Parlament Şurası da revanşistlərin tələbini rədd etdi

post-img

Ermənistanın radikal müxalifətinin yaratdığı “Vətən naminə Tavuş” hərəkatının xeyli vaxtdır güclü şəkildə təbliğatını apardığı və “həlledici” adlandırdığı mitinq iyunun 9-da İrəvanın mərkəzin­dəki Respublika meydanında baş tutub. Mitinq gözlənildiyi kimi, iştirakçılarının sayının az olması ilə diqqəti çəkib. Çıxış edənlər erməni xalqına problemlərinin həlli, o cümlədən, Azərbaycan və Türkiyə ilə münasibətlərə dair yeni heç nə təqdim edə bilməyiblər.

Mitinqdə uzun və cansıxıcı nitq söy­ləyən “Vətən naminə Tavuş” hərəkatının rəhbəri Baqrat Qalstanyan hərəkatın tələblərini açıqlayıb və yaxın günlərdə keçiriləcək növbəti aksiyalardan danı­şıb. O, parlamentin bütün fraksiyalarına müraciət edərək deyib: “Bizim tələbimizə əsasən, parlamentin müxalifətdən olan deputatları hökumətin istefası və yeni hökumətin formalaşdırılması gündəli­yi ilə qanunverici orqanın iyunun 11-də saat 18:30-da növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcəklər. Parlament şurası iyunun 10-da xalqın qərarı ilə növbədənkənar iclas çağırma­ğa, siyasi çoxluğun – “Mülki müqavilə”nin deputatları xalqın iradəsinə tabe olmağa, şəxsi iradələri və vicdanla hərəkət et­məyə borcludur. Biz onlara dövlət əley­hinə növbəti səhv addım atmağa imkan verməyəcəyik. Parlament növbədənkə­nar iclasında ümumxalq tələbi əsasında hazırkı hökumətin istefa verməsi və yeni hökumətin formalaşdırılması ilə bağlı qə­rarı təsdiq etməlidir”.

Arxiyepiskop deyib ki, indi oyna­maq vaxtı deyil, hərəkət etmək lazımdır. B.Qalstanyan daha sonra xalqı hakimiy­yətə öz iradələrini qəbul etdirmək üçün 96 saat ərzində kütləvi itaətsizlik və etiraz aksiyalarına çağırıb: “Biz problemi sa­bahdan işə getmədən, istirahət etmədən, yuxusuz qalaraq, küçələrdə gecələyərək cəmi dörd gün – 96 saat fasiləsiz hərəkət edərək həll edə, iradəmizi diktə edə bilə­rik”.

Digər çıxış edən türkoloq, tarix elmləri namizədi Varujan Geqamyanın sözlərinə görə, artıq bir aydan çoxdur ki, Türkiyə və Azərbaycan Ermənistanda cərəyan edən prosesləri diqqətlə izləyirlər. “Onlar sizin mübarizənizi narahatlıqla izləyir­lər ki, burada heç bir dəyişiklik olmasın. Ermənistanda hakimiyyət dəyişikliyi on­ların maraqlarına uyğun gəlmir” – deyə sərsəmləyən Geqamyan daha sonra bir qədər də irəli gedib. İddia edib ki, Türkiyə Təhlükəsizlik Şurasının bir müddət əvvəl­ki iclası, guya, Ermənistandakı proseslər­lə bağlı keçirilib.

Dünən “Vətən naminə Tavuş” hərə­katı bəyanat yayıb. Bəyanatda deyilir ki, “Vətən naminə Tavuş” hərəkatı hayları birləşməyə və Ermənistanın gələcəyi ilə bağlı problemi həll etməyə çağırır: “Əziz dostlar, “müqəddəs ata” qalib gəlmək üçün bizdən cəmi 96 saat vaxt istədi. Bu vaxtın bir hissəsi artıq keçib. İyunun 9-da biz çox vacib məsələlərdən danışdıq. Artıq aydındır ki, qələbəyə nail olmaq üçün çox şey lazım deyil – polis səddini keçmək ki­fayətdir. Biz bunu edə bilərik. Biz bunu həm də ona görə edə bilərik ki, polis­lərin böyük əksəriyyəti ağıl və qəlbən bizimlədir. Sadəcə, uşaqlar (polislər nəzərdə tutulur–S.H.) əsirlikdədir. Xu­liqanlar və yalançılar onları əsir götü­rüblər. Onların bəzilərini rüşvətlə ələ ala biliblər. Biz polis əməkdaşlarımızı bu əsirlikdən azad etməliyik. Mümkün olan hər şeyi etmək lazımdır ki, polis zəncirləri xalq qarşısında spontan şə­kildə açılsın və həqiqət yalana qalib gəlsin. Əziz həmvətənlər, bütün işləri­nizi bir kənara qoyun. Gəlin, Ermənis­tanın gələcəyi ilə bağlı məsələni həll edək. Cəmi 3 gündən sonra bərpaolu­nan, ədalətli, güclü, mənəvi Ermənis­tana sahib olacağıq”.

