Azərbaycanın bununla bağlı mövqeyinə keçmişin izi ilə sözardı
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır”. Bəli, Azərbaycan dövlətinin mövqeyi belədir və həmişə də bu cür olub. Qafqazda separatizmin kökü birmənalı şəkildə kəsilməlidir. Arxasında hansı qüvvənin dayanmasından asılı olmayaraq, bölgə dövlətlərinin ərazi bütövlüklərini və suverenliklərini təhdid altına alan heç bir təmayül qalmamalıdır.
Ölkəmiz öz ərazisindəki separatizmin kökünü kürüyüb tarixin arxivinə atdı. İnanırıq ki, qonşu Gürcüstan üçün də belə bir şans yaranacaq. Ancaq indi vəziyyət başqadır və hazırda ölkənin Cənubi Osetiya və Abxaziya bölgəsində separatizm ocaqları qalmaqdadır. Tsxinvalidə keçirilmiş “parlament seçkiləri” isə mövzunun aktuallığını bir daha göstərməkdədir. Mövzu həm də ona görə aktualdır ki, ona diqqət yetirəndə Azərbaycanın başına gətirilmiş bəlalarla oxşarlıq görmək mümkündür. Axı bir vaxtlar hazırda canını tapşırmış separatçı “Dağlıq Qarabağ Respublikası”nda da “seçkilər” keçirilərdi...
Qeyd edək ki, müstəqillik illərində Gürcüstandakı münaqişələr 2004-cü ilə qədər aktiv fazaya daxil olmamışdı. Həmin il ölkədə “Qızılgül inqilabı” nəticəsində hakimiyyətə gəlmiş Mixeil Saakaşvili bildirdi ki, Cənubi Osetiyanı və Abxaziyanı yenidən Gürcüstanın nəzarəti altına qaytarmaq onun prioritet vəzifəsidir. Saakaşvili 2004-cü ildə Acarıstandakı separatizm təmayülünü yenməsindən, Aslan Abaşidze problemini aradan qaldırmasından sonra ümidvar idi ki, eyni durum Cənubi Osetiya və Abxaziya üçün də keçərli olacaq. Gürcüstan hökuməti Cənubi Osetiyada olan qaçaqmalçılığa qarşı mübarizəyə başladı da. Ancaq buna qədər olan bir tarix var.
***
1918-ci ildə Şida Kartlidə məskunlaşmış və bolşevizm hərəkatından ruhlanaraq öz əkib-becərdikləri torpaqların özlərinə məxsus olduğunu iddia edən torpaqsız osetin kəndlilərlə menşevik hökuməti tərəfindən dəstəklənən, bu torpaqların qanuni sahibi olan gürcü aristokratları arasında münaqişə başlandı. Əvvəllər də osetinlər mərkəzi hökumətin iqtisadi siyasətindən narazı idilər. Tərəflər arasındakı narazılıqlar tezliklə etnik münaqişəyə çevrildi. Osetinlər 1919 və 1920-ci illərdə baş vermiş üsyanlarda Sovet Rusiyası tərəfindən dəstəklənsələr də, məğlub oldular.
Müstəqil Gürcüstan Demokratik Respublikası Qırmızı Ordu tərəfindən işğal olunduqdan və ölkədə sovet hakimiyyəti qurulduqdan sonra 1922-ci ildə Gürcüstan SSR-in tərkibində Cənubi Osetiya Muxtar Vilayəti yaradıldı. Halbuki, rus işğalına qədər regionda heç bir separatçı qurum mövcud olmamışdı. Bir sıra tarixçilərin fikrincə, muxtar vilayət Gürcüstan Demokratik Respublikasına qarşı apardıqları mübarizədə dəstək verdikləri üçün bolşeviklər tərəfindən osetinlərə hədiyyə kimi yaradılmışdı.
