Makronun partiyası “nokdaun”a düşdü

post-img

Avropa parlamentariləri arasında ifrat radikalların sıraları genişlənir

Müstəqil ekspertlərin böyük əksəriyətinin seçkiöncəsi proqnozları özünü doğrultdu. Avropa İttifaqının (Aİ) ali qanunverici orqanına – Avropa Parlamentinə (AP) seçkilərdə sağ mərkəzçi qrup səs çoxluğu qazanıb.

2024–2029-cu illər çağırışı üzrə AP-ə seçkilər qurumun üzvü olan bütün ölkələrdə baş tutub. İyunun 6-9-da keçi­rilən seçkilərin ilkin nəticıləri elan edilib. İlkin məlumatlara görə, bütövlükdə Aİ üzrə seçici fəallığı 51 faiz təşkil edib. 5 il əvvəl bu göstərici 50,66 faiz olub. 

Aİ üzvü olan 27 ölkədə səsvermə iyu­nun 9-da yerli vaxtla saat 23:00-da başa çatıb. İlkin nəticələr onu göstərir ki, Avro­pa Komissiyasının hazırkı rəhbəri Ursula Fon der Lyayen 2029-cu ilə qədər pos­tunu qoruyub saxlayacaq. “Avropa seç­kilərində qalib gəldik. Şübhəsiz ki, biz ən güclü partiyayıq və sabitliyin lövbəriyik”, – deyə Lyayen seçkilərin ilkin nəticələri bəlli olan kimi Brüsseldə AP binasına toplaşan jurnalistlərə bildirib.

Seçkilərin ilkin nəticələrinə görə, AP-də sağ-mərkəzçi qrup olan Avropa Xalq Partiyası (AXP – EPP) Aİ üzvü olan 27 ölkədə üstün olub və 720 yerdən 191-ni qazanıb. İkinci yerdə 135 mandat əldə edən, bir qədər zəifləmiş sol-mərkəzçi qrup, 83 mandatla geriləyən “Yenilən­mə” liberal qrupu isə üçüncü yerdə gəlir. Daha 95 yeri fraksiyalara daxil olmayan, müstəqil deputatlar tutacaqlar. 

Nəticələr onu göstərir ki, Fransa və Almaniyada ifrat sağçı partiyaların uğur qazanması AP-də mərkəzçi çoxluğun sıralarını bir qədər də genişləndirəcək. Dünən “Deutsche Welle” nəşrinin yazdı­ğına görə, Fransa və Almaniyada sağ­çıların uğurları fonunda Ursula Fon der Lyayen “sağ və solçu ifrat radikallara qarşı qala quracağına” söz verib. “Avropa Xalq Partiyası olmadan parlamentdə heç bir çoxluq yarana bilməz. Biz onları da­yandıracağıq. Buna şübhəniz olmasın”, – Avropa Komissiyasının rəhbəri seçkilərin nəticələrini şərh edərkən deyib.

Radikalizm güclənir

Qeyd edək ki, 2024-cü ildə Avro­parlamentdə deputatların sayı 705-dən 720-yə qədər artırılıb. Yəni, bu seçkidə AP-yə 705 deyil, ilk dəfə 720 deputat se­çilib. Kürsülərin bölüşdürülməsi ölkələrin əhalisinin sayına görə aparılır. İlk beşliyə Almaniya – 96 deputat, Fransa – 81, İta­liya – 76, İspaniya – 61, Polşa – 53 de­putatla daxildir.

* Almaniyada müxalif mühafizəkar Xristian Demokrat İttifaqı birinci yerdə­dir. Kansler Olaf Şoltsun partiyası isə Rusiyayönlü “Almaniya üçün alternativ” partiyasından sonra üçüncü yeri tutub.

* Fransada Marin Le Penin sədri ol­duğu Milli Birlik Partiyasından Cordan Bardelanın başçılıq etdiyi namizədlər seçkilərdə mütləq qələbə qazanıblar. Seçkilərin nəticələri açıqlandıqdan son­ra C.Bardela çıxışında mütləq qələbə münasibətilə tərəfdarlarını alqışlayıb. Bu, o deməkdir ki, Prezident Emmanuel Makronun partiyası məğlub olub və hətta “nokdaun”a düşüb. Çünki C.Bardela onu yeni parlament seçkilərini təşkil etməyə çağırıb. “IPSOS”-un keçirdiyi sorğunun nəticələrinə görə, AP-yə seçkilərdə fran­sızların 45,26 faizi iştirak edib. Bu rəqəm 2014-cü illə müqayisədə 9 faiz azdır.