Ancaq Ermənistan hakimiyyəti də, necə deyərlər, yerində möhkəm dayanıb və radikallar qarşısında geri çəkilənə oxşamır. Parlamentin spike­ri Alen Simonyan keçirdiyi brifinqdə deyib ki, hakimiyyət növbədənkə­nar parlament seçkisinin keçirilmə­si məsələsini müzakirə etməyəcək. Onun sözlərinə görə, bu məsələ, ümu­miyyətlə, gündəlikdə deyil: “Biz müxa­lifətin növbədənkənar seçki təklifini rədd edəcəyik. Mənə bir səbəb göstə­rin ki, ölkədə növbədənkənar seçkinin keçirilməsini zəruri etsin. Müxalifətin siması ildən-ilə dəyişsə də, tələbləri dəyişmir. Biz nə etməliyik? Hər dəfə onlar 20 minə yaxın imza toplayanda hökumət istefa verməli və ölkədə növ­bədənkənar seçki keçirilməlidir? Onlar nə danışdıqlarını bilirlərmi? İki müxa­lif partiya birlikdə 300 min vətəndaşın səsini topladığını iddia edirdi. Bəs indi onlar haradadırlar?”.

Parlamentin deputatı Andranik Ko­çaryan isə hakim “Mülki müqavilə” par­tiyasının gündəliyində növbədənkənar iclasın çağırılması məsələsinin olma­dığını bildirib. Deputat “Azadlıq” radio­sunun erməni xidmətinin (“Azatutyan”) efirində deyib: “Yox, bizim gündəli­yimizdə belə bir məsələ yoxdur, bu məsələ “Baqrat Brothers”in gündə­mindədir. Onların gündəmi bizimki ilə üst-üstə düşmür. Ümumiyyətlə, bu din xadiminin siyasi gündəmi yoxdur”.

Jurnalistin “qanuna əsasən, gələn bazar ertəsi növbədənkənar iclas ça­ğırıla bilər, əgər “Mülki müqavilə” razı­lıq verməsə, bu halda onlar iclas ke­çirməyəcəklər?” sualına cavab olaraq Koçaryan bildirib: “Hadisələrin inkişafı­nı izləyin, hər şey qanun çərçivəsində olacaq”.

Qeyd edək ki, parlamentdəki müxalifətçi “Hayastan” və “Şərəfim var” fraksiyaları iyunun 11-də, yaxud iyunun 17-dək növbədənkənar iclas çağırmaq, hökumətin istefası və yeni hökumətin formalaşdırılması tələbi ilə artıq parlament şurasına müraciət ediblər. Parlament şurası müxalifət fraksiyalarının təklifini rədd edərsə, o zaman “Ermənistan parlamentinin reqlamenti haqqında” qanuna əsasən parlamentin növbədənkənar sessiya­sı beşinci iş gününədək, yəni, iyunun 17-si yerli vaxtlar saat 18:30-dək çağ­rılmalıdır.

Hakim partiyanın daha bir deputa­tı Narek Kaqramanyan isə hesab edir ki, “srbazan”ın rəhbərlik etdiyi hərəkat növbədənkənar seçkilərə gətirib çıxa­ra biləcək hərəkat deyil. O, parlament­də jurnalistlərlə söhbətində deyib: “Ha­kimiyyətin ələ keçirilmədiyi, azad və ədalətli seçkilərlə formalaşdığı yerdə hökumət növbəti parlament seçkiləri vasitəsilə dəyişdirilməlidir”. Deputat qeyd edib ki, əgər onlar uğursuzluğa düçar olsalar, 2026-cı ildə hakimiyyət­də olmayacaqlar.

Erməni ekspertlər də ölkədə baş verən proseslərə biganə qalmırlar. On­lar Baqratın başçılıq etdiyi hərəkatın Hayastanı hara sürüklədiyinin fərqin­dədirlər. Politoloq Arutyun Mkrtçyan onlardan biridir. O, revanşist keşişin vətəndaşları toqquşma və iğtişaşa ça­ğırmasına belə reaksiya verib: “Keşiş Qalstanyan Ermənistan vətəndaşlarını öz ambisiyalarına qurban vermək istə­yir. O, zorakılığa təhrik edir, iğtişaş sal­mağa çalışır. Kimin “təndirdə yanmaq” arzusu varsa, iştirak edə bilər”.