1989-cu ildə Sovet İttifaqının artıq zəifləməyə başladığı vaxt Gürcüstanda millətçilik hərəkatı gücləndi. Belə bir dövrdə Rusiyanın bəzi dairələri Cənubi Osetiyadakı həmin millətçilərdən gürcülərin müstəqillik hərəkatına qarşı istifadə etdilər. 1990-cı ildə Cənubi Osetiyanın ölkədən ayrılmaq cəhdinə cavab olaraq, Gürcüstan Ali Soveti bölgənin muxtar statusunu aradan qaldırdı. 1991-ci ilin yanvarında isə Gürcüstanla Cənubi Osetiyadakı separatçılar arasında hərbi münaqişə başlandı. Gürcüstan 1991-ci il aprelin 6-da müstəqilliyinin bərpasını elan etdi. Həmin vaxt separatçılar bölgədəki rus hərbi birləşmələr tərəfindən dəstəkləndilər və paytaxt Tbilisini bombaladılar.
1992-ci ilin iyun ayından etibarən Rusiya ilə Gürcüstan arasında genişmiqyaslı müharibə ehtimalı daha da artdı. Bunun böyük risk olduğunu düşünən Gürcüstan hökuməti 1992-ci ilin iyununda atəşkəs müqaviləsi ilə razılaşdı. Müqavilənin şərtlərinə əsasən gürcü, Cənubi osetiyalı, rus və Şimali osetiyalılardan ibarət Birgə Nəzarət Komissiyasının mandatı təsdiq olundu və ortaq sülhməramlı qoşunların Cənubi Osetiya münaqişə zonasında yerləşdirilməsi qərara alındı. Keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin əhalisinin əksəriyyəti etnik gürcülərdən ibarət olan hissəsi Gürcüstanın nəzarəti altında qaldı. Mərkəzi Tsxinvalidə yerləşən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya separatçı hökuməti isə keçmiş muxtar vilayət ərazisinin üçdə birinə nəzarət etdi. Uzun müddət bu vəziyyət davamlı oldu.
***
Bəli, bildirdiyimiz kimi, M.Saakaşvili hakimiyyətə başladıqdan sonra ölkəsindəki separatizmi aradan qaldırmaq qərarına gəldi. O, 2005-ci ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edərkən, sülhün təmin olunması üçün Cənubi Osetiyanın yenidən Gürcüstanın tərkibinə qayıtması barədə təklif verdi. Təklif Cənubi Osetiya Prezidenti Eduard Kokoyti tərəfindən qəbul olunmadı. Bu, azmış kimi, 2006-cı ildə Abxaziyada yerli hərbi qruplaşmanın lideri də gürcü hökumətinə qarşı çıxdı. Buna cavab olaraq Gürcüstan Silahlı Qüvvələrinin bölmələri Kodori vadisinə daxil oldular. 2007-ci ildə Gürcüstan tərəfindən Cənubi Osetiyada keçmiş baş nazir Dmitri Sanakoyevin başçılığı altında müvəqqəti idarəetmə sistemi yaradıldı. Sistem Rusiya tərəfindən “kukla hökumət” adlandırıldı.
2008-ci ilin mart ayının əvvəllərində bir çox Qərb dövlətlərinin Rusiyanın əleyhinə çıxaraq Kosovonun müstəqilliyini tanımasından sonra, Cənubi Osetiya və Abxaziya separatçıları Rusiyaya öz müstəqilliklərinin tanınması barədə təklif göndərdilər. Gürcüstanın NATO-ya üzvlüyü istəklərini artdığı bir dövrdə Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyacağını bəyan etdi. Elə həmin zaman kəsiyində Rusiya Dövlət Duması Rusiya Prezidentinə və hökumətə başqa bir dövlətin müstəqilliyinin tanıması barədə səlahiyyət verən yeni qanun qəbul etdi.
Yeri gəlmişkən, 2008-ci ilin aprelində NATO-nun Buxarestdə təşkil olunmuş sammitində iştirak edən ABŞ-nin o zamankı Prezidenti Corc Buş Gürcüstana və Ukraynaya Alyansın Üzvlük Fəaliyyət Planına (MAP) qoşulmaq barədə təklif verdi. Maraqlıdır ki, Almaniya və Fransa rəsmiləri bunun Rusiyaya qarşı “lüzumsuz hücum” olduğunu açıqladılar. Onu da deyək ki, sözügedən sammit ərzində Rusiya Prezidenti Vladimir Putin də Buxarestdə idi. O, tədbirin sonuncu günü çıxış edərək, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinin ölkəsinin təhlükəsizliyinə qarşı birbaşa təhdid yaratdığını bildirdi. Ümumən, Buxarest sammitindən sonra Rusiya Gürcüstanla münasibətlərdə daha aqressiv davrandı. Qarşı tərəfin anti-Rusiya ritorikası fonunda ziddiyyətlərin dərinləşməsi qaçılmaz oldu.
