Bonnda QHT-lər Azərbaycanın COP29 sədrliyini dəstəkləyib

post-img

Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi kimi bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini təqdir edən bəyanat yayıb. 

31 ölkədən 102 QHT təmsilçisi və ictimai fəal imzaladığı bəyanatda deyilir: “COP29 Sədrliyinə və tədbirə ev sahibliyi edəcək Azərbaycana öz dəstəyimizi bildiririk. İqlim məsələləri ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılmasından tutmuş daha güclü iqlim siyasətinin icrasına nail olmaq üçün biz müxtəlif icmaların, xüsusən də həssas və təcrid vəziyyətinə düşmüş qrupların narahatlıqlarını danışıqlarda ön plana çıxarırıq. Bu baxımdan COP29-a sədrlik və ev sahibliyi edəcək Azərbaycanın bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığın təşviqində rolu çox əhəmiyyətlidir”. 

Bəyanatında daha sonra qeyd edilir ki, “həssas və təcrid vəziyyətinə düşmüş icmaların, o cümlədən yerli xalqların, qadınların və gənclərin səslərinin danışıqlar prosesində eşidilməsini və nəzərə alınmasını təmin etmək vacibdir. İqlim fəaliyyətinə təkan vermək üçün vətəndaş cəmiyyətinin əsas rolunu dərk etməklə, QHT nümayəndələrini qərarların qəbulu proseslərinə fəal şəkildə cəlb etməklə, insanların və planetin ehtiyaclarını prioritet elan etməklə, biz Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq”.

Sənəddə COP29 üzrə iqlim dəyişmələrinin həllində qlobal liderliyi öz üzərinə götürən Azərbaycanın mənalı əməkdaşlığa, iddialı öhdəliklər götürülməsinə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni maliyyə hədəfi üzrə konsensusa nail olacağına və hamı üçün bərabər və ədalətli gələcəyin qurulmasına doğru ciddi addımlar atacağına əminlik ifadə olunur. Bəyanat bu sözlərlə yekunlaşır: “Bonn konfransında iştirak edən vətəndaş cəmiyyəti təmsilçiləri iqlim sazişlərinin məqsədlərinə nail olmaq üçün bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır. Biz birlikdə əmin ola bilərik ki, COP29 dayanıqlı gələcəyə doğru mühüm mərhələni uğurla başa vuracaq”.

Xatırladaq ki, son vaxtlar COP29-la əlaqədar Azərbaycana xarici QHT-lərdən ardıcıl dəstək bəyanatları qəbul olunur. 4 ayda 50-dən çox ölkəni təmsil edən 360-dan artıq QHT və ictimai fəal birgə bəyanatlar yayaraq, Azərbaycanın COP29 üzrə qlobal liderliyini təqdir edib. 

XQ

 

Siyasət