Yer kürəsi insanların ortaq evidir

post-img

COP29-un Azərbaycanda keçirilməsinə qərar verilməsi respublikamıza olan yüksək etimadın və inamın göstəricisi, dövlətimizin beynəlxalq təşkilatlarla formalaşdırdığı uğurlu əməkdaşlığın məntiqi nəticəsi, eyni zamanda ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyinin təsdiqidir. 

Ölkəmizin iqlim dəyişikliyi ilə mü­barizə sahəsində qarşıya qoyduğu məqsədlərin qlobal çağırışlarla sıx uzlaş­ması, həmçinin respublikamızın bununla bağlı müəyyən təcrübə qazanması da COP29 kimi mühüm beynəlxalq platfor­manın Azərbaycana həvalə edilməsini şərtləndirir. 

Bu gün ölkəmizdə “yaşıl layihə”lər uğurla reallaşdırılır, ekoloji tarazlığı dəstəkləyən investisiyaların gerçəkləş­dirilməsinə mühüm önəm verilir. Bununla bərabər, təkrar emal və çirklənmiş əra­zilərin təmizlənməsi prosesləri diqqətdə saxlanılır.

Yeri gəlmişkən, dünyada, eləcə də Azərbaycanda “yaşıl enerji”yə keçidə indiki kimi önəm verilməsi təsadüfi deyil. Bununla bağlı BMT-nin bir hesablama­sını xatırladaq. Bildirilir ki, əgər 2050-ci ilə qədər dünya əhalisi 9,8 milyarda ça­tarsa, mövcud həyat tərzini saxlamaq, lazımi təbii resursları gerçəkləşdirmək üçün üç planetin ekvivalentini reallaşdır­maq mühüm vəzifəyə çevriləcək. Başqa sözlə, bu, yüksək gəlirli ölkələrdə adam­başına düşən karbon izinin aşağı gəlirli ölkələrin səviyyəsindən 10 dəfə yüksək olması faktından irəli gəlir. Bir sözlə, ha­zırda beynəlxalq aləmi sağlamlıqla bağ­lı nəzərə çarpan böhran, çirklənmənin getdikcə geniş miqyas alması ciddi na­rahat edir. Buna görə də yaşıl enerji”nin istehsalına, həmçinin “yaşıl xidmət”ə, məsələn, elektromobillərin geniş yayıl­masına üstünlük verilir. 

Son illərdə ölkəmizdə ətraf mühitin, əl dəyməmiş təbiətin qorunub saxlanılması üçün həyata keçirilən davamlı layihələr, o cümlədən Ermənistanın Qarabağı işğal altında saxladığı uzun bir dövr ərzində yeraltı və yerüstü sərvətlərimizi talama­sına qarşı təşkil olunan ekoaksiyalar həmişə dünyanın diqqət mərkəzində olub. Bu gün planetin bir sıra yerlərində ekofəalların apardığı dinc ekoloji aksiya­ların mahiyyəti də təbiət-insan vəhdətin­də sağlam düşüncənin, dərin humanitar məqsədlərin qalib gəlməsinə yönəlib. 

Xatırladım ki, ekoloji aksiyalar hələ iki min il əvvəl qədim Roma dövründə hava və suyun çirklənməsinə qarşı, Çin və Hindistanda torpağın qorunması məqsə­dilə baş verib. Avropada orta əsrlərdə çoxsaylı ölümlə müşahidə edilən epide­miyalar da zaman-zaman ətraf mühitin çirklənməsinə qarşı mübarizəni gündəmə gətirib. İlk mütəşəkkil ekoloji hərəkat XIX əsrin sonlarında sənaye inqilabı zamanı çirklənmə, Avropada şəhərlərin böyümə­si ilə kənd yaşayış yerlərinin və eləcə də ABŞ-da vəhşi təbiətin qorunması ilə bağlı narahatlıqlardan yaranıb. 

O zamanlar ABŞ Meşə Xidmətinin ilk rəisi Gifford Pinchot (1865-1946) tərəfin­dən hazırlanmış resursların mühafizəsi­nin ilk fəlsəfi düşüncələri təbii resurslar­dan ağıllı və səmərəli istifadəni özündə ehtiva edirdi. Daha sonra ABŞ-da həyata keçirilən digər ekoloji addımlar insanların təbiətin fatehlərindən təbiətin vətəndaşı­na çevrilməsi lazım olduğunu iddia edən biosentrik fəlsəfənin əsasını qoydu. Nəti­cədə, XX əsrin ortalarına qədər mövcud olan təbiəti mühafizə işləri ilə məşğul olan elmi təşkilatlarla yanaşı, müəyyən lobbi qrupları da fəaliyyət göstərirdi. Bu sahədə ABŞ dünyaya liderlik etsə də, Avropa və Okeaniyada da diqqətəlayiq layihələr reallaşdırılırdı. 

