Fetişizm = şovinizm + revanşizm

post-img

Deyəsən, Paşinyan xalqını etnik natamamlıq kompleksindən qurtarmaq istəyir

Əgər sərlövhənin altındakı fikrə şübhə edənlər varsa, baş nazirin diaspor nümayəndələri ilə görüşündə dediklərini diqqətlə oxusunlar. Nikol Paşinyan dövləti fetişləşdirənlərə üzünü tutaraq bəyan edir ki, dövlət heç də qarşısında şam yandırılan ikona deyil, onun da özünün müsbət və ya mənfi cəhətləri var: “Dövlət bir çox məqamlarda sevilə bilən, bəzi hallarda isə cəlbedici olmayan canlı orqanizm kimi qəbul edilməlidir”. 

Bu sözləri baş nazir Ermənistanın dövlət orqanlarına diaspor mütəxəssislərinin cəlb edilməsi üzrə “iGorts” proqramının iştirakçıları ilə görüşündə deyib. Onun sözlərinə görə, erməni mediasının sitat gətirdiyi kimi, canlı orqanizm məşq edib daha da yaxşılaşa, təkmilləşə bilər, amma ikona bunu bacarmır. 

“Hər şeyi fetişləşdirmək bizim təbiətimizdədir. Biz hətta dövlətin özünü də fetişləşdiririk. Problem ondadır ki, bununla da özümüzü dövlətimizi yaxşılaşdırmaq imkanından məhrum edirik. Əslində, bununla özümüzü dövlətin insanların həyatını yaxşılaşdırmaq üçün alət olması düşüncəsindən də məhrum edirik. Vaxtilə ordumuzu da fetişləşdirirdik, bəs axırda nəyə nail olduq? 2020-ci ildə və ondan sonra gördüklərimiz və yaşadıqlarımız məhz ordumuzun fetişləşdirilməsi səbəbindən baş verdi. Deyirdilər ki, sus, ordu barədə pis heç nə deyə bilməzsən, çünki, o, başqa orqanizmdir. Onun ünvanına pis bir kəlmə işlədə bilməzsən. İntəhası, eyni zamanda, hamımız ordunun içində nələrin baş verdiyini bilirdik...”.

Paşinyanın acı etirafları bununla da bitməyib. O, dünyada 10 milyon erməninin yaşadığına da şübhə ilə yanaşdığını bildirib: “Bu yaxınlarda özümə belə bir sual verdim: diaspor, media mənsubları davamlı olaraq dünyada yaşayan 10 milyon ermənidən bəhs edirlər. Bəs bu qədər erməninin siyahısı haradasa varmı? Əminəm ki, belə bir siyahı yoxdur”.

Bunu fetişləşdirmə adlandıran Paşinyan hətta rəqəmin də, guya, müqəddəs, toxunulmaz olduğunu lağa qoyur: “Amma artıq neçə on ildir ki, bu rəqəm nə artır, nə də azalır. Sadəcə olaraq dəyişdirilə bilməz”. 

Paşinyan bunları dilə gətirməklə, əslində, Hayastanda tarixləri kimi, əksər dəyərlərin də ehkama çevrildiyinə və bunun millətin və dövlətin inkişafı yolunda süni buxov rolunu oynadığına işarə vurur.    

Əslində, Paşinyan fetişizmi əmələ gətirən şovinizm və revanşizm kimi milli natamamlıq komplekslərini qamçılamağa cürət edib. Həm də bunu kimlərin qarşısında edir? Yüz illərdir “miatsum”, “dənizdən-dənizə böyük Ermənistan”, “artsax xalqı” kimi utopik təmayüllü xəstəlik viruslarını dünya ermənilərinin beyinlərinə yeridən təşkilatların nümayəndələrinin hüzurunda. 

Aşağıda oxuyacaqlarınız isə bir erməninin öz haylarının üzünə dedikləridir:       

“İndi biri çıxıb desə ki, bu rəqəm 10 milyon deyil, 10 milyon 561 mindir, hamı ona qarşı hücuma keçib hayqıracaq: Cahil! Sən bunu haradan bilirsən? Yaxud kimsə desə ki, yox, dünyadakı ermənilərinn sayı 9 milyon 200 mindir, onun da üstünə çımxıracaqlar: “Sən ermənilərin qlobal təsirini aşağılayırsan, bir qələm zərbəsi ilə 800 min ermənini məhv edirsən”. 

Hayastanın gerbində, konstitusiyasında, orta məktəblərin coğrafiya kitablarındakı qonşulara qarşı ərazi iddiaları kimi qüsurlardan açıq danışan Nikol Paşinyanı kimlərin və nəyə görə qınadığının fərqinə varmaq lazımdır. Bunu da millətinin etnik komplekslərini acı reallıq kimi izah edən Ermənistan hökumətinin başçısını qorxaqlıqda ittiham edənlərin menyusuna yazdıq.

İ.HƏSƏNQALA 
XQ

 

Siyasət