* Polşada seçkinin qalibi Baş nazir Donald Tuskun Mülki Koalisiyası olub. İkinci yerdə Prezident Anjey Dudanın “Qanun və Ədalət” partiyası qərarlaşıb.

* Avstriyada seçkinin qalibi Rusiya­yönlü Azadlıq Partiyasıdır.

* Slovakiyada səslərin çoxunu müxa­lif “Slovakiyaya tərəqqi” partiyası qaza­nıb. Baş nazir Robert Fikonun partiyası ikinci yerdədir.

* Yunanıstanda baş nazir Kiriakos Mitsotakisin “Yeni Demokratiya” partiya­sı mütləq çoxluğu qazanıb.

* İspaniyada müxalifətdə olan Xalq Partiyası qalib gəlib.

AP-də ən böyük fraksiya Ukrayna­yönlü Avropa Xalq Partiyasıdır (EPP). O, yeni parlamentdə 720 yerdən 180-ni qazana bilər.

Sağçı populist partiyaların, o cüm­lədən, “Almaniya üçün alternativ”in cari seçkilərdə 2019-cu illə müqayisədə nə­ticələri xeyli yaxşılaşdırmasına baxma­yaraq, Brüssel siyasətinin tərəfdarları düşərgəsi ən böyük partiya olaraq qa­lır. “DPA” agentliyinin hesablamalarına görə, AP-yə daxil olan bütün sağçı par­tiyalar birləşsə belə, onların nümayən­dələri, ümumilikdə, 200-dən az mandat ala biləcəklər. İndi AP-də sadə səs çox­luğu üçün 361 yer lazımdır.

Seçkinin ilk fəsadı – istefa!

Qaliblərin sevindiyi, məğlubların pəjmürdə olduqları seçkilərin doğur­duğu yeni fəsadlar artıq özünü göstər­məkdədir. Birinci “şok xəbər” Brüsselin özündən gəldi. Belçikanın iqtidardakı Açıq Flaman Liberalları və Demokrat­ları (Açıq VLD) partiyası həm milli par­lamentlərinə, həm də AP-yə keçirilən seçkilərdə ciddi məğlubiyyətə uğradıq­dan sonra Baş nazir Alexander De Kro­onun istefa verdiyi açıqlanıb. Bu barədə dünən səhər məlumat yayan “Euro­news” De Kroonun fransız dilində etdiyi çıxışından sitat gətirib: “Biz bu seçkidə məğlub olduq. Mən kampaniyanın si­ması idim. Bu, gözlədiyimiz nəticə de­yil. Mən bütün məsuliyyəti öz üzərimə götürürəm. Bizim üçün olduqca çətin bir axşam idi. Biz uduzduq və mən sa­bahdan etibarən baş nazir vəzifəsindən istefa verəcəyəm. Amma unutmayın ki, liberallar güclüdür, biz geri dönəcəyik”. “DPA” agentliyinin məlumatına görə, Kroo bu açıqlamanı verdiyi zaman göz­ləri yaşarıb.

Agentlyin xəbərində o da vurğulanır ki, Alexander De Kroo hökumət başçısı vəzifəsindən istefa vermək niyyəti barədə Belçika Kralı Filippi məlumatlandıracaq. 

Bakı Aİ ilə dialoqu davam etdirəcək

Seçkilərdən sonra yaranan ilkin mən­zərə onu göstərir ki, nəticələr Aİ-yə üzv ölkələrin daxili atmosferinə, milli siyasə­tinə öz təsirini göstərə bilər. Emmanuel Makronun seçkinin nəticəsindən asılı olaraq Senatı buraxması, erkən seçkilər elan etməsi, həmçinin partiyasının milli seçkilərdə sağ-separatçı qüvvələrə qar­şı zəif çıxışına görə Belçikanın Baş na­ziri Aleksander De Kroonun qəfil istefası, bütövlükdə, “qoca qitə”də baş verəcək maraqlı proseslərin preambulası sayıla bilər. 

