Bütün dünya erməniləri, ayılın!
Tarixdə bu cür hallar çox olub. Gözləmədiyi qəfil hadisədən, üzləşdiyi şok durumdan, aldığı küt zərbədən keçirdiyi dərin stress insan orqanizmində letargiya adlandırılan yuxulama ilə nəticələnə bilir. Tibb elmi bu təzahürün anatomiyasını hələ sona qədər aça bilməyib. Necə ki, yuxunun insanın beynində keçmişin, yoxsa gələcəyin inikası, ismarıcı olduğu barədə qəti qərara gəlməkdə çətinlik çəkir.
Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hamparian gülməli bir açıqlama yayıb. ABŞ vətəndaşı olan Hamparian bunları deyib: “Konqres Ağ Ev adminis-trasiyasının uğursuz olduğu yerlərdə fəaliyyəti gücləndirməlidir. O, Azərbaycanı məsuliyyətə cəlb etməli, yeni təcavüzün qarşısını almalı və “beynəlxalq himayə altında” “Artsax”ın yerli xalqının təhlükəsiz və davamlı şəkildə öz “ata-baba yurduna qayıtmasını təmin etməlidir”. Bax belə!..
İndi biz Aramı hansı dildə və nə üsulla başa salaq ki, rəngli letargik yuxusunda gördüklərini gerçəklik kimi qəbul edib xam xəyallara dalmasın. Onun ABŞ Konqresini borclu çıxarmağa çalışması ilə işimiz yoxdur. Bəlkə orada hansısa konqresmenin Arama, yaxud ANCA-nın erməni zəngininə qaytara bilmədiyi borcu əmələ gəlib? Bununla işimiz yox, çünki şəxsi məsələdir, öz aralarında həll etsinlər. Amma, o ki qaldı, “Artsax” ermənilərinin “beynəlxalq himayə altında ata-baba yurduna qaytarılması” məsələsinə, burada Hamparian əyləci basmalıdır. Sadəcə bu səbəbdən ki, o, bu məsələni, hətta yuxusunda birdəfəlik unutmalı olacaq. Çünki daha “artsax” filan yoxdur, ona görə ki, oradan özləri çıxıb gediblər. Məgər adam da özünün ata-baba yurdunu “dobrovolnı” tərk edər? Hə, az qala unutmuşduq, axı burada söhbət ermənilərdən gedir. Əgər Amerikada doğulub-böyümüş, beyninin “boz hüceyrələri” şovinizmlə suvarılmış Aram dediyimizdən bir şey kəsdirə bilmirsə, onda daha anlaşıqlı dildə başa salmağa çalışaq: Əgər Ermənistanda bircə nəfər də olsun azərbaycanlı yoxdursa, nəyə görə Azərbaycanda erməni olmalıdır?
Aram Hamparian “kepkasını” qarşısına qoyub bu sualın cavabını axtarmağında olsun, biz letargik yuxuya getmiş başqa bir hayın – Qaqik Ambarsumyanın İrəvanın mərkəzində “ifraz etdiyi” dərin fəlsəfi mülahizələri ilə oxucularımızı tanış edək. Bu erməni Ermənistan DİN binasının qarşısında keçirilən etiraz aksiyalarında iştiraka görə həbs edilib. Onun məhkəmə qarşısındakı bəlağətli çıxışına ən istedadlı hay vəkil, lektor belə qibtə edərdi. Sitat: “Hörmətli məhkəmə! Mən “Vətən naminə Tavuş” hərəkatında iştirak etmişəm, iştirak edirəm və bundan sonra da iştirak edəcəyəm”.
Bu yerdə nəfəsinizi dərin və Qaqikin “emal etdiyi” ədəbi “şedevr”ə diqqət kəsilin: “Ona görə iştirak edəcəyəm ki, başınızın üstündə asılmış Ermənistan Respublikasının gerbindəki Ararat dağını aypara ilə əvəz etməsinlər”.
Erməni “mücahidin” vətənpərvərlik pafosunu layiqincə qiymətləndirmək lazımdır. Amma ardınca yuxuda sayıqlayırmış kimi danışan Ambarsumyana qısa xatlrlatmaya ehtiyac yaranır. Gerbinizə rəsmini yamaq etdiyiniz o dağın adı Ararat yox, Ağrıdır. Ararat isə sizin xarici işlər nazirinizin adıdır. Yəni hər şey bu qədər sadədir. Əslində, Qaqik aypara ilə bağlı maraqlı ideya vermiş oldu. Ağrıdağı yalnız Türkiyənin ərazisindədir, hilal isə ayda bir dəfə hamının başının üstündə parlayan Ayın “cavanlığıdır”. Sadəcə, gözlərinizi ovuşdurub ayda bir dəfə səmaya tamaşa etməyiniz gərəkir. Onda çox şeyin yuxudakından tamamilə fərqli olduğunun fərqinə varacaqsınız.
Bunların hamısı, tibbin dili ilə desək, letargik yuxunun əlamətləridir. Özü də belə yuxudan əziyyət çəkən hayların sayı bir deyil, beş deyil, minlərlə, yüz minlərlədir. Odur ki, üzümüzü okeanın o tayındakı Amerika Erməni Milli Komitəsinin timsalında bütün dünya ermənilərinə tutub “Ayılın! Rəngli letargik yuxulardan real həyata, Yer üzünə qayıdın!” deyirik.
Yazımızı statistik haşiyə ilə bitirmək istərdik: Ginnesin rekordlar kitabına düşmüş, rəsmi qeyd olunmuş ən uzun letargik yuxuya getmə hadisəsi 1954-cü ildə 34 yaşlı Nadejda Artyomovna Lebedina ilə baş verib. Həyat yoldaşı ilə qalmaqaldan sonra qadın aldığı güclü stressdən 20 illik yuxuya gedib və bir də 1974-cüildə ayılıb.
İndi biz durub adı ruscadan tərcümədə Ümid kimi səslənən qadının taleyi ilə letargik yuxudan əziyyət çəkən hayların mərəzini müqayisə etmək fikrindən uzağıq. Sadəcə, yazdıq ki, bundan da xəbərləri olsun...
İ.HƏSƏNQALA
XQ