Ermənistanın üçüncü prezidenti, 1980-ci illərin sonlarında Qarabağın dağlıq hissəsində başlayan separatizm hərəkatının, sonra isə ölkəmizə qarşı işğalçı müharibənin, dinc azərbaycanlılara divan tutulmasının, o cümlədən Xocalı soyqırımının bilavasitə təşkilatçısı Serj Sarkisyanın başı üzərini, necə deyərlər, qara buludlar alıb.
Əslində, Sarkisyan 2018-ci ilin yazında Nikol Paşinyanın başçılıq etdiyi hərəkatın etiraz aksiyaları nəticəsində hakimiyyətdən qovulduqdan sonra başı dərddədir. İndiyədək müxtəlif məhkəmələrə çəkilən Serj daim səksəkə içindədir. Bunun da səbəbi onun hakimiyyətdə olduğu dövrdə çoxsaylı qanun pozuntularına yol verməsidir. Təsadüfi deyil ki, Sarkisyanın, ailə üzvlərinin, həmçinin kürəkəninin və qardaşı oğlunun adları dəfələrlə müxtəlif cinayətlərdə hallandırılıb.
Bugünlərdə yayılan məlumatda bildirilib ki, S.Sarkisyanın ailə üzvlərinə məxsus ofşor şirkət Zəngəzur mis-molibden yatağının səhmlərinin bir hissəsinə görə beynəlxalq məhkəmədə iddia qaldırıb. “Walnort Finance Limited” şirkətinin vəkilləri müştərilərinin hüquqlarının pozulduğunu iddia edərək, Ermənistan Respublikasından 1,2 milyard dollar məbləğində təzminat tələb edirlər.
İddia ərizəsində Ermənistan hökumətinin Zəngəzur mis-molibden kombinatının səhmlərinin şəriki olması ilə nəticələnən sövdələşmədən bəhs edilir. “Walnort Finance Limited”in vəkilləri bu sövdələşmənin kombinatın sahiblərinin hüquqlarını pozduğunu iddia edirlər. Qeyd olunur ki, bu, Dünya Bankının investisiya mübahisələrinin həlli üzrə beynəlxalq mərkəzi tərəfindən qeydə alınmış Ermənistana qarşı ən böyük arbitraj iddiasıdır. Sövdələşmədən əvvəl “Walnort Finance Limited” şirkəti Zəngəzur mis-molibden kombinatının səhmlərinin 12,5 faizinə sahib idi. İddia ərizəsində qeyd olunur ki, bu müəssisənin səhmlərinin 75 faizinə sahib olan Almaniyanın “Cronimet” şirkəti satışa çıxarıldığı təqdirdə “Walnort Finance Limited”ə öz səhmlərini almaq üçün üstünlük hüququ verməli idi. Buna baxmayaraq, “Walnort Finance Limited” heç vaxt qanuni hüququndan istifadə edə bilməyib.
2021-ci ildən başlayaraq zavodun səhmlərinin əsas hissəsi – 75 faizi, sonra isə 12,5 faizi iki mərhələdə rusiyalı milyarder Roman Trotsenko ilə əlaqəli şirkətlər tərəfindən alınıb. Bu iki sövdələşmədən sonra Trotsenko zavodun ümumilikdə 21,8 faizini Ermənistan hökumətinə bağışlayıb. Buna istinad edən “Walnort Finance Limited” Ermənistan hökumətini onun investisiya imkanlarını sarsıtmaqda ittiham edib.
Qeyd edək ki, Zəngəzur mis-molibden kombinatının səhmlərinin Ermənistan hökumətinə hədiyyə kimi verilməsi bir çox suallar doğurmuşdu. Özəl şirkətin, üstəlik, rusiyalı milyarderə məxsus kompaniyanın Ermənistana niyə belə səxavətli hədiyyə etmək qərarına gəldiyi aydın deyildi. Bunun Ermənistan hökumətinin rusiyalı milyarderlə lap əvvəldən etdiyi sövdələşmənin nəticəsi olduğu ehtimal edilirdi. Məqsəd isə S.Sarkisyanın ailə üzvlərinə məxsus şirkətin imkanlarını məhdudlaşdırmaq və ya bazardan tamamilə çıxarmaq, sabiq prezidenti daha bir gəlir mənbəyindən məhrum etmək idi. Elə iddia ərizəsində də bu cür fikirlər əksini tapıb. “Serj Sarkisyanın ailə üzvlərinə məxsus “Walnort Finance Limited” şirkəti iddia edir ki, Ermənistan hökuməti onun zavoddakı payını artırmasının qarşısını almaq üçün siyasi motivli kampaniya aparır” – deyə iddia ərizəsində bildirilib.
Nikol Paşinyanın 2021-ci ildəki seçki kampaniyası zamanı, yəni bu müəssisənin payının Ermənistana verilməsindən bir neçə ay əvvəl səsləndirdiyi fikirlər də müəyyən suallar doğurmuşdu. Paşinyan demişdi ki, Zəngəzur mis-molibden kombinatında yerli oliqarxların payları Ermənistan xalqına və hökumətinə veriləcək. Bir il sonra verdiyi müsahibədə isə Paşinyan bildirmişdi ki, təxminən 4 milyard dollarlıq investisiya proqramı dövlətin iştirakı olmadan reallığa çevrilə bilməz.