Amma bütün bunlara baxmayaraq, rəsmi Bakının Brüssellə siyasi, iqtisa­di və enerji sahələrində daloqu davam etdirəcəyi şübhəsizdir. Bu dialoqa hər iki tərəfin ehtiyacı var. Çünki Azərbay­canın əsas ticarət və enerji tərəfdaşları Avropa İttifaqına üzv ölkələrdir. Demə­li, Azərbaycandan Avropadakı tərəfdaş ölkələrə qaz və yaşıl enerjinin nəqli daha da artacaq. Məhz bu baxımdan tərəflər arasında əməkdaşlığın bundan sonra da genişlənməsi həm Bakının, həm də Brüsselin maraq dairəsinə tam uyğundur. Avropa İttifaqının və onun qanunverici orqanının – Avropa Parla­mentinin Azərbaycanla bağlı qəbul edə­cəkləri istər siyasi, istərsə də hüquqi qərar, qətnamə və bəyanatlar isə onla­rın Brüsseldəki ofislərinin divarları ara­sından kənara çıxmayacaq. Buna əmin olmaqdan ötrü yaxın bir ilin tarixinə nəzər yetirmək kifayətdir.

Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi

Avropa Parlamentinə keçirilən seçkilərdə sağ və mühafizəkar par­tiyaların üstünlük qazanacağı göz­lənilən idi. Hazırda Avropanın əsas problemlərindən biri miqrasiya ilə bağlıdır. Sağ və mühafizəkar parti­yaların təmsilçiləri miqrasiyanın qar­şısının alınması üçün ciddi tədbirlər görülməsini tələb edirlər. Avropa Parlamentinin yeni tərkibinin Ukrayna mövzusuna mövqeyi dəyişməyəcək. Ancaq bu məsələdə sağ partiyalar arasında fikir ayrılığı var. Avropanın bir qrup sağ partiyası Ukraynaya yardım edilməsini dəstəkləyərkən, digər sağ partiyalar bu yardımların müharibəni dayandırmayacağı, əksinə, Avropaya yayılması təhlükəsindən danışırlar. Avropa Parlamentnin Azərbaycana qərəzli mövqeyinin dəyişəcəyini göz­ləmək mümkün deyil. Ümumiyyətlə, Azərbaycana münasibət Avropa Par­lamentindəki qüvvələr nisbətindən asılı deyil. Avropa anti-Azərbaycan mövqeyində olan bir qrup deputat istənilən zaman Azərbaycan əleyhinə qətnamə qəbul etdirə bilir. Bunun üçün Avropa Parlamentində kvoruma ehtiyac yoxdur, az deputatın iştirakı ilə də Azərbaycan əleyhinə sənəd qəbul etmək mümkündür. 

Azərbaycan üçün önəmli olan Av­ropa İttifaqının (Aİ) icra qurumlarının mövqeyidir. Seçkidən sonra Aİ-nin yeni rəhbərliyi və komissarları müəy­yənləşəcək. Aİ rəhbərliyi Azərbaycan­la dialoqu davam etdirməkdə maraqlı­dır. Çünki bu, ilk növbədə, Avropanın maraqlarına cavab verir. Aİ Şurasının Prezidenti Şarl Mişel bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşin­yan arasında görüşlər təşkil etdi. Bakı və İrəvan Brüsselin vasitəçiliyini müs­bət qiymətləndirdi, bu görüşlərdə ortaq bəyanatlar qəbul edildi. Ancaq artıq Bakının və İrəvanın Brüsselin və ya di­gər ölkənin vasitəçiliyinə ehtiyacı yox­dur. Bakı ilə İrəvan arasında birbaşa danışıqlar davam edir. Bundan başqa, görüş üçün tərəflərin vasitəçiyə deyil, məkanın seçilməsinə ehtiyacları var. Son zamanlar Azərbaycan və Ermə­nistan təmsilçiləri Almaniyada və Qa­zaxıstanda görüşüblər. Bu iki ölkə va­sitəçi deyil. Ona görə də Aİ Şurasının yeni prezidentinin kimliyinin Azərbay­can üçün xüsusi əhəmiyyəti yoxdur.

İmran BƏDİRXANLI
XQ





Siyasət