Günortadan sonra parlamentin deputatlarının növbədənkənar icla­sın çağırılması üçün petisiya təqdim etdikləri açıqlanıb. Onun gündəliyinə bir məsələ daxildir: hökumətin istefası və yeni hökumətin formalaşdırılması. Parlamentin “Hayastan” fraksiyasının üzvü Artsvik Minasyan jurnalistlərə bildirib ki, petisiyaya 33 deputat imza atıb. O əlavə edib ki, 35 deputatın im­zası olacaq, lakin texniki səbəblərdən iki deputat hələlik petisiyaya imza at­mayıb.

A.Minasyan onu da bildirib ki, aksi­yalar “xalq öz tələblərinə, konkret ola­raq, mövcud hökumət dəyişikliyinə nail olana qədər” aparılmalıdır.

“Ermənistan parlament şurasının iclasını nailiyyət kimi təqdim etmək ucuz və primitiv manipulyasiyadır”. Bunu isə “Mülki müqavilə” partiyasın­dan olan deputat Arpi Davoyan “Face­book” səhifəsində yazıb. O, öz fikirləri­ni bununla əsaslandırıb ki, parlamentin növbəti dördgünlük sessiyası ərəfəsin­də, saat 16:00-da həmişə parlament şurasının iclası olur.

Dünən günortadan sonra parla­ment şurasının iclası başlanıb. İclasın getdiyi ərəfədə Baqramyan prospek­tində olan “srbazan” bildirib ki, şuranın iclasında müxalifətin növbədənkənar sessiya çağırmaq və baş nazirə eti­mad göstərməmək təklifi müzakirə olunacaq. Qeyd edib ki, böyük ehti­malla, deputatlardan biri, məsələn, Artsvik Minasyan gəlib parlamentdə baş verənlər və hansı addımların atıl­dığı barədə məlumat verəcək: “Əgər bu tələb rədd edilərsə, biz sadəcə ola­raq, bu insanları (deputatları nəzərdə tutur–S.H.) işə buraxmamalı olacağıq. Onların bizim ödədiyimiz vergilər he­sabına, guya, işləməyə ixtiyarı yoxdur. Onların kimə, nəyə görə işlədikləri ay­dın deyil”.

Bu bəyanatın verilməsindən sonra İrəvan polisi parlamentin binası qar­şısında tikanlı məftillər quraşdırmağa başlayıb. Bu barədə isə yerli teleqram kanalları məlumat yayıb.

Günün sonuna yaxın Ermənistan parlament şurasının müxalifətin baş nazir Nikol Paşinyana etimadsızlıq göstərilməsi məsələsinin müzakirəsi üçün iyunun 11-də növbədənkənar iclas keçirilməsi tələbini rədd etdiyi məlum olub. “Armenia Today”in yay­dığı məlumata görə, “Mülki müqavilə” fraksiyasının rəhbəri Ayk Konjoryan bildirib ki, onlar qanuna uyğun olaraq, iyunun 17-də keçiriləcək növbədənkə­nar sessiyada iştirak etməyəcəklər.

Qeyd edək ki, növbədənkənar iclas keçirilməsi tələbini rəsmi şəkildə parla­mentdəki müxalifətdəki “Hayastan” və “Şərəfim var” fraksiyaları rəsmən irəli sürmüşdülər. Bu isə Paşinyanın impiç­menti ilə bağlı məsələnin ən azı indki mərhələdə uğursuz olduğu qənaətinə gəlməyə əsas verir. Ancaq aranı qa­rışdırmaq, gərginlik yaratmaq səylə­rindən əl çəkməyən revanşistlərin qar­şıdakı günlərdə yeni addımlar atacağı da istisna olunmamalıdır.

Beynəlxalq Münasibətlərin Təh­lili Mərkəzinin rəhbəri Fərid Şəfi­yev “XQ”-yə açıqlamasında bildirdi ki, radikalların bundan sonra nəyəsə nail olacağı gözlənilmir. Onun sözlə­rinə görə, Paşinyana impiçment pro­sedurunun tətbiq olunacağı inandırıcı deyil: “Mən belə bir halın baş verəcə­yinə inanmıram. Görünən odur ki, son mitinqlərdə erməni apostol kilsəsi də çıxış edir. Biz bilirik ki, kilsə hər zaman erməni millətçiliyinin, irqçiliyinin, şovi­nizminin əsasında dayanan bir qüv­vədir. Amma görünən odur ki, hələlik Paşinyana ciddi təhlükə yoxdur”.

Səxavət HƏMİD
XQ



Siyasət