Ermənistanın Azərbaycanla həmsərhəd olan Qafan rayonunda yerləşən Zəngəzur mis-molibden kombinatı uzun illərdir təhlükəli sənaye tullantılarını Araz çayının sol qolu olan Oxçuçaya (haylar “Voxçi” deyirlər – S.H.) axıdır. Çay Ermənistanın Sünik vilayəti (Zəngəzur mahalı) və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçir. Nəticədə bu çayda su çox çirklənib, onun bioloji resursları isə praktiki surətdə məhv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2021-ci il martın 10-da yaydığı məlumatda deyilirdi: “İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda keçirilən növbəti monitorinq zamanı 500-dən çox farel və digər balıqların öldüyü aşkar edilib. Çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən olunub. Monitorinq və analizlərin nəticələri, eyni zamanda, çayda balıqların kütləvi şəkildə məhv olması faktları çayın Ermənistan ərazisindəki Zəngəzur mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksik tullantıları ilə çirkləndirilməsini bir daha təsdiq edir”.
Son məlumatlara görə isə kombinatdan buraxılan zəhərli sular Araz çayının sularına qarışaraq bu yaxınlarda istifadəyə verilmiş “Xudafərin” su anbarını çirkləndirmək təhlükəsi yaradır.
Ermənistan hökuməti Sarkisyan ailəsinin üzvlərinə məxsus şirkətin iddia ərizəsinə hələlik münasibət bildirməyib. İqtisadçı Suren Parsyan isə hesab edir ki, mümkün mənfi nəticələrdən qaçmaq üçün hökumət hərtərəfli izahat verməlidir, çünki 1,2 milyard dollarlıq iddia Ermənistan dövləti üçün ciddi rəqəmdir: “Ermənistanın dövlət büdcəsinin gəlirləri təxminən 8 milyard dollardır. Təbii ki, Ermənistan iqtisadiyyatı və büdcəsi bu qədər vəsaiti ödəməyə qadir deyil. Biz hər il təxminən bu qədər məbləği xarici borcumuzu ödəmək üçün ayırırıq. Jurnalistlər müəyyən ediblər ki, 2018-ci ilədək, yəni Serj Sarkisyan hakimiyyətdən uzaqlaşdırılana qədər “Walnort Finance Limited”in səhmləri onun kürəkəni Mikael Minasyana məxsus olub. Paşinyan hakimiyyətə gəldikdən sonra Minasyan səhmləri Ermənistan milli təhlükəsizlik xidmətinin o zamankı direktoru Artur Vanetsyanın əmisi oğlanlarına verib...”
Zəngəzur mis-molibden kombinatının səhmlərinin “ötürülməsi hekayətini” davam etdirərək, deyək ki, səhmlər 2020-ci ilin yazında Vanetsyan ailəsinin biznes ortağı – Rusiya Federasiyasının keçmiş səhiyyə naziri və Ukraynadakı sabiq səfiri Mixail Zurabovun ixtiyarına keçib. Keçən il isə Zurabov öz səhmlərini İsveçrənin arbitraj işləri üzrə ixtisaslaşmış “Bell Capital” hüquq firmasına verib. Ermənistan mediasında ehtimal edilir ki, rəsmi İrəvana qarşı arbitraj prosedurlarına hazırlıq işlərinə bu hüquq firması başlayıb.
Beləliklə, aydın olur ki, Ermənistan hökuməti “Qarabağ klanı”nın iki əsas “liderindən” biri olan S.Sarkisyanı hərtərəfli sıxışdırmaq istiqamətində işləri davam etdirir. Bunun İrəvanda “Vətən naminə Tavuş” adlı qondarma hərəkatın mitinqlərindən sonra başlaması isə təsadüfi hesab olunmamalıdır. Görünür, Paşinyan radikal müxalifətin əsas ilhamvericisi, dəstəkçisi olan sabiq prezidentlərdən qisasını alır. Ancaq erməni xalqı 6 il öncə tarixin arxivinə göndərməklə, siyasi səhnədən birdəfəlik süpürüb atmaqla onlara ən böyük zərbəsini vurub. Onlarla bağlı atılan bu addımlar isə ədalətin təntənəsi hesab olunmalıdır. Düzdür, bu iki cani (S.Sarkisyan və Robert Koçaryan) son anda Azərbaycanın ədalət mühakiməsindən qaçıb canlarını qurtara bildilər. Ancaq göründüyü kimi, onlar ilahi ədalət divanından qaça bilmirlər.
Onu da bildirək ki, S.Sarkisyanın mahiyyətinin, xislətinin nədən ibarət olduğunu azərbaycanlılar yaxşı bilirlər. Zənnimizcə, bu yerdə Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsində Azərbaycanın Dövlət bayrağını ucaltdıqdan sonra səsləndirdiyi fikirlərdən iqtibas gətirməyə ehtiyac duyulur: “Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi. Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, ulu öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya, orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya, “Serj”, necə deyərlər, məqbul bir addır.
Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya da cəhənnəmdə. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı əsgərlərin payını satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi – oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumat var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar”.
Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri isə kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Çünki onlar Serjikin yetirmələridir və onun kimi oğrulardır.
Səxavət HƏMİD
XQ