2008-ci il aprelin 16-da V.Putin Rusiya hökuməti ilə separatçı Abxaziya və Cənubi Osetiya arasında rəsmi əlaqələrin yaradılması barədə fərman imzaladı. Aprelin 23-də Gürcüstanın istəyi ilə toplanmış BMT Təhlükəsizlik Şurasının iclasından sonra ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın ortaq bəyannaməsində Rusiya bu qərarı ya ləğv etməyə, ya da həyata keçirməməyə dəvət edildi. Bu dəvət Rusiyanın BMT-dəki o zamankı səfiri Vitali Çurkin tərəfindən “həddini aşan təklif” kimi adlandırıldı. Beləcə proseslər Avropada XXI əsrin ilk müharibəsinə doğru getdi.
2008-ci il avqustun 1-dən Cənubi osetiyalı separatçılar gürcü kəndlərini atəşə tutmağa başladılar. Bölgədə yerləşən gürcü sülhməramlıları tərəfindən qarşı tərəfə cavab atəşi açıldı. Nəticədə 1992-ci ildə imzalanmış atəşkəs razılaşması qüvvədən düşdü. Avqustsun 7-də Gürcüstanın ordu bölmələri Cənubi Osetiyaya göndərildi. Bir neçə saat ərzində separatçıların əsas dayaq məntəqəsi hesab edilən Tsxinvalinin böyük hissəsi nəzarətə götürüldü. Buna Rusiyanın cavabı çox sərt oldu. Moskva Gürcüstanı “Cənubi Osetiyaya qarşı aqressiyada” təqsirləndirdi və avqustun 8-də “sülhü təmin etmə” əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma başladı. Nəticədə, gürcülər geri çəkilmək məcburiyyətində qaldılar.
Rus və abxaz qoşunları Gürcüstanın nəzarəti altında olan Kodori vadisinə hücum edərək ikinci cəbhə açdılar. Rusiya Hərbi Dəniz Qüvvələri Gürcüstan sahillərinin bir hissəsini blokadaya aldı. Rusiya Hərbi Hava Qüvvələri münaqişə zonası ilə yanaşı, Gürcüstanın digər ərazilərinə də zərbələr endirdi. Nəhayət, avqustun 12-də Fransanın o zamankı Prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsi imzalandı və müharibə başa çatdı.
Rusiya avqustun 26-da Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Rəsmi Tbilisi buna cavab olaraq Moskva ilə diplomatik münasibətləri kəsdi. Rusiya oktyabrın 8-dək öz qoşunlarının əksər hissəsini Gürcüstanın münaqişə zonasına aid olmayan ərazilərindən geri çəkdi. Nəzərə alaq ki, müharibə gedişində rus qoşunları tərəfindən Zuqdidi, Senaki, Poti və Qori kimi gürcü şəhərləri işğal olunmuşdu, üstəlik, rus qoşunları Tbilisinin həndəvərlərinədək gəlib çıxmışdılar.
***
Sonda Azərbaycanın başına gətirilmiş bəlalarla oxşarlıq məsələsi üzərində dayanaq. Bəli, istər Qarabağ, istərsə də Cənubi Osetiya və Abxaziya problemləri müstəvisində sülhün əldə edilməməsi qlobal güclərin bir-biri ilə rəqabətinin doğurduğu acı mənzərədir. Bu mənzərənin ayrı-ayrı epizodları haqq və ədalət anlayışlarını ikinci plana atır. Nəticədə, hər kəs özünü haqlı hesab edir, böyük haqlar unudulur. Durumdan əziyyət çəkən isə bölgənin xalqlarıdır. Xalqların dinc birgəyaşamı qlobal siyasi oyunların, avantürist baxışların qurbanına çevrilir.
Ə.RÜSTƏMOV
XQ