi, biz birinci ilə barışa bilmərik. Bir başqası ilə barışıb dost olmalıyıq. Bu mümkün deyil, çün­ki bizim və türklərin ortaq maraqları var ki, onları ortaq qüvvələrlə müdafiə edə bilərik. Bolşeviklərin qayıdışı bizim üçün olduğu kimi, Türkiyə üçün də arzuolun­maz olduğunu qeyd etmək lazımdır. Bolşeviklərin qayıdışı Ermənistanın Ru­siyaya birləşdirilməsindən başqa bir şey demək deyil. Belə olan halda Türkiyə­nin yenə də öz sərhədində onun əbədi düşməni, böyük və təcavüzkar Rusiya olacaq. Çünki hamıya aydındır ki, Sovet Rusiyası da öz mövcudluğu dövründə Çar Rusiyası kimi aqressiv, imperialist olacaqdır.

Qafar ÇAXMAQLI
XQ-nin Türkiyə müxbiri

Siyasət