Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində "Elm, texnologiya və innovasiyanın rolu” mövzusu müzakirə olunub

post-img

İyunun 20-də “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının ikinci gününün ilk panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiçin moderatorluğu ilə keçirilən iclas “Elm, texnologiya və innovasiyanın rolu” mövzusuna həsr olunub.

Miliça Peyanoviç-Durisiç bildirib ki, biz hazırda elm, texnologiya və innovasiyaların inqilabi dəyişikliklərinin yaratdığı inanılmaz zamanda yaşayırıq. Yeni biologiya, İKT və süni intellektin fövqəladə vəziyyətindəki inqilablar, bütün imkanlar artıq əlçatandır. Bütün bunların iqlim dəyişikliyi fonunda gələcək nəsillərə necə çatdırılmasının və ancaq faydalar üçün istifadə etməyin yollarını tapmaq əsas məqsədimizdir.

Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev Azərbaycanda İKT sektorunun inkişafına xüsusi diqqətin göz önündə olduğunu vurğulayıb. Deyib ki, hazırda Azərbaycan Çin ilə İKT sahəsində çox sıx əməkdaşlıq edir.

C. Otorbayev bildirib ki, ölkəni innovasiyalar məkanına çevirmək üçün İKT sektorunda çalışan mütəxəssislərin kritik kütləsini toplamaq şərtdir. Bu baxımdan COP29-un önəmli platforma olacağını deyən sabiq Baş nazir Azərbaycanın bunun öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edib.

Rumıniyanın sabiq Baş naziri Petre Roman Xəzər dənizinin suyunun getdikcə azalmasının son illərdə böyük narahatlıq doğurduğunu qeyd edib.

O bildirib ki, Xəzər dənizinin dibində baş verən tektonik hadisələr suyun səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axınında da azalma müşahidə edilir.

COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycanın milli və beynəlxalq səviyyədə əməkdaşlığı gücləndirməyə sadiq olduğunu vurğulayıb.

O bildirib ki, COP29-da əsas prioritet iqlim dəyişikliyi problemlərinin həllinə sərmayə cəlb etməkdir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nüvə elmləri və tətbiqləri departamentinin koordinatoru Jan-Pyer Kayol isə vurğulayıb: “İnnovasiyaların artırılması iqlim dəyişikliyi ilə bağlı qlobal prosesdə həlledici rol oynayacaq. COP29 çərçivəsində daha çox nüvə təhlükəsizliyi mövzularının olmasını vacib hesab edirəm. Düşünürəm ki, bu sahəyə təkcə dövlət deyil, həmçinin özəl sektor cəlb olunmalıdır. Bu baxımdan COP29-u yaxşı fürsət kimi dəyərləndirmək olar".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bu il Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən yüzlərlə zəvvarın həlak olduğunu xatırladaraq deyib: “Bu, iqlim dəyişikliyinin əsas göstəricilərindən biridir. Biz təkcə 2025-2026-cı illər deyil, uzunmüddətli gələcək naminə iqlim dəyişikliyi problemlərini diqqət mərkəzində saxlamalıyıq”.

O bildirib ki, COP29 bu gün görülmüş və görüləcək işlərin nəzarətdə saxlanılması üçün vacib tədbirdir.

Birinci panel müzakirəsi sual-cavab sessiyası ilə başa çatıb.

Qeyd edək ki, iyunun 19-da - toplantının ilk günündə “Çağırışın statusunun icmalı”, “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” və “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri” mövzusunda panel müzakirələr aparılıb.

Tədbir çərçivəsində iştirakçılar, həmçinin “Elm, texnologiya və innovasiyanın rolu”, “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti”, “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi”, “Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək” və “Azərbaycanın öz təcrübəsindən dərslər”, "Siyasət: Lobbiçilər, Gənclər, qadın qrupları, fəallar və ictimaiyyətin iştirakı" mövzularında panellərdə fikirlərini bölüşəcək, təkliflərini səsləndirəcəklər.

İşini iyunun 21-də yekunlaşdıracaq tədbirin panel müzakirələrindən ikisi Zəngilan rayonunda təşkil olunacaq.

Siyasət