1960-cı illərdən başlayaraq ətraf mühitin qorunması üzrə təkamül edən müxtəlif fəlsəfi istiqamətlər fəal qeyri-hö­kumət təşkilatları və ekologiya yönümlü siyasi partiyalar şəklində “yaşıl” siyasi hərəkatların yaradılması yolu ilə özündə siyasi güc də qazandı. Bu hərəkatların müxtəlifliyinə baxmayaraq, onları birləş­dirən əsas cəhətlər ətraf mühitin qorun­masında, qərarların verilməsində təməl demokratiya, sosial ədalət və zorakılığa qarşı birgə mübarizə idi. Onların bu hərə­katı ekoterrorizmə, ağacların kəsilməsinə və mədən sənayesi tərəfindən təbiətin korlanmasına qarşı (hazırda Qarabağda və Almaniyada olduğu kimi) haqlı müba­rizə sayılırdı. 

Bütün bunlara əsaslanaraq ekoak­siyaların humanitar məqsədini insan hüquqlarının qorunması kimi də izah etmək mümkündür. Belə ki, daha az sə­nayeləşmiş və ya inkişaf etməkdə olan ölkələrdəki ekoloji hərəkatlarda iştirak edən insanlar daha çox demokratikləş­mə, siyasi və insan hüquqları, o cümlə­dən qadınların və yerli xalqların hüquq­ları kimi məsələlərdə kütləvi fəallıqda daha yaxından iştirak ediblər. Hindis­tanda meşələrin mühafizəsini qadınların hüquqları ilə əlaqələndirən Çipko hərə­katını və insanların ətraf mühit və inkişaf məsələlərində iştirak etmək hüququ uğ­runda mübarizə aparan Taylanddakı koa­lisiya tipli “Yoxsullar Assambleyası”nı da bunlara misal göstərmək olar. İnkişaf et­miş ölkələrdə isə ekohərəkatlar daha da irəli müstəviyə daşınaraq siyasi müba­rizə zəminində seçki elektoratı toplamaq, əhalinin bu sahədə həssas təbəqəsinin səslərini qazanmaq üçün güclü bir vasitə kimi istifadə olunur. 

Birləşmiş Millətlər Təşkilatının 1972-ci ildə Stokholmda keçirilən “İnsan Ətraf Mühit Konfransı”ndan sonra dünyada çoxtərəfli ekoloji sazişlərin bağlanılma­sı və öhdəliklərin götürülməsi daha da sürətləndi. Nəticədə, 1992-ci ildə Brazili­yanın Rio-de-Janeyro şəhərində keçirilən 180-ə yaxın ölkənin və müxtəlif biznes qruplarının, qeyri-hökumət təşkilatlarının iştirak etdiyi Birləşmiş Millətlər Təşkilatı­nın Ətraf Mühit və İnkişaf üzrə Konfransı (Yer sammiti) ətraf mühitlə bağlı ictimai müzakirələrin xarakterini dəyişərək ona tamamilə yeni bir əhəmiyyət verdi. 

Yaponiyanın Kyoto şəhərində 1997-ci ilin dekabrında qlobal iqlim dəyişikliyinə qarşı birgə tədbirlər məqsədilə 192 ölkə­nin bağladığı müqavilə, bundan sonra həmin istiqamətdə BMT səviyyəsində keçirilən sammitlər, həmçinin 2008-ci ildə təsis olunmuş və planetimizin gələcə­yində payı olan dövlət və hökumət baş­çılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirən və ötən günlərdə Azər­baycan Respublikası Prezidenti İlham Əliyevin də açılış mərasimində iştirak etdiyi Əbu-Dabi Dayanıqlılıq Həftəsi bu sahədəki ən mühüm beynəlxalq platfor­malardandır. Göründüyü kimi, bütün bu mühüm beynəlxalq ekoloji məzmunlu mötəbər tədbirlər son 30 ildə daha böyük əhəmiyyət və SSRİ-nin dağılması ilə yeni üzvlərlə güc qazanıb. 

Burada qeyd etmək yerinə düşər ki, özünün qeyri-ekoloji addımları, təbii re­surslardan rasional deyil, hərc-mərcliklə istifadəsi ilə tarixdə qara ləkə qoymuş SSRİ-də və keçmiş sosialist blokunda bu sahədə inkişaf zəif olub. Məhz buna görə də hazırda həmin rejimin son tör-tökün­tüsü olan Ermənistanda fəaliyyətdə olan köhnə texnologiyalı və bütün bölgə üçün təhlükə yaradan Metsamor Atom Elektrik Stansiyasına, eləcə də Qərbi Zəngəzur­dakı Qafan mis mədənlərinin vəhşicəsinə istismarına və uzun illər Qarabağın ye­raltı və yerüstü sərvətlərinin talanmasına göz yuman hayların ekoloji mədəniyyət­sizliyi heç də təəccüblü deyil. 

Buna görə də Ermənistanın Tür­kiyə ilə sərhədboyu Araz çayını çirklən­dirərək bütün bölgəni ekoloji təhlükə ilə qarşı-qarşıya qoymasına görə gələcək­də ekoaksiyaların da təşkil olunacağını indidən proqnozlaşdırmaq mümkündür. Bəli, bu gün ekoloji prinsiplər cəmiyyətin dayanıqlı inkişafının əsas təməl sütunla­rından biridir. Artıq coğrafi mövqeyindən və inkişaf səviyyəsindən asılı olmayaraq, bütün bəşəriyyət başa düşür ki, yaşadı­ğımız Yer kürəsi hamımızın ortaq evidir. 

Əli CABBAROV,
iqtisad üzrə fəlsəfə doktoru

Ekologiya